Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:26

Aydın Balayev: «Bizim «tarix televizorumuz hələ ağ-qara rəngdə göstərir»»


Məmməd Əmin Rəsulzadə
Məmməd Əmin Rəsulzadə
.


(“Ən böyük bayram”ın 96-cı ildönümünə həsr olunur)
Azərbaycan Cümhuriyyətinin böyük yubileyinə – 100 illiyə cəmi 4 il qalıb.

AzadlıqRadiosu İstiqlalın 96-cı ildönümü ərəfəsində Rəsulzadə irsinin araşdırıcılarından tarixçi alim Aydın Balayevə üz tutur.



– Aydın bəy, xoş gördük! İlk öncə bu kitaba görə ( «Мамед Эмин Расулзаде. Период эмиграции (1922-1943). На чужих берегах. (Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü (1922-1943) Yad ellərdə») Sizə bir daha təşəkkürlərimizi yetiririk.

Daha sonra Rəsulzadənin 130 illiyi ilə bağlı yeni bir kitabınız (M.Ə. Rəsulzadə. «Siyasi portret») çıxdı. Əsas suallara keçməzdən öncə soruşmaq istərdim: Mediayla münasibətlərinin niyə belə soyuqdur?

– Sevda xanım, xoş sözlər üçün təşəkkür edirəm. Eləcə də, fürsətdən istifadə edib, M.Ə. Rəsulzadə mövzusunu daim diqqətdə saxladığınıza görə minnətdarlığımı bildirmək istəyirəm. İnanın ki, bu, heç də kiçik məsələ deyil. Xüsusən nəzərə alsaq ki, Rəsulzadə irisini öz “dədə malı” hesab edən bugünkü “varislər”inin yadına bu dahi şəxsiyyət ildə cəmi iki dəfə düşür, – doğum günü və bir də mayın 28-də.

Mediaya gəlincə, onun müasir həyatda oynadığı mühüm rolu inkar etmək ağılsızlıq olardı. Lakin mənim fikrimcə, həqiqi media ayrı-ayrı siyasi qrupların və partiyaların deyil (onların təbliğ etdiyi ideyalar nə qədər işıqlı olsa da), haqqın və ədalətin keşiyində durmalıdır. Təəssüf ki, belə mətbu orqanlarının və yazarların sayı bugünkü Azərbaycan mediasında barmaqla sayılası qədər azdır.

gər bu gün hansısa toyxana müğənnisi haqqındakı xəbərin M.Ə.Rəsulzadə, və ya Əhməd Ağaoğluna həsr olunmuş məqaləylə müqayisədə 10-15 dəfə artıq oxucusu varsa, belə “media” ilə ünsiyyət qurmağa dəyməz.

Bu vəziyyətin yaranmasının günahkarı isə elə həmin “media”nın özüdür. Çünki cəmiyyətin səviyyəsini qaldırmaq əvəzinə “media” özü ucuz populyarlıq ardınca qaçaraq tükəzbanların və fatmanisələrin səviyyəsinə enib.

Bu səbəbdən də müasir Azərbaycan mediası dedi-qoduların, şər-böhtanın baş alıb getdiyi, vücudu beş qəpiyə dəyməyən üzdəniraq “media kapitanlarının” meydan suladığı bir məkana çevrilib. Və bu hal hər bir normal adamda ikrah hissi doğurmaya bilməz. Həmin çirkabdan özünü qorumaq məqsədilə bu cür “media”dan məsafə saxlamaq məcburiyyətində qalırsan.

Digər tərəfdənsə, yeri gəldi-gəlmədi, özünü mətbu orqanlarda və efirdə Rəsulzadənin fonunda nümayiş və reklam etməkdən xüsusi zövq alan “araşdırıcıların” sayı mənsiz də məmləkətdə kifayət qədərdir. Rəsulzadə irsini bazarlıq predmetinə və özünün “çörək ağacı”na çevirən belə “araşdırıcı”ların səviyyəsinə enmək istəməzdim.

Demək istədiklərimi mən öz yazılarımda və kitablarımda mütəmadi olaraq yazıram, maraqlananlar buyurub oxuya bilərlər. Şükürlər olsun ki, həmin məqalə və kitabların elektron variantları internet istifadəçilərinin açıq istifadəsindədir.

– Elə isə, AzadlıqRadiosuna yazılı müsahibə verməyə razılıq verdiyiniz üçün də Sizə təşəkkür payı düşür. Rəsulzadənin öz sözləriylə desək, “ən gözəl bayram” yaxınlaşır. Kitablarınızı oxudum və onlardan aldığım təəssürat o qədər güclü oldu ki, Sizinlə bayram ərəfəsi çoxbölümlü müsahibə hazırlamaq qərarına gəldim.

