Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:28

Londonda BP-nin Azərbaycandakı fəaliyyətinə etiraz


BP-nin Londondakı qərargahı önündə etiraz aksiyası
BP-nin Londondakı qərargahı önündə etiraz aksiyası

-

Platform təşkilatı, BP-nin də iştirakı ilə neft şirkətlərinin Azərbaycan hökuməti ilə imzalamış olduğu «Əsrin Müqaviləsi»nin 20 illiyi münasibətilə BP-nin Londondakı qərargahı önündə aksiya keçirib.

«BBC Azərbaycanca»nın məlumatına görə, təşkilat, BP-nin Əliyev hakimiyyətindən «98 siyasi məhbusun azad edilməsi və başqa insan haqları müdafiəçilərinin həbs edilməyəcəyinə dair zəmanət» tələb etməsini istəyib və eyni zamanda şirkətin gələn il Bakıda keçiriləcək Avropa Oyunlarına sponsorluğunu dayandırmasını tələb edib.

Aksiya iştirakçıları əllərində həbsdə olan fəal Rəsul Cəfərov, hüquq müdafiəçisi İntiqam Əliyev və QHT rəhbəri Emin Hüseynovun şəkillərini saxlayıb və «BP, repressiyaları qızışdırmağı dayandır» plakatını açıblar.

Platform təşkilatının enerji siyasəti kampaniyaçısı Emma Hughes tələblərin qeyd olunduğu məktubu BP əməkdaşına təqdim edib.

«BP-DƏN TƏLƏB EDİRİK Kİ, AZƏRBAYCANDA DEMOKRATİK HAKİMİYYƏT YARANMAYANA QƏDƏR ƏLİYEVLƏ ƏLAQƏLƏRİ DAYANDIRSIN»

BP-nin Londondakı ofisi deyib ki, 12-yə yaxın adamın iştirak etdiyi aksiyadan xəbərdardır. «Biz onlardan məktub aldıq və məktublarına cavab olacaq», BP-nin mətbuat xidməti BBC Azərbaycancaya deyib.

Emma Hughes deyir ki, etiraz aksiyasını keçirməkdə məqsədləri «Azərbaycanda vətəndaş cəmiyyətinin təzyiqlərə məruz qalması və bir sıra hüquq müdafiəçisinin və insan haqları fəallarının həbsidir».

«BP ilə Azərbaycan hökuməti arasında imzalanmış «Əsrin Müqaviləsi» neft müqaviləsinin üzərindən 20 il keçir. Azərbaycan hakimiyyəti bu müqavilədən əldə etdiyi pullar hesabına Azərbaycanda insanları repressiyalara məruz qoyur və bu resurslardan istifadə tamamilə korrupsiyaya uğramışdır», xanım Hughes deyir.

«Buna görə də BP-dən tələb edirik ki, Azərbaycanda demokratik hakimiyyət yaranmayana qədər Əliyevlə əlaqələri dayandırsın».

«BU LAYİHƏLƏRDƏN GƏLƏN GƏLİRLƏRİN AZƏRBAYCANDA DEMOKRATİYA VƏ İNSAN HAQLARINA TƏSİRİNİ ÖYRƏNİRİK»

Kampaniyaçının sözlərinə görə, Bakıda da bu münasibətlə aksiya keçirilməli idi. «Lakin indi Azərbaycanda etiraz etmək mümkün deyil və belə aksiyalara görə insanları həbs təhlükəsi gözləyir. Ona görə də qərara gəldik ki, BP-nin Londondakı qərargahı önündə toplaşaq».

Platform London şirkəti Azərbaycanda 90-cı illərin sonlarından fəaliyyət göstərir. Beynəlxalq neft sənayesinin sosial, iqtisadi və ətraf mühitə təsirini araşdıran təşkilat, Azərbaycanla bağlı növbəti tədbirini oktyabr ayında Britaniya Parlamentində keçirməyi planlaşdırır.

