Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:50

Azad Qaradərəli "Ayaqyolu qonaqlığı" (Hekayə)


Azad Qaradərəli
Azad Qaradərəli
-

- Dədələri oxumadı, nənələri oxumadı, nooldu. Acınnan ölellər? Odeee, odahaaa, sənnən yaxşı dolanellər... Pılı pıl, qazancı da qazanc... Sənin nəyin var, hıy? Əlin qurusun, gözün tökülsün, qazancıı ellər yesin... Burun üzdən kəsən kopayoğlu...


Azad Qaradərəli


AYAQYOLU QONAQLIĞI

(Hekayə)


Köhnə Basin küçəsiylə üzüaşağı gələndə Respublika sarayının qarşısındakı yeraltı keçiddə həmişə ayaq saxlayıram. Ehtiyacım olsa da, olmasa da buradakı ayaqyoluna dönürəm.

Ayaqyolunun ağzında yerli-yataqlı oturub hərdən soğan-çörək, gah da alma qaxı-filan yeyən yaşlı qadına yaxınlaşıb salam verirəm. Qarının yaşı səksəndən yuxarı olsa da, hələ qıvraqdır, pulu-zadı yaxşı tanıyır, onu aldatmaq istəyənləri yuyub sərər. (Olur hərdən belə şey. Deyir bir dəfə iki cavan oğlan onu aldatmaq üçün bir-birinə yapışmış halda içəri keçmək istəyirlər. Arvad onları tutub bir-birindən ayırır və çımxırır üstlərinə: “Qəpeyıız yoxdu, deyin, buraxım, day bir-biriııza niyə kərkinirsıız?”)

- Salam, Abıgül xala.

- Əlekümə salam. Əlvansan? Əfqansan?

Hər dəfə belə olur. Məni tanıya bilmir. Bu Əlvanla Əfqan onun qız nəvələridir. Biri gəmidə işləyirdi, yaxşı da pul qazanırdı. O qədər xaricə gedib-gəldi ki, axırda bir gün birdəfəlik getdi. Deyirlər, indi Hollandiya gəmisində çalışır, elə ordan da qız alıb. İki-üç ildən bir gələ-gəlməyə. Əfqan isə... Hə, bu Əfqandan çox danışmaq lazım...

Əfqana kəndimiz ermənilər tərəfindən işğal olunandan qabaq dərs demişəm. Atamın həsrət qaldığı o torpağa and olsun ki, mən ona iki cümləni dalbadal yazdıra bilmirdim. Əvvəl hirslənirdim, döyürdüm bu zırrama uşağı ki, ağlı başında, ağzı-gözü yerində, əli-ayağı düz, qulağı darı dəlir, bəs niyə ağlında iki kəlmə söz qalmır? Axı bizim kənddə həmişə ibtidai məktəb olmuşdu və yalnız mənim ora-bura yazdığım ərizələrin hesabına məktəbimiz natamam orta məktəbə çevrildi.

Bundan sonra çalışırdım ki, şagirdlərimə yaxşı bilgi verim, bizim də davamçılarımız yetişsin... Əfqan kimisindən nə davamçı? Bundan heç eşşəkotaran da çıxmaz?!

- Ə, a zalım oğlu zalım, sənin nəyin kəmdi?! Sən niyə bu deyiləni bu qulağınnan alıb o birinnən ötürürsən? Evin yıxılsın, oğul yiyəsi?!

Hirsimdən qulağını nə təhər dartdımsa, barmaqlarım al-qan oldu. Gədənin gör gözündən bir qətrə yaş çıxdı? Hüdü-hüdü baxır üzümə, key-key şinidir.

