Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:50

"Axı niyə Mirzə İbrahimovu Hüseyn Cavidlə üz-üzə qoyursunuz?" - Debat


Esmira Fuad və Rasim Garaca
Esmira Fuad və Rasim Garaca

-

Rasim Qaraca

- Gördüyünüz kimi, indi ən yaxşı sovet yazarları İsmayıl Şıxlı, Mirzə İbrahimovun əsərlərinə tələb yoxdur.

Mehriban Vəzir

- Sovet dövrünün əsərlərindən şedevr sayılan əsərlər var ki, bunlar uzun illər oxunacaq. Bu, Hüseyn Cavidin, Yusif Vəzir Çəmənzəminlinin əsərləridir.

Rəhim Əliyev

- Hüseyn Cavid Azərbaycan xalqı haqda bir dənə də əsər yazmayıb.

Könlünüzə yaxşı bir roman oxumaq düşsə, "Böyük dayaq", "Gələcək gün"ü seçərdinizmi? Mirzə İbrahimov Azərbaycan ədəbiyyatında qaldımı?

Azadlıq Radiosunun “Pen klub” proqramındakı debata Nizami adına Ədəbiyyat İnstitutunun "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsinin alimləri Rəhim ƏliyevEsmira Fuad, eləcə də şair Rasim Qaraca, yazıçı-publisist Mehriban Vəzir qatılıblar.

Səadət Akifqızı
Səadət Akifqızı

Səadət Akifqızı

- Esmira xanım, Mirzə İbrahimov Azərbaycan ədəbiyyatından qaldımı?

Esmira Fuad

- Bəli, qaldı, buna əminəm. Əgər bu günlərə qədər Mirzə İbrahimovun “Kəndçi qızı” pyesi Akademik Milli Dram Teatrında oynanılırsa. “Böyük Dayaq” filmi bu gün də sevilə-sevilə izlənilirsə, mütəmadi olaraq ekranlara çıxırsa, biz deyə bilmərik ki, Mirzə İbrahimov ədəbiyyat səhnəsində qalmayıb, təbii ki, qalıb. “Gələcək gün”ü, “Pərvanə”, “Közərən ocaqlar” romanını necə unutmaq olar? Mirzə İbrahimovun hekayələrinə baxanda aktuallığını hələ də qoruduğunu görürük. Publisist kimi də o hələ aktualdır. Bütün bunlara görə deyə bilmərik ki, Mirzə İbrahimov ədəbiyyat səhifəsində qalmayıb? Mirzə İbrahimov həm ictimai xadim kimi, həm alim kimi, həm nasir kimi, həm dramaturq kimi tariximizdə qalıb.

Rasim Qaraca

- Mən ümumilikdə, Mirzə İbrahimovun yaradıcılığına pozitiv baxıram, doğrudan da o öz dövrünə görə qiymətli işlər görmüş, qiymətli əsərlər yazmış, o dövr insanları tərbiyə etmiş bir yazıçıdır ki, insanlara ana dilini sevdirmişdir. Amma Esmira xanımdan fərqli olaraq düşünürəm ki, Mirzə İbrahimovun əsərləri dövrümüzdə aktuallığını itirib. Ola bilsin “Pərvanə” romanı o dövrün dil özəllikləri, insanların yaşam tərzini əks etdirmək baxımından müəyyən əhəmiyyət daşıyır. Amma hesab edirəm ki, bir yazıçının əsəri təkcə dil materialı olaraq qalmamalıdır, o dövrün romançılığı köhnəlmiş romançılıqdır. Bu, təkcə Mirzə İbrahimova aid deyil. O dövrün romançılığı həm iri həcminə görə, həm xroniki ardıcıllıqla yazılmasına görə, yeni nəsr tələblərinə ziddir. O baxımdan ola bilsin Mirzə İbrahimovun romanları müasir gənclik tərəfindən oxunmasın. Faktlara əsasən danışmalıyıq. Gördüyünüz kimi ən yaxşı sovet yazarları İsmayıl Şıxlı, Mirzə İbrahimovun əsərlərinə tələb yoxdur.

