Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:50

ABŞ Dövlət Departamenti Anar Məmmədlinin dərhal azadlığa buraxılmasına çağırır


Anar Məmmədli
Anar Məmmədli
-


"Amerikanın Səsi"nin ABŞ Dövlət Departamentindəki müxbiri rəsmi Vaşinqtonun Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədlinin həbsi ilə bağlı bəyanat yaydığını xəbər verir. Bəyanatın mətnini olduğu kimi təqdim edirik.

“Biz Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədlinin həbsindən dərin narahatlıq keçiririk. Biz hüquqi proses davam edirkən cənab Məmmədlinin dərhal azad edilməsinə çağırırıq.

Biz bu məsələni Azərbaycan hökumətinin yüksək rütbəli rəsmiləri qarşısında qaldırmışıq və qaldırmaqda davam edəcəyik. Biz SMDTM-nin və Azərbaycan Könüllülər İctimai Birliyinin üzərində aparılan təhqiqatı yaxından izləməkdə davam edirik.

Biz Azərbaycan parlamentinin qeyri-hökumət təşkilatlarını hədəf ala biləcək sivil cəmiyyəti bir qədər də məhdudlaşdıran düzəlişlər qəbul etməsini yaxından izləyirik. Biz Azərbaycan hökumətini ifadə, sərbəst toplaşma və təşkilatlanma azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik.”

Bundan əvvəl ATƏT və başqa beynəlxalq qurumlardan da Anar Məmmədlinin azadlığa buraxılmasına çağırışlar səslənib.

Respublika Prokurorluğu dekabrın 20-də həmin çağırışları “ölkənin daxili işlərinə müdaxilələr və prokurorluq orqanlarının fəaliyyətinə təzyiq” kimi qiymətləndirən bəyanat yayıb. Prokurorluq qeyd edib ki, Anar Məmmədliyə elan edilmiş ittiham onun siyasi fəaliyyəti ilə bağlı deyil.

SMDTM-in rəhbəri dekabrın 16-da saxlanıb.

Respublika Prokurorluğu onu qanunsuz sahibkarlıq, vergidən yayınma və seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edir. Bu ittihamlarla Anar Məmmədli 8 ilə qədər azadlıqdan məhrum oluna bilər.

Anar Məmmədlinin təşkilatı Azərbaycanda keçirilən son bir neçə seçkinin, o cümlədən də son prezident seçkisinin nəticələrinin indiki prezident İlham Əliyevin xeyrinə saxtalaşdırıldığı qeyd olunan hesabat yaymışdı. İndi özü və vəkilləri ona qarşı ittihamları əsassız iddialar, siyasi motivli təqib hesab edirlər.
XS
SM
MD
LG