Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:32

«FP» Əliyevləri məşhur Corleone ailəsinə bənzədir


"Foreign Policy" dərgisinin məqaləsində istifadə etdiyi foto.
"Foreign Policy" dərgisinin məqaləsində istifadə etdiyi foto.

-

“Xəzər Corleoneləri”. “Foreign Policy” məcmuəsində Azərbaycan hakimiyyəti və eləcə də hakimiyyətdəkilərin, onların yaxınlarının biznes fəaliyyəti haqda çıxan yazı belə adlanır.

“Foreign Policy” onları vaxtilə ABŞ mafiasının məşhur Corleone ailəsinə oxşadır. Yeri gəlmişkən, “Xaç atası “ filmində mafia başçısının prototipi məhz Don Corleone olub.

“Foreign Policy”dəki təhlili yazısında Michael Weiss onu da qeyd edir ki, post-sovet sülalələri ABŞ-da yüksək mövqedə duranlar arasında dostlar satın alırlar. Onlar da hamını inandırırlar ki, ABŞ-ın regionda milli maraqlarını ən yaxşı təmin edən bu kleptokratlardır, (yəni oğrukratlardır – Azadlıq Radiosu).

Bu geniş məqalənin ikinci sərlövhəsi belədir: “Azərbaycan diktatoru Birləşmiş Ştatların və Avropanın qılığına necə girir?”

Taleyin istehzası


“Nitqim tutulub – deyir Freedom House təşkilatının icraçı direktoru Jennifer Windsor, - bu, taleyin ən acı istehzasıdır ki, dünyanın ən az azad olan ölkəsi bir vaxtlar azadlıq evi sayılan binaya sahib olub.”

SOCAR-ın 12 milyon dollarlıq ofisi, Washington, 11Jan2012
SOCAR-ın 12 milyon dollarlıq ofisi, Washington, 11Jan2012

Söhbət Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR-ın Vaşinqtonun mərkəzində qərargah üçün aldığı 5 mərtəbəli, 7 min kvadrat metr sahəsi olan məşhur binadan gedir.

Bu binada vaxtilə Ronald Reagan administrasiyasının ən görkıəmli rəsmiləri, o cümlədən ABŞ-ın BMT-dəki səfiri Jeane Kirkpatrick işləyib. Sonradan burda 1992-ci illərdə keçmiş sovet məkanı üçün çap edilən “Demokratizasiya” jurnalının readaksiyası və nəhayət Azərbaycanı qeyri-azad ölkələr kateqoriyasına salmış Freedom House təşkilatı sakin olub.

“Lakin söhbət elə pullardan gedir ki, - deyilir məqalədə, - SOCAR-ın bu binaya ödədiyi 12 milyon dollar qəpik-quruş sayıla bilər”.

Bununla belə, məqalə müəllifi bu qənaətdədir ki, burada iş təkcə taleyin istehzasında deyil, həm də dəyişilmiş zamanın özündədir.

Zəmanə dəyişib


“Barack Obamanın administrasiyası ABŞ büdcəsində demokratiyanın təbliği üçün nəzərdə tutulan vəsaiti kəsib və kleptokratik avtoritar rejimlərlə utanmaz sövdələşmələrə bulaşıb” – müəllif yazır.

Məqalədə deyilir ki, SOCAR-ın yeni Vaşinqton qərargahı həm də yeni, çox güclü və pullu xarici lobbiçinin – Azərbaycan prezidenti İlham Əliyev rejiminin meydana çıxdığını göstərir.

Qeyd olunur ki, Cənubi Qafqazda ölçüsünə görə İrlandiya ilə müqayisə oluna biləcək bu kiçik ölkənin neft ehtiyatları Texasın ehtiyatlarından iki dəfə çoxdur və bu neftin gətirdiyi pullar Bakıya ABŞ Konqresinin, Britaniya Parlamentinin və Avropa Şurasının keçmiş və indiki rəhbərləri də daxil olmaqla çox sayda dostlar qazandırıb.

