Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:36

Hər kənddən bir namizəd...


Marneulidə yaşayan azərbaycanlılar, 21 mart 2006
Marneulidə yaşayan azərbaycanlılar, 21 mart 2006
Oktyabrın 5-də Gürcüstanda yerli özünü idarəetmə orqanlarına keçiriləcək seçkilərdə 214 min Gürcüstan azərbaycanlısı iştirak edəcək. Onlardan 65 mini Qardabani rayonunda yaşayan azərbaycanlıdır. Bu rayonda azərbaycanlılar əhalinin 90 faizini təşkil edir

«Sakrabulo» seçkiləri


Qardabanidə seçkilər «sakrabulo» adlanan yerli özünü idarəetmə orqanlarına keçiriləcək.


«Sakrabulo» Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrdən xeyli dərəcə də fərqlənir. Bu idarəetmə orqanını Gürcüstanda hətta kiçik parlament adlandırırlar. Budəfəki seçkilərdə isə «sakrabulo» seçilməsində bəzi dəyişikliklər olub. Əvvəlki seçkilərdə hər kənddən əhalinin sayına görə 5 ya 7 «sakrabulo» üzvü seçilirdi. Sonradan kənddən seçilmiş üzvlər öz aralarından rayon «sakrabulo»suna bir üzv-yəni deputat seçirdilər. Sonda isə prezident aparatı tərəfindən onların arasından bir nəfər «qamqebelo», yəni rayon rəhbəri seçilirdi.


Rayon mərkəzində yaşayan Böyükxanım xala seçki keçiriləcəyini elə bizdən eşitdiyini söylədi: «Bilmirdim vallah, indi bilirəm»
Budəfəki seçkilərdə isə hər kənddən yalnız 1 «sakrabulo» nümayəndəsi yəni bir deputat seçiləcək və elə o da rayon «qamqebelo»sunda kəndi təmsil edəcək. Daha bir fərq isə odur ki, rayon rəhbəri yəni «qamqebelo» artıq prezident aparatı tərəfindən deyil, məhz rayon bələdiyyəsinin üzvlərinin ümumi səsverməsi ilə müəyyən olunacaq. Rayon rəhbəri seçilmək üçün yalnız bələdiyyənin üzvü olmaq şərti qoyulmur, ayrı-ayrı şəxslər də müstəqil şəkildə namizədliklərini irəli sürərək «qamqebelo» seçilə biləcəklər.


Bülletenlər həm də Azərbaycan dilində olacaq


Qardabanidə yaşayan azərbaycanlılar üçün daha bir yenilik də var. Qardabani rayonun aid olduğu 21 saylı seçki dairəsinin sədri Mamuko Pxeladzenin dediyinə görə, bu rayonda sənədlər üç dildə-Azərbaycan, gürcü və rus dilində aparılır: «Bunu ona görə edirik ki, rayonda çoxluq təşkil edən azərbaycanlı əhali öz seçimlərini düzgün edə bilsinlər».


Lakin Gürcüstanın seçki məcəlləsində seçki sənədlərinin milli azlıqların dilinə tərcümə olunması ilə bağlı heç bir bənd yoxdur. Gürcüstandakı Azərbaycan səfirliyinin mətbuat katibi Elxan Poluxovun sözlərinə görə, bu qanun yox, Azərbaycan səfirliyinin səyi nəticəsində Gürcüstanın ATƏT qarşısında götürdüyü öhdəlikdir: «Bu təklifi nəzər alaraq ATƏT Gürcüstan dövlətinə ünvanlanmış tövsiyələrində belə bir tövsiyə də əlavə etmişdi ki, Gürcüstanda yaşayan əksər milli azlıqların dillərinə seçki ilə bağlı olan materiallar tərcümə olunsun».


Bir çox seçki məntəqələrində hər üç dildə, gürcü, Azərbaycan və rus dillərində seçici siyahısına rast gəlinsə də cənab Poluxov fikirləşir ki, bu öhdəliyə lazımi qədər əməl olunmur: «Seçkilərə az müddət qalsa da bu vədlər yerinə yetirilməyib. Seçicilərin əllərinin boyanması haqqında qırar olsa da əhali bundan xəbərsizdir». Qardabanidə yaşayan əhalindən bəziləri seçkilərin keçiriləcəyindən xəbərdar deyillər, ya da bu, seçkilərin onların həyatında bir dəyişiklik edəcəyinə inanmır.


