Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:47

Tana de Zulueta: «Kameralar şəffaflıq prosesinə o qədər də töfhə vermir» [Video]


-

ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının başçısı xanım Tana de Zulueta AzadlıqRadiosuna müsahibə verib.

AzadlıqRadiosu: – Bu günlərdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu prezident seçkiləri ilə bağlı ilkin hesabatını açıqladı. Həmin rəy-hesabata dayanaraq, «Azərbaycanda azad və ədalətli seçimə nə dərəcədə imkan yaradılıb» sualını necə cavablardınız?

Tana De Zulueta: – Bildiyiniz kimi, seçkiöncəsi təşviqat kampaniyasının gedişi bizim hesabatda öz əksini tapıb. Bir sıra çatışmazlıqlarla üzləşmişdik. Çatışmazlıqlar, əsasən, toplaşma, media və təşkilatlanma azadlıqlarının yetərincə təmin olunmamasıydı. Bu da, sözsüz, seçkilərin çox çətin bir kontekstdə keçirilməsi demək idi. Təşviqat kampaniyasından sonra, artıq seçki günündə müşahidəçilərimiz bir çox məntəqədə seçki prosesinin mənfi axarda getməsiylə üzləşmişdilər. Bunun da nəticəsində verdiyimiz rəy ondan ibarət olub ki, həm seçki prosesində, həm seçki günündə ciddi çətinliklər, qəliz proseslər müşahidə olunub.

– Yeni nə gördünüz bu seçkilərdə? Nələr daha öncəki seçkiləri xatırladır və nələr o seçkilərdən fərqlənirdi?

– Müəyyən yeniliklər müşahidə etmişik. Ən əsası, seçkilərə hazırlıq müddətində və təşviqat kampaniyasının gedişində yeni informasiya texnologiyalarından daha geniş istifadə olunduğunu gördük. Min seçki məntəqəsində videokameraların quraşdırılması da yenilik idi. Tanış ola bilmədiyimizdən kameraların nəyi çəkib-çəkmədiyi barədə məlumatı hesabatda qeyd edə bilməmişik. Ancaq bəzi məntəqələrdə gizliliyin qorunması baxımından bizim müşahidəçilərdə şübhələr yaranmışdı. Bildiyiniz kimi, bir çox mütəxəssis kameralardan istifadəni mümkün saxtakarlığın qarşısını almaq kimi qiymətləndirir, amma bizim müşahidələr onu göstərir ki, bu kameralar şəffaflıq prosesinə o qədər də töhfə vermir. Seçkilərin müxtəlif mərhələlərində bizim müşahidəçilər mənfi hallarla rastlaşıblar – istər seçki məntəqələrinin açılışı zamanı, istər seçki başa çatandan sonra, yəni səslər hesablanarkən, istərsə bütövlükdə müşahidə boyunca. Gəldiyimiz qənaət budur ki, seçki müşahidə missiyasının əhatə etdiyi dairə və məntəqələrin 58 faizində proses pis keçib.

– Bütövlükdə seçkiləri irəliyə, yoxsa geriyə doğru addım sayırsınız?

– Müşahidələrimiz göstərir ki, rəqəmlərə baxıb müqayisə aparsaq, keçmiş seçkilərlə, özəlliklə 2008-ci ildə keçirilən seçkilərlə müqayisədə problemlərin sayı çoxalıb. Məsələn, mediaya çıxış məsələsinə, bəlkə də, müsbət mənada dəyişiklik demək olarsa, eyni zamanda təşviqat kampaniyasının müddətcə qısaldılması, sözsüz ki, imkanları azaldır. Qanunvericiliyə dəyişikliklər həmin imkanların daha da məhdudlaşdırılmasına yol açır.

– Yeri gəlmişkən, medianın fəaliyyətini necə qiymətləndirirsiniz?

– Hesabatda namizədlər üçün bərabər şəraitin yaradılmaması barədə fikirlərimizi bildirmişik. Söhbət bütün namizədlər üçün eyni şəraitin yaradılmasından gedir. Və bildiyiniz kimi, bu müddət ərzində mətbuatın monitorinqini də həyata keçirmişik. Bu üzdən düşünürəm ki, seçki monitorinqi missiyasının mətbuat məsələləri üzrə məsləhətçisi bu məsələyə daha dəqiq fikrini bildirər.

