Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:51

Yazıçı Dövlət Komitəsindəki işini itirdi: "Dedilər, ərizəni yaz, get"


Azad Qaradərəli
Azad Qaradərəli
-

Razılaşıram və 14 illik radio işimə son qoyub Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə baş məsləhətçi gedirəm...

Təxminən 4-5 ay sonra sifarişlər gəlir ki, yazmağı dayandır, yaxud yaz, amma çapa vermə...



Azad Qaradərəli


SEKSPIR DÖVLƏT QULLUQÇUSU OLUB?


(Avtobioqrafik esse)


Qələmim təzə-təzə bərkiyirdi. Yəni hekayələrim və məqalələrim respublika mətbuatında artıq rahat çap olunurdu.

Amma məni yandıran o idi ki, rayonumuzda çıxan qəzet mənim yazılarımı çap etməkdən imtina edirdi. Bu da məni əməlli-başlı püsdən-təvərədən çıxardırdı.

Belə bir vaxtda dostum Eldar Baxış şair Əhəd Muxtarla bizə gəldilər.

Belə qonaqlar mənim üçün əsl bayram idi. Bu ucqar rayonun ucqar kəndində dərdləşməyə, yazını oxuyub fikir mübadiləsi etməyə bir kimsə yox idi. Bu iki şair dostla yaxşıca yeyib-içdik, həm də zəhlələrini tökdüm. Gah hekayə oxudum, gah nə bilim suallar verdim və həkaza. Səhəri isə rayon mərkəzinə getdik – tədbir varmış.

Tədbirdə mən də oldum, nəydi, indi unutmuşam. Unutmadığım isə rayondakı yerli qəzetin redaktor müavini Şükür müəllimlə görüşməyimiz oldu. Eldar özünəməxsus sərt bir tərzdə “Ay Şükür müəllim, bizim dostumuz bu rayonun yeganə yazıçısıdır, nə təhər olur, Bakı onu qəbul edir, amma sizin bu qəzet görməməzliyə vurur?” deyib cavab gözlədi. Şükür müəllim zəndlə mənə baxır və nəsə fikirləşirdi. (Hə, bu adam rayon icraiyyə komitəsinin sədrinin – ispalkom Hürü xanımın əri idi və rayon qəzetində hamını, hətta arvadının başçılıq etdiyi sahələri belə tənqid etməkdən çəkinmirdi. Onu da deyirdilər ki, ixtisasca fransız dili müəllimi olsa da, rus, ingilis dillərini də bilirmiş. Hələ onu da bir az sonra öyrənəcəm ki, atası Müsavat hökümətinə rəğbət bəslədiyinə görə repressiya olunub və sair.) Kişi saatına baxıb “Vaxtdır, gedək Mehdiqulunun kababxanasına, görək başımıza nə iş gəlir” deyib ayağa qalxdı.
Eldar Baxış
Eldar Baxış

Kababxanada mən o kişini əməllicə kəşf elədim – bu rayonda mənim adamsızlıqdan boğulmağımın qarşısını alsa-alsa bu Şükür müəllim alacaqdı. Yemək əsnasında o mənə təkcə bunu dedi: “ Cavan oğlan, sən yazılarını mənim yanıma gətirəcəksən, yaxud poçtla göndərəcəksən. Hansı mövzuda olur-olsun.”

Rayon qəzetinin qarşımdakı beton hasarları o gündən uçub-dağıldı və yazılarım dalbadal çap olunmağa başladı.

***

Bir qış gesəsinin səhəri anam tövlədəki heyvanlara ot atıb içəri girdi və əllərini sobada qızdıra-qızdıra dedi:

...- Qonşumuz Z... kişinin kərə qoçu bu gecə murdar olub... arvad yazığı başdan çıxartdı, yaşının o vaxtında murdar olan heyvanı soydu, ata yükləyib bu qar-boranda getdi Mincivan bazarına.

O gün mən “Qoyun əti” adlı hekayəmi yazdım və poçtla Şükür müəllimə göndərdim. Hekayə çıxan günün axşamı SSRİ-nin məşhur “kekebe” şefi Andropov hakimiyyətə gəldi və gələn kimi də sərt qərarlar çıxartmağa başladı. Yadımdadır, “SSRİ-nin 70 ili” adlı çıxışında o milli, dini ayrı-seçkiliyin təbliğini kəskin tənqid edir, işə beş-on dəqiqə yubananları işdən qovmağa çağırır və bir növ uçub-dağılmaqda olan SSRİ-nin təmir-bərpa işlərini görməyə çalışırdı. Və elə həmin qarlı-boranlı günlərdə işlədiyim məktəbin direktoru qorxa-qorxa dedi ki, səni raykoma çağırıblar.