Esmira Fuad

- Rasim müəllimin fikirlərinə hörmətlə yanaşıram. Amma müasir gəncliyin zövqü dəyişib, maraq dairəsi dəyişib, orta nəslin Mirzə İbrahimova marağı olmadığını deyə bilmərik axı. İndi kitab dövrü deyil artıq.

Rasim Q.

Mirzə İbrahimov
Mirzə İbrahimov

- Hal-hazırda oxunurmu? Müəyyən klassiklərin əsərləri yenidən çap olunub. Naşirlər bu tələbi hiss edirlər. Məsəlçün, Çəmənzəminlinin, Mirzə Cəlilin əsərləri təkrar çap olunub. Müxtəlif nəşriyyatlar tarixin dərinliklərindən diri qalmış klassikləri seçərək yenidən çap edirlər. Amma Mirzə İbrahimovun kitabları yenidən çap olunurmu? Bəlkə N. Nərimanovun həyatını əks etdirən “Pərvanə” əsərini yenidən çap etməyə dəyər.

Esmira F.

- Mənə elə gəlir, Mirzə İbrahimovun və onun dövründə yaşamış bir çox yazarlarımızın yaradıcılığı diqqətdən kənarda qalıb, çünki kifayət qədər təbliğ olunmur. Düşünürəm ki, bu təbliğatı yuxarıdan göstərişlə aparmaq lazımdır. İlham Əliyevin sərəncamı ilə bir çox Azərbaycan yazarının kitabı yenidən latın qrafikası ilə çap olunub, bildiyim qədəriylə Mirzə İbrahimovun da əsərləri o sırada çap olunub.

Səadət A.

- Rasim bəy, siz necə bilirsiniz, Mirzə İbrahimovu və o dövrün bir çox yazarlarını rejimin yazarı adlandırmaq olardımı?

Rasim Q.

- Şübhəsiz Mirzə İbrahimov rejimin yazarı idi. Təpədən-dırnağa qədər sovet yazarı idi. Hətta dəqiqliklə deyə bilərəm ki, Mirzə İbrahimovun üç böyük romanı var, onların hər biri partiya sifarişi ilə yazılıb. Partiya belə əsərləri ən istedadlı adamlara yazdırırdı. Cənub mövzusunda əsərlər yazmaq özü də sovetlərin sifarişi idi, onlar bununla sərhədin o tayındakı zəhmətkeş xalqı ayağa qaldırmaq, Sovetə birləşdirmək istəyirdilər. O dövrdə belə bir proqram vardı və buna əsasən Mirzə İbrahimov “Gələcək gün” romanını yazmışdı. Həmçinin o, N. Nərimanov haqda da partiya sifarişi ilə yazmışdı. Axı M. İbrahimov Məmməd Əmin Rəsulzadə ilə bağlı yaza bilməzdi, ancaq Nərimanov haqda yaza bilərdi. Nərimanov isə sovetin ideoloji fiquru idi.

Deyə bilərəm ki, indiki müasir Azərbaycan gəncliyinin iki idealı var: biri Nərimanov, biri isə Rəsulzadədir. Çox gənclər Nərimanov kişiliyinin, şəxsiyyətinin arxasınca gedib. O dövr M. İbrahimovun psixoloji durumunu təssəvvür edək ki, o bir partiyadan bir partiya lideri haqda kitab yazmaq sifarişi alır, amma bir yandan da öz könlünün istəyini yerinə yetirir. Təəssüf ki, Məmməd Əminin müstəqil kişilik, əyilməzlik, dönməzlik obrazını o dövr kimsə yaratmırdı. Nərimanov idealı Məmməd Əmindən fərqli olaraq kiminsə qoltuğuna sığınmaq, ölkəni Rusiyayla birləşdirməyə çalışmaqla yadda qalıb. Deyim ki, Mirzə İbrahimov özü də Nəriman Nərimanov kişiliyinin təkrarı idi, kostyumlu, qalstuklu yazıçı necə ola bilər axı. M. İbrahimovun özünün sərbəst kişiliyi yox idi, məmur idi, qulluqçu idi və eyni zamanda yazıçı idi, o bu iki xətti eyni səviyyədə yürütməyə çalışırdı.