Elma Sehalic (missiyanın media məsələləri üzrə məsləhətçisi): – Media monitorinqi barədə qısaca məlumat verim. Monitorinq ATƏT və Demokratik İnsan Haqları Bürosunun standart metodologiyası əsasında gerçəkləşdirilib. Bu monitorinq və təhlil, başlıca olaraq, keyfiyyət və kəmiyyət əsasında baş verir. Medianı izlərkən, siyasi səhnədə fəaliyyət göstərən bütün şəxslərin iştirakını nəzərdə tutur, siyasi baxımdan önəm daşıyan insanların hamısının monitorinqini aparırıq. Həm televiziyanı, həm də qəzetləri izləyirik. Televiziyada hər saniyə, qəzetlərdə isə bu və ya başqa şəxsə ayrılan yer hesablanır. Bu, çox dolğun metodologiyadır və istər müxtəlif namizədlər üçün ayrılan vaxtın, istərsə onlara dair məqalənin hansı həcmdə olmasını hesablamağa imkan verir.

Namizədlərin mətbuata məhdud çıxış imkanları ilə yanaşı, mətbuatın özü də bu kampaniyanı çox məhdud işıqlandırırdı... Mövcud qanunvericilik nəticəsində mətbuatın seçki kampaniyasını azad və geniş şəkildə işıqlandırmasına, redaktorların kampaniyadan fərqli məqalələrlə söz açmasına çox az-az rast gəlirdik. Tana de Zulueta namizədlərə bərabər şərait yaradılmadığını söylədi. Ancaq təşviqat dönəmində prezidentliyə namizəd İlham Əliyevin dövlət başçısı sifətində regionlara səfərini, müxtəlif açılış mərasimlərinə qatılmasını və s.-i görürdük. Bu, sözsüz, çətin məsələdir. Prezident vəzifəsi daşıyan şəxsin yenidən namizəd kimi çıxış etməsi jurnalistlərə, mətbuata, təbii ki, çətinlik yaradır. Jurnalistlər eyni şəxsin prezident və prezidentliyə namizəd simasında gördüyü işləri ayırd edə bilmirlər. Amma o biri yandan digər namizədlərə vaxt ayrılmaması və yaxud az vaxt ayrılması, heç sözsüz, namizədlərdən birinə hədsiz üstünlük verilməsinə yol açır.

– Ölkədə seçkiləri müşahidə edən digər təşkilatlarla bu hesabat üst-üstə düşmür. Bu təzad nədən irəli gəlir?

Tana De Zulueta: – Bununla barədə fikir bildirmək çətindir, çünki daha öncə yaşadığımız təcrübə, məsələn, ən azından, 2011-ci ildə Türkiyədə keçirilən seçkilərdə gördüyümüz təcrübə ondan ibarət olub ki, Avropanı təmsil edən müşahidə missiyaları bir mövqedən çıxış edirlər. Fərqli mövqe AŞPA-dan və eləcə də Avropa parlamentinin kiçik nümayəndə heyətindən qaynaqlanır. Onlar səslərin hesablanması prosesini bəzi məntəqələrdə və yalnız Bakıda müşahidə ediblər. Mövqelərimiz arasında belə bir fərqin olmasına çox təəssüflənirəm. Bizim hesabat 1150 məntəqə seçki komissiyasını əhatə edir və bizim metodologiyaya əsasən, müşahidəçi məntəqədə, ən azı, yarım saat olmalıdır. Hesabatda ATƏT-ə üzv olan 40 ölkədən 300 müşahidəçinin rəyi əksini tapır. Üstəlik, həmin müşahidəçilər arasında yalnız Avropa Birliyinin deyil, digər ölkələrin də nümayəndələri vardı. Bu missiyaya Rusiyadan – 42, ABŞ-dan – 36, Avropa Birliyindən – 135 müşahidəçisi qatılmışdı. Təzadlı rəylər avropalılar üçün də müəmmalı məsələdir. Ola bilər, həmin insanlarda yetərincə məlumat yox imiş və ya bizim hesabatla bağlı onlara brifinq keçirilməmişdi. Ümid edək ki, belə rəy haçalanması yenidən baş verməz. Tərtib etdiyimiz hesabat müvafiq sənədlərə əsaslanır. Bizim hesabata ATƏT Parlament Assambleyasının üzvləri də qoşulub və onlar da hesabat barədə məlumatlandırılıblar. Hesabatla bağlı müşahidəçilərə də məlumat verilib.

