Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:37

Müxalifətin birlik və ayrıcalıq təşəbbüsləri


Müxalifətin 28 may yürüşü
Müxalifətin 28 may yürüşü
-
Müsavat Partiyası Milli Şuraya daxil partiya və gənclər təşkilatları ilə ikitərəfli əməkdaşlıq müzakirələrinə başlayıb.

Məqsədlərdən biri «müttəfiqlik sazişi»nin imzalanmasıdır. Bu təklif, hələlik, Xalq və Klassik Xalq Cəbhəsi partiyaları ilə müzakirəyə çıxarılıb. Mümkün sazişin amac və hədəfləri barədə dolğun bilgi açıqlanmayıb. İstər-istəməz sual doğur: İndiyədək müttəfiq olduqlarını bildirən partiyaların sonrakı müttəfiqliyində hansı önəmli məqamlar var ki, belə bir bağlaşmaya ehtiyac yaransın?

BƏNZƏR SAZİŞLƏRDƏN BÜTÖVLÜKDƏ CƏMİYYƏT NƏ UDACAQ?

Müsavatın təklifinin necə qarşılandığı da bəlli deyil. Hələ heç bir tərəfdaş saziş məsələsinə necə yanaşdığını gen-bol dilə gətirməyib. AXCP sədri Əli Kərimli AzadlıqRadiosuna müsahibəsində deyib ki, ikitərəfli əməkdaşlıqla bağlı qərarlarını gələn həftə Rəyasət Heyətində dartışıb, sonra açıqlayacaqlar. «Klassik cəbhə»çilər də gözləmə mövqeyi tutublar.

Prezident seçkisinə «Milli Şura» çətirinin altında gedən bəzi müxalif qüvvələr çoxtərəfli əməkdaşlıqda müəyyən çatların olduğunu, fikir haçalanmalarını danmır və bunları təbii saydıqlarını dilə gətirirlər. Amma «müttəfiqlik sazişi» məsələsi bir sualı da ön plana çıxarır: Bənzər sazişlərdən bütövlükdə cəmiyyət nə udacaq?

Düşünmək olar ki, Müsavat «müttəfiqlik sazişi»ni Milli Şuradakı yerini gücləndirmək və ya 2015-ci il parlament seçkisinə başqa, həm də yeni birliklə getmək üçün ortaya atıb. Amma bu təşəbbüsün birmənalı qarşılanmayacağı gözardı edilə bilməz, axı indiyədək müxalifət düşərgəsində neçə-neçə ötücü siyasi birliklər olub. Ötən əsrin 90-cı illərindən Demokratik Konqresdə birləşən, SİDSUH-da sıraları genişlənən müxalif düşərgənin sonuncu dayanacağı Milli Şura sayılır. Bu sıraya 2010-cu il parlament seçkilərinə AXCP-Müsavat cütlüyünün birgə siyasi blokla qoşulmasını, daha sonra İctimai Palatanın yaradılmasını da artırmaq olar.

Daha geniş koalisiyaya can atan müxalif qüvvələr ziyalıların da təmsil olunduğu Milli Şurada toplaşmağı bacardılar və bu birlikdən prezidentliyə vahid namizəd irəli sürdülər. Seçkidən uğurla çıxmasa da, bəzi siyasət biliciləri Milli Şuranı müxtəlif siyasi görüşlü və iddialı şəxsləri bir araya toplayan uğurlu birlik sayırlar.

AXCP VƏ MÜSAVAT HƏM BİRLƏŞDİRİR, HƏM DƏ AYIRIR?

Siyasi şərhçi Hüseynbala Səlimovun fikrincə, indiyədək yaradılan siyasi birliklərin aparıcı qüvvəsi AXCP-Müsavat cütlüyü olsa da, bu birliklərin dağılmasına da onların güclü təsiri gözə çarpıb:

«Bu birliklərin formalaşmasında da, dağılmasında da AXCP və Müsavatın rolu olub. Bunu etiraf etmək lazımdır ki, siyasi birliklər AXCP-Müsavat münasibətləri üzərində qurulub. Bu münasibətlər də hamar deyil, çox ziddiyyətli münasibətlərdir. Hesab edirəm ki, Cəmil Həsənli deyil, İsa Qəmbər ən uğurlu namizəd idi.
Hüseynbala Səlimov
Hüseynbala Səlimov
Amma başda AXCP olmaqla, bunun əleyhinə çıxanlar həmin variantın qarşısını aldılar. Bu, təbii ki, sonradan unudulmayan narazılıqlar doğurdu».

