Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:31

Rəsulzadənin ailəsi sovetlərin cəngindən niyə qurtulmadı? (5-ci hissə)


M.Ə.Rəsulzadə Ankarada siyasi mühacirlər arasında – 1950-ci illər
M.Ə.Rəsulzadə Ankarada siyasi mühacirlər arasında – 1950-ci illər
-
Azərbaycan Cümhuriyyətinin böyük yubileyinə – 100 illiyə cəmi 4 il qalıb. AzadlıqRadiosu İstiqlalın 96-cı ildönümü ərəfəsində Rəsulzadə irsinin araşdırıcılarından tarixçi-alim Aydın Balayevə üz tutur.
– Aydın bəy, müsahibəni sonlandırmaqdayıq... Ümid edirəm ki, saytımızın istifadəçiləri müsahibənin indiyədək dərc edilən bölümlərində açıqlanan yeni faktlara biganə qalmazlar... İndi də keçək çox ağrılı bir məsələyə – Rəsulzadənin ailə üzvlərinin taleyinə...Əmin bəy ailəsi ilə 1920-ci ilin yayında Bakıda baş tutan görüşdən sonra bir daha əzizlərini görə bilmədi... Lütfən, son görüşdən başlayaq. Əmin bəy 3 aylıq balaca oğlunu bağrına basır və qulağına pıçıldayır: «Sənin adın Azər olacaq!..». Sonra nələr baş verdi?

– Məmməd Əmin bəy öz doğma və yaxınları ilə sonuncu dəfə 1920-ci il payızın sonlarında, daha dəqiqi, noyabrın ortalarında, Stalinlə birgə Moskvaya qatarla yola düşərkən görüşmüşdü. O vaxt ailənin böyük uşağı – Lətifənin cəmi 8 yaşı vardı, evin kiçiyi olan Azərsə ikiaylıq idi. Məmməd Əmin bəy öz xatirələrində həmin görüşü təsvir edərək yazır ki, evə daxil olarkən onun həbsdə olduğu vaxt anadan olmuş iki aylıq kiçik oğlu şirin-şirin yatırmış. Oğlunu qucağına götürərək bərk-bərk öpməyə başlayır və bu öpüşlərdən oyanan uşaq ağlayır. Bu, Məmməd Əmin bəyin kiçik oğluyla ilk və son görüşü olur... Kiçik oğluna Əliheydər adının qoyulmasına etiraz edən Məmməd Əmin bəy ailə üzvlərinə bildirir ki, uşağın adı Azər olacaq!

Qeyd etmək lazımdır ki, bu, cəmi bir neçə dəqiqə davam etmiş ayaqüstü bir görüş olub. Az sonra isə, özünün yazdığı kimi, ailə üzvlərinin və həmin anda evə toplaşan yaxın qohumlarının üzüntüləri və xeyir-duası içində vidalaşır, qapıda gözləyən maşına minərək, vağzala gedir. Oradan «işğalçıların şaqraq qəhqəhələri, yerlilərinsə həzin və mütəəssir baxışları arasında» Moskvaya yola düşür...

Bundan sonra onun təxminən ilyarım davam edən Moskva həyatı başlayır. Həmin müddət ərzində Stalin dəfələrlə ona müxtəlif şirnikləndirici təkliflərlə müraciət edərək, Məmməd Əmin bəyi sovet rejimi ilə əməkdaşlığa sövq etməyə çalışır. Lakin M.Ə.Rəsulzadəni «yola gətirmək cəhdləri» uğursuzluqla nəticələnir. 1920-ci ilin noyabrından 1922-ci ilin yayınadək – Moskvada yaşadığı dövrdə Məmməd Əmin bəy yalnız Şərq dilləri institutunda (keçmiş Lazarev İnstitutu) fars və rus dillərindən dərs deməklə kifayətlənir, eyni zamanda elmi araşdırmalarla məşğul olur.

