Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:48

Xənəyə kəndində torpaq çəkişməsi bitmir


Nəbi Əhmədov
Nəbi Əhmədov
-
İsmayıllı rayonunun Xənəyə kənd sakini Nəbi Əhmədov deyir ki, səfalı bir yerdə yaşayır, amma ailəlikcə xoş günə həsrət qalıblar:

«Atam Allahverən kişi uzun illər çoban işləyib. Camaat evində rahat yatanda, atam yayı yaylaqda, qışı qışlaqda keçirib, mal heyvan saxlayıb. Əziyyətlə çörək qazanıb, oğul-uşaq böyüdüb.

İki qardaşım rəhmətə gedib. Böyük qardaşım Məhərrəm Əhmədovun ölümündə yerli məmurlardan şübhələnirəm. Həmin vaxt mən həbsdə olmuşam. Həyətimizdəki mal tövləsinə bir qucaq silah-sursat qoyub, məni tutdurdular. Adını da qoydular ki, guya mən terrorçuyam. 2007-2008-ci illərdə günahsız olaraq həbsdə yatmışam.

Qardaşım Məhərrəm Əhmədov mənim haqsız yerə həbs edilməyimi araşdırmağa başlamışdı. Sonra guya intihar etdi. Onun intiharına inanmıram, çünki qardaşım çox möhkəm xarakterli adam idi, özünə qəsd edə bilməzdi».

«MƏNİ ZƏRƏRLƏŞDİRMƏK İSTƏYİRLƏR»

Nəbi Əhmədovun sözlərinə görə, indi ailəsinə qarşı bu haqsızlıqları araşdırır deyə, özü də təzyiqlərlə üzləşir:

«Məni zərərsizləşdirmək istəyirlər. Dəfələrlə bəyan etmişəm ki, gec-tez, qardaşımın ölüm işini açacağam».

O deyir ki, yerli məmurlarla münaqişəsi torpaq üstündə yaranıb:

«Bələdiyyəyə müraciət etdim ki, qonşuluqda vaxtilə atamın tutduğu yer var, onu mərhum qardaşımın uşaqlarının adına sənədləşdirək. Dedim ki, atasız uşaqlardır, çox kasıb dolanırlar. Bu torpağı onlara ver, tərəvəz əkib, birtəhər dolanarlar.

Cavab verdilər ki, olmaz. İndi görürəm ki, bələdiyyə sədri Sadiq İsayevin qardaşı Pünhan İsayevin uşağının adına bu torpağı sənədləşdiriblər. Pünhan İsayevə hamımızın hörməti var, özü də Qalıncaqlıdır, gedib öz kəndindən alsın da torpağı? Belə şey olar, ayıb deyil?

İndi bələdiyyə sədri Sadiq İsayev mənə deyir ki, sən buradan çıx get, get Dağıstanda yaşa. Özümün həyətimi belə əlimdən almağa çalışırlar».

Nəbi Əhmədov deyir ki, Xənəyə kəndi dağların arasında, meşənin içində yerləşən gözəl bir kənddir. Ona görə də bu torpaqlara hamı tamahlanır.

«BƏS ÖVLADLARIMIZ HARADA YAŞAYACAQ?»

Nəbi Əhmədovun sözlərinə görə, artıq kənddə torpaq qalmayıb, hamısı satılıb:

«Gəlmələrin sayı az qala yerli əhalidən çoxdur. Bəs evlənən, ailə quran övladlarımız harada yaşayacaq? Bunların nəfsi o qədər itidir ki, çayın bir neçə addımlığınadək əraziləri həyətyanı sahə kimi satıblar.

Bəs orada ev tikib yaşayanların taleyini düşünmürlər? Deyək ki, onlar şəhərdən gəliblər, bu çayın daşan vaxtları olduğunu bilmirlər. Bəs sel gəlsə, necə olacaq? Məni sıxışdırırlar ki, buradan çıxım gedim, yurd yuvamı ələ keçirsinlər. Artıq adam tapıblar, məndən şikayət edib ki, guya ondan həyətimi satmaq üçün pul almışam. İndi satmıram, pulu geri istəyir. Buna görə polisə çağırmışdılar».

“NƏ İSTƏYİRSİNİZ, ƏL ÇƏKİN DƏ»

Nəbi Əhmədovun anası Asya Əhmədova yataq xəstəsidir:

«Nəbini günahsız həbs elədilər. İndi də imkan vermirlər yaşayaq. Nə istəyirsiniz, əl çəkin də».

«HƏR ŞEY ARAŞDIRILIB QANUNİ QİYMƏT VERİLƏCƏK»

Xənəyə kəndinin sahə müvəkkili polis kapitanı Mehman Əsədov bildirir ki, Nəbi Əhmədovdan doğrudan da şikayət ərizəsi daxil olub. Ona görə də polisə çağırılıb. Şikayət araşdırılıb, qanuni qiymət veriləcək.

«İNDİ XƏNƏYƏ BƏLƏDİYYƏSİ YOXDUR?»

Bələdiyyə sədri Sadiq İsayev ittihamları qəbul etmir:

«Pünhan İsayev torpağı icarədar Rafiq Aydınovdan alıb. Bu torpaq dediyim şəxsin icarəsində olan uzunmüddətli torpaqdır. İndi Rafiq icarə hüququnu satıb Pünhana.

O da hərracda həmin torpağın pulunu ödəyib alıb. Harada yazılıb ki, Pünhan torpaq ala bilməz? Kim istəyir gəlib hərraca müraciət etsin, ona da torpaq verək. İndi Xənəyə bələdiyyəsi yoxdur, bura Qalıncaq bələdiyyəsi adlanır.

Dörd kənd birləşib bir bələdiyyə olub. Göytəpə, Mücəftaran, Xənəyə, Qalıncaq. Bunlar bir bələdiyyədir və Qalıncaq bələdiyyəsi adlanır. Heç kim bizə torpaq üçün müraciət etməyib. Xənəyədə ümumiyyətlə torpaq yoxdur.

Sadəcə, 30 illik icarəyə götürülən torpaqlardır və onun icarə hüququnu dövlət qoruyur, mən onu poza bilmərəm».

«NƏBİ ƏHMƏDOV BAŞQASININ MÜLKİYYƏTİNƏ SOXULUB»

Sadiq İsayev Nəbi Əhmədovun söylədiklərini cəfəngiyat adlandırır:

«Nəbi özü, ona verilən torpaqdan əlavə 20 sot başqasına məxsus torpağı qanunsuz öz həyətinə birləşdirib. Başqasının mülkiyyətini zəbt edib. Heç kim Nəbini ilişdirmək istəmir.

Biz ona deyirik ki, bir il əvvəl sənin həyətinin hasarı harada idisə, çəpərini ora çək. Niyə başqasının mülkiyyətini zəbt etdiyini söyləmir? İnanmırsınız, kəndin ağsaqqallarından soruşun.

Mən belə işlərə görə bələdiyyə sədri işləmək istəmirdim. Sadəcə, dedim, kəndlilərə kömək edim, bunu da belə qiymətləndirirlər».

«BƏLƏDİYYƏ AYRILMASA, ÇƏTİN OLACAQ»

Xənəyə kənd icra nümayəndəliyinin sədri Vəzir Fətəliyev deyir ki, Nəbi Əhmədova qarşı hər hansı təzyiqə dair onda məlumat yoxdur:

«Nəbi hamı ilə yaxşı ünsiyyətdə olan və mehriban dolanan adamdır. Yenə də araşdırıb tədbir görəcəyəm. Əvvəlki başçının vaxtında gəlmələrə torpaq verilirdi. İndiki başçı qoymur. Keçmişdə torpaq alanlar da hərracla alıblar. Ancaq indi yerli əhaliyə, hətta dediyiniz kimi, hərracla torpağın verilməməsi reyestr xidmətinin və bələdiyyənin problemidir. Gərək vaxtında nəzərə alaydılar ki, məsələ bu dərəcədə böyüməsin. Bizim bir problemimiz ondan ibarətdir ki, bələdiyyəmiz gedib Qalıncaqa birləşib. Bu, düzgün addım deyil. Ayrıca bələdiyyəmiz olsa, lazım gələndə yaxasından tutub iş gördürmək olar. İnanın, çağırıram – gəlmirlər. Çay yataqlarının qanuni, qanunsuz verilməsi də onların problemidir. Vaxtı gələndə hər kəs gördüyü işin cavabını da verəcək».
XS
SM
MD
LG