«BU PARTİYALAR O QƏDƏR ƏHD-PEYMAN BAĞLAYIB... POZUBLAR Kİ…»

Hüseynbala Səlimov düşünür ki, sözügedən iki partiyadan biri Milli Şuranı tərk etsə, qurumun sonrakı fəaliyyəti uzunömürlü olmayacaq. Şərhçi onu da sözlərinə artırır ki, əslində, prezident seçkisindəki uğursuzluq «müxalifət bir araya gəlsə, vahid namizədlə seçkiyə getsə, daha çox yerli və beynəlxalq dəstək alar» tezisini də iflasa uğratdı. Hüseynbala Səlimovun fikrincə, bu iflasın fonunda hər hansı ikitərəfli əməkdaşlıqdan danışmaq tam mənasızdır:

«Müxalifətin Milli Şura formulu olmasaydı, onda «müttəfiqlik sazişi»ni anlamaq olardı, amma indi bu partiyalar bir formul çərçivəsində seçkidə iştirak ediblər. İndi də ikitərəfli əməkdaşlıq düsturu axtarmağı vaxtı keçirmək kimi qiymətləndirirəm. Müxalifət fəaliyyət böhranı yaşayır. Yeni birlik və yeni əməkdaşlıq – gündəmdə, medianın diqqət hədəfində qalmaqdan başqa bir şey deyil».

Politoloq və siyasi şərhçi Zərdüşt Əlizadənin müxalifət düşərgəsində baş verənlərə, Müsavatın müttəfiqlik sazişi təklifinə baxışı fərlidir. O deyir ki, əslində, mövcud müxalifət düşərgə hakim rejim üçün «demokratik ölkə» imici yaratmaqdan başqa bir iş görmür:

«Birincisi, mən bu düşərgəni demokratik saymıram. İkincisi, əgər bir yerə toplaşıb bir nəticə əldə edə bilmirlərsə, ikitərəfli əməkdaşlıqla nə edəcəklər? Üçüncüsü, bu partiyalar o qədər bir-birilə birləşib, əhd-peyman bağlayıb sonra da bunu pozublar ki, artıq mən bu partiyaların hər hansı müqaviləsini qeyri-ciddi sayıram».

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
«ÖLKƏDƏ SEÇİCİ BAROMETRİ YOXDUR»

Hüseynbala Səlimov ölkədə «seçici barometri»nin olmadığını deyir və bu səbəbdən siyasi birliklərin cəmiyyət həyatına təsir dərəcəsinin qaranlıq qaldığını söyləyir:

«Düzdür, Milli Şuranın mitinqlərinə hətta müxalif partiya üzvlərinin sayından da az adam gəldi. Amma çox təzadlı ölkədə yaşayırıq, narazı olan da narazılığını açıq şəkildə bildirməkdən ehtiyatlanır. Buna görə mitinqdə dəstəkçi sayı da siyasi birliklərin cəmiyyətə təsir dərəcəsini ölçməyə yetərli vasitə sayıla bilmir».

Hüseynbala Səlimov müxalif düşərgənin 2015-ci ilin parlament seçkilərinə Milli Şura, yaxud İctimai Palata koalisiyası ilə gedəcəyinə inanmır. Amma onu da deyir ki, indən belə hansı siyasi birlik yaranır-yaransın, onun təməlində AXCP və Müsavat olacaq.

Zərdüşt Əlizadənin fikrincə, müxalifətin 2015-ci il parlament seçkisinə hansı formada qatılmağı seçkiyə «demokratik don» qazandırmaqdan başqa bir şeyə yaramayacaq.

Siyasi şərhçilərin müxalif düşərgədəki ikitərəfli görüş və saziş məsələlərinə baxışlarının doğrulub-doğrulmama dərəcəsini zaman göstərəcək. Amma indi bu yazının lap əvvəlində oxucu diqqətinə yetirilən sualların cavabı daha önəmli görünür: İndiyədək müttəfiq olduqlarını bildirən partiyaların sonrakı müttəfiqliyində hansı önəmli məqamlar var ki, belə bir bağlaşmaya ehtiyac yaransın? Bənzər sazişlərdən bütövlükdə cəmiyyət nə udacaq?
XS
SM
MD
LG