Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:26

Azərbaycan jurnalistikasının əsas problemi


Qəzetlərin tez-tez məhkəməyə verilməsi məmurlar arasındakı çəkişmələrin nəticəsidir
Qəzetlərin tez-tez məhkəməyə verilməsi məmurlar arasındakı çəkişmələrin nəticəsidir

Son vaxtlar Daxili İşlər Nazirliyi (DİN) ilə bəzi qəzetlər arasında məhkəmə mübahisələrinin yaranmasını ekspertlər əsasən siyasi motivlərlə izah edirlər. Daxili İşlər naziri Ramil Usubov deyir ki, onlar həmişə bugünkü reallığı düzgün əks etdirən jurnalistlərlə əlaqə saxlayırlar, amma polisin fəaliyyətinə kölgə salan, polisin şərəf və ləyaqətini alçaltmağa çalışanlarla da qanun çərçivəsində mübarizə aparacaqlar. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov əlavə edir ki, reallığı düzgün əks etdirən jurnalistlərlə əməkdaşlıqla eyni zamanda polisin işinə kölgə salan jurnalistlərə qarşı mübarizə aparılmasında ziddiyyət yoxdur.


Avqustun 11-də isə Nəsimi Rayon Məhkəməsi DİN-nin daha bir iddiasını təmin edərək, «24 saat» qəzetini və onun redaktoru Fikrət Fərəməzoğlunu 500 yeni Azərbaycan manatı məbləğində cərimələyib. Nazirliyin iddiasına səbəb «24 saat» qəzetində «Ramil Usubov Azərbaycandan qaçmaq istəyir» başlıqlı məqalənin dərc edilməsi olub. Həmin məqalədə iddia edilib ki, Daxili İşlər Naziri Azərbaycanı tərk etmək istəyərkən, onu Gəncə Hava Limanında saxlayaraq geri qaytarıblar. Ehsan Zahidov deyir ki, belə bir böhtana cavab verməmək mümkün deyildi: «Bu qəzetlər polis orqanlarını gözü götürməyən hansısa qüvvələrin əlində alətə çevriliblər».


Məhkəməyə heç bir tutarlı sübut verə bilməyən «24 saat» qəzetinin redaktoru Fikrət Fərəməzoğlu isə DİN-nin onları məhkəməyə verməsini heç də sözü gedən məqaləylə izah etmir. Fikrət Fərəməzoğlunun sözlərinə görə, nazirliyin rəhbərliyi bəzi qəzetlərə hücuma keçməklə Hacı Məmmədov olaylarından sonra ictimai fikirdə onlara qarşı yaranan tənqidi zəiflətmək məqsədini güdür: «Yəni Daxili İşlər Nazirliyinin rəhbərliyi bu məhkəmələrlə qəzetlərə demək istəyir ki, bizdən yazmayın. Çünki Hacı Məmmədov olaylarından sonra çox pis vəziyyətə düşüblər».


Bəzi müşahidəçilər görə, Azərbaycan jurnalistikasında əsas problemlər bir sıra qəzetləri himayə edən siyasətçi və məmurlar arasında gedən çəkişmələrindən yaranır. «Qanun» jurnalının redaktoru Şahbaz Xuduoğlu deyir ki, bəzi media orqanlarının təmsilçilərinin bu siyasi çəkişmələrdə əsgər rolunu oynaması söz və mətbuat azadlığına qarşı hücumlara əlverişli şərait yaradır: «Jurnalistika gərək bu çəkişmələrin fövqündə dayansın və onu obyektiv şəkildə dəyərləndirməyə çalışsın. Əks halda bu çəkişmədə ziyan çəkən mətbuat olacaq».


Bəzi təhlilçilərin fikirlərinə görə, bu şəraitdə yeganə çıxış yolu peşəkar prinsipləri əsas götürən jurnalistlərin həmrəyliyidir. Bu həmrəylik hansısa siyasətçinin, məmurun mənafeyi ətrafında yox, jurnalistikanın ümumi prinsipləri ətrafında nümayiş edilməlidir.


XS
SM
MD
LG