Keçək, əsas suallara. Öndə bilmək istərdim, “Rəsulzadə...Yad ellərdə” kitabını yazarkən hansı qaynaqlardan faydalandınız?

- M. Ə. Rəsulzadənin mühacirət dövründəki fəaliyyətindən bəhs edən “Rəsulzadə...Yad ellərdə” kitabının mənbəşünaslıq bazasını son illərdə Fransa, Polşa və Rusiya arxivlərində aşkarlanmış tarixi sənədlər təşkil edir. Daha doğrusu, məhz həmin sənədlərin tapılıb elmi dövriyyəyə daxil edilməsi belə bir kitabın yazılmasına təkan vermiş oldu.

Həmin sənədlər Azərbaycanın mühacirət tarixindəki bir çox hadisələrin işıqlandırılmasında ciddi boşluq, nöqsan və hətta təhriflərin olmasını ortaya çıxardı və ötən əsrin 20-30-cu illərində mühacirət daxilində gedən proseslərə, eləcə də bu proseslərdə M.Ə. Rəsulzadənin iştirakı məsələsinə tam yeni bir rakusdan baxmağa imkan verdi.

Bu baxımdan həmin sənədlərin aşkarlanmasında və nəşr edilərək mütəxəssislərə və geniş oxucu kütləsinə çatdırılmasında böyük zəhməti olan Ramiz Abutalıbov, Salavat İsxakov və Georgi Mamuliya kimi tədqiqatçıların rolunu xüsusi qeyd etmək gərəkdir.

Son kitabda eləcə də M. Ə. Rəsulzadə irsinin Türkiyədəki ən tanınmış tədqiqatçılarından biri olan Əli Yavuz bəy Akpınarın lütfkarlıqla təqdim etdiyi bir sıra tarixi sənədlərdən də istifadə edilib.

– Təxminən 100 il əvvələ qayıdaq. Daha doğrusu, 1920-ci illər Türkiyəsinə. Rəsulzadə uzun məşəqqətlərdən sonra İstanbula gəlib çıxır... İstanbul və İstanbulda olan həmvətənlərimiz Əmin bəyi necə qarşıladılar? Əmin bəyin İstanbula gəlişinədək Azərbaycan siyasi mühacirlərinin durumu, təşkilatlanması hansı vəziyyətdə idi?

– Biz azərbaycanlılar ifrata varmağı xoşlayırıq. Bu, özünü bizim tarixə və tarixi şəxsiyyətlərə münasibətdə xüsusilə qabarıq göstərir. Faktik olaraq bütün tarixi şəxsiyyətləri biz iki qrupa bölürük – “mələklərə” və “şeytanlara”. Birinciləri göylərə qaldırıb bütləşdirir və idealizə edir, ikincilərdə isə, əksinə, yalnız lənətlənməyə layiq olan naqis cəhətlər axtarırıq.

Bu mənada bizim “tarix televizor”umuz hələ ağ-qara rəngdə göstərir. Hərçənd, tarixi reallıq daha rəngarəng və çoxçalarlıdır.

Bu baxımdan aprel işğalından sonra İstanbulda məskunlaşmış həmvətənlərimiz də yekrəng və yekcins deyildilər. Onların arasında ən müxtəlif sosial təbəqələrin nümayəndələri və siyasi baxışların daşıyıcıları vardı. Təbii ki, M. Ə. Rəsulzadənin gəlişinə onların reaksiyası da eyni cür ola bilməzdi.

Azərbaycanın istiqlal mücadiləsinin qeyd-şərtsiz lideri olan Məmməd Əmin bəyin İstanbula dönüşü milli müstəqilliyimizin ən qısa zamanda bərpasını arzulayan və bu məqsədin gerçəkləşməsi naminə hər cür qurbanlara hazır olan mühacirləri nə qədər sevindirmişsə də, öz siyasi ambisiyalarının əsirinə çevrilmiş bəzi həmvətənlərimizi də eyni dərəcədə qayğılandırmışdı. Sonuncular gözəl anlayırdılar ki, M. Ə. Rəsulzadənin gəlişi onların İstanbul və bütövlükdə Türkiyədəki Azərbaycan mühacirətinə rəhbərlik etmək ambisiyalarının gerçəkləşməsini, faktik olaraq, qeyri-mümkün edir.

