Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:39

Azərbaycanın AŞ öhdəlikləri: Maya nə qaldı? [Video]


Azərbaycanın AŞ öhdəlikləri: Maya nə qaldı?
Gözlə

No media source currently available

0:00 0:09:23 0:00

-
– «Azərbaycanda siyasi məhbus yoxdur».
– «Ötən il ölkədə siyasi məhbusların sayı 50 nəfər də artıb, 134-ə çatıb».

Bir-birinə zidd bu 2 arqument Azərbaycanın Avropa Şurası önündə üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirməsi barədədir və tez-tez səslənir.

«Siyasi məhbusların azadlığa buraxılması və ya yeni məhkəmə araşdırması» bütövlükdə 21 öhdəlikdən yalnız biridir və zaman-zaman hakimiyyətlə insan hüquqları qoruyucularının çəkişmə predmetinə çevrilir. Bəs digər öhdəliklərə necə əməl edilir?

YADA SALINMAYAN QƏTNAMƏ

Bir il öncə Avropa Şurası Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Christoph Straesser-in hazırladığı qətnamə layihəsini qəbul etməmişdi.
Hakimiyyət təmsilçiləri vaxtaşırı bu məqamı önə çəkir, amma elə həmin sessiyada başqa bir hesabatdan – üstəlik, haqqında qətnamə çıxarılmış hesabatdan nədənsə söz açmırlar. AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro AgramuntJoseph Debono Grech-in hazırladıqları bu hesabat «Azərbaycanın öhdəliklərinə əməl etməsi» adlanırdı. Həmin sənəddə Azərbaycanda bircə dəfə də demokratik standartlara tam cavab verən seçki keçirilmədiyi vurğulanırdı. Hesabatda Avropa Şurasına üzv olandan sonra bəzi sahələrdə demokratik qanunvericilik bazasının yaradılması yönündə Azərbaycanın irəlilədiyi qeyd edilsə də, bunların icrasında əngəllərə diqqət çəkilirdi. Sözügedən sənəddə qanunlardan yararlanmanın praktikada məhdudlaşdırılmasından və pozulmasından narahatlıq ifadə olunur, hüququn aliliyi və insan haqlarına sayqı prinsiplərinin önəmi vurğulanırdı:

xüsusi reportajlar - 11.02.2014

Canlı müzakirə


«Avropa İnsan Hüquqları Məhkəməsinin 2005-ci il parlament seçkilərinə aid baxılan 35 işdən yeddisinə dair verdiyi qərarlar da bunu sübut edir. 2010-cu il seçkiləriylə bağlı xeyli iş məhkəmə baxışını gözləyir. Seçki prosesindəki nöqsan və çatışmazlıqlar, özəlliklə Seçki Məcəlləsi, seçki komissiyalarının tərkibi, namizədlərin qeydiyyatı, müşahidəçilər, şikayət və müraciətlərə baxılma proseduru – bütün bu məsələlər gələn seçkiyədək həllini tapmalıdır».

Həmməruzəçilər Pedro Agramunt və Joseph Debono Grech
Həmməruzəçilər Pedro Agramunt və Joseph Debono Grech

Hesabatda məhkəmələrin asılı olması, təməl haqlar, söz, sərbəst toplaşma və birləşmə azadlıqları sahəsində durumun təşviş doğurması qeyd edilirdi:


«Azadlıqların məhdudlaşdırılması, üstəgəl ədalətsiz məhkəmələr və icra orqanlarının təsiri – bütün bunlar vicdan məhbusu sayıla biləcək şəxslərin sistematik saxlanması ilə nəticələnir. Polis məntəqələrində işgəncə və qaba davranış iddiaları, eləcə də cinayətkarların cəzasız qalması ciddi narahatlıq yaradır».


