Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:49

Ac, sərxoş, dalaşqan şair obrazı... bu yazardan başlanır


Arthur Rimbaud
Arthur Rimbaud
-

...Rembo şeirlərinə “iyrənc” bənzətmələr əlavə etməklə romantizmin zərif simasını darmadağın edir. O bu dəfə “Venera Anadiomeda” şeirini yazır. Yeni ilahəsi “Veneranı” bir ata bənzədir və atın ən gözəl yeri, arxasındakı “ağlasığmaz dərəcədə gözəl” anus yaralarını təsvir edir.


Namiq Hüseynov


ARTUR REMBO: Şair və onun görücülük təcrübəsi


O, cəmi 37 il yaşayıb.

Qısa ömrünün çox hissəsini kasıb, ac, küçələrdə soyuqdan üşüyən avara kimi keçirib. Rembo Fransadan piyada və tamamilə pulsuz İtaliyaya, Almaniyaya, Belçikaya səyahət edib, qarlı Alp dağlarını piyada aşıb.

Xəstəliyin və zəifliyin əlində inləyərəkən isə bacısından ancaq bir şeyi, ona Efiopiyaya getmək üçün bilet almasını xahiş edib.

15-19 yaş arası yazdığı şeirləri simvolizmin və qismən də futurizmin ortaya çıxmasına təkan verib. Gənclik coşğunluğu onu ağlasığmaz bir çırpıntı ilə qaçmağa, axtarmağa, yaratmağa və dağıtmağa sürükləyirdi.

O, “havada uçuşan poeziya və romantizmi tutub ovcunun içinə alır, onların üzərinə ölçü və ritm köynəyi keçirir, torpağın külünə bulaşdırırdı, daha sonra”… 17 yaşı olanda Rembo qarşısına peyğəmbər-şair olmaq məqsədi qoymuş və öz üzərində ciddi cəhdlə eksperimentlər aparmağa başlamışdı.

Şarlevil ən adi, ucqar bir fransız şəhəridir.

Ailə kilsəyə gedir… Uşaqlar sırayla addımlayırlar, öndə bacılar, arxada isə qardaşlar – Frederik və Artur gedir. Onlardan öndəki qəzəbli kölgə isə analarınındır…
Arthur Rimbaud uşaqlıda
Arthur Rimbaud uşaqlıda

Xanım Rembo həmişə uşaqlardan qüsursuz itaətkarlıq tələb edirdi. Uşaqlar hər hansı səhv etsə, yalnız çörək və su verilməklə ev dustaqlığına məhkum edilirdi.

Anası Artura həmişə böyük ümid bəsləyirdi. Onun qeyri-adi istedadı hələ erkən uşaqlıq illərindən ortaya çıxmağa başlamışdı. Balaca Artur bütün fənlər üzrə birincilik qazanmışdı. O həm də dindar və sözəbaxan bir uşaq idi.

Anasının despotizmindən əziyyət çəkən Rembo macəra kitabları oxuyur və azadlığın hökm sürdüyü uzaq, isti ölkələrdə yaşamağı arzulayırdı. O, şeir yazmağa 8 yaşında başlamışdı. 15 yaşında isə bu şeirlər ciddi romantik qəliblərə salınmış möhtəşəm əsərlərə çevrilmişdi. Rembo ənənə və obrazlılığı böyük bir diqqətlə qoruyub saxlayır, şeirlərində incə və zərif poetika qatı yaradırdı. Onun qəhrəmanları yunan allahları, zambaq çiçəyi, göyərçinlər və s. idi.

16 yaşı olanda Rembo şeirlərini romantik şair Teodor de Banvilə göndərir. O, ilahi gözəlliyin axtarışı üçün şairlər səltənəti olan Parnasa (Parnas –qədim yunanların inancına görə şeir və şairlər aləminin mövcud olduğu dağdır – N.H) qoşulmaq istəyini bildirir. O yazırdı:

“Mən bütün şairləri sevirəm, bütün parnaslıları sevirəm, çünki bütün parnaslılar ideal gözəlliyə vurğundular... İki il, ola bilsin hətta bir il sonra Parisə gələcəyəm... Parnaslı olacağam. Əziz Müəllim, sizə söz verirəm, həmişə iki ilahəyə: İlham pərisinə və Azadlıq ilahəsinə pərəstiş edəcəyəm”.

