Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:46

Marquez haqqında 7 həqiqət


Gabriel Garcia Marquez
Gabriel Garcia Marquez

-

Nobel mükafatlı Kolumbiya yazıçısı, magik realizmiylə milyonlarla oxucunu ovsunlamış Gabriel Garcia Marquez haqda 7 həqiqət

1. Marquez-in nənəsi Tranquilina Iguarán Cotes-in çox güclü fantaziyası olub. Maqruez ona "Mina nənə" deyərmiş. Onun danışdığı fantastik nağıllar, hekayətlər dahi yazıçı üçün ilk ilham mənbəyi olub. Üstəlik də Mina nənənin, uydurduğu həmin fantastik hekayətləri inandırıcı danışmaq qabiliyyəti də varmış. “Yazıçı olacağımı doğulandan bilirdim… Yazıçılıqdan başqa bir peşə sahibi olacağımı ağlıma da gətirmirdim. Düşünürdüm ki, yazmasam, yaşaya bilmərəm. Hətta acından ölməyə də razı idim, təki yazıçı olum” – deyə Maqruez sonralar yazırdı.

2. Universitetdə hüquq fakültəsində təhsil alan Marquez 2 ildən sonra oxumağın daşını atır ki, jurnalistika ilə məşğul olsun. “Mən jurnalistikaya ona görə gəldim ki, bu, hekayələr nəql etmək üçün bir imkandı… Biz jurnalistikaya ədəbi janr kimi baxmalıyıq”.

3. “Yarpaq fırtınası” Marquez-in ən zəif satılan əsəri olub. Tənqidçilər tərəfindən yüksək qiymətləndirilsə də, əsər kommersiya baxımından uğursuzluğa düçar olub. Gənc yazıçı bu romandan “bir qara qəpik” də xeyir görməyib. Marquez sonralar dillər əzbəri olacaq xəyali Makondo kəndindən də ilk dəfə olaraq “Yarpaq fırtınası”nda söz açır.

4. Siyasi səbəblərdən Avropaya qaçmalı olan Marquez Parisdə çox korluq çəkir. Bir ara hətta aclıq ona elə güc gəlir ki, zibil qablarını da eşələməli olur.

Gabriel Garsia Marquez
Gabriel Garsia Marquez

5. 1961-ci ildə Marquez ABŞ-da persona non grata (arzuolunmaz şəxs) elan edilir. Onun ABŞ ərazisinə daxil olması qadağan olunur. Bu onun Kuba diktatoru Fidel Castro ilə dostluğu ilə bağlı idi. Qadağanı onilliklər sonra ABŞ prezidenti seçilmiş Bill Clinton ləğv edir. Marquez onun ən sevimli yazıçılarından idi. Sonradan onlar dost olurlar.

6. 1997-ci ildə Kubada silsilə partlayışlar törədilir. Kuba hökuməti əmin idi ki, bu partlayışlarda ABŞ-da, Floridada yaşayan kubalı mühacirlərin əli var. Marquez Kuba lideri Castro ilə söhbəti zamanı təklif edir ki, həmin mühacirlərin zorakı planları barədə məlumatlar ABŞ prezidenti Clinton-a çatdırılsın. Bu işdə öz vasitəçiliyini də təklif edir və Castro onun məxfi mesajla Clinton-un görüşünə getməsinə razılıq verir.

7. 1999-cu ildə Marquez-də xərçəng xəstəliyi tapılır. Memuarlarını və planlaşdırdığı iki hekayə toplusunu başa çatdıra bilməyəcəyindən ehtiyatlanan yazıçı dostları ilə ünsiyyəti minimuma endirir, səfərləri, tədbirləri təxirə salır, telefonu xətdən ayırır: “Hər gün fasilə vermədən səhər saat 8-dən günorta 2-cən yazırdım”. Xoşbəxtlikdən yazıçını müalicə etmək mümkün olur və onun ömrü 15 il də uzanır.

Huffington Post

Hazırladı: Rövşən

XS
SM
MD
LG