– Hökumətyönlü qəzetlərin təmsilçiləri hesabatınızı etirazla qarşıladılar. Belə reaksiya nə dərəcədə təəccüblü və ya gözlənilən idi?

– Konfrans jurnalistlərin suallarını cavablamaq üçün keçirilirdi, amma bu, müəyyən müddətdən sonra mümkün olmadı. Zaldakıların bir qismi əl çalır, bir qismi müdaxilə edirdi. Buna görə də, təəssüf ki, konfransı davam etmək mümkün olmurdu. Ümumiyyətlə, mən öz təcrübəmdə buna bənzər hallarla rastlaşmamışam. Yadıma bircə o gəlir ki, Zimbabvedə seçkisonrası mətbuat konfransı da yarımçıq qalmışdı və orada da jurnalistlərin bizə vermək istədikləri sualları cavablaya bilməmişdik.

–Prezident administrasiyasının fikirlərinə münasibətiniz necədir?

– Rəsmi olaraq bizə heç bir mövqe bildirilməyib. Eyni zamanda missiyanın başa çatması ilə bağlı əsas tərəflərlə yenidən görüşlər olacaq. Məzahir Pənahovla və Elmar Məmmədyarovla görüşlər olacaq. Ümid edirəm ki, Azərbaycan hökuməti və Azərbaycan hökumətində seçkilər keçirilən şəxslərlə Demokratik Təsisatlar və İnsan Haqları Bürosu arasında 20 ildən çoxdur gedən bu dialoq davam etdiriləcək. Düşünürəm ki, bu, çox əhəmiyyətli bir dialoqdur, çünki ölkədə seçki islahatlarının aparılmasına öz töhfəsini verir. Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ekspertləri seçki prosesində hər zaman Azərbaycan hökumətinə dəstək göstərməyə hazırdırlar. Ümid edirəm ki, bizim bu hesabat həm hökumətdə bu məsələlərlə məşğul olan şəxslərə, həm də vətəndaş cəmiyyətində seçkilərlə məşğul olan şəxslərə faydalı hesabat olacaq. Ona da ümid edirəm ki, Azərbaycanda demokratiya və demokratik inkişafla bağlı ümidləri doğrultmaqdan ötrü burda öz əksini tapan çatışmazlıqlar tezliklə aradan qaldırılacaq. Biz münasibət və dialoqun davam etdirilməsini istəyirik.

– ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu qərəzlilikdə ittiham edirlər. Buna münasibətiniz necədir?

– Mən özüm heç vaxt Ermənistanda olmamışam. Lakin bir şeyi qeyd edim ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun həyata keçirdiyi müşahidə missiyası dəqiq metodologiyaya əsaslanır. Müxtəlif qrup insanların bizə təqdim etdiyi məlumatlar bu metodologiya əsasında təhlil olunur və hesabat formasında qiymətləndirilir. Ermənistanda keçirilən seçkilərə dair hesabat o qədər də ruhlandırıcı deyildi. Mən özüm orada iştirak etməmişəm, amma düşünürəm ki, hansısa namizədə qarşı fiziki hücum seçkilərə və prosesə kölgə salır. Nəzərə alın ki, seçkilərin müşahidəsi ilə bağlı proses bir çox meyarlara əsaslanır. Bu, həm qanunvericiliyin, həm mətbuatla əlaqədar vəziyyətin, həm də birbaşa seçkilərin təhlili əsasında həyata keçirilir. İndi bizim ilkin hesabat dərc olunub. Lakin bir müddət sonra yekun hesabat dərc ediləndə, hər iki hesabatı internet səhifəsindən oxumaq mümkün olacaq və bu ikili standartlarla bağlı fərziyyələr irəli sürən şəxslər hər iki hesabatı müqayisə edib yanaşma və mövqelərini dəyişəcəklər. Çünki bizim istifadə etdiyimiz meyarlar qərəzsizdir. Eyni zamanda seçki müşahidə missiyasının davranışı, bu məsələyə yanaşması da tam qərəzsizdir.