Səadət A.

- Amma M. İbrahimova Azərbaycan ədəbiyyatının simalarından biri, böyük şəxsiyyət kimi də yanaşmaq lazımdırmı?

Rasim Q.

- Əlbəttə ki, M.İbrahimov böyük şəxsiyyət deyildi. Onun tarixdə qalıb-qalmayacağı bilinmir. Bizim yazıçıların tarixdə qalmaq əndişəsi var. Öz sağlıqlarında tarixə möhürlərini vurmağa çalışırlar. Bu, qətiyyən normal deyil. Bunu iddia edən yazarın müdrikliyi çatmır.

Səadət A.

- İndi telefon xəttində Rəhim Əliyevdir. Rəhim bəy, sizin fikirlərinizi bilmək istərdik bu mövzuda, Mirzə İbrahimov Azərbaycan ədəbiyyatında qaldımı?

Rəhim Əliyev
Rəhim Əliyev

Rəhim Əliyev

- Nəinki Azərbaycan ədəbiyyatında, hətta tarixində də qaldı. Çünki, o, böyük yazar olmaqdan başqa, həm də böyük dövlət xadimi idi. Dostum Rasim Qaraca sovet dövründən qalma hər şeyə mənfi yanaşır. Mirzə İbrahimova da. Mirzə İbrahimov 20-ci ildən 90-cı ilə qədər yaşamış ən böyük ziyalılarımızdan biri idi. Ən qeyrətli adamlardan idi. Esmira xanım onun Azərbaycan dilinin təsdiqində rolundan danışdı. Xruşşova qədər Moskvada onu müzakirə ediblər. Onun adı gələndə zalda 15 dəqiqə əl çalırdılar. Çünki Mirzə İbrahimov Azərbaycan xalqının dilini müdafiə etmişdi.

Səadət A.

- Bəs yazıçı kimi onun ədəbi əsərlərinin bu gün üçün bir önəmi varmı?

Rəhim Əliyev

- Mirzə İbrahimovun “Gələcək gün” romanı Azərbaycan ədəbiyyatının şah əsərlərindən biridir. Ondan uca Azərbaycan ədəbiyyatında xalqın varlığını, dilini tərənnüm edən ikinci bir əsər yoxdur. Mirzə İbrahimov cənubi Azərbaycanda xalq hərəkatında iştirak etmişdi. O, başına gələn bütün işlərdən şərəflə çıxdı. Ömrü boyu cənubi Azərbaycana xidmət etdi. Onun xidmətlərini başqa adamlarınkıyla müqayisə etmək olmaz. Bəli, Mirzə nərimanovçuydu, amma onun kimi Səməd Vurğun da, Heydər Əliyev də nərimanovçu idi. nərimanovçuluq pis iş deyildi ki, Azərbaycan yüz il Rusiya ilə bağlı olub, Bakı şəhərində hər iki binadan biri o dövrdə tikilib. İndi deyək ki, sovet vaxtı hər şey pis idi, hamı da satqın idi? Axı bizim böyük adamlarımız olub o dövrdə, Axundzadəmiz olub. Mən üzümü tuturam gənclərə: böyük adamlarımızın qədrini bilməliyik, heç kəs kənarda Cəfər Cabbarlıya, Mirzə İbrahimova, Heydər Əliyevə, Səməd Vurğuna qiymət verməyəcək, gərək biz özümüz onların qiymətini verək. Tarixə baxanda insaflı olmaq lazımdır. Mirzə İbrahimov haqda Cəmil Həsənlinin kitabında yazılıb, Mirzə İbrahimovun bütün çıxışları orda yazılıb, baxın görün o necə Azərbaycanın mövqeyini müdafiə edib. O çox qeyrətli adam olub, Mirzə İbrahimovun yazıçılığını müzakirəyə qoymaq olmaz, bu ayıbdır.

