Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:49

Rəşad Məcid. Nurçuluq budursa...


Rəşad Məcid
Rəşad Məcid
-

"525-ci qəzet"in baş redaktoru, yazıçı Rəşad Məcid "Nurçuluq budursa..." adlı məqalə yazıb.


Rəşad Məcid


NURÇULUQ BUDURSA...


Xeyli vaxtdır, əvvəl Türkiyədə, sonra isə Azərbaycanda “nurçu” adlandırılan insanlara qarşı sanki bir savaş açıldığını müşahidə eləyirəm. Çox hallarda da nadancasına, ədalətsiz münasibətin şahidi olur, heyfslənirəm.

Mən dəfələrlə «Dialoq Avrasiya» Forumunun tədbirlərinin iştirakçısı olmuşam. Foruma Çingiz Aytmatov, Anar, İlbər Ortaylı, Rostislav Rıbakov kimi şəxslər sədrlik ediblər.

Tədbirlərə Avrasiyanın 40 ölkəsindən yüzlərlə intellektual qatılıb. Elə Azərbaycandan da fəal ziyalıların əksəriyyəti bu toplantılarda iştirak edib. Bir dəfə də olsun bu tədbirlərdə hansısa dinin, hansısa şəxsin təbliğatının aparılması halı ilə üzləşməmişəm.

Dəfələrlə Ankarada türk olimpiadalarının finalını izləmişəm. Dünyanın yüzdən çox ölkəsindən – Afrikadan Hollandiyaya qədər - məktəbli uşaqların türkcə danışmasından, şeirlər söyləməsindən gözlərim yaşarıb.

Nədir nurçuluq? Kimdir nurçular?

Əgər qısa müddətdə dünyanın 100-dən çox ölkəsində məktəblər açıb türk dilini dünya dilinə çevirməkdirsə nurçuluq, mən bu nurçuluğu alqışlayıram!

Əgər Avrasiyanın 40-dan artıq ölkəsindən ziyalıları bir yerə toplayıb günümüzün problemlərini müzakirə etməkdirsə nurçuluq, mən bu nurçuluğu bəyənirəm!

Əgər səviyyəli təhsil, dürüst insanlardırsa nurçuluq, mən bu nurçuluqla qürur duyuram!

Bəzi nadanlar Azərbaycanda neçə il fəaliyyət göstərən, dürüst, saf insanlara qarşı çamur atmaqdan çəkinmirlər!

Hüseyn Dinləməz Xəzər TV-nin rəhbəridir. Həyatımda gördüyüm ən dürüst, ən saf, səviyyəli, tərbiyəli insanlardan biridir! Əgər nurçu Hüseyn Dinləməzdirsə, mən onun tərəfindəyəm!

Yaxud Mustafa Saatçı, Ənvər Özərən, Əhməd Sanic və yüzlərlə sadə, təvazökar insan! Öz işlərini sevən, adət-ənənələrə sayğı ilə yanaşan, ağsaqqala ehtiram göstərən fədakar insanlar! Bu keyfiyyətlərdirsə nurçuluq, nurçuluq budursa, mən bu nurçuluğun tərəfindəyəm!

Fətullah Güləni görməmişəm! Amma imkan yaransa, görüşərdim və suallar ünvanlayardım ona. Türkiyənin məşhur jurnalisti Məhmət Gündəmin «Fətullah Gülənlə 11 gün» kitabından bəzi şeylər öyrənmişəm, kitabın Azərbaycan nəşrinə ön söz yazmışam. Bu insanın gördüyü böyük işlərə, məktəblər açmaq üçün etdiyi fədakarlıqlara heyran qalmışam.

Bir sözlə, həmkarlarımın nurçu adlandırdıqları insanlarda həqiqətən nur, işıq görmüşəm!

Qaldı Rəcəb Tayyib Ərdoğana və Türkiyədəki siyasi davalara, hələ bu proseslərin ilkin mərhələsində Anar müəllimin bir nigarançılığının şahidi oldum. Dedi ki: «Qorxuram məsələ böyüyə, bu universitetləri, məktəbləri bağlayalar. Heyifdi!» Düzü, mən vəziyyətin bu hal alacağını təsəvvür eləmirdim. Görünür yaş, təcrübə insanın intuisiyasını daha da gücləndirir.

…Bir qədər sonra sayın başbakan efirdən alov püskürdü. “Övladlarınızı bu okullardan çıxarın”, - deyə hayqırdı!

Xarizmatik lider saydığım, natiqliyinə və siyasi gedişlərinə heyran olduğum, hətta xeyli müddət tərəfini tutduğum Tayyib bəy son bir ildir, səhv buraxa-buraxa gedir! Cümhuriyyət quranlara “iki alkaş” deyir, “mənəm-mənəm”lik eləyir, özünəvurğunluğu açıq görünür, hikkəsindən yer titrəyir. İctimai fikrə ironiya edir, məktəblərə nifin yağdırır, sosial səbəkələri bağlayacağını söyləyir! Sevdiyim siyasətçini belə görmək məndə, ən azı, təəssüf doğurur! Və onun bu gedişində zərrə qədər işıq ucu görə bilmirəm!...

525.az
XS
SM
MD
LG