TÖVSİYƏLƏR

Sözügedən hesabat əsasında AŞPA qətnaməsində Azərbaycan hakimiyyətinə bir sıra çağırışlar əksini tapmışdı:

– Ötən seçkilərdə beynəlxalq müşahidəçilərin qeydə aldığı nöqsanlarla bağlı tədbir görülsün; seçki qanunvericiliyinə dəyişikliklər edilsin;
– Açıq siyasi mühit yaradılsın, parlamentdənkənar müxalifətlə dialoq qurulsun;
– Məhkəmə sisteminin özəlliklə icra hakimiyyətindən tam müstəqilliyi təmin edilsin; Bütün hakimlər üçün keçərli təqaüd yaşı müəyyənləşdirilsin; Məhkəmədə korrupsiya iddiaları səmərəli araşdırılsın;
– Korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizədə mövcud antikorrupsiya qanunvericiliyi səmərəli tətbiq olunsun;
– Maraq toqquşmasını önləmək üçün qanun layihəsi hazırlansın;
– Siyasi və vicdan məhbusları məsələsində – saxlanması əsaslı şübhələr və qanuni narahatlıq yaradan məhbusların buraxılması üçün bütün hüquqi alətlərdən istifadə olunsun;
– Sağlıq problemləri olan siyasi məhbuslar humanitar səbəblərlə azad edilsin;
– Bütün işgəncə və pis davranış halları səmərəli araşdırılsın və təqsiri olanlar məsuliyyətə cəlb edilsin;
– Venesiya Komissiyası ilə əməkdaşlıq şəraitində ifadə azadlığına dair yeni diffamasiya qanunu üzərində iş davam etdirilsin;

Polis Bakıda müxalifət fəalını saxlayır - 2013
Polis Bakıda müxalifət fəalını saxlayır - 2013

– Tənqidçi jurnalistlər və başqaları təqib olunmasın;
– Sərbəst toplaşma azadlığına sayqı göstərilsin, özəlliklə Bakının bəzi mərkəzi yerlərində etirazlara icazənin güzəştli həlli tapılsın;
– Dinc aksiyaçılara qarşı qeyri-uyğun polis qüvvəsindən istifadə olunmasın;
– Beynəlxalq QHT-lərin qeydiyyat prosedurları təkmilləşdirilsin və asanlaşdırılsın;
– Azlıqda olan dini qrupların qeydiyyat prosedurları təkmilləşdirilsin və asanlaşdırılsın.

HƏMMƏRUZƏÇİLƏRİN GİZLİN SƏFƏRLƏRİ

Hesabatda qeyd olunan «gələn seçki» gəlib keçdi. 9 oktyabr seçkisində İlham Əliyev 3-cü dəfə prezident postuna əyləşdi. AŞPA müşahidəçilərinin bu səsverməyə verdiyi qiymət də müsbət tonuyla fərqləndi.

Mayda Avropa Şurasına Azərbaycan sədrlik edəcək. Altıaylıq sədrlik əslində üzv ölkələrin əlifba sırasına uyğun həyata keçirilir. Ancaq əksər yerli və beynəlxalq hüquq-müdafiə qurumları bu sədrliyə ölkənin demokratik islahatları həyata keçirməsi üçün bir fürsət kimi baxırlar.

Ötən bir il ərzində bir neçə dəfə Azərbaycanda səfərdə olan həmməruzəçilər Pedro Agramunt və Joseph Debono Grech media təmsilçiləri ilə bir dəfə də görüşməyiblər. Yanvarın sonunda AŞPA sessiyası zamanı AzadlıqRadiosunun müxbiri onlardan müsahibə götürmək istərkən, həmməruzəçilər ingilis dilini bilmədiklərini bəhanə gətirərək, hətta ən sadə sualı – «Azərbaycanın AŞPA qarşısındakı öhdəliklərindən hansının tam yerinə yetirildiyini deyə bilərsiniz?» sualını cavablamayıblar.

Hüquq müdafiəçisi Leyla Yunus siyasi məhbusların siyahısını həmməruzəçilərin Bakıya səfəri ilə eyni gündə açıqlayıb.