Mən hara, raykom hara? Axı heç partiyanın da üzvü deyiləm? Nəysə, kolxozun yük maşınında getdim rayona. Raykomda dedilər ki, 3-cü katibin qəbuluna gedəcəksən. Təbliğat-təşviqat şöbəsinin tez-tez danışan və nə dediyini heç vaxt başa düşmədiyim müdiri məni 3-cü katibin qəbuluna apardı. Katıb yerli qəzetin son nömrəsini stolun üstünə sərmişdi və gözucu gördüm ki, onun qırmızı qələmlə sətirlərinin altından xətt çəkdiyi mənim “Qoyun əti” hekayəmdir. (Sonralar həmin hekayəni kitablarıma “Qoç əti” adıyla salmışam)

Katib üzünü mənə tutub Andropov yoldaşın daxili siyasətimizdəki boşluqlar haqda kəlamlarından misallar gətirir, səsi özünə xoş gəlirmiş kimi əsir-coşurdu. O elə bil iki nəfərçün deyil, yüz nəfərlik zal üçün danışırdı. Və birdən stolunun üstünə sərdiyi qəzetə sarı əyildi, qırmızıladığı hekayəni göstərib dedi:

- 37-ci il olsaydı, səni birbaş Sibirə göndərərdilər. İndi Sibir yoxdur, amma yoldaş Andropov...

Dalısı yadımda deyil. Bir o yadımdadır ki, katibin qara şəvə kimi saçları hərdən onun burnunun üstünə tökülürdü və o saçlarını əllərilə geri verməzdən qabaq “fu” eləyib burnunun üstünə tökülən tellərini qovmağa çalışırdı. Və məni gülmək tuturdu yavaş-yavaş. Katib isə deyirdi: “...yoldaş Andropovun çıxışında milli-dini ayrı-seçkiliyə qarşı........ sənin bu hekayəndə isə gör nə yazılıb?!”
Sabir Əhmədli
Sabir Əhmədli

O yenə burnunun üstünə düşən saçına bir “fu” deyib altından xətt çəkdiyi cümləni oxumağa başladı” “Ruslar, ermənilər heyvanı qibləyə kəsmirlər ki... baltaynan vururlar, ya da bıçağı soxurlar qoltuğuna.” Sənin deməyindən belə çıxır ki, ruslar, ermənilər murdardılar?.. Sən nəyə gülürsən?! Bax, de görüm nəyə gülürsən?! Səni bilirsən neyləyərəm? Sənin məsələni büroya çıxardaram, səni partiyadan xaric edərəm... Dayan, sən axı nəyə gülürsən?!”

Mən doğrudan da özümü saxlaya bilməyib gülə gülə dedim:

-Mən partiyanın üzvü deyiləm axı...

-Nə olsun üzvü deyilsən... Mən zato səni partiyadan xaric etdirərəəəə!..

Mən pillələri düşəndə dalımca tez-tez danışan şöbə müdiri nəsə dedi, amma bu dəfə aydın dedi:

-Ə, sən düz yazmısan, qozuna da alma...

Şükür müəllimi axtarmağa gedəndə yolda “Əmiş” çağırdığımız Əmrah müəllimi gördüm. İstədim salam verəm, yazıq əyilə-əyilə özünü daldaya verib hara isə yox oldu. Yadıma Andropovun “praqula görə işdən qovmaq lazımdır” sözü düşdü və “Əmiş”in dalınca baxıb yenə gülməyə başladım.

***

-Səni vəzifəyə-zada qoysalar, qorxma get. Bilirsən, yazıçı gərək hər yerdən, hər şeydən xəbərdar olsun. İndi sən o 3-cü katibin yanında olmasaydın, bunları hardan biləcəkdin? Onun o “püff” eləməyini isə yaman tutmusan... Əslində o saçlarına hirslənirmiş ki, niyə sözünə baxmır...

