Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:51

«QHT-lərə Dövlət Dəstəyi Şurası ləğv olunmalıdır»


Kazım Kazımlı
Kazım Kazımlı

-
6 İLDƏ 13 İMTİNA MƏKTUBU

«Sağlam Ətraf Mühit Sağlam Cəmiyyət» qeyri-hökumət təşkilatı Şirvan şəhərində fəaliyyət göstərir. QHT-nin rəhbəri Kazım Kazımlı deyir ki, bu qurum 6 il öncə - 2008-ci ildə yaradılsa da, hələ də qeydiyyatdan keçə bilmir:


«Düz 13 dəfə imtina məktubu almışıq. Hər dəfə hansısa vergülü, ya da nöqtəni bəhanə gətirirlər. Yəni tam əhəmiyyətsiz məsələlərdir. Bircə məktubda hamısını göstərə bilərdilər, biz də düzəldərdik. QHT Şurasının sədri Azay Quliyev bizim şəhərdən deputatdır, ona düz 3 dəfə məktub göndərmişik, hüquqşünası düzəlişlər edib. Axırda da deyiblər ki, «bizlik deyil». Mənə deyirlər ki, belə göstəriş var. Qeydiyyat-notariat baş idarəsində də dedilər ki, bizlik deyil. Bəs onda kimlikdir? Məncə, məqsəd vətəndaş fəallığını söndürməkdir».

Gözlə

No media source currently available

0:00 0:02:00 0:00
Direct-ə keçid


CƏMİ 800 QHT?

Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin sədri Elçin Abdullayev ölkədə QHT-lərin qeydiyyatı yolundakı əngəllərdən danışır:


«2 min 800 QHT-dən təxminən min 500-ü idman və xeyriyyə cəmiyyətləridir. Yəni, əslinə baxanda, fondlarla birlikdə Azərbaycanda uzağı 800 QHT var. 2 mindən çox QHT qeydiyyata alınmayıb. QHT Ədliyyə Nazirliyinə müraciət edərkən, çatışmazlıqlar, adətən, bir dəfə izah olunur. Təəssüf ki, 12-15 dəfə Qeydiyyat və Notariat Baş İdarəsinə üz tutan və qeydiyyata alınmayan QHT-lər var.

Xüsusi reportajlar - 25 fevral 2014

Canlı müzakirə
Məsələnin siyasi tərəfi odur ki, ictimai qurumun adına, onu kimin yaratdığına fikir verirlər, insan haqları, işgəncə, media, məhbus hüquqlarını ehtiva edən adlar araşdırılır. Hüquqi tərəfi odur ki, sənədlər, qanunda göstərildiyi kimi, yalnız bir dəfə geri qaytarıla bilər. Əsas səbəb kimi nizamnamədəki qüsurlar göstərilir. Ədliyyə Nazirliyinin saytında məhz nizamnamə nümunəsi yoxdur. Hökumət ictimai nəzarət mexanizminin zəiflədilməsinə çalışır. Bu hüquq pozuntusu barədə məhkəməyə üz tutanda məhkəmə də Ədliyyə Nazirliyinin iradlarını qüvvədə saxlayır. QHT-lərin qeydiyyatı ilə bağlı Avropa Məhkəməsinə şikayətlər artmaqdadır. Son bir il boyunca Avropa Məhkəməsinə 50-yə yaxın şikayət gedib. Əvvəlki 10 ildə heç 15 şikayət olmamışdı... İndi proses sürətlənib».

Gözlə

No media source currently available

0:00 0:05:48 0:00
Direct-ə keçid


SAY 2 MİN 900-Ü ÖTÜB

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə ötən ilin dekabrında nazirliyin kollegiya iclası keçirilib. Nazir bildirib ki, qeyri-hökumət təşkilatlarının sayı ilbəil artır və bu qurumda dövlət qeydiyyatına alınmış QHT-lərin sayı 2 min 900-ü ötüb. Təkcə 2013-cü ilin 11 ayı boyunca (yəni dekabradək) 51 milyon manatdan çox məbləği əhatə edən 1230 qrant müqaviləsi qeydiyyata alınıb.

Azay Quliyev
Azay Quliyev


İclasda o da bildirilib ki, bəzi QHT-lər nizamnamələrinə uyğun fəaliyyət göstərmir, qrant müqavilələri və digər zəruri məlumatları təqdim etmir, maliyyə pozuntularına yol verir, qeydiyyatla bağlı sənədlərin yarımçıq və qüsurlu təqdim edildiyi hallar olur.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev QHT-lərin qeydiyyatıyla bağlı problemlərini həmin qurumların sənədlərinin qaydasında olmaması, mövcud standart və şərtlərə cavab verməməsiylə əsaslandırıb.

