Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:27

Günel Mövlud. O kağıza tüpürün, o kişini buraxın...


Gunel Movlud
Gunel Movlud
-

Çünki o aktrisaları, o modelləri, o pornoulduzları sizin kimi qab yuyan, ev süpürən, yemək bişirən yerdə görməyib, ancaq filmlərdə, podiumda, yataq səhnələrində görüb əriniz.

Buna görə də sizin cəhdlərinizi ya görməyəcək, ya da görüb, kinayə ilə gülümsəyəcək...



Günel Mövlud


QADIN NİYƏ BOŞANIR?

«Zamujestvo, çto je dalşe?»…


Bütün qadınlar ərə getmək istəyir.

Əgər hansısa qadın bunun əksini deyirsə, onun səmimi olmağına şübhə eləyirəm.

Ən azad, ən müasir, ən sərbəst qadınlar da, bəzən açıq deməsələr də, ürəklərinin ən dərin, ən mübhəm yerində bu arzunu gəzdirirlər.

Ərə getmək, ailəli, evli qadın statusuna sahib olmaq. Bəzilərində bu arzunun şiddətlənməsinə, qarşısını saxlamağın mümkün olmadığı gur dağ çayına çevrilməməsinə ehtiyac qalmır.

Elə gənc yaşlarından kiməsə vurulurlar, sevib-sevilirlər, evlənmələrinə heç bir maneə olmur.

Bir çox qadının illərlə, həsrətlə, nisgillə gözlədikləri ərli qadın statusunu onlar çox tez, çox asanlıqla ala bilirlər.

Amma tanınmamış alman yazıçısı Hans Falladanın təbirincə desəm, «zamujestvo, çto je dalşe?»…

Beləliklə, siz ərdəsiniz. Çox sevdiyiniz adama ərə getmisiniz. Əriniz dünyanın ən başa düşən, ən rahat, ən yaxşı adamıdır. Sizə heç bir problem yaratmır, qadağalar qoymur, söhbətiniz, zarafatlarınız alınır. Ortaq dostlarınız var. Harmoniya təşkil edə bilirsiniz. Belə baxırsınız ki, dünyanın ən ideal ailəsini qura bilmisiniz. Elə bilirsiniz ki, xoşbəxtsiniz…

Siz də məni bağışlayın, ... xoşbəxt olarsınız. Həyatınızda, yaşamınızda hər şey dəyişəcək. Sevgili vaxtlarınızda yaşadıqlarınızdan əsər-əlamət qalmayacaq.
Günel Mövlud
Günel Mövlud

Dünən sevgili idiniz, bu gün arvad olacaqsınız. Məişət, ev-eşik qayğıları, sıradan, gündəlik şeylər həyatınızı banallaşdıracaq. Hisslərinizin təravətini, sevginizin həyəcanını, romantikanı qoruyub, saxlamağa çalışdıqca uduzacaq, məyus olacaq, bəzən hətta gülməli vəziyyətə düşəcəksiniz.

Evə girən ərinizdən gül gözləyəcəksiz, amma onun əlində bir buzlu toyuq olacaq. Siz ondan öpüş gözləyəcəksiz, o sizdən yemək istəyəcək. Siz yeməkdən sonra onunla gününüzü, düşündüklərinizi bölüşmək istəyəcəksiz, o, kompyuterin qabağına tələsəcək.

Demək istədiklərinizi içinizə basdırıb, durub, qab yumalı olacaqsınız. Niyə belə oldu? - düşünəcəksiniz. Dünənə qədər sizi ən uyğunsuz yerlərdə, dotsların evində, məclislərdə bir gizli yer tapıb, öpməyə, qucaqlamağa, bəzən lap sevişməyə çalışan adam indi, baş-başa qaldığınızda sizi öpməyi, sevişməyi ancaq gecədən-gecəyə xatırlayır.

Nə açıq sinənizi görür, nə qəşəng daradığınız saçları. Qab yuya-yuya, ev yığışdıra-yığışdıra, yemək bişirə-bişirə bu sualları verəcəksiniz özünüzə. Amma başa düşməyəcəkəsiniz ki, dünyanın ən gözəl, ən ağıllı, ən savadlı qadını da qab yuyursa, yemək bişirirsə ona məşuqə, sevgili gözü ilə baxmaq mümkün deyil.