Elma Sehalic (missiyanın media məsələləri üzrə məsləhətçisi): – Təhlilçi kimi onu qeyd edə bilərəm ki, artıq 17-ci dəfədir seçki müşahidə missiyalarının media təhlilçisi vəzifəsində çalışıram. Biz müxtəlif ölkələrdə işləmişik. Xanım Zulueta ilə birgə bu yaxınlarda Fransadakı seçkilərə qatılmışıq. Müşahidəmizin və media monitorinqinin əsas meyarı mövcud vəziyyətlə ideal durum arasında fərqləri tapmaq, öz müşahidələrimizi aparmaqdır.

– MSK bildirib ki, seçkilərin saxtalaşdırıldığına dair ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hər hansı sübutu varsa təqdim etsin...

– Biz MSK-ya hesabatın özünü və bütün əlavələrini göndərəcəyik. Statistik məlumatları da təqdim edəcəyik. İndi bu sənədlər üzərində iş gedir. Statistik məlumatın bir qismi artıq səsləndirilib. Məsələn, müşahidə missiyası 37 mənfi halı izləyib üzə çıxarıb. Bülletenlər topa-topa qutulara doldurulub, səslər hesablanarkən müşahidə apardığımız seçki dairələrinin 58 faizi pis və çox pis kimi qiymətləndirilib. Həmin göstərici 2008-ci ildə 23 faiz, 2010-cu ilin parlament seçkilərində 32 faiz olub. Hesabatın yekun variantı MSK-ya təqdim olunacaq. Bu da standart bir təcrübədir. Bir daha qeyd edim ki, bizim topladığımız məlumat və əlavələr 1150 məntəqə seçki komissiyasından toplanıb.

– Qeydə alınmış pozuntular barədə daha ətraflı məlumat verə bilərsiniz?

– Prosedurlara riayət olunmamasını qeyd edə bilərəm. Bu, çox geniş yayılıb. Prosedur yayınmaları mənfi nəticələr verir və seçkinin şəffaf keçirilməsinə öz təsirini göstərir. Səslər hesablanarkən bülletenlərin topa şəklində atılması, protokolların tərtibindəki problemlər, protokol nüsxəsinin əldə olunması ilə əlaqədar çətinliklər, bəzi hallarda protokolların dəyişdirilməsi müşahidə edilib. Bir sözlə, ciddi şəkildə prosedurlara riayət olunmaması müşahidə edilib. Belə bir təsəvvür yaranıb ki, təlimlər unudulub və səmərəsiz qalıb.

– Yerli, həm də müstəqil ekspertlər birinci aralıq hesabatınızı «yumşaq» saymışdılar. Onunla indiki ilkin hesabatınız arasında fərq nədən doğur?

– Hesabat, yaxud aralıq hesabatların yumşaq və ya güclü olması barədə fikirlər onların məzmununu o qədər də dəqiq bildirməz. Hesabatları onların obyektivlik və dolğunluq dərəcəsinə görə qiymətləndirmək lazımdır. Birinci aralıq hesabata gəlincə, həmin hesabat, bildiyiniz kimi, qısa müddətdə müşahidə etdiyimiz vəziyyətdən qaynaqlanırdı. Həmin dövrdə biz regionlarda gedən prosesləri işıqlandıra bilməmişdik. Lakin uzunmüddətli müşahidəçilər gələndən və 30 müşahidəçi 14 bölgədə işə başlayandan sonra bizdə daha geniş təsəvvür yarandı. Sözsüz ki, söhbət qanuni çərçivədə fəaliyyətdən gedir. Bayaq xanım Elma-nın qeyd etdiyi kimi, mətbuata çıxış və mətbuatla bağlı durumu daha ətraflı qiymətləndirməyə imkan qazanmışdıq. Bildiyiniz kimi, qanun KİV-in təşviqat kampaniyasını geniş işıqlandırmasına imkan vermirsə, bu, heç sözsüz, seçicilərin məlumat seçiminə təsir göstərir. Onların namizədlərlə bağlı xeyli sualı yaranır. Ona görə, regionlardan məlumat gəldikcə, biz seçkilərə hazırlıq prosesi haqqında daha dolğun məlumat toplaya bilirik. Bu, nəticə etibarilə 2-ci aralıq hesabatında və ilkin rəydə öz əksini tapıb. Avropa Şurasının İnsan Haqları Komissiyası da dəfələrlə qeyd edib ki, Azərbaycanda KİV-nin fəaliyyətinə müəyyən əngəllər var. Bizim öz müşahidələrimiz, məsələn, Demokratik Qüvvələrin Milli Şurasının Sabirabadda keçirdiyi təşviqat mitinqində jurnalistlərdən birinin saxlandığını, hətta ona qarşı müəyyən fiziki güc işləndiyini izləmişdik. ATƏT-in mətbuat məsələləri üzrə nümayəndəsi də bu məsələ barədə fikrini bildirmişdi. Burada olduğumuz müddətdə jurnalistlərin həbsi də bilinir. Müəyyən ittihamlara əsasən, jurnalist Pərviz Həşimli həbs olunub. Bunların hamısı, sadəcə, eşitdiyimiz hallar deyil, özümüzün müşahidə etdiyimiz hallardır ki, bu da bizim hesabatda öz əksini tapır.

