Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:35

Bəxtiyar Quliyev: «Məqsədimiz diqqəti cəlb etmək olub»


NİDA-çıların məhkəmə prosesi
NİDA-çıların məhkəmə prosesi
-
“Mən narkotik maddə istifadəçisi deyiləm. Evimdən narkotik maddənin və “Molotov kokteyli”nin çıxmasından xəbərim yoxdur. “Molotov kokteyli”ni və narkotik maddəni heç vaxt heç kimdən almamışam”.

Bunu dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çı Bəxtiyar Quliyev deyib.

Bəxtiyar Quliyev ona qarşı irəli sürülən ittihamları rədd edib.

Çəkdikləri “Harlam Shake” videosu ilə bağlı deyib ki, həmin dövrdə youtube-də bu video yayılmışdı, hamı da ona baxırdı.

“HARLAM SHAKE”İ ÇƏKDİK Kİ, CAMAATDA MARAQ DOĞURSUN”

“Biz də istədik elə bir “Harlam Shake” klipi çəkək ki, camaatda maraq doğursun”.

Bəxtiyar Quliyev fikrini İlkin Rüstəmzadəyə deyib. Doqquz nəfər bulvarda klipi çəkiblər.

“Videonu çəkəndə bulvar nəzarətçisi yaxınlaşıb dedi ki, əxlaqsız, nalayiq hərəkətlərlə video çəkmək olmaz. Bizdən çəkilişi dayandırmağı tələb etdi. Dayandırmayanda post-patrul xidmətinin əməkdaşlarını çağırdı”.

Bəxtiyar Quliyev deyib ki, çəkdiklərini montaj edib youtube-də yerləşdiriblər. Dediyinə görə, məqsədləri də adamların diqqətini cəlb etmək olub.

Bəxtiyar Quliyev ona və digər gənclərə qarşı irəli sürülən xuliqanlıq ittihamı ilə özünü təqsirli bilməyib.

VƏKİL: “İFADƏNİ MÜSTƏNTİQ YAZIB”

Vəkili Fariz Namazlı deyib ki, Bəxtiyar Quliyev əvvəlki ifadələrini təzyiq altında verib. Bildirib ki, ifadəni müstəntiq yazıb, Bəxtiyar da qol çəkib. Ona görə də əvvəlki ifadələrindən imtina edib.

Prosesdə təqsirləndirilən digər NİDA-çı Rəşadət Axundov Nelson Mandelanın xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib.

Hakim: “Mandelaya böyük hörmətimiz var, sən otur aşağı”.

Məhkəmə prosesi dekabrın 12-də davam edəcək.

Məhkəmə qarşısında 7 NİDA-çı gənc və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə dayanır.

NİDA-çı gənclər - Bəxtiyar Quliyev qanunsuz yollarla silah, partlayıcı maddə və qurğular əldəetmə, saxlama, daşıma və gəzdirmədə ittiham olunur. Ona qarşı həm də narkotik maddə saxlamaq, xuliqanlıq və zorakılıqların, talan və yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşların təşkili və ya belə iğtişaşlara qatılma maddələri də qalldırılıb.

NİDA-çılardan Məmməd Əzizov və Şahin Novruzluya qarşı silah, narkotik maddə və iğtişaşla bağlı maddələr irəli sürülüb.

Digər NİDA-çı gənclər – Rəşad Həsənov, Rəşadət Axundov, Zaur Qurbanlı və Üzeyir Məmmədli silah, partlayıcı maddə və qurğular əldəetmə, saxlama, daşıma və gəzdirmədə və kütləvi iğtişaşa cəhddə ittiham olunurlar.

«Azad Gənclik» Təşkilatının fəalı İlkin Rüstəmzadəyə qarşı ittihamlar xuliqanlıq, silah və kütləvi iğtişaşla bağlıdır.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty İnternational» müttəhimləri «vicdan məhbusu» elan edib.
XS
SM
MD
LG