Seçici seçkidən xəbərsizdir


Rayon mərkəzində yaşayan Böyükxanım xala seçki keçiriləcəyini elə bizdən eşitdiyini söylədi: «Bilmirdim vallah, indi bilirəm». Lakin, o, əlavə etdi ki, seçkidə iştirak edəcək. Kimə səs verəcəyini soruşanda isə Böyükxanım xala dedi kim yaxşıdır, ona.


Rayon mərkəzinə iş dalınca gəlmiş Kosalı kənd sakini Tapdıq Məsimov isə seçkilərin onun gözlədiyi kimi olmayacağını dedi: «Razocaharavatsya oldum. Dedilər demokratik seçki olacaq. Okazivaetsya anti demokratik seçki gedir. Bircə nəfər kandidat gedir bizim kənddən. başqalarını götürmədilər. Bircə nəfərdi. 4 nəfər idi. Onları geri elədilər, qoymadılar».


21 saylı seçki dairəsinin sədri Mamuko Pxeladze məsələyə bu cür aydınlıq gətirdi: «Biz Kosalıdan cəmi bir ərizə forması almışıq, ona görə də orda bir namizəd var. Bülletendə həmin adamın ad və soyadı olacaq. Əgər əhali ona səs vermək istəsə verəcək, istəməsə də verməyəcək».


Alternativsiz seçki


1 namizədlə seçkilərə qatılan yalnız Kosalı kəndi deyil. Qardabani rayonunun 10 kəndində vəziyyət bu cürdür
1 namizədlə seçkilərə qatılan yalnız Kosalı kəndi deyil. Qardabani rayonunun 10 kəndində vəziyyət bu cürdür. Bu məsələ Gürcüstandakı Azərbaycan səfirliyində də narahatlıq doğurub. Cənab Poluxov: «Bizim apardığımız təhlillər nəticəsində məlum olub ki, Kvemo-Kartli bölgəsinin azərbaycanlılar məskunlaşdığı əsas kəndlərində yalnız bir namizəd qeydiyyata alınıb. Bu da o deməkdi ki, bu dairələrdə seçkilər alternativsiz keçiriləcək. Əhali səs versə də verməsə də artıq bu namizəd keçmiş hesab olunur və ona rəqabət yaranmır. Rəqabət olmadığı yerdə isə seçilən adam verdiyi vədləri heç yerinə yetirməyə bilər».


Üz tutduq Kosalı kəndinə. Kəndin daşlı-kəsəkli və toz-duman bürümüş yollarından keçən marşrutda seçkidən daha çox yolların bərbadlığından danışırdılar. Kosalı kəndində ilk rast gəldiyimiz məhz namizədliyi geri qaytarılan kənd sakini oldu. Adını deməkdən və müsahibə verməkdən imtina edən bu şəxs sadəcə dedi ki, onun namizədliyini qanunsuz yolla geri qaytarıblar. Yəni namizədlərin sənədlərinin qəbuluna hələ bir gün qalsa da onun sənədi gecikmə adı ilə qəbul olunmayıb. Şəxsiyyətinin niyə gizlətdiyini isə belə izah etdi ki, indi onu izləyirlər. Kosalı Kəndin digər sakinləri isə seçki haqında danışmaqdan ehtiyat edirdilər:


«Allah köməyin olsun. Nə adımı deyirəm, nə familiyamı. 65 yaşım var. Seçki indiyədək mənə heç nə verməyib». Bəzi kənd sakinləri isə hətta namizədin kim olmasından xəbərsiz idi.


«Seçkidə iştirak edəcəyik. Görək deputat kim olur?


-Sizin kənddən neçə deputat var?


-Bilmirəm, deyə bilmərəm


-Maraqlanmamısınız?


-Xeyr»


Seçkilərin əhəmiyyətinə inanmayan kənd sakinləri seçiləcək adamın heç olmazsa yolları düzəldəcəyinə ümid etdiklərini bildirdilər. Dedilər yol bizim ən böyük problemimizdir.


XS
SM
MD
LG