Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:23

Azərbaycan niyə maraqsızdır?


Seymur Baycan
Seymur Baycan

-

...Xorla deyəcəklər - hə də, xristianlar bir birlərinə dəstək verirlər.

Lap tutaq ki, dəstək verirlər. Əcəb edirlər. Siz də bir birinizə dəstək verin. Azərbaycanlılar, ümumiyyətlə müsəlmanlar məsuliyyətdən yaxa qurtarmaq üçün belə bəhanələr uydurmaqda püxtələşiblər.

Seymur Baycan

AZƏRBAYCAN NİYƏ MARAQSIZDIR?

Kulturoloq Elmir Mirzoyevin “Azərbaycan niyə maraqsızdır?” yazısını oxudum.

Yazının adının sonuna qoyulmuş sual işarəsi birbaşa cavab istəyir.

Azərbaycan ona görə maraqsızdır ki, Azərbaycanlıların özü maraqsızdır.

“Axşam olsaydı yatardıq” fəlsəfəsiylə yaşayan adamlar, yaxud axşam olsaydı yatardıq fəlsəfəsiylə yaşayan adamların yaşadıqları ölkə necə maraqlı ola bilər.

Onlar axşam olsaydı yatardıq sözünü dilə gətirərkən heç də zarafat etmirlər. Bu həqiqətən də belədi. Zövqsüzlük, bayğılıq, görməmişlik adamın ürəyini bulandırır.

Metro qatarı tuneldə dayananda təkəri partladı, benzini qurtardı deyən adamların yaşadığı ölkə niyə maraqlı olmalıdı. Bu adamlar əlli ilin zarafatlarını, lətifələrini, Azərbaycan filmlərindən əzbərlədikləri atmacaları gündəlik söhbətlərində işlətməkdən, təkrarlamaqdan yorulmurlar ki, yorulmurlar.

Tanıdım gülsatan qız, şəhərdə üç-üç gəzmək qadağandı, saqqal Ramiz... of adam hətta heç təkrarlamaq da istəmir.

Özü də bu sözləri hər bir təbəqədən olan azərbaycanlılar istifadə edir. Hər ay müxtəlif müəllif yazılarında belə adlar görürəm- çağırsa ellər gedərəm filan yerə...

Yazı yazırsan, adamların yazıya bir cümləlik münasibəti hazırdı- davam edir 37.

Bəsdirin də, öz savadsızlığınızı, zövqsüzlüyünüzü nümayiş etdirib özünüzü biabır etməkdən yorulmadınız?

"Qoçaq, sən orda neynirsən?"
"Qoçaq, sən orda neynirsən?"

Sizin o baxdığınız filmlərdən sonra nə qədər filmlər çəkilib. Başa düşün dünyada Əhməd haradadı filmindən başqa nə qədər filmlər var. Əlbəttə bir filmə baxıb həmin filmdəki hadisələrlə ölkədə baş verən hadisələrlə, öz şəxsi həyatın arasında paralellər aparmaq istedad, zəhmət tələb edir.

Azərbaycanlıların böyük əksəriyyətinin hobbisi, nəsə bir sahəyə marağı yoxdu.

Nadir istisnaları nəzərə almıram, bu nadir istisnalar çox təəssüf ki, mənzərəni dəyişmir.

Çox istərdim bir qəzet, bir televiziya küçədə adamlar arasında sorğu aparsın. Soruşsunlar görək bizim insanların bir hobbisi varmi. Görək hər yüz adamdan neçəsinin nəyə marağı var.

Azərbaycanlılar bir şeyə maraq göstərirlərsə bilin ki, maddi maraq güdürlər. Dünya isə təkcə puldan ibarət deyil. Onlar isə düşünürlər ki, dünya təkcə puldan ibarətdi.

Pulun varsa hər şey edə bilərsən. Hətta öz mənəvi boşluğunu da pulla doldura bilərsən.

Məsələn, gedib bahalı brendləri alıb əyninə geyinərsən , evini bahalı mebellərlə, əşyalarla doldurarsan və hər şey bitər.