Olduqca gözəl şeirlərindən biri “Günəş və şəhvət”də Rembo özünü Afroditaya sitayiş edən bütpərəst elan edir: “O, qadın kimi gözəl bədənə sahibdir, Tanrı kimi sevgi və həyat cövhəri ilə doludur”.

Lakin hər dəfə bir neçə ay keçməmiş Rembo ideal gözəlliyə sitayişdən imtina edir.

Bunun ardınca onun şeirlərindəki sevgi ilahəsi simasını tamam dəyişir! Bu dəfə Rembo şeirlərinə “iyrənc” bənzətmələr əlavə etməklə, romantizmin zərif simasını darmadağın edir. O bu dəfə “Venera Anadiomeda” şeirini yazır. Yeni ilahəsi “Veneranı” bir ata bənzədir və atın ən gözəl yeri, arxasındakı “ağlasığmaz dərəcədə gözəl” anus yaralarını təsvir edir.

Bu iki şeiri o, 1870-ci il ərzində yazıb. Adi halda daxili hissiyyatın dəyişməsi üçün başqa şairlərə bir neçə il lazım olsa da, Remboda bu, cəmi bir neçə ay alırdı. Bu olduqca sürətli daxili dəyişmələr ərəfəsində, Rembonun ilk sərsəriliyi, həmçinin Fransada inqilab və müharibələr başlayır.

O, soyuq insanların etinasız münasibətinə və get-gedə artırılan torpaq vergisinin yükünə tabe etdirilən darıxdırıcı evindən, qaraqabaq anasının zülmündən tez-tez qaçıb uzaq yerlərə pulsuz və təkbaşına səyahətlər etməyə başlayır.
Rembo. (Verlenin çəkdiyi karikatura)
Rembo. (Verlenin çəkdiyi karikatura)

Məktəbdə göstərdiyi əla nəticələrin qarşılığında hədiyyə edilmiş kitablarını, bunun ardınca isə saatını satır. Parisə, daha sonra Belçikaya qaçır. Jurnalistika ilə məşğul olmağa cəhd edir. Onu bir neçə dəfə “evsiz və yaşamağa imkanı olmayan şəxs” kimi tutub evinə qaytarırlar.

O, inqilabdan ruhlanaraq dünyadan xəbərsiz Şarlevil şəhərində kommunanı dəstəkləyən alovlu şeirlər yazır. Məmurlar və hakimiyyətə nifrət püskürür, hətta kommunist konstitusiyasının layihəsini də hazırlayır.

Rembo tanrı ilə bağlı şeirləri “Şər” adlandırırdı. Hər bazar günü anasının kölgəsi altında getməyə məcbur olduğu xristian kilsəsinə və xristianlığa dərindən nifrət edirdi.

O, dəfələrlə barrikadaların arxasında yaxalanır. Bu sənədsiz, pulsuz, şübhəli yeniyetməni qatara mindirib Parisə həbsxanaya göndərirlər, o isə hər dəfə bir yolla canını qurtarır.

Lakin Artur Rembo heç nəyə baxmayaraq inqilab yuvasına çevrilmiş Parisə gedə bilir. 1871-ci ilin 25 yanvarından, 10 fevralına qədər o, Parisdə qalır. Onun bu iki həftə ərzində pulsuz necə yaşadığı hələ də məlum deyil. Daha sonra evə piyada qayıdır. Evdən çoxsaylı qaçışlarının heç bir nəticə verməməsi və nifrət etdiyi rejimin çökməsinə olan inamı Rembonun şeirlərini canlandıran istehza, nifrət, qəzəblə doldurur.