M.Ə.Rəsulzadəni «ələ almaq» məqsədilə Stalinin göstərdiyi cəhdlərin uğursuzluğu heç də təsadüfi deyildi. Çünki Stalinin qarşısında artıq onun əsrin əvvəlindəki inqilabi hərəkatdan tanıdığı, milləti üçün «nicat yolu» axtarışında olan «Hümmət»in o zamankı təcrübəsiz gənc bir üzvü deyil, ideyalarının düzgünlüyünə dərindən inanan və onların gerçəkləşməsi yolunda hər cür fədakarlığa hazır olan fitri istedada malik təkrarsız bir şəxsiyyət dururdu. Bu şəxsi hətta «bütün zamanların və dövrlərin ən böyük diktatoru» olan Stalin də öz əqidəsindən döndərmək gücündə deyildi.

Məmməd Əmin bəy onu da gözəl anlayırdı ki, belə vəziyyət uzun müddət davam edə bilməz. Və sonu görünməyən bütün bu usandırıcı vəzifə təkliflərindən xilas olmaq üçün M.Ə.Rəsulzadə Rusiyanı birdəfəlik tərk etmək qərarına gəlir. 1922-ci ilin yayında kitabxanalarda işləmək bəhanəsilə Petroqrada elmi ezamiyyətə yollanan M.Ə.Rəsulzadə öz dostlarının, xüsusən tatar filosofu və maarifçisi Musa Biqiyevin vasitəsilə Fin körfəzi üzərindən Finlandiyaya keçir.

15 gün ərzində Teriokidə karantində qaldıqdan sonra təxminən bir ay Helsinkidəki tatar koloniyasında qonaq qismində yaşayır. 1922-ci il sentyabrın 16-da o, Helsinkini tərk edərək Berlinə gedir. Məmməd Əmin bəyin məhz Berlində olarkən Ceyhun Hacıbəyliyə ünvanladığı 1922-ci il 12 oktyabr tarixli məktubundan belə məlum olur ki, o, həmin ayın 13-dək buradakı bütün işlərini yekunlaşdırıb, oktyabrın 14-də Almaniya paytaxtından Parisə yola düşəcək.

Son illərdə aşkarlanmış tarixi sənədlər sübut edir ki, Məmməd Əmin bəy 1922-ci il oktyabrın ortalarından dekabrın ortalarınadək Parisdə yaşayıb. Həmin il noyabrın 17-də Ə.M.Topçubaşovun Azərbaycan nümayəndə heyəti adından Türkiyənin xarici işlər naziri İsmət paşaya göndərdiyi notanın mətnini də M.Ə.Rəsulzadə redaktə edib.

İlkin razılaşmaya görə, M.Ə.Rəsulzadə Azərbaycan nümayəndə heyətinin üzvü qismində Ə.M.Topçubaşovla birlikdə Lozanna konfransına qatılmalıydı. Lakin həmin səfəri maliyyələşdirməyi öz öhdəsinə götürmüş Azərbaycan Neft Sənayeçiləri İttifaqının rəhbəri Mirzə Əsədullayev son anda bundan imtina edir. Digər tərəfdən, son anda məlum olur ki, avropalılar, ilk növbədə ingilislər bolşeviklərin işğalı altında olan Cənubi Qafqaz respublikalarının nümayəndələrini Lozanna konfransına buraxmaq niyyətində deyillər... Bu səbəblərdən M.Ə.Rəsulzadənin Lozanna konfransında iştirakı baş tutmur.

Bundan sonra M.Ə.Rəsulzadə Türkiyədə məskunlaşmaq barədə qəti qərara gəlir və Parisi tərk edərək Lozannadan keçməklə İstanbula yollanır. Maraqlıdır ki, Lozannada olarkən M.Ə.Rəsulzadə Ə.M.Topşubaşovla görüşməyib.
M.Ə.Rəsulzadə Parisdə - 1930-cu illər
M.Ə.Rəsulzadə Parisdə - 1930-cu illər
Sonuncu bu barədə təəssüflə M.Rəfiyevə yazdığı 20 dekabr 1922-ci il tarixli məktubunda məlumat verir. 1922-ci il dekabrın ikinci ongünlüyünün sonlarında isə Məmməd Əmin bəy artıq İstanbulda idi.