Sualınızın ikinci hissəsinə gəlincə, onu qeyd etmək lazımdır ki, Rəsulzadənin İstanbula dönüşü ərəfəsində buradakı Azərbaycan siyasi mühacirətinin durumu son dərəcə acınacaqlı idi.

Doğrudur, Azərbaycan mühacirətinin M.Ə. Rəsulzadəyə müxalifətdə olan bəzi nümayəndələri sonralar iddia edirdilər ki, guya Məmməd Əmin bəy Moskvada olarkən onlar “qan-tər içində” İstanbulda mühacirətin təşkilati strukturlarını formalaşdırmışdılar. İstanbula dönən M.Ə. Rəsulzadəyə isə yalnız artıq fəaliyyətdə olan qurumlara rəhbərlik etmək qalırdı.

Lakin tarixi faktlar bunun tam əksini göstərir. Belə ki, 1922-ci ilin sonlarında İstanbula gələn M.Ə. Rəsulzadə milli mücadilənin perspektivləri baxımından çox acı bir mənzərə ilə qarşılaşdı. İstanbulda nəinki Azərbaycan siyasi mühacirlərinin fəaliyyətini koordinə edib onu bir məcraya yönəldə biləcək vahid siyasi mərkəz təşkil olunmamışdı, hətta mövcud qurumlar belə iflic vəziyyətində idi.
– İstanbuldakı Azərbaycan konsulluğu hansı durumdaydı?

– Həmin dövrdə azərbaycanlı mühacirlər arasındakı intriqa və fikir ayrılıqları ucbatından İstanbuldakı Azərbaycan konsulluğu fəaliyyətini dayandırmışdı. Bu barədə M.Ə. Rəsulzadə İstanbuldan Ceyhun Hacıbəyliyə ünvanladığı 21 dekabr 1922-ci il tarixli məktubunda məlumat verir. Buna əsas səbəb isə Azərbaycanın İstanbuldakı o zamankı konsulu Y.V. Çəmənzəminli ilə Xəlil bəy Xasməmmədov arasındakı konflikt olmuşdu.

Məsələ ondadır ki, 1919-cu ilin aprelində, Paris Sülh Konfransına yola düşənədək, Ə.M.Topçubaşı həm də Azərbaycanın Türkiyədəki səfirinin səlahiyyətlərini həyata keçirirdi. Parisə yola düşdükdə isə, bu səlahiyyətlərin yerinə yetirilməsini müvəqqəti olaraq yeznəsi Səfvət bəy Məlikova (Həsən bəy Zərdabinin oğlu – S.İ.) həvalə etmişdi.

Lakin Azərbaycan hökuməti Topçubaşının bu qərarı ilə razılaşmayaraq, onun yerinə Y.V. Çəmənzəminlini təyin edir. Bu faktın özü göstərir ki, yüksək vəzifələrə təyinatlar zamanı milli hökümət şəxsi və qohumluq əlaqələrini deyil, namizədlərin bacarıq və peşəkarlağını əsas götürürdü. Baxmayaraq ki, Ə.M.Topçubaşı o zamankı baş nazir Nəsib bəy Usubbəyliyə (Yusifbəyli kimi də yazılır – red.) yazdığı 8 iyun 1919-cu il tarixli məktubunda bununla əlaqədar narazılığını açıq şəkildə bəyan etmişdi.

Bu hadisənin üstündən heç iki il keçməmiş, Ə. M.Topçubaşı elə ilk imkandan istifadə edərək öz “qisas”ını almışdı. Belə ki, İstanbuldakı Azərbaycan konsulluğuna rəhbərlik etmək üstündə Y. V. Çəmənzəminli ilə X.Xasməmmədov arasında yaranmış qarşıdurmada Ə.M.Topçubaşı sonuncunun tərəfini saxlayaraq, onun konsul postunu ələ keçirməsinə yardım etmişdi.

Ədalət naminə deməliyik ki, X.Xasməmmədovun konsul postuna iddiasının hüquqi əsası vardı. Belə ki, 1920-ci il aprelin əvvəllərində Azərbaycan parlamenti X. Xasməmmədovun Türkiyəyə səfir təyin edilməsi haqqında qərar qəbul etmişdi.

Lakin dərhal bunun ardınca baş verən hadisələr, ilk növbədə Azərbaycanın ruslar tərəfindən işğalı səbəbindən həmin qərar icra olunmamış qaldı. Maraqlıdır ki, X. Xasməmmədov özü də həmin vəzifənin icrasına başlamaq üçün elə bir həvəs göstərmirdi. Bu müddət ərzində konsulluğun fəaliyyətinə rəhbərliyi Y. Çəmənzəminli həyata keçirməkdə davam edirdi.