Bu dövrdə yazdığı şeirləri ilə 17 yaşlı Rembo yeni poeziyanın əsasını qoymuşdu. Onun özü üçün ideallaşdırdığı poeziya ürəkdən süzülüb gələn və insanı başını qaldırıb göylərə nəzər yetirməyə məcbur edən bir poeziya deyildi. Rembo öz deyimi ilə, “insanı bağırsağından tutub dartan” bir şeiriyyatın yaradıcısı idi. Kommunanın süqutu onda məyusluq, ümidsizlik və hiddət oyadır və bu onu yeni məqsəd axtarışına sövq edir. O, istedadını həyatla birləşdirməyə çalışır. Həyatın onun istedadının ortaya çıxmasına necə kömək edəcəyini anlamağa çalışır. Nəhayət özünə məqsəd tapır.

Budur 1871-ci ilin mayında Rembo dostuna yazdığı məktubunda hər şeyi ətraflı izah edir:

“Şair olmaq istəyən adamın ilk çatmalı olduğu şey tam özünüdərkdir, o, ruhunu axtarmalı, təqib etməli, öyrənməli, onu başa düşməyə çalışmalıdır. Onu tam başa düşəndən sonra isə kamilləşdirməyə başlamalıdır! Bu, kənardan sadə məsələ kimi görünür... Amma yox, ruhunu çirkinləşdirmək lazımdır. <...> Özünü üzündə ziyillər əkən və becərən insan kimi təsəvvür et. Mənim dediyimin məğzi budur ki, “görücü” olmaq lazımdır, özünü “görücü” kimi yetişdirmək lazımdır”.

“Şair özünü uzun müddətə, hüdudsuz və ətraflı götür-qoy edərək görücüyə çevirir. O “bütün hisslərini kökdən salaraq” buna nail olur”.

O, sevginin, əzabın, çılğınlığın hər halından keçir. O özünü axtarır. Özünü hər cür zəhərlə taqətdən salır, lakin zəhərin cövhərini canına çəkir. Çəkdiyi izahedilməz məşəqqətlərdə davamlı olmaq üçün o öz inancına, fövqəlinsan gücünə ehtiyac duyur, o bütün varlıqların ən əzabkeşi, ən günahkarı, ən lənətlənmişinə çevirilir və bütün alimlərin alimi olur! Çünki o “naməlumluğa” çatır.

“... Beləliklə şair, əsl od oğrusudur. O, insanlığa görə, hətta “heyvaniliyə” görə cavabdehdir”. <…> Münasib bir dil tapmaq lazımdır. Çünki, hər bir sözün, ideyanın, ortaq dilin zamanı gələcək! <…> Bu dil ruhun ruhla söhbətinə çevriləcək, o hər şeyi içinə alacaq, qoxuları, səsləri, rəngləri, o fikirləri fikirlərlə birləşdirəcək və hərəkətə gətirəcək. Şair öz zəmanəsinin ümumi ruhunda olan gizlinləri müəyyən etməlidir, o fikirlərini ifadə etməkdən daha böyük iş görməlidir, Tərəqqiyə doğru gedən yoldan daha böyük yol müəyyən etməlidir!”

Sentyabr ayında Rembo romantik-görücü hesab etdiyi şair Pol Verlenə bir neçə şeirini də əlavə etməklə iki məktub yazır. O, məktubunda açıqca Parisə gəlmək üçün pulu olmadığını etiraf edir. Verlen cavab verir: “Gəlin, əziz dost, böyük qəlb, - Sizi dəvət edirlər, Yolunuzu gözləyirlər”.