«Biz, neft və qazın, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ölkəyə təsiri ilə bağlı fəaliyyət göstərmişik. İndi isə Cənubi Qafqaz qaz kəmərinə nəzarət edirik. Bu kəmərlərin keçdiyi ərazilərdə yaşayan insanların həyatı ilə maraqlanırıq. Eyni zamanda bu layihələrdən gələn gəlirlərin Azərbaycanda demokratiya və insan haqlarına təsirini öyrənirik», Emma Hughes deyir.

Onun sözlərinə görə, indiki vəziyyət BP-yə də sərf edir, «çünki onlar vətəndaşların razılığını əldə etmək məcburiyyətində deyillər, sadəcə hakimiyyətlə əməkdaşlıq edirlər».

«BP Azərbaycanda xeyli nüfuza malikdir. Demək olar ki, bu şirkət Əliyevi indiki vəziyyətə gətirib çıxarıb, ona güc verib. Onlar Azərbaycandakı siyasi məhbus məsələsini qaldıra bilər, hakimiyyətə deyə bilərlər ki, bu problemləri aradan qaldırmayınca sizinlə əməkdaşlıq etməyəcəyik. Onlar bu mənada ölkədə tutuqları mövqedən istifadə etmirlər».

Etiraz aksiyasında 10 nəfərə qədər Platform fəalı iştirak edib.

«BİZ PLATFORM TƏŞKİLATI İLƏ YAXINDAN İŞLƏYİRİK, ONLARLA DİALOQDAYIQ. ONLAR BİZƏ MƏKTUB YAZIB VƏ BİZ DƏ CAVAB VERMİŞİK. BİZİM BU TƏŞKİLATLA YAXŞI ƏLAQƏLƏRİMİZ OLUB, VAR VƏ OLACAQ»

Tamam Bayatlı
Tamam Bayatlı

«BP Azərbaycan» şirkətinin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı Platform təşkilatının BP-nin Londondakı qərargahı önündə keçirdiyi aksiyaya münasibət bildirərkən belə deyib. O bildirib ki, Azərbaycanla əlaqələr şirkətin standartlarına uyğundur və bu standartları dəyişmək fikrində deyillər:

«BİZ HƏMİŞƏ ÖZ DƏYƏRLƏRİMİZƏ HÖRMƏTLƏ YANAŞMIŞIQ»

«Azərbaycanın ən böyük qaz və neft layihələrinin əməliyyatçısıyıq. Bizim biznesimizin aparılması üçün hansı qurumlarla, hansı təşkilatlarla işləmək lazımdırsa, onların hamısı ilə işgüzar əlaqələr qurmuşuq. Bu əlaqələr bizim standartlara, dəyərlərə uyğun qurulub. Hansı ölkədə işləməyimizdən asılı olmayaraq biz həmişə öz dəyərlərimizə hörmətlə yanaşmışıq. O cümlədən Azərbaycanda. Burada bizim standartlarımıza uyğun iş əlaqələri qurulub. Bundan sonra o cür də işləyəcəyik. Biz onları dəyişmək fikrində deyilik».

«BİZ... YENİ DÜŞÜNCƏ VƏ TƏFƏKKÜR TƏRZİ GƏTİRİRİK»

Tamam Bayatlı bildirib ki, təmsil olunduğu şirkət Azərbaycanda cəmiyyətin bütün zümrələri ilə işləyir:

«BP şirkəti olaraq inanırıq ki, hansı ölkədə işləməyimizdən asılı olmayaraq, bizim biznesimizdən həm cəmiyyətə, həm icmala mənfəətlər gəlməlidir. Hamı bizim biznesdən bəhrələnməlidir. Bizim standartlarımız belədir ki, cəmiyyətin bütün zümrələri, təbəqələri ilə yaxından işləyək, elə edək ki, bizim o ölkədəki işlərimizdən xalq, cəmiyyət bəhrələnə bilsin. Bizim Azərbaycanda da belə məramımız var. Biz burada 20 ildir ki işləyirik. Bu illər ərzində neft və qaz əməliyyatları ilə yanaşı ölkənin sosial və iqtisadi inkişafına da töhfələr verməyə çalışmışıq. Biz işlədiyimiz yerlərdə yeni düşüncə və təfəkkür tərzi gətiririk».

XS
SM
MD
LG