Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:46

Azərbaycanın «ictimai rəy yaratmaq» kampaniyası «New York Times»a da çatır


Brenda Shaffer
Brenda Shaffer

-

“The New York Times" qəzeti sentyabrın 6-da yazmışdı ki, ABŞ ictimai rəyinə təsir və özünün “mühüm təhlükəsizlik partnyoru” olması ideyasını təlqin etdirmək üçün Bakı Birləşmiş Ştatlarda analitik mərkəzlərlə əlaqələrini genişləndirməyə cəhd edir. Bəzi sənədlər yayan qəzet qeyd edirdi ki, “bu, real nəticələr verən kampaniya olub”.

Bundan cəmi 3 gün sonra elə həmin qəzet bir müəllifin Azərbaycan-Ermənistan münasibətlərinin gərginləşməsinə dair məqaləsini dərc etmişdi. Amma qəzet həmin müəllifin Azərbaycan hökuməti ilə bağlarını açıqlamırdı.

Məqalədə belə bir mülahizə yürüdülürdü ki, mart ayında Rusiya Ukraynanın Krım yarımadasını özünə ilhaq edəndən sonra Dağlıq Qarabağ regionu “Rusiyanın növbəti torpaq zəbt etməsinin hədəfi” ola bilər”.

Sentyabrın 9-da dərc olunmuş məqalənin müəllifi İsrailin Hayfa Universitetininin siyasətşünaslıq professoru, hazırda Georgetown Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Tədqiqatları Mərkəzində araşdırmaçı olan Brenda Shaffer idi.

Müəllifin titullarının sırasında onun Azərbaycan dövlətinin neft nəhəngi – SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayevin “strateji məsələlər” üzrə müşaviri olduğu göstərilməmişdi.

Xanım Shaffer-in SOCAR-dan verilmiş vizit kartı "The New York Times" qəzetinə göstərildikdən sonra qəzet sentyabrın 17-də Shaffer-in məqaləsinə “redaktor qeydi”ni əlavə edib. Bu qeyddə deyilirdi ki, “müəllifin Azərbaycanın dövlət neft şirkətinə müşavir olması göstərilməyib halbuki Shaffer real və potensial maraqlarının toqquşması barədə bəyanat verməyə öhdəliyi olan müqavilə imzalayıb”.

Berlində mənzillənmiş Avropa Stabilliyi Təşəbbüsü mərkəzinin rəhbəri Gerald Knausun fikrincə, Shaffer-in məqaləsində tamamilə doğru olaraq göstərilir ki, Rusiyanın bütün qonşuları Moskvanın Ukraynada yürütdüyü aqressiv siyasətlərdən narahatdır.

Gerald Knaus sentyabrın 16-da AzadlıqRadiosuna deyib:

"Məncə burada iki məqam var. Təbiidir ki, Rusiya ilə qonşu olan hər bir ölkə Rusiyanın öz iradəsini zor gücünə Ukraynaya təlqin etməsinin zahiri uğurundan təsirlənib. Bu, göz qabağındadır. Lakin bu arqumentin arxa tərəfində budur ki, məhz bu səbəbdən Qərb Azərbaycan hökumətinin davranışına baxmayaraq, onu bütün hallarda dəstəkləməlidir. Mən bu arqumenti Azərbaycanla bağlılığı olan çox sayda adamlardan, həm Vaşinqton, həm də Brüsseldəki Azərbaycan hökuməti lobbiçilərindən eşitmişəm. Lakin mən belə düşünmürəm”.

Lakin o, məqalənin belə bir sətirarası tonu ilə razılaşmır ki, məhz bu səbəbdən də Qərb Azərbaycan hökumətinin davranışına baxmayaraq, onu bütün hallarda dəstəkləməlidir. O belə bir arqumenti Azərbaycanla bağlılığı olan çox sayda adamlardan, hətta Azərbaycan hökuməti lobbiçilərindən eşitdiyini bildirir.

Bakıda ABŞ-ın keçmiş diplomatı olmuş müstəqil insan haqları fəalı Rebecca Vincent AzadlıqRadiosuna yazdığı elektron məktubunda bildirir ki, "belə görünür, Azərbaycan rəsmiləri Ukraynadakı böhran və regionda baş verən başqa hadisələrdən diqqəti həmişəkindən indi daha pis olan insan haqlarının vəziyyətindən, ölkədə davam edən hücumlardan yayındırmaq üçün istifadə edirlər”.

“Hazırda ölkədə sənədləşdirilmiş 98 siyasi məhbus var” – yazır Vincent.
Azərbaycan rəsmiləri Qərbin ölkənin insan haqlarına dair tənqidlərini qərəzli və yanlış adlandıraraq dəfələrlə rədd ediblər.

Shaffer bu hesabatı şərh etməsi üçün ona ünvanlanan çoxsaylı ricalara cavab verməyib. Georgetown Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Tədqiqatları Mərkəzinin direktoru Angela Stent də şərh barədə ricaları cavabsız buraxıb.

Lakin SOCAR-ın sözçüsü Nizaməddin Quliyev AzadlıqRadiosuna deyib ki, Shaffer heç vaxt SOCAR üçün işləməyib.

“Mən SOCAR-da yeddi ildir ki, işləyirəm, - deyib Quliyev, - onun bu şirkət üçün işlədiyini heç vaxt eşitməmişəm”.

Bütün bunlara baxmayaraq, aydın olan budur ki, Shaffer ən azı 2013-cü ilin əvvəllərindən özünü Rövnəq Abdullayevin müşaviri kimi təqdim edib. O, Enerji Ticarəti Proqramının 2013-cü il, martın 18-də Budapeştdə keçirilən seminarında da məhz bu qismdə iştirak edib.

Enerji sənayesində adının çəkilməsini istəməyən bir mənbə AzadlıqRadiosuna bildirib ki, Shaffer ilin əvvəllərindən bəri özünü məhz bu cür təqdim edib və hətta SOCAR-ın vizit kartını göstərib.

Lakin bir sıra hallarda Shaffer SOCAR-a işlədiyini bildirməyib. Onun Georgetown Universitetinin internet səhifəsindəki tərcümeyi-halında yalnız bir vaxtlar İsrail hökumətinin müşaviri olduğu yazılır.

O, iyunun 15-də "The Washington Post" qəzetində məqalə dərc etdirib və bu zaman özünü yalnız Georgetown Universitetində ezamiyyətdə olan mühazirəçi kimi təqdim edib. O, avqustun 3-də "Wall Street Journal” qəzetində dərc edilmiş yazısında da belə təqdim olunub.

Reuters agentliyinin ara-sıra yazan şərhçisi olmaqla yanaşı Brenda Shaffer başqa media çıxışlarından da Azərbaycanı Qərbin tərəfdaşı və Avropanın enerji təhlükəsizliyində potensial həlledici oyunçu kimi tərif etmək üçün istifadə edərkən də SOCAR-laöz bağlılığını açıqlamayıb.

May ayında Platt’s Energy Week telekanalına Azərbaycanın Avropanın enerji narahatlıqlarını azaltmaq iqtidarında olması barədə müsahibəsi zamanı da moderator onu yalnız Georgetown Universitetinin mühazirəçi professoru, araşdırmaçı və Avrasiya regionu üzrə ekspert kimi təqdim edib.

Bu müsahibədə Brenda Shaffer Bakının Rusiyanın Krımı ilhaq etməsini pisləyən qətnaməyə səs verməsini “çox mühüm addım” adlandırıb.
Brenda Shaffer Platts Energy Week telekanlaında bu mayın 4-də yayəılan müsahibəsində deyirdi:

"Məncə BMT-də Rusiyanın Krımı ilhaq etməsini pisləyən qətnaməyə səs verilməsi çox mühüm hadisə idi. Azərbaycan üçün Rusiyanın həmsərhəd qonşusu olaraq bu səsvermədə Birləşmiş Ştatları dəstəkləyən yeganə ölkə olması asan məsələ deyildi. Bu çox çətin qərar idi…"

Brenda Shaffer ABŞ Konqressinin hər iki palatasının komitə və alt komitələrində ifadə verib.

İyunun 11-də ABŞ Helsinki Komissiyası qarşısında ifadə verən xanım Shaffer özünün yalnız Georgetown Universiteti ilə əlaqəsini göstərib.

“Son iki onillik ərzində ABŞ Azərbaycanı Vaşiqnton üçün mühüm olan təhlükəsizlik təşəbbüslərinə qoşulmağa çağırıb – deyib Shaffer dinləmə zamanı – Bakı Rusiya və İrandan qaynaqlanan ciddi reaksiyalara və nərticələrə baxmayaraq, ABŞ-ın bu ricalarına həmişə müsbət cavab verib”.

Bakının tez-tez tənqid olunan insan haqları tarixçəsi barədə danışarkən xanım Shaffer deyib ki, “ABŞ-ın bu barədə siyasəti belə bir müddəaya söykənir ki, “canlı vətəndaş cəmiyyəti stabillik yaradır”. Lakin bu müddəa belə bir faktı nəzərə almır ki, dünyanın çox yerlərində vətəndaş cəmiyyətinin ünsürləri demokratiya və stabillikdə maraqlı olmayan xarici ölkələrlə əlaqəli olurlar”. Onun bu şərhləri Azərbaycanın dövlət mediasında müsbət qiymətlə işıqlandırılıb.

İyul ayında xanım Shaffer “Avropada enerji təhlükəsizliyi”nə dair ABŞ Senatının Avropa Məsələləri alt komitəsi qarşısınsda verdiyi ifadədə, özünü yenə də yalnız Georgetown və Hayfa Universitetinin nümayəndəsi kimi təqdim edib. O bu ifadədə həmişə etdiyi kimi, ABŞ-ı SOCAR-ın rəhbərlik etdiyi Cənub Qaz Dəhlizini dəstəkləməyə çağırıb.

Aprel ayında Brenda Shaffer Konqresdəki brifinqlərdən birində Avropanın enerji təhlükəsuizliyinə dair mövqeyini tədim edib. Aprelin 11-də keçirilmiş bu tədbirdə ikinci çıxışçı SOCAR-ın Birləşmiş Ştatlardakı nümayəndəsi Rauf Məmmədov olub.

Brenda Shaffer açıq-aşkar Azərbaycanda insan haqlarının tənqid olunmasını yersiz sayır.

2013-cü ilin oktyabrında Azərbaycanın “Contact” xəbər agentliyinin Azərbaycandakı 9 oktyabr seçkilərinin ABŞ-da tənqidinə həsr olunmuş məqaləsində Brenda Shaffer-dən iqtibas olaraq deyilirdi: Azərbaycan tez-tez tənqid olunur, halbuki başqa ölkələrin real problemləri var”.

İqtibasda daha sonra deyilirdi ki, “Azərbaycan Əliyevə etimad göstərməlidir, çünki o, “sülh, stabillik və iqtisadi inkişaf” gətirib”.

XS
SM
MD
LG