Rembo Parisə yeni şeiri olan “Sərxoş gəmi” ilə birlikdə yola düşür. Verlen onu tanıdıqdan sonra heyrətə düşür və bir dahini kəşf etdiyi üçün fəxr edirdi. “Sərxoş gəmi” simvolizmin əsas köklərindən birinə çevrilir. Simvolizm istənilən duyğunun istənilən obrazın simasına büründüyü bir axın olur.
Verlaine (sol kənarda) və Rimbaud (soldan ikinci), 1872-ci ildə Henri Fantin-Latour-un çəkdiyi rəsm
Verlaine (sol kənarda) və Rimbaud (soldan ikinci), 1872-ci ildə Henri Fantin-Latour-un çəkdiyi rəsm

Rembo görücülük təcrübəsinə burda başlayır. O, fanatik bir inadkarlıqla özünü aclıqla, alkoqolla və narkotikayla əzaba düçar edir. Bilərəkdən özünü yuxusuzluğa məhkum edir. O, davakar, hirsli birisinə çevrilir və axırda məlum olur ki, fransız şeir allahları arasında ona təkcə Verlen tab gətirə bilir. Onların homoseksual sevgi münasibətləri Verlenin öz ailəsindən uzaqlaşması ilə nəticələnir.

Rembo insanla kainat arasında vasitəçi olmağa can atır. Verlensə şeirlər yazır. Şairlər birlikdə səyahətə çıxırlar. Onlar Belçikaya, daha sonra Londona gedirlər. İngiltərədə fransız dili tədris etməklə pul qazanırlar. Verlenin elə də varlı olmayan anası ona hər ay xeyli pul göndərir. Bütün bunlar isə günlərin bir günü sərxoş Verlenin Remboya söyməsi və onun əlinə atəş açması ilə başa çatır. Verleni həbsə atırlar. İki illiyinə azadlıqdan məhrum olur.

Rembo “Cəhənnəmdə bir yay” adlı kiçik bir kitab yazıb, orda yenilikçi və ürək parçalayan poetik nəsri ilə niyə artıq şair olmaq istəmədiyini izah edir. Bu kitabı 1873-cü ildə çap etdirir. Bir neçə nüsxəsini dostlarına hədiyyə edir. Həmçinin o, həbsdən azad olan, dindar bir adama çevrilmiş Verlenlə də görüşür. Verlen Rembonu Tanrının yoluna qaytarmağa çalışır. Rembo ordaca onunla savaşır. Yenicə çap olunmuş, birinci və sonuncu kitabının yerdə qalan nüsxələrini taleyin ümidinə buraxıb, nəinki evini, hətta yaşadığı qitəni tərk edib gedir.

Görücülük təcrübələri zamanı Rembo dayanmadan yazırdı... yox, bunları artıq şeir adlandırmaq olmazdı – bu “Nurlanma” adlı poetik əsərlər idi. Bu, məna və məntiq qəlpələri ilə qarışmış hisslər, obrazlar, musiqi ilə dolu, “naməlumluq haqqında məlum olanlar” idi. Sadəcə, duyğu mənzərələri idi. “Mən zəngdən zəngə tel çəkdim, pəncərədən pəncərəyə çiçək hörüyü, ulduzdan ulduza qızıl zəncir – indi isə rəqs edirəm”.
Rembo Efiopiyada, 1883
Rembo Efiopiyada, 1883

“Ey kül sifət, saç emblemi, billur əl! Küləyin içindən və ağlını itirmiş ağacların arasından atılacağım top lüləsi”.

Fövqəlşair olmaq ümidi ilə hər bir kəsin həyatını dəyişəcək bir şey yaratmaq və gələcəyi dəyişdirmək istəyən Rembo özü üzərində idarəetməni itirir. Tükənmiş bir vəhşiyə çevirilir. Qaranlıq tutmaları içində kainatla əlaqə yolları axtararkən, ona əyan olmuş “Nurlanma” çoxlu parlaq obrazlar və meraforalarla doludur. Bu əsərin qiymətini yüzdə bir adam anlaya bilər.

Rembonun görücülüyə doğru yolunda etdiyi qaba hərəkətləri valideynləri tərəfindən uzun müddət təzyiq altında saxlanılan və sonra birdən-birə qaçmağa fürsət tapan yeniyetmə hərəkətlərinə oxşayırdı. Günlərin bir günü o, kahin olmaq istəyinin mənasız olduğunu dərk etdi. “Qəzəbi də, düşkünlüyü də, çılğınlığı da bilirəm, onların şiddətli yüksəlişini də, süqutunu da görmüşəm, - bu yükümü çiynimdən atıb gedirəm”, - bu sözləri o “Cəhənnəmdə bir yay” kitabında yazır.

