Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:32

Günel Mövlud. Turanənin saçları…


Günel Mövlud
Günel Mövlud
-

Bizdə ana oğulun ən çox pul qazananını, qızın ən yaxşı yerə ərə gedənini, gəlinin ən çox cehiz gətirənini sevər. Uşağı «böyüyəndə məni saxlasın» hesablaması ilə böyüdər...


Günel Mövlud


ƏLİL ÖVLADI ATMAQ

Və ya Turanənin saçları…


Bu hadisəni mənə Zərifə Quliyeva danışıb. Zərifə kimsəsiz uşaqlara dəstək verən bir qurumun rəhbəridir.

İmkanı olan insanları cəlb edərək, yüzlərlə əlil uşağı əməliyyat etdirib. Kompüter kursları, gözəllik salonu açıb, Uşaq evlərində böyüyən qızları ora cəlb edərək, əllərinə sənət verib.

Bəlkə də kimlərisə fahişə olmaqdan xilas edib. Zərifə barədə bir dəfə aryıca bir yazı yazacam. Amma hələ ki, Zərifənin ləp gənc yaşlarında başına gələn bir hadisəni sizinlə bölüşmək istəyirəm.

O vaxtlar Zərifə əlil uşaqlara qayğı göstərən bir təşkilatda könüllü işləyirmiş. Bir gün təşkilatdan ona iş tapşırıblar. O hər gün bir ailənin evinə gedib, Turanə adlı 7-8 yaşlı bir qıza baxmalı imiş.

Turanənin beynində hansısa problem varmış. Bu problemə görə o, sərbəst hərəkət edə bilmirmiş. Danışığında, hərəkətlərində məhdudiyyət varmış.

Ailə təşkilata müraciət edərək deyib ki, əgər kimsə hər gün gəlib, uşağa baxmasa, onu əngəlli uşaqlar üçün qurumlara təhvil verəcəklər.

Zərifə hər gün o evə gedib, Turanəyə baxmağı boynuna götürür. Deyir ki, uşağın ata-anası, bacı-qardaşları ona heç baxmırmış. Uşağı Zərifə yuyundurur, tualetə aparıb-gətirir, çəngəl-bıçaqla yemək öyrətməyə çalışırmış.

Qeyd eləyim ki, Zərifə ixtisasca uşaq həkimidi. Buna görə də, o, uşaqla peşəkar kimi hərəkət edir. Aylar uzunu çəkdiyi zəhmətin bəhrəsini də görürmüş. Turanə gündən-günə özünə gəlir, hərəkət etməyə başlayır, çəngəl-bıçaq tutur, özü yemək yeyirmiş. Danışığında, hərəkətlərində xeyli irəliləyiş olur.

Turanənin uzun, qara, çox gözəl saçları varmış. Zərifə hər gün onun saçlarını yuyur, darayır, hörürmüş. Deyir, onun saçlarını bir başqa sevirdim. Elə qız özü də saçları ilə oynayanda çox sevinir, əylənirmiş.

Bütün bu müddət ərzində ailə demək olar ki, hər gün lazımsız yerə Zərifəni və təşkilatı şantaj edir. Deyirmiş ki, əgər uşağa baxmağı dayandırsanız, biz onu uşaq evinə, ya da başqa harasa verəcəyik. Ona baxmağa nə vaxtımız var, nə imkanımız. O biri uşaqların da ona görə əsəbləri pozulur.

Zərifənin Turanəni atmaq fikri yoxmuş. Bu arada vacib bir qeyd eləyim. Zərifə özü olduqca konservativ ailədəndir. Onun gün uzunu başqa adamların evində olması, evə gec gəlməsi valideynlərinin narazılığına səbəb olurmuş. Hər gün evdə onu danlayır, hər gün yediyini-içdiyini zəhər edirlər. Yazıq qız heç cür anlada bilmir ki, o necə müqəddəs, təmiz bir işlə məşğuldu. Hətta bir dəfə atası Zərifəni döyür. Başqasının uşağına baxdığına, insan olduğuna, yalnız özünü düşünmədiyinə görə…

Amma Zərifə təslim olmur.

Bir gün Turanənin ana nənəsi rayondan gəlir. Gələn kimi də evdə dava salır. Qızının qarşısına tələb qoyur ki, Turanəni təcili uşaq evinə versin. Əsl uzaqgörən azərbaycanlı ağbirçəyi kimi məsləhət görür ki, sənin evdə başqa qızın böyüyür. Evdə əlil uşağı görən adamlar heç vaxt sənin o biri qızına elçi gəlməyəcəklər. Onu alan olmayacaq. Deyəcəklər ki, nəsildə problem var, birdən bunun da doğduğu uşaqda nəsə olar.

Zərifə ailəyə yalvarır ki, Turanəni uşaq evinə verməsinlər. Deyir ki, uşaq həkimi kimi, bilirəm, uşaq əngəlli də olsa, sağlamlığında lap çox problem də olsa, o nə qədər ki, ailədə yaşayır, normal insan kimi böyüyə, sonradan rahat həyat yaşaya bilər.