Qətibə Qarayeva
Qətibə Qarayeva

O, AŞPA təmsilçilərini ölkədə siyasi məhbusların çoxalmasında, insan haqlarının pisləşməsində yardımçı faktor adlandırıb.

SİYASİ MƏHBUS SİYAHISI: TƏZƏLƏR VƏ KÖHNƏLƏR

7 ildən çoxdur adı siyasi məhbus siyahısında olan Səid Dadaşbəylini və onun qrupunun üzvlərini 2007-ci ildə MTN xüsusi əməliyyatla həbs edib. Onlar dövlət çevrilişi həyata keçirməkdə, mütəşəkkil dəstə yaratmaqda, soyğunçuluqda, partlayıcı maddə, döyüş sursatı, narkotik saxlamaqda ittiham olunaraq 12-14 il müddətinə azadlıqdan məhrum ediliblər. Səid Dadaşbəylinin anası Qətibə Qarayeva oğlunun haqsız yerə saxlandığını deyir:

Gözlə

No media source currently available

0:00 0:02:17 0:00
Direct-ə keçid

«Yoldaşıyla restoranda çörək yediyi yerdə başına torba salıb tutdular ki, dövlət çevrilişi etmisən, özü də konstitusiyanı dəyişdirmisən. Oğlumun sözlərinə görə, məhkəmə olanda onlara deyiblər ki, 2-3 il yatacaqsız, sonra sizi buraxacaqlar. Elə bilirdi ki, ötən il onu buraxacaqlar. 2013-cü il yanvarın 23-də Christoph Straesser-in hesabatı keçməyəndə, o, möhkəm sarsılıb xəstəxanaya düşdü. Hələ indi özünə gəlir».


Samir Hüseynov siyasi məhbus siyahısının yeni üzvlərindəndir. O, ötən il 6 il həbs cəzası alıb. Səbəb – «Eurovision» vaxtı gey-paradın keçirilməsinə etiraz etməsidir. Həyat yoldaşı Xəyalə İsmayılova Samirin həbsxanada səhhətinin pozulduğunu söyləyir:

Gözlə

No media source currently available

0:00 0:01:28 0:00
Direct-ə keçid

«Samir tutulanda heç bir xəstəliyi yox idi. İndi şəkər xəstəliyinə tutulub, görmə qabiliyyətini də itirib. Bəzi orqanlarında ağrılar var, getdikcə də artır. Vəkilimiz iddia qaldırdı, xəstəliyi barədə sənədlər də təqdim etdik. Ancaq sənədlərimizi məhv etdilər və dedilər ki, Samir xəstə-zad deyil».


GÖZLƏR APREL VƏ MAYA DİKİLİB

Hüquq müdafiəçisi Emin Hüseynov deyir ki, Azərbaycanla bağlı 12 qətnamə, demək olar, yerinə yetirilməyib. O, AzadlıqRadiosuna müsahibəsində Strasburqda keçirilən görüşlərdə bu məsələni qaldırdığını və AŞPA nümayəndə heyətinin 9 oktyabr seçkisinə verdiyi müsbət rəyi heç də bütün deputatların bölüşmədiyini bildirir:

Gözlə

No media source currently available

0:00 0:05:27 0:00
Direct-ə keçid

«Əsas problemlərdən biri də Avropa Məhkəməsi qərarlarının yerinə yetirilməməsidir. AŞPA qətnaməsinin yerinə yetirilməsinə 2 il möhlət verilib. Azərbaycan hakimiyyəti deyə bilər ki, hələ 2 il vaxtımız qalıb.
Emin Hüseynov
Emin Hüseynov
Monitorinq prosesinin təkmilləşdirilməsinə ehtiyac var. Ancaq sədrlik məsələsinə görə hamı əl-ayağa düşüb. Biz də maraqlıyıq ki, mayın ilk həftəsində başlayacaq sədrlikdən öncə ciddi dəyişiklik əldə edə bilək. Ənənəyə uyğun olaraq sədr ölkənin rəhbəri iyunda AŞPA-da çıxış etməlidir. Protokola görə prezidentin çıxışı məcburi deyil, xarici işlər naziri mütləq çıxış etməlidir. İlham Əliyev getməsə, Azərbaycan ilə AŞPA arasında gərginliyin şahidi ola bilərik. Getsə, ağır suallara tab gətirəcəkmi? Putin 2008-ci ildə getmədi».


