Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:42

Hesablama Palatası və «20 Yanvar»dakı tıxac


Zöhrab İsmayıl və Kənan Aslanlı
Zöhrab İsmayıl və Kənan Aslanlı
-
Bakıdakı tıxac problemi ilə Hesablama Palatası arasında hansı bağlantı, hansı əlaqə ola bilər?

İlk baxışdan birbaşa əlaqə görünmür. Amma ictimai təşkilatların Hesablama Palatasının fəaliyyətinin təkmilləşdirlməsinə həsr etdiyi müzakirələrə «20 Yanvar» dairəsindəki tıxac səbəbindən 40 dəqiqə gecikən iqtisadçı Kənan Aslanlı konkret əlaqələrin olduğunu deyir. Fikrini də nümunələrlə izah edir:

«ARZULANAN HESABLAMA PALATASI MODELİ BUDUR»

«Bu o əlaqədir ki, onu bizə beynəlxalq təcrübə diktə edir və ya öyrədir. Almaniyanın Hesablama Palatası yol qovşağında tunel tikməyi planlaşdıran Nəqliyyat Nazirliyinə həmin ünvanda tunel tikintisini aparmamağı tövsiyə edib. İşıqforlar qoymaqla tunelə ehtiyacı aradan qaldıran və bunu əsaslandıran layihə də hazırlayıb. Nəticədə Almaniya büdcəsi 12.7 milyon avroya qənaət edib. Bax, arzulanan hesablama palatası modeli budur».

HESABLAMA PALATASININ «20 YANVAR» DAİRƏSİNƏ NƏ DƏXLİ VAR?

Kənan Aslanlının sözlərinə görə, vaxtilə istər ictimai qurumlar, istər sürücülər, istərsə ayrı-ayrı vətəndaşlar «20 Yanvar» dairəsi üzərində tikilən körpünün tıxacları aradan qaldırmayacağını, bu layihənin səmərəsizliyini dəfələrlə dilə gətiriblər. Almaniya örnəyini misal gətirən iqtisadçının fikrincə, Azərbaycanın Hesablama Palatası da belə iradları nəzərə alıb ilkin nəzarət tədbirləri ilə büdcə israfçılığının qarşısını ala bilər:

«Nəticədə də müəyyən qədər vəsaitə qənaət olunardı».

İqtisadçıya görə, Azərbaycanın Hesablama Palatası hüquq-mühafizə və müdafiə xərcləri barədə səsini çıxarmasa da, Böyük Britaniyanın ali audit qurumu vaxtaşırı həmin xərclərə dair cəmiyyətə məlumat verir:

«2013-cü ilin 6 ayı boyunca bu ölkənin ali audit qurumu müdafiə və müdafiə sənayesi sektoru barədə ictimayətə 9 fərqli hesabat təqdim edib. Dövlət sirri anlayışı orda da var, amma nə açıqlana bilərsə, hamısı açıqlanır».

Faiq Nəcəfov
Faiq Nəcəfov
HESABLAMA PALATASININ NÜMAYƏNDƏSİ: «SİSTEM FƏRQİ MÖVCUDDUR»

Hesablama Palatasının müzakirələrə qatılan nümayəndəsi tənqidlərin çoxuyla razılaşmayıb. Palatanın hüquq və dövlət quruculuğu şöbəsinin müdiri Faiq Nəcəfov 2-3 əsrlik ənənəsi olan Avropa qurumları ilə Azərbaycanın 12 il öncə yaradılmış Hesablama Palatasını müqayisə etməyi çox da doğru saymadığını bildirib:

«Türkiyə, Fransa, İtaliya və bəzi başqa Avropa ölkələrində hesablama palatası məhkəmə sisteminin tərkib hissəsidir. Onlar ilk pillə və apellyasiya instansiyaları kimi məhkəmə qərarları verirlər. Həmin qərarlar qüvvəyə minir və ədliyyə orqanları onu icra edir. Yəni sistem fərqliliyi mövcuddur. Amma bununla belə hesablama palatasına kifayət qədər səlahiyyətlər verilib. Palata aşkar etdiyi nöqsanlarla bağlı təqdimatlar verir. Həmin təqdimatlar qurumlar tərəfindən icra olunur. Icra edilməməsi hallarına rast gəlinmir. Buna baxmayaraq palata sədrinə əlavə səlahiyyətlər verilib ki, təqdimatlar icra olunmadıqda maliyyələşməni dayandırsın. Hələ ki, problemlər olmadığından bu məsələ tətbiq edilməyib».

