Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:36

Günel Mövlud. Yarım saatlıq dingilti


Günel Mövlud
Günel Mövlud
-

"Mən o tacirin kimliyini heç vaxt bilmədim. Sadəcə, bunu bilirdim ki, o, mənim kimi onlarla qızın təhsil haqqını ödəyir"


Günel Mövlud


YARIM SAATLIQ DİNGİLTİ


Ölkənin etirazçı gəncliyinə heç nəyin üstündə 6, 7, 8 il həbs cəzası oxunduğü gənlərdə yerli saytlardan biri maraqlı bir siyahı dərc elədi.

Bu siyahıda azərbaycanlı müğənnilərin toyda yarım saatlıq və bütün toyu oxuma qarşılığında tələb etdikləri məbləğ açıqlanmışdı.

Məlum oldu ki, əgər oğul evləndirib, qız köçürmək eşqinə düşən azərbaycanlı bu toyda məsələn, Aygün Kazımovanı, Faiq Ağayevi, Brilliant Dadaşovanı, Röyanı yarımca saatlıq görmək istəyirsə, təxminən 10-12 min manat pul ödəməlidir.

O müğənnilər çox vaxt toyda heç oxuyub-eləmirlər də. Disklərini gətirirlər, disk oxuyur, özləri də yarımca saat dingildəyib, pullarını alıb, çıxıb gedirlər.
Xahiş edirəm, bu müğənnilərin toyda oxuma müddətlərinə və məbləğə bir daha diqqətlə fikir verəsiniz.

Yarım saat.

Və on min, on iki min manat.

İlahi, azərbaycanlıların arzuları niyə həmişə məni bu qədər heyrətə gətirə bilir? İlahi, bu nə arzudur?! On min, on iki minin qarşılığında Faiq Ağayevi, Aygün Kazımovanı, Röyanı yarımca saat görmək.

Onunla eyni zalda olmaq. Onunla eyni zalın havasını udmaq. Ona yaxınlaşa bilmək. Bəxtin gətirsə, qoltuğunun altını iyləmək. Bu necə sevgidir, bu necə heyranlıqdır, ilahi?

Axı bu xalq yarım saatlıq fonoqramına on min, on iki min manat pul verməyə hazır olduğu müğənnilərə başqa vaxt «əxlaqsız» deyir, barələrində olmazın şayiələr yayır, lağa qoyur, internetdə onların mahnılarından, kliplərindən çox pornolarını axtarıb-tapmağa cəhd edir.
Nadejda Lamanova
Nadejda Lamanova

İlahi, bu toplumun nifrəti harda bitir, sevgisi harda başlayır? Niyə sevgisi belə iyrəncdi, nifrəti belə saxtadı, heyranlığı belə ucuzdu?

Dünyada başqa hansı xalq bu qədər namusdan danışır, bu qədər kişilikdən dəm vurur, sonra da haqqında yüz söz danışdığı müğənnini oğlunun toyuna çağırmaqla fəxr edir?!

İlahi, bu nə xalqdı, bu nə arzudur, bu nə səviyyədir? İlahi, insan nə qədər boş, avara, zövqsüz olmalıdır ki, bir tələbənin Amerikada, Avropada iki il keyfiyyətli təhsil almasına yetəcək pulu başqa vaxt «əxlaqsız» adlandırdığı müğənnini yarım saatına xərcləsin?

On iki mini bir rəssama versən, iki il emalatxanasına çəkilib, ordan əlli-altmış rəsm əsəri ilə çıxar. On iki mini bir yazıçıya versən, iki il bir xəlvətə çəkilib, ordan iki romanla çıxar. On iki minə minimum 5 romanı Azərbaycan dilinə tərcümə etmək olar. Bir teatr truppasına versən, iki yaxşı tamaşa hazırlayar. Bəli, Azərbaycanda on iki minə incəsənət, mədəniyyət adına necə qiymətli işlər görmək olar.

Amma xalq bu on iki mini onları adam yerinə qomayan, onlara yuxarıdan aşağı baxan, bəzən öz dilində danışmağı ayıb bilən, bəzən lap onlardan iyrənən müğənnilərin yarım saatına xərcləyir. Axı niyə? Axı nədir o adamları sizin üçün belə qiymətli, matah edən?

Sizə yuxarıdan aşağı baxmaqları? Efirdə min hoqqadan çıxmaqları? Boş-boş, mənasız-mənasız, düşük-düşük danışmaqları? Bu pulu onların hansı səsinə, hansı keyfiyyətlərinə, hansı səviyyələrinə ödəyirsiniz? O yarım saatlıq, bəzən fonoqram ifa sizə nə verir?

Heç nə, onlara nə var, oxuyacaqlar, oxumayacaqlar, fərqi yoxdu, on, on iki minlərini alıb, çıxıb gedəcəklər. Sabah da sizi küçədə, kafedə görəndə tanımayacqlar. Yolda bahalı maşınlarını üstünüzə sürəcəklər. Başlarını pəncərədən çıxarıb, hələ bir söyəcəklər də. Adam yerinə qoymayacaqlar sizi.

Bir adam on iki mini müəğnninin yarım saatına ödəyə bilirsə, deməli, kasıb adam deyil. Deməli, azdan-çoxdan, halaldan-haramdan nədisə, bir az imkanı var. Və o adam gələcəyin bir həkimini oxuda bilər. Gələcəyin bir müəllimini, jurnalistini oxuda bilər.

Bir xəstə rəssamın müalicəsini öz üzərinə götürə bilər. Bir kasıb cütlüyün evinin kreditini ödəyə bilər. Amma yox. O bu pulu Röyanın yarım saatına ödəməlidi. Ona xeyir iş görmək, insanların yadında, tarixdə xeyir əməli ilə qalmaq lazım deyil.

Bu keyfiyyət ümumiyyətlə ciddi toplumlara, ciddi xalqlara verilib. Komplekssiz, dəyərləri bizimki kimi saxta, pafos olmayan, elmə, təhsilə, mədəniyyətə qiymət verməyi bacaran toplumlara.

Çar, daha sonradan Sovet Rusiyasında məşhur bir qadın olub. Kostyum dizayneri Nadejda Lamanova. İllər uzunu teatrda çalışıb. Dövrünün ən məşhur aktyorları, rejissorları ilə çalışıb. Bir çox incəsənət adamının xatirələrində bu xanım barədə geniş məlumat var. Xanımın özünün xatirələri də maraqlıdır. Tapa bilənlər oxusunlar. Çox maraqlı məqamlar var. O məqamlardan biri də budur: «Mən yetim böyümüşəm. Amma yaxşı təhsil almışam. Oxuduğum qızlar məktəbinin haqqını Volqaboyunda yaşayan bir tacir ödəyirdi. Mən onun kim olduğunu heç vaxt bilmədim. Sadəcə, bunu bilirdim ki, o, mənim kimi onlarla rus qızının təhsil haqqını ödəyir…»


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG