Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:37

QİSMƏT. Ömür – yox bir nisyə dəftəri!..


QİSMƏT
QİSMƏT
-

Oxunmalı kitablar

Son on ildə adı Nobel mükafatına namizədlər içində tez-tez hallanan holland yazıçısı Cees Noteboom-un “Rituallar” romanı ən qaba ümumiləşdirmə ilə desək, dünyanın hər yerində insan həyatının ritual kimi bir-birinə bənzəməsindən bəhs edir...


QISMƏT


CEES NOTEBOOM: RİTUALLAR


Bozumtul aprel gecəsində yuxum mühacirdi; ağ divarlar boyunca ay işığı gəzişir və mən həmin süd yanığı işığın divardakı rəqsinə baxarkən fikrimin gözləmə zalındakı turist düşüncələr pasportlarına möhür gözləyirlər.

Çöldə ayaqyalın bir külək qaçır, təkəm-seyrək maşınların səsi pəncərəmi öpüb keçir.

Bir azdan, bir-iki saat sonra, zülmətin növbəsi bitəndə, kömürgözlü gecə ulduz-ulduz yığışıb yoxa çıxanda fikrimin gözləmə zalındakı turist düşüncələr hərəsi bir söz geyinib o taya keçəcək, yazı ölkəsinin vətəndaşı olacaqlar.

***
Cees Nooteboom
Cees Nooteboom

Hərdən mənə elə gəlir ki, qələmlə klaviaturanın arasında bircə fərq var; qələmlə yazanda biz sanki mövcud olmayanı, təxəyyülün hardasa varlıqla-yoxluq arasındakı şəffaf ərazisində üzən hərfləri vərəq üzərində yenidən yaradırıq, yəni təkcə fikrimizi ifadə etmirik, həm də hərfləri, sözləri hər dəfə yenidən kəşf edirik.

Klaviatura ilə yazanda isə artıq mövcud olandan, yaradılmışdan, üstündə hərflərin şəkli olan düymələrdən yardım diləyirik, yəni sözlərin sahibi yox, istifadəçisi oluruq. Klaviaturaya hərflərin konservə olunması deyə bilərikmi? Bilmirəm.

Fərq etməz, istənilən halda yazmağın ritual tərəfi var və bu mənada yazmaq rasional olduğu qədər, həm də yarıdini prosesdir.

Son on ildə adı Nobel mükafatına namizədlər içində tez-tez hallanan holland yazıçısı Cees Noteboom-un “Rituallar” romanı ən qaba ümumiləşdirmə ilə desək, dünyanın hər yerində insan həyatının ritual kimi bir-birinə bənzəməsindən bəhs edir.

Roman üç hissədən ibarətdir. Birinci hissə “1963 İntermezzo” adlanır.

İntermezzo - teatrda iki pərdə arasında oynanan balaca pyes, musiqidə fəsilləri birləşdirən ara bölümdür. Əsərin birinci fəsli də əvvəldə olsa da, əslində sonrakı iki fəslin arasındakı dövrü əhatə edir. Müəllif bilə-bilə xronologiyanı pozub.

Romanın ikinci hissəsi “Arnold Taads – 1953”, üçüncü hissə isə “Philip Taads – 73” adlanır. Romandakı əhvalatlar on illik aralıqlarla Amsterdamda baş verir və o illərin sosial, siyasi və iqtisadi reallığına işıq salır.
Cees Nooteboom (sağda) və alman rəssamı Jürgen Partenheimer, Bad Homburg, 2006
Cees Nooteboom (sağda) və alman rəssamı Jürgen Partenheimer, Bad Homburg, 2006

Əsərin qəhrəmanı İnni Wintrop qəribə tipdir; ona miras qalıb deyə maddi sıxıntıları yoxdur, amma bununla belə o daim birjanı izləyir, qəzetlərin, jurnalların qoroskop rubrikası üçün uydurma yazılar yazır. İnni həyatın içinə çox da nüfuz etmir, başqalarını, başqalarının həyatını daha çox kənardan müşahidə etməyi sevir, bitib-tükənməz cinsi ehtirasa sahibdir.