Vəziyyət yalnız 1921-ci ilin əvvəlində, Ə.M.Topçubaşının Parisdən İstanbula Azərbaycan siyasi mühacirlərinə xeyli maliyyə vəsaiti göndərməyə başlayanda dəyişdi. Həmin vəsait (1921-ci ilin 10 ay ərzində ümumilikdə 600 min frank) konsulluq vasitəsilə mühacirlər arasında bölünməli idi.

undan xəbər tutan X.Xasməmmədov Azərbaycan konsulluğuna rəhbərlik etmək fikrinə düşdü və Ə. M.Topçubaşının dəstəyilə istəyini reallaşdırdı, Çəmənzəminlini devirib yerinə keçə bildi. 1921-ci ilin sonlarına yaxın Parisdən gələn maliyyə yardımının kəsilməsi ilə birlikdə X.Xasməmmədovun bütün marağı da yoxa çıxdı və konsulluq fəaliyyətini faktiki dayandırmış oldu...

– Əmin bəy milli davaya nədən və necə başladı?

– İstanbula döndükdən sonra Məmməd Əmin bəy milli davaya mühacirətin təşkilati strukturlarını yaratmaqla başlamaq niyyətində idi. Lakin Türkiyə rəsmiləri ilə elə ilk kontaktlardan sonra məlum oldu ki, türklər Azərbaycan münacirlərinin sovet Rusiyasına qarşı yönəlmiş açıq siyasi fəaliyyətini dəstəkləmək niyyətində deyillər. Öz varlığı uğrunda Antanta ilə ölüm-dirim mübarizəsi aparan Türkiyənin Rusiyanın köməyinə ehtiyacı vardı və bu səbəbdən də Ankara Moskvanı qıcıqlandırmaqdan çəkinirdi. Bu reallıqları nəzərə alan M.Ə. Rəsulzadə artıq 1922-ci il dekabrın sonlarında C. Hacıbəyliyə yazdığı məktubunda etiraf edirdi ki, “burada qəzet buraxmaq mümkün olacaq, lakin təşkilat yaratmaq imkanı yoxdur”. Həmin səbəbdən də M.Ə. Rəsulzadə milli davaya mühacirətin dövri mətbuatının yaradılmasından başlamaq məcburiyyətində qaldı.
– 20-ci illərdə Rəsulzadənin Vətənlə əlaqələri hansı səviyyədə idi? O, Vətəndə olub-bitənlərə nə dərəcədə təsir göstərə bilirdi?

– 20-ci illərin sonlarınadək M. Ə. Rəsulzadə və Türkiyədə məskunlaşmış digər siyasi mühacirlər Vətənlə kifayət qədər sıx və intensiv əlaqələrə malik idilər. Bunun təsdiqi kimi həmin dövrdə Rəsulzadənin Bakıda qalmış ailə üzvləri ilə müntəzəm məktublaşmasını, eləcə də Azərbaycanda baş verən hadisələr və ilk növbədə ölkə daxilindəki “Müsavat”ın gizli qruplarının fəaliyyəti haqqında məlumatların operativ olaraq Türkiyəyə çatdırılmasını göstərmək olar. Həmin məlumatlar da dərhal mühacirət mətbuatında yerləşdirilərək Türkiyə və Avropa ictimaiyyətinə çatdırılırdı.

Belə ki, məhz M.Ə. Rasulzadə tərəfindən əldə edilən və mühacirət mətbuatında yerləşdirilmiş məlumatlar əsasında Parisdə yaşayan Ə.M.Topçubaşı Azərbaycandakı durum haqqında ətraflı hesabatlar hazırlayaraq, onları həm Avropanın rəsmi strukturlarına, həm də mətbuatına ötürürdü.

M.Ə. Rəsulzadə və onun mühacir silahdaşlarının fəaliyyəti sovetləri Azərbaycanda yeritdikləri ruslaşdırma siyasətini müəyyən qədər yumşaltmağa məcbur edirdi. Bu özünü Azərbaycan dilinə olan diqqətin bir qədər artmasında, dövlət qurumlarındakı milli kadrların sayca çoxalmasında büruzə verirdi.

M.Ə. Rəsulzadənin mühacirətdə apardığı mücadilənin Azərbaycandakı vəziyyətə ciddi təsirini göstərən ən tutarlı dəlillərdən biri isə Stalinin 1923-cü ilin sentyabrında Zaqafqaziya və Azərbaycanın partiya rəhbərliyinə göndərdiyi xüsusi məktubdur. Həmin məktubda M. Ə. Rəsulzadəyə qarşı xüsusi irimiqyaslı təbliğat kampaniyasının başlanması zərurətindən söhbət gedirdi.