ABŞ-a müttəfiq, İsrailə dost, yeganə dünyəvi müsəlman ölkəsi


Məqalədə vurğulanır ki, Əliyev rejimi müəyyən məqamlardan faydalanaraq hətta transatlantik qurumlara da təmas edə bilib. Müəllif bu məqamları da göstərir:

“Birincisi budur ki, Azərbaycan terrorla mübarizədə Birləşmiş Ştatlara və NATO-ya, ticarət və diplomatiyada isə istehklak etdiyi enerjinin üçdə-birini bu Qafqaz ölkəsindən alan İsrailə müttəfiq yeganə dünyəvi müsəlman ölkəsidir”.

Müəllifin fikrincə, ikinci məqam Azərbaycana ÜDM-i 2001-2011-ci illərdə onqat artırmağa imkan vermiş və Rusiyanın Avropadakı inhisarçı taktikasına son qoymuş neft gəlhagəlidir.

Məqalədə deyilir ki, Xəzər qazını Qərbə nəql edəcək Cənub Enerji Dəhlizi Rusiyanın Şimal Axını layihəsinə ciddi rəqibdir.

Michael Weiss yazır ki, Rusiyanın dövlət qaz şirkəti – Gazprom Avropa Komissiyasının anti-inhisar təhqiqatının altındadır və hazırda Qərb Ukraynaya görə Moskva ilə qarşıdurmadadır. Bu isə o deməkdir ki, Azərbaycan qazı qarşıdan gələn aylar və illərdə Brüssel üçün mühüm olaraq qalacaq.

Üçüncü və sonuncu məqam isə bundan ibarətdir ki, Asiya və Avropanın arasında yerləşən Azərbaycan İranın nüvə təhlükəsinin və Putinin regionu təkrar sovetləşdirmək cəhdlərinin qarşısını alan strateji müttəfiqdir.

Məqalə müəllifinin fikrincə, məhz bu mühüm məqamlara görə passiv-aqressiv Azərbaycan lobbisi zaman-zaman işarə edir ki, Qərb nankorluq etsə, Əliyev rejiminin Moskvaya və ya Tehrana üz tutmaq üçün həmişə imkanı var.

Azərbaycan cəmiyyətini süstləşdirən təbriklər


Michael Weiss yazır ki, mesaj yalnız Qərbə ünvanlanmayıb. Bütün bunlarla Azərbaycan əhalisinə də xəbərdarlıq edilir ki, Əliyevlər ailəsini hakimiyyətdən sala biləcək heç bir qüvvə yoxdur.

Müəllif belə nəticəyə gəlir ki, hər hansı konqresmenin Əliyevi qələbə münasibətilə təbrik etməsi onun Qərbdəki məqamını indi olduğundan daha güclü etmir, lakin Azərbaycanın öz əhalisini, insan və vətəndaş haqları fəallarını ümidsiz və süst hala gətirir.

Daha sonra məqalədə Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin getdikcə bərbadlaşdığını göstərən faktlar xatırladılır.

Qeyd olunur ki, Əliyev rejimi “qorxu mühitini bərqərar edib”. Qısa müddətdə, 2013-cü ilin yanvarından indiyədək ölkədə olan siyasi məhbusların sayı 65-dən 100-ə yüksəlib.

Olmayan balonun partlayışı


Yazıda son zamanlar baş vermiş bəzi hadisələrə də toxunulur.

2014-cü ilin martında Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahında baş vermiş partlayış zirzəmidə yerləşən bərbərxananın qaz balonundakı nasazlıqla izah edilib, halbuki həmin bərbərxanada, ümiumiyyətlə qaz balonlarından istifadə olunmur.

Üstəlik binanın Türkiyədə yaşayan sahibi bildirib ki, ailəsi rəsmi şəxs tərəfindən hədələnib və hətta belə hədələrdən birinin videoyazısı internetdə yerləşdirlib.

Müəllif qeyd edir ki, Azərbaycanda mətbuat azadlığı yox dərəcəsinə çatıb.

Ölkəyə sahib üç ailə


Yazıda daha sonra Əliyevlər ailəsindən, maaşı ildə 228 min dollar olan prezidentin övladlarının milyonlara sahib olmasından bəhs olunur.

Əliyevlər
Əliyevlər

Xəbər verilir ki, hələ 11 yaşında ikən adı Dubayda 44 milyon dollarlıq mülkiyyətlərlə bağlı hallandırılan prezident oğlu, indi yeniyetməlik çağında Rusiya Vneştorqbankının Azərbaycan filialının bütün səhmlərinin 49 faizinə sahibdir.