BOŞLUQLARI DOLDURMAQ

QHT-lərlə bağlı qanunvericiliyə son dəyişiklikləri vətəndaş cəmiyyəti, beynəlxalq hüquq-müdafiə qurumları təşvişlə qarşıladı. Dəyişikliklərə görə, cərimələrin həddi artırılıb, bir şəxsin şikayəti əsasında QHT bağlana bilər və s.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli mediaya açıqlamasında dəyişikliklərin yerli QHT-lərin marağına uyğun olduğunu iddia edir:


«Burada əsas məsələ xarici təşkilatlarla bağlı boşluqların doldurulması idi. Milli və xarici təşkilatların qeydiyyatı və fəaliyyəti ilə bağlı qanun tənzimlənmişdi. Lakin onların filialları ilə bağlı məsələdə boşluqlar vardı. Bu layihədə o boşluqlar aradan qaldırıldığından beynəlxalq təşkilatlar narazılıq edirlər».


«QHT-LƏRƏ DÖVLƏT DƏSTƏYİ ŞURASI LƏĞV OLUNMALIDIR»

Hüquqşünas Ələsgər Məmmədlinin fikrincə, 2011-ci ildən QHT sektoruna sanki səlib yürüşü başlanıb. O, prezidentin bu il fevralın 3-də imzaladığı dəyişiklikləri «nonsens» adlandırır:

Ələsgər Məmmədli
Ələsgər Məmmədli


«Avropa İnsan Hüquqları Konvensiyasının assosiasiya azadlığı, birləşmə hüququyla bağlı 11-ci maddəsi alt-üst edilib. Üstəlik, köklü məhdudlaşdırmadan söhbət gedir. Bağlanma hüququ, qanunsuz bağlanmalar adekvat olmayan cərimələr gətirir. İnzibati Xətalar Məcəlləsindən cərimələri çıxarmışam. 12 istiqamətdə ciddi cərimələr nəzərdə tutulur. Bu cərimələrin heç biri normal qanunvericilikdə QHT fəaliyyətinə tətbiq olunacaq formada deyil. Bir tərəfdən deyirik QHT fəaliyyəti sərbəst olmalıdır, digər tərəfdən qeydiyyatsız fəaliyyətə görə 2 min 500 manat cərimə kəsirik. Bir tərəfdən fiziki şəxslərin qrant alması qeydiyyatdan keçmir, o biri tərəfdən fiziki şəxsə qrant verən beynəlxalq təşkilat cərimələnir. QHT-lərə qarşı səlib yürüşünün məqsədi şəffaf cəmiyyət quruculuğuna təmənnasız yardım göstərən sivil cəmiyyətin yox edilməsidir».

Gözlə

No media source currently available

0:00 0:02:23 0:00
Direct-ə keçid


Ələsgər Məmmədli bəzi QHT rəhbərlərinin və özəlliklə QHT Şurası rəhbərinin parlament üzvü olmasını yolverilməz sayır:


«QHT-nin bir işi də parlamentə nəzarətdirsə, özü-özünə necə nəzarət edə bilər? Azay Quliyev həm QHT-lərə Dövlət Dəstəyi Şurasının sədridir, həm parlament üzvüdür, özünün də QHT-si var. Onlarla belə deputat saymaq olar. Demək, məqsəd ayrılan vəsaitin hədəfə çatmasını önləməkdir. QHT Şurasının özünün verdiyi vəsaitlərə baxın, daha çox bu adamlara yönəlib. Şurada azadlıqlara yönəlik nə qədər layihə var? Sıfır sayda. Şura da ləğv olunmalıdır. İctimai fəaliyyəti təhdid etməyən qanunvericilik bazası geri qaytarılmalıdır».

Gözlə

No media source currently available

0:00 0:02:35 0:00
Direct-ə keçid


BEYNƏLXALQ DONORLAR ÖTƏN İL 50 MİLYONLUQ QRANT AYIRIB

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, «Konstitusiya Araşdırmaları Fondu»nun rəhbəri Əliməmməd Nuriyev imzalanan dəyişikliklərdə müsbət məqamlara diqqət çəkir, hər 90 gündən bir reyestr qeydiyyatına dair çıxarışın alınması məsələsinin dəyişikliklər arasında yer almadığını da vurğulayır:

Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev


«Dəyişikliklər yerli QHT-lərlə xarici QHT-lərin rejimini eyniləşdirdi. Xüsusi komissiya qanunun tətbiqi prosesində hansısa problemlər çıxarsa, təkliflər hazırlanıb ölkə başçısına təqdim olunacaq. 2009-cu ildə QHT-lər haqqında qanuna əlavə və dəyişikliklər narahatlıq yaratdı. Bir çoxları deyirdi ki, QHT-lərin fəaliyyəti məhdudlaşacaq. Ancaq indiyədək bir QHT-yə də maliyyə sanksiyası təyin olunmayıb. Bircə QHT-nin fəaliyyətinə məhkəmə qaydasında xitam verilib. Bəzi QHT-lərə Ədliyyə Nazirliyi dəfələrlə təklif edib ki, gəlin qeydiyyatdan keçin, ancaq keçmirlər. Çünki onlar üçün əlverişli mühit var, vergi ödəmirlər».
«Bəzi QHT rəhbərləri müxalifət rəhbərliyində olan şəxslərdir»;

«Xarici donorlar da müxalifətin peyki olan QHT-lərə qrant ayırırlar, qrantların təxminən 85 faizi müxalifətə yaxın QHT-lərə ayrılır»;

«USAID 1.5 milyonluq qrantı konsorsiuma ayırıb, USAID və NED-in digər milyonları kimlərə gedir?»;

«Ötən il 69 milyonluq qrantdan 15 milyona yaxını hökumət strukturları vasitəsilə ayrılıb. 50 milyondan artığını beynəlxalq donorlar ayırıb. Bu pullar kimə gedib?»
Bütün bunlar barədə ətraflı Əliməmməd Nuriyevin müsahibəsində

Gözlə

No media source currently available

0:00 0:12:57 0:00
Direct-ə keçid


2013-CÜ İLDƏ 67 MİLYON MANATDAN ÇOX QRANT ALINIB

Ədliyyə Nazirliyi bu günlərdə bildirib ki, ötən il qrant alındığına dair nazirliyə 737 müraciət olub. 220 təşkilat 1817 müqavilənin (qərarın) qeydiyyata alınmasını istəyib.

Nazirlikdən apa-ya verilən məlumata görə, həmin müqavilələr üzrə 173 donor təşkilatından 67 milyon 217 min 26 (67 milyondan çox) manat qrant alınıb.

Ümumi məbləğdən 23 milyon 550 min 942 manatı xarici donorlardan alınan qrantlardır. Bu qrantlar əsasən təhsil, maarifləndirmə, gənclər, sosial problemlər, vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqları və digər layihələr üzrə verilib.

Foto: Arxiv
Foto: Arxiv

Qrant məbləğinin 65%-ini 29 yerli donor verib. Onlardan 12-si dövlət qurumudur.

2010-CU İLDƏN BƏRİ MÜSBƏT DİNAMİKA

«Demokratiyanı Öyrənmə» İctimai Birliyi ötən il Azərbaycanda vətəndaş cəmiyyətinin gerçək durumuna dair hesabat hazırlayıb.

Hesabata görə, rəsmi statistika 2005-ci ildən sonrakı müddətdə ən çox qeyri-hökumət təşkilatının 2006-cı ildə (548), ən az isə 2010-cu ildə (124) dövlət qeydiyyatına alındığını göstərir. 2010-cu ildən bəri qeydiyyatda müsbət dinamika gözə çarpır. 2011-ci ildə 144, 2012-ci ildə 172 QHT dövlət qeydiyyatına alınıb. 2013-cü il üzrə rəsmi nəticələr açıqlanmasa da, QHT-lərin sayında ciddi dəyişiklik ehtimal edilmir.

Sözügedən hesabatda Azərbaycanda 3 mindən çox qeydiyyatlı QHT-nin olduğu bildirilir və eyni zamanda qeydiyyatla bağlı əsas problemlər də sadalanır:


1) Qanunla nəzərdə tutulmayan əlavə məlumatlar tələb edilir;
2) İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilmir;
3) Ən xırda texniki səhvlərə görə qeydiyyatdan imtina edilir;
4) QHT-lərdən birliyin adının, fəaliyyət növünün, məqsədlərin dəyişdirilməsi tələb edilir.


«Demokratiyanı Öyrənmə» İctimai Birliyi QHT fəaliyyətinin məhdudlaşdırılmasının 2 şəkildə üzə çıxdığına diqqət çəkir:


1) QHT-lərə tədbirlərin (dəyirmi masa, seminar, təlim) keçirilməsinə imkan verilmir.
2) Dövlət orqanları və vəzifəli şəxslər ayrıseçkilik edir.


2013-cü ildə 2 QHT-yə – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinə qarşı cinayət işi açılıb. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin 2 rəhbər şəxsi qanunsuz sahibkarlıqda, vergidən yayınmaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin vəzifəli şəxslərinə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi açılıb. Mərkəzin vəzifəli şəxsləri maliyyə pozuntularında ittiham edilib.

XS
SM
MD
LG