Amma uşaq evlərinə verilən uşaqlar ömürləri boyu bunu həzm edə, barışa bilmirlər. Ata-analarından, həyatdan, onları incidənlərdən qisas almağa çalışırlar. Həyatları zəhər olur. Zərifə deyir ki, buna görə, Turanəyə illərlə baxmağa hazır idi, təki onu ailədə böyütsünlər, atmasınlar.

Amma Zərifənin göz yaşlarına, ağlamağına, təkidlərinə, izahlarına baxmayaraq, Turanəni uşaq evinə verirlər.

Sonra Zərifə başqa tapşırıqlar alır. Eyni qaydada, ya kimsəsiz, ya da əngəlli uşaqlara kömək etməyə davam edir. Dəfələrlə evdə danlanır, döyüldüyü də olur, baş çəkdiyi uşaq evlərində baxımsızlıqdan kirlənən uşaqlardan saçlarına bit də düşür. Amma o bunları danışanda gözlərinin necə sevgi dolu olduğunu təsəvvür edə bilməzsiniz. Mən heç vaxt fədakarlığı belə sevgi, belə yanğı, belə ehtirasla edən qadın görməmişəm.

Aradan bir neçə il keçir. Bir gün uşaq evlərinin birində nəsə tədbir olur. Zərifə də tədbirə gedir. Qəfildən kimsə arxadan:

- Zərifə bacı, Zərifə bacı! – deyə qışqırır.

Zərifə dönüb baxanda Turanəni tanıyır.

Doğma adamını görmüş kimi onun üstünə atılan, boynunu qucaqlayan Turanəyə o eyni cür qarşılıq verə bilmir. Qorxur ki, qızın ümidləri yaranar. Zərifənin yenə onunla hər gün ola biləcəyinə ümid edər.

Bu isə mümkün deyil.

Ona görə də Zərifə bacardığı qədər Turanədən tez ayrılır, bir kənara çəkilir və doyunca ağlayır:

- Bilirsən, məni ən çox ağladan nə oldu? Turanənin saçlarını keçəl qırxmışdılar. Niyəsin soruşdum, dedi ki, Zərifə bacı, saçlarıma bit düşmüşdü…

Yenə çoxları tapılacaq ki, deyəcəklər, sən bu hadisəni niyə yazırsan ki? Niyə yazıram? Ona görə yazıram ki, «Biz Avropa deyilik, Amerika deyilik, bizim ailə dəyərlərimiz var», «Rus arvadları içki içir, uşaqlarına baxmır, uşaqları küçələrdə böyüyür», «bizim qadınlar balasına görə canını verər» deyib, ailənin, məhz azərbaycanlı ailənin müqəddəsliyini, ata-ananın çəkdiyi məşəqqətləri göylərə qaldıranlar bir az göylərdən ensinlər.

Hansısa fiziki ya əqli qüsuru olan uşağını rahatca ata bilən, böyük uşaqlarını balacalara dayə olmağa məcbur edən, uşaqlara pulsuz işçi qüvvəsi kimi baxan ailələr bu ölkədə minlərlədir. Xüsusilə əyalət uşaqları öz uşaqlıqlarının hansı məişət qayğıları ilə, hansı məhdudiyyətlərlə keçdiyini yaxşı xatırlayırlar.

Bizimkilərin öz övladlarına düşkünlüyü, bağlılığı mifdir, saxtadır, yalandır. Bizdə ana oğulun ən çox pul qazananını, qızın ən yaxşı yerə ərə gedənini, gəlinin ən çox cehiz gətirənini sevər. Uşağı «böyüyəndə məni saxlasın» hesablaması ilə böyüdər.

Əgər sənin fiziki, maddi, mənəvi problemlərin varsa, ata-anaya bir xeyrin dəymirsə, ona pul, şöhrət, ehtiram gətirə bilmirsənsə, heç kimsən, pis övladsan, avaranın birisən. Əlbəttə, sən yazıçı, mütəfəkkir, yaradıcı adam, bəstəkar ola bilərsən. Sənin yazıçılığından, bəstəkarlığından, mütəfəkkirliyindən ata-ana bir xeyir görmürsə, başına dəysin hamısı. Amma sən rüşvət ala bilərsən, orduda əsgərə kontur yüklətdirə bilərsən, xəstəyə saxta dərman yazıb, öldürə bilərsən. Bununla belə bu rüşvətin, saxtalığın, cinayətin xeyrini, bəhərini ata-ana görürsə, sən yaxşı övladsan, baş tacısan.

Amma ən pisi odur ki, sənin fiziki əskikliyin var. Sən gözəl, məsum qızsan. Uzun, qara, gözəl saçların var. Amma səni dünyaya gətirənlərə yük olmusan. Səni istəmirlər. Sağlam bacı-qardaşını səndən qoruyurlar. Səni yad əllərə verirlər. Saçlarına bit düşür. Gözəl saçlarını keçəl qırxırlar. Sən yad qadının üstünə doğma adamın kimi atılırsan. Yad insanlardan doğmalıq, yad qadından analıq umursan. Doğma anan ola-ola…

Sənin böyüdüyün ölkədə isə ana müqəddəs elan olunub…
XS
SM
MD
LG