Müəllif xatırladır ki, məhz Əliyevlər ailəsinin gizli sərvəti barədə sirləri faş etdiyinə görə AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovanın mənzilində gizli kamera quraşdırılıb və o iyrənc şəkildə şantaj edilib.

Xədicə İsmayılova bir neçə ay əvvəl verdiyi müsahibədə bildirib ki, baş prokurorluq onun şikayətini araşdırmaqdansa, özünü “dövlət sirlərinin” yayılması ilə bağlı dindirməyə dəvət edib. Bundan sonra jurnalisti ABŞ casusu olmaqda ittiham ediblər.

Yanğınsöndürənlərdən raketlərədək


Xədicə İsmayılova bildirib ki, hazırda xaricdə lobbiçilik fəaliyyətinə üç ailə nəzarət edir:

Birinci ledinin Paşayevlər ailəsi də daxil olmaqla Əliyevlər, nəqliyyat naziri Ziya Məmmədovun və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailəsi.

Ziya Məmmədovun oğlu Anar ABŞ-dakı lobbiçilik fəaliyyətinə cavabdehdir, Avropada isə bu işi Heydərovun oğlanları aparır.

Müəllif yazır ki, əslində hər şey nazirliyi olan FHN-nin ixtiyarında yanğınsöndürənlərdən tutmuş Bakı yaxınlığındakı hava hücumundan müdafiə raketlərinədək bir çox sahələr cəmləşib.

“Hansı işi təhqiq ediriksə, bu üç ailədən birinə gedib çıxır” – deyir İsmayılova.

ABŞ-dakı Azərbaycan səfirliyi kimlərə “maaş” verir?

Michael Weiss daha sonra Azərbaycanın ABŞ-dakı lobbiçiliyinin mexanizmini açmağa çalışır. Müəllif xatırladır ki, o, əldə etdiyi məlumatlara görə ABŞ-ın Xarici Hüquqi Şəxslərin Qeydiyyatı Haqqında 1938-ci il tarixli qanununa minnətdar olmalıdır.

Beləki, bu qanun ABŞ-da yerləşən şirkətlərdən hər hansı xarici hökumətdən alınmış vəsatlərin bəyan olunmasını tələb edir.

Weiss yazır ki, bu bəyannamələr xeyli sayda hüquq firmalarının, məsləhətxanaların və lobbi şirkətlərinin Əliyevlərdən müntəzəm maaş aldlıqlarını göstərir.
“Azərbaycan lobbisinin uğurunu ona yatırılan pulların miqdarı təmin edir”, - deyir Azərbaycanlı Amerikalılar Demokratiya Naminə təşkilatından İsmayıl Şaxtaxtinski.
Niyə Podesta?

Məsələn, lobbiçilik və ictimai əlaqələrlə məşğul olan Podesta Group şirkətinin təsisçisi Tony Podesta-nın qardaşı John Podesta hazırda Obama administrasiyasının xüsusi müşaviridir.

Tony Podesta bir neçə il Azərbaycan səfirliyinin rəsmi müvəkkili kimi fəaliyyət göstərib. 2014-cü ilin yanvarında qrup Azərbaycan səfirliyi ilə yeni müqavilə imzalayıb.
Bu müqaviləyə görə firma səfirlikdən ayda 50 min dollar almalıdır. Bura “Azərbaycanın Birləşmiş Ştatlar hökuməti və təsisatları ilə əlaqələrinin möhkəmləndirilməsi üçün strateji məsləhətlər verilməsinin” haqqı daxil deyil.

Anar Məmmədov və ABŞ-dakı səfir Elin Suleymanov
Anar Məmmədov və ABŞ-dakı səfir Elin Suleymanov

Azərbaycan səfiri Elin Süleymanov tərəfindən imzalanmış müqavilə 2014-cü ilin aprelində təkmilləşdirilib və ən azı iyul ayınadək davam etməlidir.

Müəllif qeyd edir ki, dəyişiklik Podestanın “əlavə xidmətləri” barədədir.
“Biz belə işlərə qarışmırıq...”

Məqalədə deyilir ki, Podesta şirkəti Azərbaycan səfirliyi ilə əməkdaşlığının təbiəti barədə məlumat verməkdən boyun qaçırıb. Şirkət jurnalistin “Azərbaycanda insan haqlarının vəziyyətindən xəbərdarsınızmı?” sualını da cavabsız buraxıb.

Məqalədə adı çəkilən başqa bir təşkilat DCI Group firması 2013-cü ilin fevralınadək Azərbaycan səfirliyi üçün işləyib. Belə başa düşmək olar ki, qrup Azərbaycan hökumətinin mətbuatla bağlı problemlərini həll edirmiş.

FP-nin yenə də Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı sualına DCI qrupunun rəhbəri Craig Stevens “biz belə işlərə qarışmırıq” cavabını verib, lakin əlavə edib ki, imkan düşsə Azərbaycan səfirliyi ilə yenə də əməkdaşlıq edərdi.

SOCAR da amerikalılara maaş verir

ABŞ-da lobbiçilərə maaş verən təkcə səfirlik yox, həm də SOCAR-dır. Məqalədə deyilir ki, Roberti+White LLC şirkəti neft şirkərindən 6 ay müddətində ayda 20 min 834 dollar maaş alıb. Bu şirkət həm də SOCAR-ın internet səhifəsini, Tvitter və Facebook hesablarını düzəldib.

Müəllif yazır ki, mətbuatla danışmağı bu şirkət də özünə rəva görmür.

Azərbaycan xalqının təbliği üçün 2,4 milyon dollar FP-də dərc olunmuş məqalədə bildirilir ki, Azərbaycan üçün lobbiçilik edən qrupların arasında ən fəalı Azərbaycan Amerika Alyansıdir (AAA).

Alyans “Azərbaycan və ABŞ-ın hökumətləri, rəsmiləri və insanları arasında əlaqələrin yaradılması sahəsində fəaliyyət” göstərdiyini bildirir. Ən maraqlısı budur ki, AAA Fabiani & Company şirkətinə “Azərbaycan xalqı, Azərbaycanın mədəniyyəti və beynəlxalq əlaqələrinin təbliği üçün strategiya və planlaşdırma” işi üçün 2, 4 milyon dollar ödəyib. Bundan əlavə Fabiani & Company şirkətinə 2013-cü ildə 800 min dollar verilib və şirkət alyansdan “Washington Post” və “Express” qəzetlərində reklam üçün 664 min dollar alıb.

Lakin ən maraqlısı budur ki, FP AAA və Fabiani & Company şirkətinin eyni ünvanda yerləşdiyinin şahidi olub. Jurnalist bildirir ki, onlardan heç biri ilə əlaqə yaratmaq mümkün olmayıb.

Dostluq qətnamələrinin dəyəri

Məqalədə qeyd olunur ki, AAA ABŞ-ın 7 ştatında Azərbaycanla dostluq haqqında qətnamələrin qəbuluna nail olub. Oklahoma Ştatı Senatının qətnaməsində deyilir ki, “Azərbaycan demokratik, dünyəvi və konstitusiyalı respublikadır”. İllinoys Ştatı Senatının qəbul etdiyi qətnamədə isə oxuyuruq ki, “Azərbaycan ABŞ-la eyni dəyərləri bölüşür”. Kentukki Assambleyasının qətnaməsi isə xüsusən diqqəti çəkir. Burada Azərbaycan və İsrail arasındakı əməkdaşlığın mühümlüyü vurğulanır. Məmmədov müəmması

FP-də dərc olunmuş məqalədə bildirilir ki, Azərbaycan Amerika Alyansının rəhbəri Anar Məmmədov adi bir biznesmen kimi təqdim olunsa da o, nəqliyyat nazirinin oğludur və ümumi sərvəti 1 milyard dollar civarında təxmin edilir.

Məqalədə bildirilir ki, Anar Məmmədov vaxtilə ZQAN kimi tanınan Garant Holding şirkətinin prezidentidir və bu şirkətin gəlirlərinin böyük bir hissəsi Nəqliyyat Nazirliyi ilə imzalanmış kontraktlardan, yəni Anarın atası Ziya Məmmədovdan qaynaqlanır.

Məqalədə Məmmədovlar ailəsinin Azərbaycandakı başqa bir holdinqlə - Bağlan qrupu ilə bağlılığından da bəhs edilir.