Təbii bir sual da çıxır: Öhdəlikləri yerinə yetirmədiyinə görə Azərbaycana hər hansı sanksiyanın tətbiqindən danışmaq olarmı? Axı zaman-zaman tənqidçilər də beynəlxalq qurumları ölkə rəsmilərinə sanksiya tətbiq etməyə çağırırlar. Emin Hüseynov ölkənin Avropa Şurasının üzvü olmasını ölkədəki problemlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından daha məqbul sayır. Onun fikrincə, sanksiya tətbiqi ölkə üçün arzuedilən hal deyil:

Gözlə

No media source currently available

0:00 0:02:44 0:00
Direct-ə keçid

«Aprel sessiyasında ciddi tələblər qoyulacaq ki, yay sessiyasınadək siyasi məhbuslar buraxılsın. Azərbaycan hakimiyyəti istəyəndə 2 aya konstitusiyanı dəyişir... 20-dək QHT indi bu yöndə çalışır».

Səməd Seyidov
Səməd Seyidov

SƏMƏD SEYİDOV UKRAYNA VƏ MÜTLƏQ HƏQİQƏT BARƏDƏ

Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın yanvar sessiyasındakı çıxışında deyib ki, Azərbaycanda seçkilər çox demokratik keçib. O, Dağlıq Qarabağ münaqişəsindən doğan bütün əngəllərə baxmayaraq ölkədə demokratiyanın irəlilədiyini söyləyib. Səməd Seyidov AzadlıqRadiosuna müsahibəsində bunu da bildirib ki, Avropayla münasibətlərini hər hansı sənədlə məhdudlaşdırmayan Azərbaycan daha yüksək inteqrasiya tərəfdarıdır:

Gözlə

No media source currently available

0:00 0:06:33 0:00
Direct-ə keçid

«Ukraynadakı hadisələrin bu cür cərəyan etməsinin bir səbəbi də odur ki, vaxtında beynəlxalq qurumların sənədlərini ciddi təhlil edib dövlət maraqlarını önə çəksəydilər, bəlkə də bugünkü hadisələr başqa istiqamətdə gedərdi. Avropa Şurasında, yaxud başqa beynəlxalq qurumlarda hazırlanan hər bir sənəd mütləq həqiqət kimi qəbul olunmamalıdır. Mütləq həqiqət millətin maraqları, istəyi və seçdiyi istiqamətdir. Məsələn, Azərbaycan prezidenti Avropayla daha yüksək, strateji əməkdaşlıq səviyyəsində məsələni gündəmə gətirib».


Azərbaycanın Avropa Şurasında sədrliyi ölkədə demokratik islahatlar baxımından nəyi dəyişəcək? Bunu zaman göstərəcək. AŞPA-nın üzvü, Azərbaycan üzrə keçmiş həmməruzəçi Andreas Gross AzadlıqRadiosuna müsahibəsində demişdi ki, Azərbaycanda demokratların işi xüsusən çətindir, çünki əksər Avropa hökumətləri enerji təminatı almağa can atır. Ancaq o, dəyişikliklərin cəmiyyətin içindən başlayacağına əminliyini də bildirərək bu sözləri dilə gətirmişdi:


«Azərbaycan xalqı rejimlə Avropa Şurasının prinsip və əsas dəyərləri arasında indi görünən təzadları aradan qaldıracaq».
XS
SM
MD
LG