Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:38

Tale Bağırov «kars»a yazısına görə salınıb?


Tale Bağırov
Tale Bağırov
-
İlahiyyatçı Tale Bağırov Kürdəxanı təcridxanasının «kars»ından (cərimə təcridxanası) avqustun 26-da çıxıb. Vəkili onun 3 gün «kars»da saxlanmasını bir həftə əvvəl islamazeri.az saytında dərc olunmuş «Oyanış Hərəkatını hərtərəfli şəkildə dəstəkləyən sizlərsiniz» başlıqlı yazısı ilə əlaqələndirir.

«ÖLÜMÜ GÖZ ÖNÜNƏ ALMIŞAM»

Tale Bağırov həmin məktubunda son vaxtlar müsəlman ölkələrində baş verənlərə toxunur və Azərbaycanla paralel aparır:

«Mövcud olan rejim 20 illik hakimiyyəti dövründə törətdiyi cinayətləri, yaratdığı sosial-iqtisadi böhranlara yanaşı, xalqın inancına, heysiyyətinə belə toxunmaqdan çəkinməyib. Buna misal olaraq, artıq neçə illərdir orta məktəblərdə İslam dininin iffət və ismət simvolu sayılan hicaba qarşı tətbiq edilən süni qadağalar və bu çirkin siyasətə etiraz edən çox saylı inanclı vətəndaşların, ilahiyyatçı alimlərin günahsız yerə zindanlara atılmasını göstərmək olar».

İlahiyyatçı məktubun sonunda rejimlə mübarizənin davam edəcəyini bildirir.

Vəkili Cavad Cavadov AzadlıqRadiosuna deyir ki, avqustun 26-da Tale Bağırovla görüşüb. Onun dediyinə görə, təcridxana rəhbərliyi Bağırova məhz həmin yazıya görə cəzalandırıldığını bildirib:

«Ona təhdid formasında deyilib ki, «belə kəskin yazıların sonu yaxşı olmayacaq». Tale Bağırov da bildirib ki, «ölümü göz önünə almışam. Məni belə şeylərlə qorxuda bilməzsiniz. Bunu başa düşsünlər, bizim tələblərimiz var, onlar yerinə yetirilməlidir». Açıq şəkildə bildirib ki, mövqeyindən çəkilən deyil. Tale deyir çox şaddır ki, yazıları belə reaksiya doğurur. Əhval- ruhiyyəsi yüksəkdir, deyir, «heç bir kars məni qorxuda bilməz»».

«DAXİLİ İNTİZAM QAYDALARINI POZUB»

Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsinin sözçüsü Mehman Sadıqov isə AzadlıqRadiosuna deyir ki, Tale Bağırovun yazısına görə «kars»a salınması barədə xəbərlər düzgün deyil:

– Hər hansı təqsirləndirilən şəxsin, yaxud məhkumun saytda çıxan yazısı ilə bağlı istintaq təcridxanasında, yaxud cəzaçəkmə müəssisəsində hər hansı tənbeh tədbiri görülmür. O, yalnız və yalnız daxili intizam qaydalarının tələblərini pozduğuna görə cərimə təcridxanasına salınıb.
Mehman Sadıqov
Mehman Sadıqov

– Hansı qaydaları pozub?

– Bu məsələni açıqlamırıq. Bizdə bir neçə cəzaçəkmə müəssisəsi və istintaq təcridxanası var. Hər hansı yazı, yaxud bu tip məsələyə görə isə bizdə tənbeh tədbiri görülmür.

29 yaşlı Hacı Tale Bağırov 2011-ci ildə «Hicab qadağasına yox» aksiyasında saxlanaraq il yarım azadlıqdan məhrum edilib. Həbsdən çıxandan sonra moizələrində siyasi hakimiyyəti tənqid etməyə başlayır. Bu il martın 31-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə qanunsuz narkotik maddə saxlamaqda ittiham olunur.

EKSPERTİZANIN RƏYİ

Bir neçə gün əvvəl Tale Bağırovun işi ilə bağlı dinşünaslıq ekspertizasının nəticələri açıqlanıb. Vəkili Cavad Cavadov deyir ki, rəyə əsasən, Taleh Bağırovun bəzi çıxışlarında dini pərdə arxasında dövlət əleyhinə yönələn bəzi fikirlər var:

«Yəni, ekspertiza özü qəbul edir ki, xətib kimi o öz fikirlərini ifadə edib... Bu rəylə tam təsdiq olundu ki, Hacı Taleh məhz çıxışlarına, söz və ifadə azadlığına görə həbs olunub».

Hazırda Azərbaycanda 20-dən artıq ictimai fəal həbsdədir. Onların içində 10-dan çox gənc də var. Beynəlxalq qurumlar onların əksəriyyətinin məhz siyasi baxışlarına görə həbsə atıldığını bildirir. Rəsmilər isə ölkədə siyasi motivli həbslərin olmadığını, hər bir şəxsin konkret cinayətə görə saxlandığını deyir.
XS
SM
MD
LG