Bu qrupun “nəqliyyat, tikinti, idman komplekslərinin inşası və neft sənayesinə böyük sərmayələr yatırdığı” vurğulanır.

Ata-bala biznesi və ya ailə podratı

Hafiz Məmmədov və Ziya Məmmədob
Hafiz Məmmədov və Ziya Məmmədob

Yazıda verilən məlumata görə Bağlan qrupuna bağlı digər podratçılara da taksi və avtobusların idxalı, yol tikintisi kimi qazanclı və başlıcası rəqabətsiz kontraktlar verilib.
“Bu kontraktların hamısı nəqliyyat naziri Ziya Mənmmədov tərəfindən imzalanıb” – deyilir məqalədə. Lakin burada da ən maraqlı məqam budur ki, Bağlan qrupu Ziya Məmmədova tabe Azərbaycan Dövlət Dəmir Yolu Şirkəti ilə eyni ünvanda qeydiyyatdan keçib. Azərbaycan mətbuatında müxtəlif vaxtlarda dərc olunmuş yazılara əsaslanan Michael Weiss qeyd edir ki, Məmmədovlara aid bizneslərin hamısı mükəmməl şəkildə əlaqələndirilib.

Məsələn, Bakı Taksi şirkətinin bütün kart ödənişləri Azərbaycan Bankı tərəfindən həyata keçirilir. Bu maliyyə təsisatı bütünlükdə taksi biznesini ələ keçirib. Bu bankın da adı Bağlan qrupunun çoxsaylı holdinqlərinin arasında çəkilir. Hazırda Anar Məmmədovun əmisi oğlu Ruslan həmin bankın idarə şurasının üzvüdür. Bu bankın sədri isə eyni zamanda həm də ZQAN holdinqin vəzifəli menecerlərindəndir.

Holdinq sərnişinləri də unutmayıb. Bakının “London taksi”lərinin bütün sərnişinlərini sığortalamaq səlahiyyəti də holdinqin ixtiyarındadır.

AVROPANI TALEYƏ TAPŞIRIBLAR

Michael Weiss yazır ki, Azərbaycanın Avropadakı lobbiçilik işinə son dərəcə varlı fövqəladə hallar nazirinin oğlu Tale Heydərov cavabdehdir.

Müəllif Qafqaz üzrə ekspert Oliver Bullough-dan sitat gətirir: «Tale şəhər uşağıdır və təhsillidir, şahzadə Harry ilə gəzib-dolaşır və Azərbaycanın imicinin yaxşılaşdırılmasına böyük məbləğdə pullar qoyur. O, ölkəsini etibarlı enerji partnyoru kimi təqdim etmək istəyir».

FP-nin məqaləsində deyilir ki, Tale Heydərov özünün Avropa Azərbaycan Cəmiyyətini (European Azerbaijan Society - TEAS) müstəqil qurum kimi təqdim etməyə çalışsa da, onun siyasi aspektdəki fəaliyyəti Dağlıq Qarabağda erməni təcavüzü və Qərbin ikili standartlarının tənqidi ilə məhdudlaşır.

Kəmaləddin Heydərov
Kəmaləddin Heydərov

Müəllif diqqəti belə bir məqama çəkir ki, TEAS-ın hazırkı direktoru Lionel Zetter «Lobbiçilik: Siyasi Təlqin Sənəti» adlı kitabın müəllifidir.

Jurnalist bildirir ki, cənab Zetter FP-yə elektron məktubunda TEAS-ın Bakıdakı rejimlə hər hansı bağlılığını inkar edir. O, israr edir ki, Tale Heydərov yalnız öz ölkəsinin təbliğatı ilə məşğuldur.

FP yazır ki, bu «təbliğata» Britaniya millət vəkillərinin Azərbaycana dəbdəbəli və pulsuz səfərlərinin təşkil olunması da daxildir.

Jurnalist əlavə edir ki, Tale Heydərovun kəramətini görmək üçün heç Bakıya səfər etməmək də olar. Belə ki TEAS 2013-cü ildə Britaniyanın üç əsas siyasi partiyasının qurultaylarının keçirildiyi yerlərdə caz festivalları təşkil edib.