Rasim Q.

- Ola bilsin nərimanovçuluq lazımlı, faydalı bir xətt idi, amma məmmədəminçilik də var axı. Necə ola bilər Bakıda Nərimanovun dağ boyda heykəli qoyulub, amma Məmməd Əmin Rəsulzadənin bir dənə heykəli yoxdur.

Rəhim Ə.

- Sovet vaxtı Məmməd Əminin adını çəkə bilməzdilər, adamın dilini kəsərdilər, Məmməd Əmin 1990-cı illərdə ortaya çıxıb. O dövrün vətənpərvərləri Mirzə İbrahimov idi, Mirzə Cəlil idi, Sabir idi, İman Mustafayev idi. Heç vaxt demək olmaz ki, sovet məmurları hamısı satqın olub. Onların içində yaxşılar da olub.

Səadət A.

- İndi telefon xəttində Mehriban Vəzirdir. Mehriban xanım Rəhim Əliyev bildirir ki, “Gələcək gün” ədəbiyyatımızın şah əsəridir. Siz necə düşünürsünüz, Mirzə İbrahimov bizim ədəbiyyat tarıximizdə qalırmı?

Mehriban Vəzir
Mehriban Vəzir

Mehriban Vəzir

- Bu çox mürəkkəb sualdır, cavabı birmənalı deyil. Qalır deyə bilmirəm. Ümumiyyətlə, bütün dünyada ədəbiyyatın yaşaması oxucuya bağlıdır, oxucunun alıcılığına bağlıdır. Bu gün bilmirəm Mirzə İbrahimovun əsərlərini alan, oxuyan varmı. Ola bilər “Gələcək gün” gözəl əsərdir. Amma bu gün oxunmur, 30 il sonra da oxunmayacaq. Bəlkə gələcəkdə nəyəsə görə gündəmə gələcək. Sovet dövrünün əsərlərindən şedevr sayılan əsərlər var ki, bunlar uzun illər oxunacaq. Bu, Hüseyn Cavidin, Yusif Vəzir Çəmənzəminlinin əsərləridir. Mən hələ ki Mirzə İbrahimov və bu qəbildən yazarların əsərlərinin dönəminin bitdiyini müşahidə edirəm. Alıcı gedib cibindən pul verib onu alıb oxuyurmu.

Rəhim Əliyev

- Siz bazar haqqında danışırsınız, kitab bazarı başqa şeydir. Siz Azərbaycan xalqının taleyindən, gələcəyindən danışırsınız axı. Kitabı almırlarsa, almasınlar, nə olacaq ki, Hüseyn Cavid 50 il qadağan olunub, məgər o yox oldumu tarixdən? Siz Hüseyn Cavidlə Mirzə İbrahimovu səhv edərək üz-üzə qoyursunuz. Hüseyn Cavidin yaradıcılığında Azərbaycan xalqının taleyi yox idi, Mirzə İbrahimovda, Səməd Vurğunda vardı. Niyə aləmi bir-birinə qarışdırırsınız belə. Bunlar xalqın ilk akademikləridir, xalqın taleyini, tarixini yazıb. Axı niyə Mirzə İbrahimovun əleyhinə Hüseyn Cavidin adını çəkirsiniz, heç dəxli var? Hüseyn Cavid Azərbaycan xalqı haqda bir dənə də əsər yazmayıb.

Mehriban V.

- Mən etiraz edirəm. Rəhim müəllim səhv edir, kimsəyi bir-birinə qarşı qoymuram. Səməd Vurğun da böyük yazardır. Onlar satqın olsalar da, olmasalar da biz onların xələfləriyik, onlardan imtina edə bilmərik. Bu tarixdir və olub keçib Rəhim müəllim. Onda biz tamam başqa şey deyə bilərik ki, Mirzə İbrahimovun əsərləri nə Azərbaycan xalqının taleyi, nə güzgüsüdür. Bu, tamam proletariat ədəbiyyatıdır.

XS
SM
MD
LG