– Rəsulzadə Bakıdan gedəndən sonra istər Moskvada, istərsə İstanbulda ailəsindən necə xəbər tuturdu? Onlara maddi yardım edə bilirdimi? Bu sözləri yazıram və sizin sitat gətirdiyiniz sözləri – S.H.Tağızadənin «Əmin bəyin İstanbulda ayda bir lirəyə yaşadığı günlərdə» sözünü xatırlayıram... Bu bir lirədən nə qədəri ailənin payına düşürdü, Aydın bəy?

– Öncə onu demək lazımdır ki, Məmməd Əmin bəy öz ailəsi və yaxınları barədə hətta silahdaşları ilə danışmağı xoşlamırdı və qəti şəkildə belə söhbətlərin qarşısını alırdı. Ətrafdakılar ona mənəvi dəstək olmaq, ürək-dirək vermək məqsədilə buna cəhd etsələr də. Çox güman, onsuz da mühacir həyatının saysız-hesabsız qayğıları ilə üz-üzə olan dostlarını əlavə olaraq öz şəxsi problemləri ilə yükləmək istəmirdi.

Ailəsi haqqında olduqca qısa məlumatlara yalnız onun ən yaxın dostlarına yazdığı şəxsi məktublarda rast gəlmək mümkündür. Həmin şəxslərdən biri də o zaman Parisdə yaşayan Ceyhun bəy Hacıbəyli idi. Lakin Məmməd Əmin bəyin həmin məktublardakı bir neçə cümləlik fraqmentlərdən belə görmək mümkündür ki, ailəsinin taleyi Məmməd Əmin bəyi daim narahat edən, düşündürən və bir an belə unutmadığı problemlərdən olub. Həmin məktublara əsaslanaraq demək olar ki, Məmməd Əmin bəy İstanbula gəldiyi ilk günlərdən ailəsini Türkiyəyə gətirmək üçün aramsız səy göstərirdi.

Məsələn, 1924-cü il yanvarın 16-da C.Hacıbəyliyə göndərdiyi məktubda M.Ə.Rəsulzadə Ceyhun bəyin İstanbula köçmək istəyini təqdir edərək yazır: «Buraya köçməniz haqqındakı qərarınız, xüsusi ilə uşaqların tərbiyəsi nöqteyi-nəzərindən, çox əhəmiyyətlidir. Mən də ailəmi buraya gətirtmək istəyirəm. Baxalım mümkün olacaqmı? Uşaqlarımın hamısı bu yaz ayında isitmə xəstəliyinə tutulmuşdular. Həyat yoldaşım da ürəyindən şikayət edirdi. İndi bir az özünü yaxşı hiss edir. Sizinkilər, əcnəbi də olsa, barı mədəni bir tərbiyə görürlər. Bizimkilər nə tərbiyəsi alırlar məlum...». Göründüyü kimi, uşaqlarının təlim-tərbiyəsi Məmməd Əmin bəyi ciddi narahat edən problemlərdən idi.

Məmməd Əmin bəyin C.Hacıbəyliyə göndərdiyi 6 mart 1924-cü il tarixli digər bir məktubunda oxuyuruq: «Əzizim, ailəmi gətirəcəyəmmi deyə soruşursan. İlk imkanda görəcəyim işlərdən birisi də budur».

Həmin ilin 24 noyabrında yenə bu məsələyə toxunan M.Ə.Rəsulzadə yazır: «Ailəni buraya gətirtmək istəyirdim. Bir-iki dəfə də təşəbbüs eləmişlər. Fəqət hələlik, buna müvəffəq olmamışlar. Zavallılar orada çox darıxırlar. Mən də burada narahatam».

Məmməd Əmin bəyin 19 iyul 1925-ci il tarixli digər məktubunda oxuyuruq: «Bizimkilər hal-hazırda Bakıdadırlar. Ümmülbənin gəlmək üçün müraciət eləmiş, müsaidə istəmiş, verməmişdilər. Daha artıq olaraq gözləməni artırmışdılar. Buna görə də qərarları da çox çətin olmuşdur. Baxalım nə olur. Hər halda onları gətirtmək üçün ən ciddi vasitələrə müraciət edirəm».

