Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:36

Rasim Qaraca. Yeni şeirlər


Rasim Qaraca
Rasim Qaraca

Dənizi soyunarkən görsəniz, saçlarını qumlar üzərinə sərərkən, ayrılığına dözmək çətindir onun, dodaqlarındaykən hələ duzlu suların tamı...

-

Rasim Qaraca


(5 yeni və 1 əski şeir)


QADIN VƏ DƏNİZ

Dənizi soyunarkən görsəniz
saçlarını qumlar üzərinə sərərkən
ayrılığına dözmək çətindir onun
dodaqlarındaykən hələ duzlu suların tamı...
Qadınsa
əgər dalğalandısa
işi bitmişdir demək
köpüklənəcək və sönəcək...


QADIN VƏ QUM

Qumlar təkcə üzərinə uzanmaq üçün deyil
bəzən ovuclayıb barmaqlarının arasından axışına baxmalı
zamanın özü kimi sovurmalı
canlı bir qum saatı olmalısan.
Bir qadın
təkcə sovrulmaq üçün deyil
üzərində iz buraxmalısan...


QADINLAR VƏ MAŞINLAR

Maşınlar çox humanistdir
yumşaq və istidir
motorları dup-dup edər
və yastıqları açılar
qəzaya düşsən əgər.
Ancaq qadınlar
xalis dəmirdəndir
sərt və kəsicidirlər
deyinər, eqzos buraxarlar...

*

Sən, ey soyuq qış gecəsi,
bilirəm əbədi deyilsən,
ulduzlar sayrışan bu sirli mənzərən
bir gün yox olacaq.
Ancaq,
ağzından buğ çıxan sevgililəri
təkcə sən gördün
və qar üzərində
rəsmlərini çəkdin onların.
Söz verirəm, unutmayacam səni,
amma, sən də söz ver,
sona qədər unutmayacaqsan
artıq zamana qarışmış o iki bədəni...

*

Ara vermədən yağan o öpüşlərin bir uzantısıdır indi bu yağışlar,
varsa var deyil, yoxsa yoxa bənzəməz, gözgörəti bir xəyaldır,
qeyblərdən gələn bir səsdir bu yağış, bir an sonra kəsəcək,
sevgiylə dolu pıçıltıların kimi bu soyuq damlalar da
həsrətinin bir uzantısı olacaq...

Aşiq olmanın bəlası var, ödə gəlsin indi anıları,
boş keçən bu zamana dağıt saçlarını,
uzansın yağışlar da saçlarınla birgə,
istər yataraq düşün, istər ayaq üstə gəzinərək,
həsrət elə bir kaftar ki heç nə dəyişməyəcək,
yediyin, içdiyin hər şey qəlbindəki yanğını artıracaq,
yağışlar da onun bir uzantısı olacaq...

Sevgiyə könlünü qapdırma, demədimmi sənə o bir fırtınadır,
gözündə kimsə yox, yaşamağa həvəsin qalmadı,
nəfəsin gedib-gəlirsə ondan qalan bir anıdır,
bu yağışsa onun bir uzantısıdır...

Gecə düşür, dünya qaralır, səni çağırıram üz tutub boşluqlara,
başımda ağrı var gəl öp də keçsin,
o öpüşlər ki heç durmadan yağardı,
bu yağış indi onların bir uzantısı...

*

Şəklimi qəzetlərdə çap etməyin,
nə bilim, bəlkə onu ayaqlar altına atacaqlar,
bəlkə çirkli bir nəsnəni siləcəklər,
bəlkə qatil bıçağını təmizləyəcəklər...
Həyatın bu mənfur oyunlarına heç qatılmaq istəmirəm

Ancaq, ola bilər,
mənim şəklim çap olunmuş o qəzet
yeni tikilmiş bir evin pəncərəsi olacaq
və mən hər gecə şahidi olacam
kasıblıqla dolanan gənc ərlə arvadın
sevgi səhnələrinin
XS
SM
MD
LG