Roman İnni Wintropun uğursuz intihar səhnəsi ilə açılır; onun intihar təşəbbüsünün səbəbi isə ağlasığmazdır: “İnninin həmin gündən xatırladığı bir şey varsa, o da birjadakı rəqəmlər, kanalın üzərində parıldayan ay və hamamda özünü asmağı idi; intiharının səbəbi “Her Parool” üçün yazdığı ulduz falında arvadının başqa bir kişi ilə qaçacağını, özününsə (Şir bürcündəndir) intihar edəcəyini öngörməsiydi.”

İnni dost-tanışlarının hamısından çox əzbər şeir bilən, bütün siyasi inancları “mülayim şizofreniya” sayan bir adamdır. Onun fikrincə, həyat “insanın təsadüfən üzv olduğu, səbəb göstərilmədən içinə atıldığı qəribə bir klubdur.”

İnni gənc olarkən xalası onu öz itindən başqa kimsəsi olmayan, tək yaşayan Arnold Taadsla tanış edir. Arnold xalasının eks-sevgilisidir; İnninin bu qəribə, aşırı dərəcədə vasvası adamla tanışlığı sonrakı həyatını təyin edir.

Arnold Taads o illərdə dünyada məşhur olan Sartrın ekzistensializmdən təsirlənmiş, insanın dünyana təsadüfən atıldığını düşünən, həyatın dözülməzliyi altında əzilən bir adamdır. Onun həyatında ən vacib şey zamandır, həyatını saatlara bölüb yaşayır. Məsələn, hər gün eyni saatda itini gəzməyə aparır, həftədə bir gün səkkiz porsiya eyni yeməkdən bişirir, bir porsiya ehtimal olunan qonaq üçün əlavə edir, qonaq gəlməsə yemək itə qalır.

Roman boyunca 20, 30 və 40 yaşlarında gördüyümüz İnni, əsərin son hissəsində uzun illərdən sonra Arnold Taadsın indoneziyalı bir qadından doğulan Philip Taadsla tanış olur.

Philip atasını heç görməyib, tanımayıb, amma atasının özəlliklərini eynən onda da görmək mümkündür. Philip də atası kimi dünyaya təsadüfən atılmış bir ruh olduğunu düşünür. Heç vaxt Yaponiyaya getməsə də, yapon adət-ənənələri haqqında mütəxəssis səviyyəsində bilgilidir.

Görünüşcə şərqli olsa da, hollanddır. Atası kimi, elə İnni kimi, o da tək-tənhadır. Bu üç nəfərin üçü də həyatı dözülməz hesab edirlər. Arnold Taads tək-tənha yaşamaq üçün dağa çıxır və onu həyata bağlayan yeganə şey – iti öləndə, donaraq ölür.

Philip Taads neçə illərində yapon çay seremoniyalarında istifadə edilən IX.Raku çay dəstini alandan sonra ən böyük arzusuna çatmış olur, artıq bu mənasız həyatda yaşamaq üçün heç bir səbəbi qalmır.

Cees Noteboom fikrincə, dünyanın hər yerindəki bütün insanların həyatına səpələnmiş rituallar, təkcə ailədaxili fərdləri yox, həm də bugünkü insan nəslini keçmişlə görünməz, şəffaf iplərlə bağlayır.

Onun fikrincə, eyniliklər, oxşarlıqlar, əbədi təkrarlanan həyatlardan çıxan nəticə odur ki, həyat o qədər mənalı şey deyil. Sizdən əvvəl yaşanmış duyğuları, davranışları, düşüncələri sizin də yaşamağınız heç nəyi dəyişmir, sadəcə təkrar həlqəsinin birini də çoxaldır.

Noteboom-un fikrincə, insan bu sonsuz və əzablı təkrarın içində yaşamaq üçün daim xırda-para da olsa səbəblər tapmalı, onsuz da təkrar olan ömrümüzü ütülü hala salan sxematikliyi dağıtmaq üçün özünə səbəblər yaratmalıdır, əks təqdirdə gərək boynundan belə bir yazı asıb gəzsin:

Ömür – yox bir nisyə dəftəri!
XS
SM
MD
LG