“Mən özümdən sonra sağlam təfəkkürün mələk pillələrinin zirvəsində bir yer qoyub gedirəm”.

“Mən yeni çiçəklər kəşf etməyə can atdım, yeni ulduzlar, yeni növ meyvələr, yeni dillər. Mən fövqəltəbii gücə sahib olduğuma inanırdım. Nə olsun ki!.. Mən! Özünü kahin, ya da mələk hesab edən, əxlaqın hər növündən azad olmuş mən, yenidən dünyaya atıldım, indi özümə iş tapıb, amansız gerçəkliklə barışmalıyam!”

Fransada doğma kəndində qalmaq Rembo üçün dözülməz bir fikrə çevrilir. Çünki, əldən-ayaqdan uzaq olan bu yerdə nə fövqəlşair, nə də inqilabçı olmaq mümkün idi. Həyatın hərəkətini əks etdirməyən poeziya onu qətiyyən maraqlandırmırdı. O özünə başqa yol seçir.
Rembonun portreti
Rembonun portreti

“Budur, armorikan sahillərindəyəm. Qoy axşamlar şəhərin işıqları yansın. Mənim günüm bitdi, Avropanı tərk edirəm. Dəniz havası ciyərimi yandırır, ölümcül iqlim dərimi qapqara qaraldır. Üzmək, otları tapdalamaq, ov etmək və tütün çəkmək (bu hər şeydən əvvəl gəlir), içki içmək, tünd içkilər, qaynamış metal kimi sərt, eynilə əziz əcdadlarımızın tonqal ətrafında içdiyi kimi içmək istəyirəm.

Mən qayıdacam! Dəmir əzələlərim, qaralmış dərim və parlaq gözlərimlə: Üzümə baxıb ali irqdən sanacaqlar. Çoxlu pulum olacaq, xəsis və kobud olacam. Qadınlar tropik ölkədən qayıtmış bu qəddar topalın qeydinə qalacaq. Siyasi fırıldaqlara qarışacam. Xilas olacam. İndi isə lənətlənmişəm, vətənimdən iyrənirəm. Ən yaxşısı dənizin sahilində sərxoş yuxudur”.

“Cəhənnəmdə bir yay” kitabının tapılmış ilkin əlyazmasında Rembo şeiriyyatla vidalaşmaq qərarını daha dəqiq ifadə edir: “İndi mən mistik həvəslərə və stilistik hiylələrə nifrət edirəm. İndi sənətin nə olduğunu deyə bilərəm, - o, axmaq bir uydurmadır... Mən xeyirxahlığı salamlayıram”.

O, bir “uydurmadan” məyus olub, dərhal özünə yeni bir uydurma tapdı - bu, isti, uzaq, qeyri-xristian ölkə idi.

Belə bir əfsanə var ki, güya Rembo Afrikaya getdikdən sonra uğurlu bir tacirə çevrilir. Bu mifi onun bacısının əri çoxlu qurama faktlarla, xeyli səy göstərərək düzəltmişdi. O bütün gücü ilə bu məşhur qohumuna xoş sima yaratmaq istəyirdi.

Əslində isə dilənçi kökündə yaşayan Rembo bütün Avropanı gəzib, burdan getmək üçün vəsait axtarırdı. Nəhayət o gedib holland ordusuna yazılır və axır ki, hərbi əməliyyatlarda iştirak etmək üçün Yava adasına gedən gəmiyə minir. Cəmi üç həftə sonra isə əsgərlikdən qaçır. Adam öldürə bilməyəcəyini anlayır. Yenidən Şarlevilə qayıdır. 1877-ci ildə Rembo Avstriya üzərindən Rusiyaya getmək xəyalına düşür, amma yolda onu qarət edirlər və Avstriya polisi onu tutub Fransaya geriyə qaytarır.