Axşam haman bu Abıgül arvad çıxdı damın üstünə, tərs-uvand söyüşləri yağdırdı məktəbə də, məktəb tikənlərə, hələ orda dərs deyənlərə də. Əlbəttə, mənim adımı çəkmədən, mədəni surətdə söyürdü. Təxminən belə sözlər deyirdi: “Belə, mənim uşaxlarım oxumuyacay, belə hərifi göttərinə də almıyacay... Dədələri oxumadı, nənələri oxumadı, nooldu. Acınnan ölellər? Odeee, odahaaa, sənnən yaxşı dolanellər... Pılı pıl, qazancı da qazanc... Sənin nəyin var, hıy? Əlin qurusun, gözün tökülsün, qazancıı ellər yesin... Burun üzdən kəsən kopayoğlu...”

Əfqanın atası Hüseyn dülgər idi. Qulaqları uşaqlıqdan yaxşı eşitməsə də, gedib hardasa bu dülgərliyi öyrənmişdi. (Kənddə ona Kar Hüseyn deyirdilər)

Amma dülgər deyirəm ha! Kişinin oğlu ağacdan adam yaradardı. Onun vurduğu döşəməni, tavanı hər adam vura bilməzdi. Onun düzəltdiyi taxta-oxlavı hələ-hələm usta düzəldə bilməzdi. Arvadı da (Abıgül arvadın qızı Ümnisə) yaxşı yorğan-döşək salardı. Bizim arvad da onu gətirib yorğan-döşəyimizi, sökdürər. çırpıb sırıdar, təzələyərdi. Zalım qızının əl işinə söz ola bilməzdi. Elə bu işinə görə ona da daldada Yorğan-döşək Ümnisə deyərdilər.) Yəni, əslində Abıgül arvad o sözlərində haqlı idi. Ər-arvad bir hərf qanmasalar da, bəlkə də məndən çıx qazanırdılar.

Amma bu Əfqan 8-ci sinfdə oxuyanda elə bil dəyişdi. Fikir verib görürdüm ki, uşaq altdan-altdan dərsə fikir verir, yavaş-yavaş başını başlara qoşur, elə bil oxumaq istəyirdi. Bu qəribə uşağın birdən-birə dəyişməsi məni çaşdırmışdı sanki. Gədə elə bil tükü-tükdən seçir, fikrini cəmləşdirib oxumaq istəyirdi. Amma o doqquzuncuya keçəndə atası nədənsə uşağı çıxardıb qəsəbədəki məktəbə apardı və mənim ondan daha xəbərim olmadı. Daha doğrusu, bir də mən Əfqanla Bakıda, işğaldan sonra qarşı-qarşıya gəldim.

On il olardı ki, Bakıdaydıq. Bizim arvad dedi ki, bəs Əfqan yadındadı, Abıgülün nəvəsi? Dedim hə, nolub ki, ona? Dedi heç, nolasıdı? Yadındadı SSRİ vaxtı BAM vardı e, Baykal Amur Magistralı? Bax, Əfqan gedib çıxıb oralara, yaxşı biznes qurub. Deyirlər təzə bir xarici maşınla qayıdıb.

Gülmək tutdu məni. Dedim, yadındadı, Abıgül arvad damın üstünə çıxıb naməlum ünvana söydü, söydü, axırı da qayıtdı ki, onun dədəsi də, nənəsi də oxumayıb, amma noolsun, qazancı səninkinnən çoxdu ki? İndi də balaları... Yəqin indi söyür mənə. O şapalaqlara görə qınayır məni...

Amma yanılmışdım. Kiminsə yas yerində gözü aldı məni. Camaatın içində düz üstümə yeridi. Mənimlə ikiəlli görüşdü, sonra bununla qane olmayıb basdı bağrına, öpdü və hamının eşidəcəyi səslə dedi:

- Müəllim, allah sizi əskik eləməsin! Sizin sayənizdə hərf öyrəndik, adam olduq, adamlara qoşulduq... Maqadandan belə gəzmişəm. Hər dəfə sizə can sağlığı arzulayırdım... Rusdarın sözü var: uçeniye cvet, ne uçeniye tma. Siz bizi zülmətdən qurtarmısınız. Məni qınayan olmasaydı, sizin o əllərinizdən öpərdim...