Bunları Sabir Əhmədov gülümsəyərək deyir və yeni hekayəmi (“Aprel havası” adlanırdı və kəndli ər-arvadın məhəbbətindən bəhs edirdi) oxuyub bəyənir, növbəti nömrədə çap olunacağını söyləyir. Uça-uça Nəşriyyatdakı pillələri düşürəm, lift-zad ağlıma da gəlmir. Hələ Eldar Baxışı, İsa İsmayılzadəni, Camal Yusifzadəni də görməliyəm, onlarla bir yüz-yüz vuracağıq da. Ən axırda Tofiq Qəhrəmanovgilə getməliyəm. Bu gözəl yazıçının gözləri tutulub axı. Gözü görməsə də çoxlarından işıqlı adam idi Tofiq.

***

Məni məktəb direktoru qoyublar. Hələ üstəlik partiyaya da keçiriblər. Elə bu arada xəbər gəldi ki, ilk hekayələr kitabım “Dumduru su” artıq çap olunub və satışdadır. (İndi fantastik görünə bilən tirajla çıxmışdı: altı min!)

1988-ci ildir. Rayona təzə birinci katib gəlib. Kitabımı mağazada görüb və məni raykoma işə çağırdı. “Gedim, getməyim” edirdim ki, iki kəlmə söz yadıma düşdü. Biri əlbəttə ki, ustadım Sabir Əhmədovun sözü idi, yuxarıda yazmışam. O birini isə mənə institutda dərs demiş İsmayıl Şıxlıdan eşitmişdim: “Şekspir saray həyatını gözəl bilib. Kralların, kraliçaların obrazını ustalıqla yaradıb. Əgər o deyildiyi kimi aktyor, yaxud teatrda atsaxlayan olsaydı, bunları hardan bilərdi? Bir versiya da var ki, ya Şekspir sarayda hansısa vəzifədə işləyib, ya da o əyan-əşrəfin nümayəndəsi olub.” Bu fikri sonralar özüm də oxudum və ingilislər hələ də bu fikirdədirlər ki, Şekspirin qəbrində hansısa sirli kitab var və haçansa o qəbir açılacaq və bilinəcək ki, Şekspir əslində bizim tanıdığımız Şekspir deyilmiş... O hansısa saray məmurunun oğluymuş, sadəcə adını gizlətmək üçün Şekspir imzasından istifadə edib. Bəli, o vaxt yazıçıya həqarətlə baxırdılar, hər axşam onun yazdığı tamaşalara baxıb əl çalmağa, ağlamağa, hırıldamağa görə teatra qaçsalar belə...
William Shakespeare
William Shakespeare

-Şekspir, indiki dillə desək, dövlət qulluqçusu olub... Bunun o yanı, bu yanı yoxdur... Canım, ola bilməz e, günü sarayda keçməyən adam “Hamlet”i, “Kral Lir”i yaza bilməz?

Bunları Şükür müəllim deyir və zəndlə üzümə baxır, arağını içib mənə göz vurur: “İndi sən bura gəlmisən ki, Şekspir olasan?”

Mən bir li raykomda işlədim, sonra buranın adamı olmadığımı başa düşüb keçirdilər rayon qəzetinə redaktor müavini. (Həəəə, Şükür müəllim rəhmətə gedib. Mən indi onun yerində işləyirəm.)

Və respublikadakı təlatümlər. Xalq hərəkatı. Təbii ki, mən heç nəyə baxmadan xalqın tərəfindəyəm. Yazılarımda da bunlar açıq-aydın hiss olunur. Bu ağır günlərdə 20 Yanvar baş verir və mən partiyadan çıxıram. İşdə mənim vəzifəmi aşağı salıblar. Əslində bu, mədəni surətdə “get” deməkdir və bir az sonra mən gedirəm: məktəbə, müəllimliyimə...

***

Biz müharibəni uduzuruq. Qaçqınlıq, məcburi köçkün həyatı. Bakıdayıq artıq. Ailəni dolandırmaq üçün hər işin qulpundan yapışıram. Dostlar sağ olsun. Düz dörd yerdə işləyirəm. Bir neçə il sonra borc-xərcə bir otaqlı həyət evi alıram və yanından birini də tikirəm. Bu arada yorğunluğumu gecələr hekayə yazmaqla çıxardıram. Hekayələrim ilhamla yazılmır, o qədər də uğurlu deyil. Təkcə ağrı bəs eləmir axı... Amma yazıram. Bu dövrün yazısını mən yazmalıyam. Öz yazımı tapana qədər.

***

O biri işləri atmışam daha. Təkcə Eldarın yanında, radioda qalmışam. Uşaq verilişi hazırlayıram. Elə bil mənə qarğayıblar – Eldar da vəfat edir. Dalınca da İsa İsmayılzadə...

