Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:51

QİSMƏT. Əgər pəncərədən yanan təyyarə görsəniz...


QİSMƏT
QİSMƏT
-

11 sentyabrdan sonra dünyada müsəlmançınlıqla terroru eyniləşdirən xeyli birtərəfli, spekulyativ kitablar yazıldı.

İan McEwanın “Şənbə” romanı məsələyə tamam ayrı cür yanaşan, daha çox fərdlərin psixoloji zədələrinə fokuslanan, adi bir avropalı ailənin timsalında məsələləri siyasi kontekstdən kənar tutub insanlarla, onların sadə, insani qayğıları ilə maraqlanır.



Oxunmalı kitablar


QİSMƏT


ŞƏNBƏ


Meqapolis - göylərə meydan oxuyan giqant göydələnləri, alış-veriş mərkəzləri, insanı həmişə hazırlıqsız yaxalayan milyon-milyon balaca yolayrıcı ilə həm min bir gecədir, həm də min bir gündüz.

Bir də var bu minbaşlı divin həftə sonları.

Dünyanın siyasi xəritəsini bu yazının içinə sərib, tələsik, qaba hökmlər verməkdən uzağam, amma deyim ki, üç-dörd il əvvəl indi mənə kobud gələn bir ümumiləşdirmə oxumuşdum. Orda deyilirdi ki, dünyanı şərti olaraq iki yerə bölmək olar: həftə sonlarını gözləyənlər və daim həftə sonunda yaşayanlar.

Böyük şəhərlərin qaçhaqaç, tələskənlik girdabında çırpınan çağdaş insan üçün həftə sonları vacibdir. Həftə sonları təkcə istirahət deyil - yuxudan saat yeddidə yox, on birdə oyanmaq deyil, həftə sonları həm də keçib getmiş həftəni və qarşıdakı günləri özün üçün saf-çürük etməkdi, daxili hesabatdı.
Ian McEwan
Ian McEwan

Əlbəttə, həftə sonları həm də böyük şəhər həyatının turbo ritmində yaddan çıxan, diqqətdən kənarda qalan, həmişə sonraya saxladığımız, ertələdiyimiz işləri – doğmalarımızı ziyarəti, onlara hal-əhval zənglərini – reallaşdırmaq imkanıdır.

Kim bilir, bəlkə də sürətli qaçhaqaçın, qovhaqovun içində özünə və ətrafına vaxtı qalmayan modern insan üçün ömür elə həftə sonlarının cəmindən ibarətdir.

“Amsterdam” romanı ilə Buker mükafatını qazanmış ingilis yazıçısı İan McEwanın “Şənbə” romanı adından da göründüyü kimi həftə sonunun bir günündə – şənbə günündə beyin cərrahı Henri Perounun xatırladıqları, düşündükləri və bir gün ərzində başına gələnlərdir.

Ədəbiyyat tarixində bir günə sığışdırılan romanlar çoxdur, tutalım, ən məşhuru Coysun “Uliss”idir.

“Şənbə” də bu romanlardandı. Roman 2003-cü ilin 15 fevral günü Londonda baş verənlərdən bəhs edir. Əsərin baş qəhrəmanı Henri 48 yaşı olan beyin cərrahıdır, həyat yoldaşı vəkildir, 16 yaşındakı oğlu musiqiçidir, Parisdə yaşayan qızı şairədir. Ailə üzvlərinin peşələri təsadüfi olaraq belə seçilməyib, bu, çağdaş avropalı ailə modelinin ümumiləşdirilməsidir.

Bu ailənin timsalında İan McEwan müasir Avropanı modelləşdirir. Roman Henrinin gecəyarısı qəfildən oyanması və pəncərədən bir təyyarənin yandığını görməsi ilə başlayır.
Islamçı terrorçuların qaçırdığı sərnişin təyyarəsi Nyu Yorkda Dünya Ticarət Mərkəzinin binasına çırpılmazdan bir neçə an əvvəl. 11 sentyabr 2001
Islamçı terrorçuların qaçırdığı sərnişin təyyarəsi Nyu Yorkda Dünya Ticarət Mərkəzinin binasına çırpılmazdan bir neçə an əvvəl. 11 sentyabr 2001

Bu görüntü Henrinin təhtəlşüurundakı zədəli nöqtələri aktivləşdirir. İan McEwanın “Şənbə” romanı artıq Filip Rotun, Con Apdaykın yazdıqları romanlardan sonra “post - 11sentyabr” deyilən roman növünün ən yaxşı örnəklərindəndir və romanın qəhrəmanı Henrinin gecəyarısı pəncərədən gördüyü görüntü onun şüurundakı 11 sentyabr sonrası qorxunu işə salır.

Çox qəribədir, romanın sonrakı səhifələrində Henrinin 16 yaşlı oğlu ilə dialoqundan məlum olur ki, pəncərədən gördüyü yanan təyyarə nəsə terror aktı deyilmiş, sadəcə, bir yük təyyarəsinin məcburi enişi imiş. Bu nöqtədə 48 yaşlı ata ilə 16 yaşlı oğul eyni qənaətə gəlirlər: deməli bizim həyatımıza qarşı bir akt deyilmiş.

11 sentyabrdan sonra dünyada müsəlmançınlıqla terroru eyniləşdirən xeyli birtərəfli, spekulyativ kitablar yazıldı. İan McEwanın “Şənbə” romanı məsələyə tamam ayrı cür yanaşan, daha çox fərdlərin psixoloji zədələrinə fokuslanan, adi bir avropalı ailənin timsalında məsələləri siyasi kontekstdən kənar tutub insanlarla, onların sadə, insani qayğıları ilə maraqlanır.

“Şənbə” romanı ilə İan McEwan XXI əsrdəki əsas problemin cəmiyyətin nüvəsi olan ailənin təhlükə altında olduğuna diqqət çəkir.

“Şənbə” romanı ölməmişdən əvvəl oxunması məsləhət görülən, bütün zamanlarda yazılmış 1001 ən yaxşı romandan biri hesab edilir.
XS
SM
MD
LG