Və sonra məni qırağa çəkib telefon nömrəsi verdi. Dedi bu nömrəyə zəng edin, görüşək. Düzü, utandığımdan susdum. Hələ onda mənim mobil telefonum yox idi. Amma nömrə yazılmış kağızı döş cibimə qoyub “yaxşı” dedim. Və bir gün ona doğrudan da, zəng elədim, özü də elə-belə, rus demişkən intiresə. Yəni, görüm axı bu gədə nə təhər dəyişib, nə iş qurub, neyniyə bilib?

Evimizin yerini soruşub “mən sizi yarım saata oradan götürəcəm” dedi. Və saata baxdım, düz iyirmi beş dəqiqəyə maşınıyla gəlib çıxdı. Düşüb yan qapını açdı, məni oturdub qapını örtdü və maşını sürüb şəhərdən çıxdı.

- Hara gedirik, - deyə soruşdum.

- Sumqayitda bir dostum var, şərikimdir. Onların bir restoranı var orda. Orada dincələcəyik bu gün.

İnsafən, dostu da tərbiyəli oğlan idi. Mənim yanımda iki dost özlərini çox mədəni apardılar. İçkini də elə içdilər ki, elə bil dillərinə dəyməmişdi. İki dost yemək arası söhbətdə mənimlə görüşün əsl məğzini axır ki, anlatdılar. Məlum oldu ki, onlar olan yerdə - Maqadanda bir qəsəbə varmış ki, buranın sakinləri hərə bir tərəfdən gəlibmiş. Və orada bir ailə varmış ki, bizim dostları tanıyandan sonra elə bir əhvalat danışıblar ki, dostların ayaqları altından az qalıb yer qaça. Deyiblər ki, müharibədən qabaq buralara Azərbaycandan bir kişi sürgün olunubmuş. Kişi həm elmli adam imiş, həm də sirli. Elmli olduğunu ordan biliblər ki, gecə səhərəcən şam işığında nəsə yazarmış. Sirri isə... Bunu elə danışırmışlar ki, guya bu kişi tamam bilməcəymiş. Qəsəbənin xəstələri qapısında növbəyə durarmışlar. Hətta sürgünə göndərilənlərin üstündə duran əli silahlılar da bu kişinin kəramətinə bələd imişlər. Kişi yanında bir xəstəni tüfəngin qundağı ilə vuran zabitə nə eləmişdisə, zabitin həm dili tutulmuşdu, həm də bir qolu ömürlük şikəst olmuşdu. Bunu elə şişirdilmiş şəkildə danışırmışlar ki, dostlar özləri də qorxub hövülləniblər. Sonda Əfqan dedi:

- Müəllim, onlar biləndə ki, mən o kişinin – Bəhlul Əfəndinin yerlisiyəm, inan ki, başıma pərvanə kimi dolanırdılar. Bude, şahidim də yanımda, Zahid də təsdiqləyər ki, (dostunun adı Zahid idi) mən əslində bu qədər pul-paranı elə o kişinin quruca adının hesabına qazanmışam... Müəllim, indi bizim sizdən bir xahişimiz var... Bilirik ki, sizin yazmağınız da var, hətta kitablarınız da çıxıb. İstəyirik ki, siz o kişi haqqında bir kitab yazasınız... Səni allah, pis başa düşməyin, sizin qələm haqqınız da, kitabın çap xərci də bizlikdir... Amma o kişi haqqında bir kitab yazın, burda çıxsın, sonra biz onu ruscaya çevirtdirək, aparaq orda çap etdirək...

...Düzü, mən Bəhlul Əfəndi haqqında eşitmişdim. Bağırovnan da haqq-hesabı olmuşdu. 1895-ci ildə İstanbulda universitet bitirmişdi. Müsavat höküməti dövründə Zəngəzurun qazısı olmuşdu. Məhəmməd Əminlə dostluğu da varmış. 1922-ci ildə Xanlıqda Sovet hökumətini devirdiyini, sonra İrana keçdiyini, qayıdandan sonra həbs olunub Sibirin buzlaqlarına sürüldüyünü də bilirdim. Qeyri-adi qabliyyətlərindən əfsanələr danışırdılar... Əfqangilin təkidlə cibimə basdığı min dolları götürüb getdim Milli Təhlükəsizlik Nazirliyinə.

