Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:41

Bəhramtəpə sakinləri yeni karxanaya etiraz edir...


Bəhramtəpə qəsəbəsinin sakinləri
Bəhramtəpə qəsəbəsinin sakinləri
-
İmişlinin Bəhramtəpə qəsəbəsinin sakinləri yaşayış məntəqəsinə yaxın olan ərazidə yeni qum-çınqıl karxanasının açılmasına etiraz edirlər. Onlar bildirir ki, yaxın vaxtlaradək örüş-otlaq sahəsi kimi istifadə etdikləri ərazidə 10 gün əvvəl qazıntı işlərinə başlanıb.

AzadlıqRadiosuna danışan qəsəbə sakinlərinin dediyinə görə, elə o gündən bəri nə heyvanlarını otarmağa yer tapa, nə də səs-küy və uğultudan evdə rahat otura bilirlər. Üstəlik, qazıntı işləri aparılan ərazi Araz çayının axarını tənzimləyən Bəhramtəpə hidroqovşağının lap yaxınlığındadır. Bu da ekoloji fəlakət riskini artırır.

«XƏRCLƏRİ AZ ÇIXSIN DEYƏ, HARANI GƏLDİ QAZIRLAR»

Keçmiş polis işçisi, II qrup Qarabağ əlili Qafqaz Behbudov baş verənləri özbaşınalıq adlandırır:

«Deyirlər daşınan qum-çınqılla yol çəkirik. Yol çəkilməsi yaxşıdır. Amma yol tikintisində istifadə edilməli olan materialın çıxarılması üçün yataqlar var. Bunlar xərcləri az çıxsın deyə, haranı gəldi qazırlar. Yaxınlıqda bağ vardı, artıq onu məhv ediblər. Qaza-qaza gəlib çıxıblar həyətlərimizin, evlərimizin yanına. Atamın 30 il əvvəl əkdiyi ağaclar qurumağa başlayıb, quyularımızdan su çıxmır. Biz bilmirik təbiətin mühafizəsi qurumları hara baxır?».

«EVİM UÇA BİLƏR...»

Qazıntı işlərinin təsirinə məruz qalanlardan biri də qəsəbə sakini Tahir Babayevdir. O deyir ki, qazma işləri artıq onun evinin həndəvərində aparılır:
Yeni qum-çınqıl karxanası
Yeni qum-çınqıl karxanası

«Mən dəfələrlə bələdiyyə sədrinə demişəm ki, bu işləri dayandır, evim uça bilər. Amma o, cavabında mənə deyir ki, yer mənimdir, ondan istədiyim kimi istifadə edə bilərəm, gedin kimə istəyirsiniz şikayət edin. Bələdiyyə mühasibinin oğlunu bura təhkim ediblər ki, yüklə dolu çıxan maşınları saysın ki, sonra öz aralarında haqq-hesab aparsınlar».

«BİZƏ EVİMİZDƏ DƏ RAHATLIQ YOXDUR»

Sakinlərdən Əlövsət Hüseynov isə qəsəbədaxili yollarda gecə-gündüz hərəkət edən ağırtonnajlı maşınların uğultusundan təngə gəldiklərini bildirir:

«Evimdə xəstə var. Maşınların səsindən uşaq diksinib oyanır. Bizə evimizdə də rahatlıq yoxdur. Sakinlərdən kimsə bir ağac kəsəndə, o saat gəlib cərimələyirlər. Amma günün günorta çağı geniş bir ərazidə yaşıllıq sahəsi məhv edilir, buna baxan yoxdur».

BƏLƏDİYYƏ SƏDRİ: «HEÇ BİR TƏŞKİLAT BİZƏ MƏDƏN VERGİSİ ÖDƏMİR»

Rəsmilər isə sakinlərin narahatlığına əsas görmürlər. Bəhramtəpə bələdiyyəsinin sədri İman İbrahimov ünvanına səslənən ittihamlarla razılaşmır:
Bəhramtəpə Hidroqovşağı
Bəhramtəpə Hidroqovşağı

«Hazırda qazıntı işləri aparılan yer bələdiyyə ərazisinə daxil deyil. Orada bu işin görülməsinə biz razılıq verməmişik. Qəsəbə ərazisində qum-çınqıl məhsullarını istehsal edən heç bir təşkilat bizə mədən vergisi ödəmir».

İCRA NÜMAYƏNDƏSİ: «DÖVLƏT SƏVİYYƏSİNDƏ HƏYATA KEÇİRİLƏN LAYİHƏDİR»

İmişli rayon İcra Hakimiyyəti başçısının Bəhramtəpə qəsəbəsi üzrə nümayəndəsi Fərhad Həsənov ərazidən daşınan qum-çınqıl materialları ilə yol çəkildiyini deyir:

«Mən dəqiq deyə bilmərəm bu işi hansı təşkilat görür. Bildiyim odur ki, dövlət səviyyəsində həyata keçirilən layihədir, daşınan material Beyləqan rayonunun ərazisində yol tikintisində istifadə edilir».

Bəhramtəpə Hidroqovşağının İstismarı İdarəsinin rəisi Mirqoca Mirişov isə qazıntı işləri aparılan yerin obyekt üçün təhlükə doğurmadığını bildirdi:

«Su mühafizə zonalarında faydalı qazıntıların çıxarılması, tikinti, partlayış, torpaqqazma, buruqqazma və digər işlərin su obyektlərinin mühafizəsinə nəzarət orqanı ilə razılaşdırılmadan aparılması qadağandır. Amma qeyd etdiyiniz ərazi Hidroqovşağın mühafizə zonasında deyil».
XS
SM
MD
LG