Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:51

Anar Məmmədli ictimaiyyətə müraciət edib


Anar Məmmədli
Anar Məmmədli
-
SMDT rəhbəri təcridxanadan ictimaiyyətə müraciət ünvanlayıb. Müraciətində həbsini əsassız hesab etdiyini bildirib:

“Biz birləşmək azadlığı, ifadə azadlığı və azad seçki hüququmuzdan istifadə edərək, Azərbaycanda azad, ədalətli, şəffaf, demokratik seçkilərin keçirilməsinə çalışmışıq. Görünür ki, 9 oktyabr 2013-cü ildə keçirilən prezident seçkisindən sonra hakimiyyət müstəqil vətəndaş cəmiyyəti təşkilatlarına qarşı tolerant davranmaq bacarığını tamam itirib. Bizim seçki prosesi üzrə sənədlərimizə və mövqeyimizə MSK-nın deyil, Baş prokurorluğun “reaksiya verməsi" ölkədə müstəqil və peşəkar seçki administrasiyasının olmamasının sübutudur”.

Anar Məmmədli fəaliyyətləri ilə bağlı bütün sualları cavablamaq əzmində olduğunu bildirib. Lakin qarşı tərəfə də sorğu ünvanlayıb:

“Biz ilk növbədə 9 oktyabr prezident seçkisində bizim qədər seçki fəaliyyəti ilə məşğul olan digər qurumlardan şəffaflıq gözləyirik. Biz MSK-nın 9 oktyabr seçkisi ilə bağlı maliyyə hesabatı verməsini gözləyirik. İnanırıq ki, hakimiyyətin himayəsində olan QHT-lər və media strukturları apardıqları monitorinq və exit-pollara görə hesabat verəcəklər”.

Müraciətdə həmçinin deyilir:

“Bizim qeydiyyatımız və fəaliyyətimizlə bağlı SMDT-yə “qeyri-qanuni” damğası vuranları maariflənməyə çağırıram. Cənablar, fərdlərin birləşmək azadlığının Moskva Dövlət Universiteti ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dərslikləri ilə şərh və tövsif edə bilməzsiniz. Lütfən, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına və ən azı Gürcüstan QHT qanunvericiliyinə baxın. Azərbaycan vətəndaşlarının birləşmək hüququnu tanımamaq səlahiyyəti dövlətə məxsus ola bilməz!”

Anar Məmmədli bildirib ki, SMDT-nin “günahı” hökumətyönlü və saxta QHT olmamasıdır.

O müraciətini “biz hüquq və azadlıqlarımızdan istifadə etmişik, həm də hüquq və azadlıqlar naminə!” ifadəsi ilə tamamlayıb.
XS
SM
MD
LG