Ərlərinizdən bunu istəməyə haqqınızın olmadığını da başa düşəcəksiniz. Kartof soyan qadın maraqlı ola bilməz. Qab yumağın fəlsəfəsi yoxdur. Ev yığışdırmaqda etiraz aksiyasına oxşayan heç nə olmur. Saçlarınıza hopan yağ-soğança qoxusunu dünyanın ən gözəl ətri də gizləyə bilməz.

Siz adiləşmisiniz, maraqlı deyilsiniz, vəssalam. Ərəb ədəbiyyatından xəbəriniz varsa, yaxud yunan mifologiyasından nəsə bilirsinizsə, ərinizi Piqmaliona oxşadacaqsız, özünüzü Qalateya kimi görəcəksiniz. Siz gözəl nimfadan ev süpürən arvada çevrilmisiniz… Heykəl Qalateyaya, gözəl Qalateyaya qab yuduzdurur və gözdən salır Piqmalionunuz…

Sonra mübarizə aparmaq istəyəcəksiz. Gözəl, seksual görünməyə çalışacaqsınız. Saçlarınızda, qaşlarınızda, geyiminzdə dəyişiklik edəcəksiniz. Ərinizin maraqla baxdığı aktrisalara, modellərə, pornoulduzlarda nə gördüyünü götür-qoy edəcək, onlar kimi olmağa cəhd edəcəksiniz.

Çünki o aktrisaları, o modelləri, o pornoulduzları sizin kimi qab yuyan, ev süpürən, yemək bişirən yerdə görməyib, ancaq filmlərdə, podiumda, yataq səhnələrində görüb əriniz. Buna görə də sizin cəhdlərinizi ya görməyəcək, ya da görüb, kinayə ilə gülümsəyəcək.

Gecə ən seksual gecə paltarınızı geyinəndə, «acmışam, nə var yeməyə?» sualını eşidə bilərsiniz. Paltarınızı cırıb əyninizdən çıxarmaq, özünüzü parçalamaq istəyəcəksiz. Amma başa düşəcəksiz ki, günah nə onda, nə də sizdədir. Bunu, belə olmağı özünüz istədiniz.

Hələ vay o gündən ki, dünyaya uşaq gətirmək istəyəsiniz. Eviniz o gün yıxılacaq. Hamilə olduğunuzu bildiyiniz, xəbər verdiyiniz andan olan-qalan hisslər, həyəcan, ehtiras da bitəcək. O gündən etibarən ancaq qarnınızdan ibarət olacaqsınız. Saçlarınız, qollarınız, dodaqlarınız, döşləriniz, ayaqlarınız yoxa çıxacaq, unudulacaq.

Ancaq qarnınızdan öpüləcəksiniz, sığalların, sevginin hamısı qarnınıza ithaf olunacaq. Gecələr təkcə qarnınızı qucaqlayıb yatacaq, sürüşmüş yorğanınızla ancaq qarnınızı örtəcək…

Siz qadın olduğunuzu unudacaqsınız. Siz doğmağı həsrətlə gözlənilən inəkdən, qoyundan, camışdan seçilməyəcəksiniz. Hər dəfə sizə baxanda uşağın nə vaxt doğulacağını düşünəcək əriniz.

Qayğınıza ancaq uşağa görə qalacaq. Əlinizdən tutanda, yıxılmağınızdan qorxanda, ürəyiniz istəyən yeməyi alanda… hədəf daha siz deyilsiniz, o hələ doğulmamış varlığı sevir, onun qayğısına qalır, ona görə qorxur. Sizsə ancaq vasitəçisiniz…

Sevgili idiniz, məşuqə idiniz, qadın idiniz. Amma bu sizə bəs eləmədi. Subaylığınızın, təkliyinizin niskilini ürəyinizə saldınız. Gecə yatağa sevgili kimi qoyduğunuz kürəyinizi səhər məşuqə kimi qaldırmaq içinizi göynədirdi. Əskik, natamam, yarımçıq hiss elədiniz özünüzü. Evli olmaq istədiniz, ərdə olmaq istədiniz.

Və indi, siz boşanan qadınları başa düşürsünüz. Dünyanın ən yaxşı, ən mehriban, ən problemsiz kişilərini tərk edən, təzədən təkliyi seçən qadınları başa düşürsünüz. Qadın niyə boşanır? – bilirsiniz. Odur ki, qorxmayın. O kağıza tüpürün, o kişini buraxın, o uşağın gələcəyini dərd eləməyin…

Həmişə qadın olmaq, həmişə qadın olmağı arzulamaq və özünü qadın kimi hiss etmək sizin haqqınızdı…
XS
SM
MD
LG