«BƏZİ QURUMLAR YOLU ÇƏKİR, BAŞQA BİR İDARƏ ERTƏSİ GÜN YOLU QAZIR...»

Hesablama Palatasının qapalı fəaliyyət göstərdiyini bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov bunu söyləməyə yetərincə faktlarının olduğunu bildirib. Mərkəz rəhbərinin fikrincə, palatanın internet səhifəsində ancaq ümumi məlumatlar verilir, bu qurumdan informasiya almaq ciddi problemdir, hansı metedologiya ilə işlədiyi də bilinmir, gerçəkləşdirilən layihələrə nəzarət də lazımı səviyyədə deyil:

«Elə layihələr var ki, onlara dəfələrlə vəsait ayrılır, amma bu məsələlər Hesablama Palatasının rəyində göstərilmir. Bir çox hallarda həmin layihələr dövlət büdcəsinə də çox baha oturur. Məsələn, bəzi qurumlar yolu çəkir, başqa bir idarə ertəsi gün yolu qazır. Bu da nəzarətsizlik səbəbindən büdcə vəsaitlərinin səmərəsiz xərclənməsinə səbəb olur».

Vüqar Bayramov
Vüqar Bayramov
İqtisadçı Vüqar Bayramov yoxlama nəticələrinin və aşkar olunan nöqsanlarla bağlı məlumatların qurumun internet səhifəsinə yerləşdirlməməsinin xeyli çətinliklər yaratdığına diqqət çəkib.

O, qurumun Neft Fondunun büdcəsinə rəy verməməsini də irad tutub. Hesablama Palatasının nümayəndəsi Faiq Nəcəfov səsləən iradlarla razılaşmayıb:

«YOXLAMA NƏTİCƏLƏRİ HEÇ BİR ÖLKƏDƏ DƏRC OLUNMUR»

«Hesablama Palatasının saytı 2011-ci ildə reytinqə görə birinci olub, bu il isə səkkizinci yerdə qərarlaşıb. Yəni Hesablama Palatasının da kifayət qədər açıq məlumatları var. Yoxlama nəticələrinə gəlincə, bunlar heç bir ölkədə dərc olunmur. Qaldı ki, Neft Fondunun büdcəsinə rəy verilməsinə, dövlət büdcəsinə rəy veriləndə onun içərisində Fondun büdcəsinə də rəy verilir».

Müzakirələr zamanı prezident və parlamentdən icazə almadan Hesablama Palatasının hansısa qurumda yoxlama aparmaması tənqid edilib. Müzakirələrin sonunda bu qurumun fəaliyyətinin təkmilləşdirlməsinə dair tövsiyə və təkliflər irəli sürülüb.

11 TÖVSİYƏ DİQQƏTƏ YETİRİLDİ

«Azad İqtisadiyyata Yardım» İctimai Birliyin rəhbəri Zöhrab İsmayıl palatanın müstəqilliyi, fəaliyyət dairəsinin genişləndirlməsi, kənar nəzarət funksiyalarının artırılması, xərclənən vəsaitlərin effektivliyinin ölçülməsi, büdcədən dövlət şirkətlərinə ayrılan subsidiyalarla bağlı yoxlamaların aparılması və s. məsələləri özünə əks etdirən 11 tövsiyəni diqqətə yetirib.

Hesablama Palatasının nümayəndəsi təkliflərə müsbət yanaşdıqlarını və gələcəkdə ictimai təşkilatlarla əlaqələri genişləndirmək istədiklərini söyləyib.
XS
SM
MD
LG