Rembo bir müddətlik tərcüməçi kimi Avropanı gəzən bir sirkə qoşulub Almaniyaya, Danimarkaya, İsveçə gedir. Növbəti ilin payızında o, piyada Alp dağlarını keçir! Genuaya çatır, ordan gəmi ilə İsgəndəriyyəyə üzür. Özünə uyğun iş tapa bilmədiyindən, ordan Kiprə qayıdır və podratçı kimi inşaatda işləməyə başlayır. Lakin, Rembonun sağlamlığı burda daha çox dözüm gətirməyə imkan vermir və 1879-cu ilin yayında xəstəlikdən tamamilə əldən düşmüş halda yenidən Şarlevilə qayıdır. Yalnız bir il sonra o, Misirə yola düşüb, orda həyatında ilk dəfə daimi iş yeri tapa bilir.

Rembonun işlədiyi firma kofe və fil sümüyü ticarəti ilə məşğul olur. Onu iki əsas cəhətinə görə dəyərləndirirlər, birincisi o, yerli dili olduqca tez mənimsəyir, ikincisi heç nədən qorxmur.

Rembonun 1885-1887 –ci illər arasında ilk dəfə səhralıqdan keçib getdiyi yoldan, daha sonra Efiopiyaya dəmir yolu çəkirlər. O, tüfəng əldə etmək üçün iyirmi bir ay boyu karvanla birlikdə səhrayla yol gedir. Rembo səfil kimi yaşayır və nə tapsa yeyir.

“Mən ancaq su içirəm, onun üçün isə ayda on beş frank pulum çıxır! Heç vaxt çəkmirəm, pambıq paltarlar geyinirəm, paltara çıxan bütün xərcim ilə heç 50 frank eləmir. Burda həyat dözülməz dərəcədə çətin və bahalıdır...”

Parisdən ona gözlənilməz bir xoş xəbər gəlir. Verlen çox böyük çətinliklə, Rembonun şeirlərindən yaddaşında qalanları qismən bərpa edərək çap etdirib. Lakin, keçmiş şairi bu heç də maraqlandırmır. O indi coğrafi tədqiqatlarıyla bağlı məqalələr yazmağa çalışırdı.

1891-ci ilin yazında, Afrikada keçən on ilin ardından Rembonun dizində şiş əmələ gəlir. O, təcili olaraq Marselə yollanır, orda onun ayağını kəsirlər. Xəstəlik onu tərk etmir. Sarkoma onu yatağa zəncirləyir. Bacısı İzabella Rembonun qeydinə qalır. Ölümündən bir qədər əvvəl Rembo bacısından Afrikaya gedən gəmi üçün bilet almasını xahiş edir, o, ölüm ayağında “Allahu Kərim” sözlərini işlədir və Efiopiyaya yollanır...

Rembo istənilən şairdən daha böyük bir xəyalpərəst idi, çünki o heç vaxt böyüməmişdi, uşaq qalmışdı. “Mən səlib yürüşlərinin xəyalını qurdum, xəbərsiz-ətərsiz itkin düşüb yeni torpaqlar, tarixi olmayan respublikaları kəşf edənlərdən olmaq istədim, qanlı din müharibələri, əxlaq inqilabları, xalqların və qitələrin hərəkatı - hamısı gözümün önündə canlandı, bir sözlə bütün sehrlərə inandım”, - deyə Rembo “Cəhənnəmdə bir yay” kitabında yazır.

Məqsədlər ancaq böyük olmalıdır. Əgər o, gerçək deyilsə, heç ona can atmağa da dəyməz. Dəcəl, küskün uşaq əlindəki oyuncağın canlı olmadığını görüb yerə atır, dərhal yenisini götürür. Heç kimə məlum deyil, Rembo daim can atdığı Afrikada axtardığı sehir və magiyanı tapıbmı? Lakin, daim ona əyan olan gələcək üçün əlindən gələni edir. Yeni forma və yeni həyat məhz ondan başlanır.
Rembonun məzarı, Şarlevil
Rembonun məzarı, Şarlevil
XS
SM
MD
LG