Ümumiyyətlə, 1929-cu ilə, yəni SSRİ-də yazışmalara sərt poçt senzurasının tətbiqinədək Məmməd Əmin bəy vaxtaşırı Bakıdakı doğmaları ilə məktublaşır, ailəsində baş verənlər haqqında məlumat alır, imkanı daxilində onlara maddi yardım göstərirdi. Bunu Məmməd Əmin bəyin 20-ci illərdə C.Hacıbəyliyə ünvanlandığı məktubların məzmunu da təsdiqləyir. Məmməd Əmin bəyin bu mövzudakı sonuncu məktublardan biri 1929-cu ilin 15 iyununa təsadüf edir. Həmin məktubda o yazır: «Mən də ailənin buraya köçürülməsi üçün çalışıram. Uşaqların tərbiyəsi məni düşündürür».

Həmin məktublardan həm də belə anlaşılır ki, mühacirətdə üzləşdiyi maddi sıxıntılara baxmayaraq, Məmməd Əmin bəy 20-ci illərdə müntəzəm olaraq ailəsinə yardım edirdi. Belə məktublardan birində göstərir: «Qızımdan məktub aldım. Vəziyyətlərini çox fəna bir surətdə təsvir eləyir, pul istəyir. Bütün varımı ki, zatən məhdud bir şey idi, dərhal oraya göndərdim». Bu məktub 10 avqust 1928-ci il tarixində yazılıb.

Təəssüf ki, ailəsinə qovuşmaq üçün Məmməd Əmin bəyin göstərdiyi bütün cəhdlər nəticəsiz qaldı. Bu da təsadüfi deyildi, çünki sovet rejimi onun ailəsini «siyasi girov» kimi saxlayırdı. Və heç bir halda Məmməd Əmin bəyin doğmalarını xaricə buraxmaq fikrində deyildi. Sovet rəhbərliyi ailəsinə Məmməd Əmin bəyi yolundan döndərmək, onu aktiv antisovet fəaliyyətdən əl çəkməyə məcbur etmək vasitəsi kimi baxırdı.

- Bəzi nəşrlərdə Rəsulzadə ailəsinin ölkədən çıxa bilməməsində atası Axund Hacı Ələkbəri günahkar bilirlər. Bu nə dərəcədə doğrudur? O, nədən çəkinib və ya nəyə güvənib bu qərarı əngəllədi?

M.Ə.Rəsulzadə azərbaycanlı mühacirlərlə birlikdə Atatürk mavzoleyini ziyarət edir - 1954
M.Ə.Rəsulzadə azərbaycanlı mühacirlərlə birlikdə Atatürk mavzoleyini ziyarət edir - 1954
– Bəzi tədqiqatçıların yazılarında bu cür iddialara rast gəlinsə də, təəssüflər olsun ki, onları nə təsdiq, nə də inkar edəcək faktlar yoxdur. Bu səbəbdən də, həmin iddiaların nə dərəcədə həqiqətəuyğun olduğunu demək çətindir. Əgər belə bir hal olubsa və Axund Hacı Ələkbər həqiqətən də Məmməd Əmin bəyin ailəsinin ölkə hüdudlarını tərk etməsini əngəlləyibsə, bunun səbəbləri barədə yalnız fərziyyələr irəli sürmək olar. Ola bilsin ki, artıq ahıl yaşında olan Ələkbər kişi oğlunun iyini də onun balalarından alırmış və artıq oğlunu «itirmiş» bir ata indi də nəvələri ilə ünsiyyətdən məhrum olmaq istəmirmiş. Amma yenə qeyd edirəm ki, Axund Hacı Ələkbərin belə bir hərəkətini təsdiqləyən tarixi fakt yoxdur və bu mənada istisna etmək olmaz ki, bu cür iddialar bəzi tədqiqatçıların təxəyyülünün məhsuludur.