Məqalədə bildirilir ki, hazırda Britaniya parlamentinin 25 deputatı TEAS-ın üzvüdür.

«AMERİKALILAR ÇOX SƏHV EDİRLƏR…»

FP TEAS-ın məşvərət şurasında əyləşən Şimali İrlandiya baronu, lord Kilclooney ilə də telefon söhbəti edib.

Baron son illərdə TEAS-ın heç bir yığıncağına qatılmadığını desə də, cəmiyyətin Əliyevpərəst təbliğat apardığının şahidi olmadığını söyləyib. O, hətta Amerikadan səslənən tənqidlərə də cavab verib: «Amerikalılar çox səhv edirlər. Mən onların nə dediklərinə heç məhəl də qoymuram».

Tale Heydərov və İlham Əliyevlə şəxsən görüşdüyünü və bu görüşlərdən məmnun qaldığını bildirən baron razılaşır ki, Azərbaycanda insan haqlarının vəziyyəti əla deyil, lakin hökumət düzgün istiqamətdə irəliləyir.

O FP ilə telefon söhbətində deyib ki, Türkiyədə vəziyyət Azərbaycandakından pisdir və Amerika Azərbaycanda olduğundan daha çox adamı edam edir (?!).

Tale Heydərov
Tale Heydərov

Məqalədə həmçinin Tale Heydərovun NATO ilə sıx əlaqələr qurmağa çalışmasından bəhs edilir.

DEMOKRATİYA KEŞİKÇİLƏRİNİN XƏYANƏTİ

Müəllif yazır ki, TEAS Britaniyada olduğu kimi Qərbi Avropanın başqa ölkələrindəki millət vəkillərini də Azərbaycanın dostlarına çevirir və bütün bunlar həmin bu millət vəkillərinin əyləşdiyi Avropa qurumlarını rəsmi Bakının dostu edir.

Michael Weiss-in fikrincə, demokratiyanın taleyi üçün cavabdeh olan Avropa qurumlarının Azərbaycana olan üzgörəliyi də burdan qaynaqlanır: Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı qətnamələri bir qayda olaraq dişsiz olur, rəsmi Bakı üçün icbari xarakter daşımır, səslənən bütün kəskin tənqidlərə baxmayaraq, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti cəza olaraq səs hüququndan məhrum edilmir.

Məqalədə qeyd olunur ki, hətta Avropa Parlamenti də Azərbaycan korrupsiyasına bulaşdıqları iddia edilən 6 üzvü barədə heç bir intizam tədbiri görməyib.

Məşhur «Kürü diplomatiyası» hesabatını hazırlamış Avropa Stabillik Təşəbbüsü təşkilatının sədri Gerald Knaus-un fikrincə, bütün bunlar, rəsmi Bakıya imkan verir ki, opponentlərinə desin: «Bizi utandıra bilməzsiniz, əksinə, biz sizi utandırarıq və siz də bunu qəbul edərsiniz. Sizi hətta Avropanın demokratiya keşikçiləri də atıblar...».

CORLEONELƏRDƏN DAHA USTA


«TEAS-ın Avropada Əliyevpərəst siyasətçiləri səfərbər edə bilmək qabiliyyəti həm də ona görə məntiqsiz görünür ki, ABŞ hökuməti Tale Heydərovun atasını çox yaxşı tanıyır. Dövlət Departamenti əvvəllər onun başçılıq etdiyi Dövlət Gömrük Komitəsini Azərbaycanın ən korrupsiyalı qurumu adlandırıb», müəllif yazır.

Məqalədə deyilir ki, ikinci ən qüdrətli ailə sayılan Heydərovlar klanı meyvə şirəsindən tutmuş daşınmaz əmlaka qədər nə varsa, hamısına nəzarət edir.

Michael Weiss məqaləsini «Xaç atası» filmindəki məşhur epizodla tamamlayır.

Bu epizodda Michael Kay-ə belə deyir: «Beşcə ildə Carleonelər ailəsi tamamilə legitim olacaq».

«Lakin Xəzər Corleoneləri böyük pulun və usta təbliğatın köməyi ilə Qərbə isbat ediblər ki, bu işi daha qısa müddətdə görə biliblər, faciə ondadır ki, bütün bunlar heç kimi narahat etmir», müəllif yazır.

XS
SM
MD
LG