Onlara ərizə ilə müraciət edib Əfəndi haqqında məlumat aldım. Sonra nəvələrini, nəticələrini tapdım... Və təxminən altı aya kitab hazır oldu. Elə bu vaxtlarda Əfqan xəbər göndərdi ki, kitabı hazırlayıb versin çapa, gəlirik.

Kitab çıxdı. Bizim zonanın adamlarına kitabı pulsuz payladıq. Sonra dostlar mənə əlavə min dollar da verib çıxıb getdilər. Təxminən beş il sonra mən Əfqanla yenə görüşdüm. Əlbəttə, Sumqayıtdakı restoranda yaxşıca yeyib-içdik. Dostu tualetə gedəndə mən ona dedim:

- Bu günlərdə AZİ-nin yataqxanasına getmişdim. Abıgül qocanla Hüseyn kişini gördüm. 8-ci mərtəbədə qalırlar. Şəraitləri çox pisdir. Əgər imkanın varsa, onlara bir dolanışıq düzəlt. Evdən-zaddan da ala bilsən, yaxşı olar.

Üzümə baxıb rəng verib, rəng aldı, elə bil pərt olmuşdu. Handan-hana dedi:

- Sağ olun, müəllim, sizin o şapalaqlarınız bizə halal olsun!.. Mən hər Bakıya gələndə bir evin pulunu xəşdiyirəm... Bu heç ağlıma gəlməmişdi... Eliyəcəm, inşallah! Var olun!

...Hə, həmin bu tualet biznesini babasıyla nənəsi üçün düzüb-qoşub Əfqan. Deyirmiş ki, tualet biznesi ən təmiz biznesdir. Mayası-filanı yoxdur. Aç, qoy nə qədər işəyirlər, işəsinlər.

Arvad ağzını bərk-bərk bağlayıb ki, ayaq yolunun iyisi burnuna dolmasın. Dəsmalın qulağını ağzından çəkib deyir:

- Niyə dinmersən? Əlvansan, Əfqansan?

- Mən onların müəllimiyəm. Yadındadı, Əfqanın qulağını dartmışdım, qanamışdı, çıxıb damın üstündən mənə söymüşdün haaa?

- Boy, boy, ayıbdı, müyəllim, nə dediyindi? Allah sənin oğluu saxlasın... Əfqan danışermiş ki, onun ağlına bu tuyaleti qurub bizə verməyi sən salmısan. Bizə ev də alacağını deyerdi... İndi alammədi, tifilin xərci çox çıxer dayna, neynəsin... Vallah, müəyəllim, sözü belə, bı tuyaletdən çıxer çörəyimiz... Allah Əfqanın üstüncən getsin... Bı olmaseydi nə qayırardıx ki? İndiki pensiyəyə nağayırmax olar axı? Kişinin də qulaxları cum batıb, küçı-bacıya çıxammer... Əlac qalıb özümə. Milisin-polisin pulun verənnən sonra genə əvə 5-10 manıt aparerəm hər axşam... Müyəllim, istersən, tüyəletə get, gəl.

Gülümsünürəm. Arvadın məni tualetə qonaq eləməsinə gülümsünməyəsən, neyləyəsən ki?

(Yadıma saytların birindən oxuduğum xəbər düşür: “Rusiyanın taxta-şalban biznesində böyük nüfuz sahibi olan Əfqan Əsgərzadə yeni aldığı gəmini sulara buraxmışdır. )

Sağollaşıb getmək istəyirəm. Abıgül arvad ağzını yaşmaqladığı dəsmalını dartıb soruşur:

- Bəs tüəletə getmirsən? Onda niyə gəlmişdin?

10-12 fevral 2013
XS
SM
MD
LG