- 20-ci illər öz yerində... maddi çətinlik olsa da, atanın «xidmətləri», zaman-zaman, uşaqlara xatırladılsa da, ailə başısalamat yaşaya bilirdi. Bəs 30-cu illərdə – repressiya maşını tam işə düşəndən sonra ailənin başının üstünü alan təhlükəni önləmək üçün Avropada olan Rəsulzadə bir yol aramadı? Ümumiyyətlə o zamanlar yol tapmaq mümkün idi?

– Gəlin yaddan çıxarmayaq ki, 30-cu illərin əvvəlindən başlayaraq Stalin rejiminin güclənmə və sərtləşmə prosesi yüksələn xətlə inkişaf etməyə başladı. Həmin dövrdə sovet rejimi «iri addımlarla» öz qüdrətinin zirvəsinə doğru gedirdi. Təsadüfi deyildir ki, məhz həmin illərdə bolşevik rejiminə ən çox dirəniş göstərmiş sonuncu Qərb dövlətləri – ABŞ və Fransa da SSRİ-ni tanımalı oldular. Bütövlükdə isə, bu gün olduğu kimi o zaman da Avropanın ən qüdrətli dövlətləri də Stalinin günbəgün artan «iştahası»ndan özünü sığortalamaq məqsədilə Rusiya qarşısında «quyruq bulamaq»la məşğul idilər. Belə bir şəraitdə bir mühacir liderin öz ailəsini dünya güclərinin qarşısında tir-tir əsdiyi, tarixin ən amansız və qaniçən rejimlərindən birinin caynağından xilas etmək üçün hansısa imkana malik olmasını düşünmək gülünc olardı.

- Rəsulzadə atasının ölümünü İstanbulda necə qarşıladı və Novxanıda Axund Hacı Ələkbəri son mənzilə necə yola saldılar?

– Axund Hacı Ələkbərin vəfatı haqqında nekroloq «Yeni Kafkasya» dərgisinin 15 mart 1927-ci il tarixli sayında yer alıb. Həmin kədərli hadisəyə həsr olunmuş yazıda göstərilir ki, Novxanı sakinləri böyük ehtiramla Hacı Ələkbəri son mənzilə yola salıblar. Bir çoxları dəfn mərasimində iştirak etmək üçün həmin gün hətta dükanlarını da qapadıb. Baxmayaraq ki, sovet xüsusi xidmət orqanlarının nümayəndələri kənd sakinlərinə nəinki Axund Hacı Ələkbərin dəfninə qatılmağı, hətta onun ailəsinə başsağlığı belə verməyi qadağan etmişdilər. Sakinlərə xəbərdarlıq edilmişdi ki, bu cür hərəkətlər mövcud rejimə qarşı düşmənçilik faktı kimi dəyərləndiriləcək. Lakin bütün bu hədə-qorxuya baxmayaraq, Novxanı sakinlərinin böyük əksəriyyəti Axund Hacı Ələkbərə olan son borclarını ləyaqətlə yerinə yetirmiş və onu böyük izdihamın müşayiəti ilə dəfn etmişdi...

M.Ə.Rəsulzadə İstanbuldan Parisə – Ceyhun bəy Hacıbəyliyə ünvanladığı 12 aprel 1927-ci il tarixli məktubunda atasının vəfatı haqqında bunları yazır: «Əzizim! 30 mart tarixli başsağlığı məktubunuzu aldım. Ata baxmayaraq ki, yaşlı idi, lakin hicran içində bu dünyadan köçməsi məni çox təəssüfləndirdi. Zavallı son anında belə bu hicrandan bəhs edə-edə gözünü dünyaya qapamışdır. Söylədiyiniz kimi, bizə qalan yeganə təsəlli bu ola bilər ki, onun rahatlıq və hüzur tapmadığı Vətəni düşməndən xilasa doğru fəaliyyətlə məşğul olaq. Cənabi-həqq ölənlərinizə rəhmət eləyə. Çox təşəkkür edirəm, əzizim. Dostunuz Məmməd Əmin».
Ardı var
XS
SM
MD
LG