Stalinin həmin göstərişini əldə rəhbər tutan yerli partiya orqanları bütün təbliğat resurslarını M.Ə. Rəsulzadənin “anti-milli” fəaliyyətinin “ifşa” edilməsi istiqamətində səfərbər etmişdilər. Yerli və mərkəzi bolşevik mətbuatında aramsız çap olunan həmin yazıların müəllifləri əksər hallarda sovetlərin ən yüksək rütbəli partiya və dövlət xadimləri idilər. Bu da M. Ə. Rəsulzadənin nüfuzunun və təsirinin göstəricisi idi.

Lakin bu tipli “ifşaedici” kampaniyalar, bir qayda olaraq, əks effekt verir və reallıqda Azərbaycanın müstəqilliyi ideyasının kütlələr arasında təbliğinə və yayılmasına yardım edirdi.

– Rəsulzadə və silahdaşlarının Türkiyənin tanınmış dövlət xadimləri ilə münasibətləri necə idi? Onlara azad fəaliyyət göstərmək üçün hansı şərait yaradılmışdı?

– Tarixi sənədlər göstərir ki, M. Ə. Rəsulzadə mühacirət həyatının Türkiyə dövründə, xüsusən onun ilk dönəmlərində ölkənin tanınmış dövlət xadimləri ilə sıx ünsiyyətdə olub. Məsələn, son dövrlərdə aşkarlanmış sovet xüsusi xidmət orqanlarının məlumatları göstərir ki, 20-ci illərin birinci yarısında M. Ə. Rəsulzadə mütəmadi olaraq İsmət İnönü və Kazım Qarabəkir Paşa kimi nüfuzlu şəxslərlə əlaqə saxlayırmış.

Əlbəttə, Türkiyə rəsmilərinin Azərbaycan türklərinin azadlıq mücadiləsinə rəğbətini inkar etmək ədalətsizlik olardı. Lakin o da faktdır ki, Türkiyə 100 il əvvəl də, indi də Azərbaycanın yeganə strateji mütəffiqi olsa da, bu ölkənin milli maraqları heç də həmişə Azərbaycanın maraqları ilə üst-üstə düşmür...

Belə ki, o dövrün qaçılmaz geosiyasi reallıqları Ankaraya Moskva ilə “zorən dostluğu”, nəyin bahasına olursa-olsun, qoruyub saxlamağı diktə edirdi. Belə olduqda isə, Türkiyə ərazisində Azərbaycan siyasi mühacirlərinə sovet Rusiyasına qarşı açıq mübarizə aparılması üçün şəraitin yaradılmasından söhbət belə gedə bilməzdi.

İstər M. Ə. Rəsulzadə, istərsə digər azərbaycanlı mühacirlərlə söhbətlərdə türk rəsmiləri bu acı həqiqəti heç gizlətmirdilər.

Türkiyə tərəfinin mövqeyi bundan ibarət idi ki, biz Azərbaycanın müstəqil və azad olmasını ürəkdən arzulayırıq, işğala məruz qalmış Azərbaycan xalqının durumuna acıyırıq, lakin apardığınız azadlıq mücadiləsində hələlik bizdən açıq dəstək gözləməyin.

Hərçənd, onu da etiraf etmək lazımdır ki, bütün bu reallıqlara baxmayaraq, təxminən 20-ci illərin ortalarınadək Azərbaycan mühacirlərinin Türkəyədə fəaliyyəti üçün az-çox münbit zəmin vardı. Belə ki, həmin müddətdə türk rəsmiləri Azərbaycan mühacirətinin ölkə ərazisində fəaliyyətinə, məhdud şəkildə olsa da, imkan verirdilər.

Lakin 20-ci illərin ortalarından başlayaraq Moskvanın Ankaraya təzyiqinin yüksələn xətlə güclənməsi türkləri azərbaycanlı siyasi mühacirələrə qarşı daha sərt tədbirlərə əl atmaq məcburiyyəti qarşısında qoydu və bu səbəbdən də onların fəaliyyət imkanları getdikcə daralmağa başladı...
Saytımızı izləyin. Növbəti bölümlərdə Aydın bəy bir çox qaranlıq məsələlərə aydınlıq gətirəcək. Mühacirətçilərin arasında illərlə davam edən şokedici ixtilaflardan tutmuş, Rəsulzadənin öz ailəsini niyə Türkiyəyə aparmadığınadək...
XS
SM
MD
LG