– Cəmil Həsənlinin nümayəndəsi MSK-ya şikayətləri aparmaq istərkən polis tərəfindən saxlanıb. O, MSK-nın iclası bitdikdən sonra azadlığa buraxılıb və beləcə, gərəkli sənədləri MSK-ya çatdıra bilməyib. Nəticədə, vaxtın keçdiyini əsas gətirən MSK şikayətləri qəbul etməyib...

– Dünən (oktyabrın 13-də – red.) mətbuat konfransında iştirak etmişik. MSK-nın iclası barədə məlumat bizə çox gec, təxminən gündüz saat 1-də verilib. Beləcə, son dəqiqələrdə verilmiş bir qərar təsəvvürü yaranıb. Polisin cənab Aslanlını saxlaması və onun həmin sənədləri çatdıra bilməməsi barədə də məlumatımız var. Bunları hesabata əlavə edəcək və məhkəmə dinləmələrinə də qatılacağıq. Şikayətlərlə bağlı digər faktlar da ortaya çıxarılacaq və müvafiq şikayətlər veriləcək. Daha əvvəl olduğu kimi, prosesləri yaxından izləyəcəyik. Şikayətlərini çatdırmaq üçün bütün tərəflərə bərabər şərait yaradılacağına ümid bəsləyirik.

– Xanım Zulueta, Siz həm də yetərincə məşhur araşdırmaçı jurnalistsiniz, İtaliyanın ən yüksək səviyyəli məmurlarının, o cümlədən keçmiş baş nazir Berluskoni-nin qanunsuz əməllərini üzə çıxarmısınız...

– Xədicə xanımın araşdırmaları və ona hücumlar barədə də məlumatlıyam. Bu məsələ dünyanın bir çox yerində əks-səda doğurub. İnsanların da bundan xəbəri var. Ən təəssüfedici məqam ondan ibarətdir ki, ona qarşı aparılan bu utandırıcı əməllərə görə heç kim məsuliyyətə cəlb olunmayıb. Parlament üzvü olanadək özüm 20 ilə yaxın araşdırmaçı-jurnalist kimi çalışmışam və düşünürəm ki, dünyanın istənilən yerində bu məsələ o qədər də asan deyil. Bilirəm ki, Azərbaycanda da belə bir işlə məşğul olmaq çox çətindir. Bu işi şüurlu şəkildə, insafla, bəlli etik qaydalarla aparan jurnalistlərə bütün həmkarları dəstək olmalıdır.

– Hər hansı əlavəyə ehtiyac duyursunuz?

– Ümid edirəm ki, Azərbaycan hökuməti bizim hesabatda əks etdirdiyimiz o çatışmazlıqlarla bağlı müəyyən addımlar atacaq və nəticə etibarilə Azərbaycan xalqının demokratiyaya olan ümidlərini doğruldacaq. Azərbaycanda keçirdiyimiz 6 həftə bizdə dərin təəssüratlar doğurub. Gözəl anlar yaşamışıq. Azərbaycana yenidən gəlməyə ümid edirəm.
XS
SM
MD
LG