Mən isə yazıram. Yeni hekayələrimdən razıyam nisbətən. Deyəsən, istədiyim alınıb. Rafiq Tağıyla tanış olmuşuq. Bir müddət sonra aramıza girən olur və küsüşürük. Təxminən beş il sonra barışacağıq. Gənclərə məni oxumağı məsləhət biləcək Rafiq. Azadlıq Radiosunun hekayə müsabiqəsində hekayəmi 2-ci edəcək və biz digər dostlarımızla birgə “Yazı” dərgisini buraxmağı planlaşdıracağıq.

Rafiqi qətlə yetiriblər. Dərgi çıxıb, amma Rafiqsiz.

Ədəbiyyatımızda canlanma var. Mənim ilk romanımın da daxil olduğu “Burda yer fırlanmırdı” kitabım çap olunub. Geniş, təntənəli təqdimat olur və sair...

Bu arada məni dövlət qulluğuna dəvət edirlər. “Gedim, getməyim”dəykən yadıma Şekspir düşür, Sabir Əhmədov düşür, İsmayıl Şıxlı düşür və Şükür müəllim düşür...

Komitə Hökümət evindədi və bu binanın içində gəzişmək, oradakı sirlərdən agah olmaq nəyə desən dəyər. Daha bir cəlbedici məsələ: 5 il sonra mənim təqaüd yaşım olacaq və allah qoymasa, yarıda bilsəm, mən dövlət qulluqçusu kimi pensiyaya çıxsam, 300-400 arası təqaüd ala biəcəyəm!

Razılaşıram və 14 illik radio işimə son qoyub Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə baş məsləhətçi gedirəm. Getməmişdən şərtimi kəsirəm: bax, mən yazıçıyam, sabah hekayələrim, məqalələrim, kitablarım çıxacaq, məndən müsahibə alacaqlar... Razılaşırlar.

Təxminən 4-5 ay sonra sifarişlər gəlir ki, yazmağı dayandır, yaxud yaz, amma çapa vermə. Bir həftə dözürəm. Amma indicə başıma bir mövzu girib, gic edib məni, siqareti də tərgitmişəm, yazmasam, ürəyim partlayar axı. Otaqda ara qızışıb, məssəb itib. Nə barədə isə müzakirə edirlər iş yoldaşlarım. Mən isə bu hayu-həşirdə əyləşib hekayə yazıram. Axşam üstü hekayə hazır olur...

Hansısa saytdan zəng edib AYB-nin qurultayı barədə soruşurlar və az qala söyüşlə cavab verirəm: mən ömrü boyu üzvü olmadığım bu təşkilat haqqında axı nə deyim? Səhər eşidirəm ki, sözümü bəzəyib qəşəng bir anti-AYB müsahibə ediblər. Narazılıq gəlir. Sonra müsabiqələr olur və mən hər ikisində (AYB və MKM-də) onluğa düşürəm... Sonra AYB-ın müsabiqəsindən çıxıram və qəzetlər, saytlar, televiziyalar məndən yazır... Narazılıq gəlir... Sonra nələr, nələr və iki hekayə: “Fəlsəfə asfaltın üstünə yıxılmışdı”, “Eteri”...

Daha narazılıq-zad gəlmir. Sadəcə çağırıb deyirlər ki, ərizəni yaz və get...

Bir az müqavimət göstərsəm də, əhəmiyyətsiz iş bilib yazıram ərizəni və gedirəm...

Həmişə bu divarlar arasında üşüyürdüm. Düzdür, məndə revmatizm var, amma bu üşümək o üşüməkdən deyildi.

Bayıra çıxan kimi ilıq payız günəşi canımı qızdırır. Və düşünürəm: bu bir il iki ayda mən burdan nə götürdüm? Neçə-neçə hekayə yazmışam burda, bir romanı bitirmişəm, birinin də mövzusu başımdadır. Bitirdiyim romana ad tapa bilmirdim. Bu yaxınlarda Mirmehdi deyilən gənc bir yazarın məqaləsindən tapdım romanın adını. Elə belə də qoydum adını: “Cülyettanın sağ döşünə toxunmaq”

Gedəndə Hökümət evinin möhtəşəm divarlarına baxıb düşünürəm: “Görəsən Şekspir doğrudanmı dövlət qulluqçusu olmuşdu?”
XS
SM
MD
LG