Halbuki, az pulla maraqlı həyat yaşamaq mümkündü. Bu da insandan zövq və istedad tələb edir.

Hər yerə mərmər döşəməklə iş bitmir. Buyurun, Rustavi şəhərində bir insan, Qari Şapizde, uşaq baxçasının direktoru sıradan çıxmış, yeni öz ömrünü təyyarə kimi başa vurmuş təyyarədən uşaq baxçası düzəldib.

İstedadla və zövqlə həyata keçirilmiş bir iş nə qədər jurnalistin, nə qədər xarici vətəndaşın diqqətini çəkib, çəkməkdədir. Azerbaycanlılar isə düşünürlər ki, hər yerə mərmər döşəməklə regionun lider dövlətinə çevriləcəklər.

Sizin mərməriniz heç kimə lazım deyil. Daha doğrusu heç kimə maraqlı deyil. Əgər kimsə hər hansı əcnəbi bu mərmər döşənmiş küçələri, zövqsüz tikilmiş binaları tərifləyirsə bilin ki, onun maraqları var.

Səmimi deyillər. Sadəcə bizi tərifləyib dolayırlar. Həm də pul qazanırlar.

Düzdü, bəziləri yenə azərbaycanlıların gürcülərlə müqayisə etməyimizdən və üstünlüyü gürcülərə verməyimizdən cırnayacaqlar. Bu adamlar Gürcüstanı, gürcüləri, gürcü mədəniyyətini tanımayan adamlardı.

Bir də ki, hər şeyi pulla, zövqsüz bərbəzəklə, bayağı təmtəraqla ölçən adamlara zövqdən, fədakarlıqdan, orjinal ideyaların əhəmiyyətindən danışmaq həqiqətən də mənasızdı.

Mən qonşularımızdan xeyli misallar gətirə bilərəm, lakin sıradan çıxmış təyyarədən uşaq baxçası düzəltmiş bir baxça direktorunu nümunə gətirmək arif adamlar üçün yetərlidi.

Başa düşməyənlər üçün istəyirsən burda epopeya yaz, yenə də xeyri yoxdu. Sözün həqiqi mənasında bir çox insanlar gürcülərdən və Tiflisdən niyə bu qədər yazmağımızı anlaya bilmirlər.

Onlar elə düşünürlər ki, biz sadəcə cığalllıq edərək adamları, özümüzünküləri cırnatmaq istəyirik. Əlbəttə dünyaya yaradıcı yöndən baxa bilməyən adamlar Tiflisdən heç bir zövq ala bilməyəcəklər.

Onlara mərmər döşənmiş bir uzun bulvar lazımdı o tərəfə bu tərəfə gəzsinlər arada bir ürəkləri istəyəndə də şitlik edib mərmərin üstündə sürüşsünlər.

Çox darıxanda bir birlərini bıçaqlasınlar. Hətta bir çox azərbaycanlılar Tiflisin paxıllğını çəkirlər. Gəlirlər bura, ora bura gəzib qayıdırlar ölkələrinə və deyirlər - getdik gördük, nədieeeeeeeeeee ora.

Əlbəttə sizin üçün heç nədi. Siz görmək istədiyiniz ticarət mərkəzləri, alış-veriş mərkəzləri, bahalı mallarin satıldığı mağazalar burda yoxdu.

O mağazalar ki, sizin üçün muzeyi, incəsənət mərkəzlərini, operanı, teatrı əvəz edir. Gedin o mağazaları başqa yerdə axtarın.

Siz Tiflisin köhnə küçələrində gəzərkən heç düşündünüzmü ki, bir vaxtlar bu küçələrdən Mirzə Cəlil, Üzeyir bəy, Axundzadə keçib. Bu küçələrdə onların ruhu dolaşır.

Bu şəhərdə "Molla Nəsrəddin" jurnalı nəşr olunub. Bu şəhərdə sizin fəxr etdiyiniz şərqin ilk demokratik respublikası Azərbaycan Demokratik Respublikası elan olunub. Bunları heç düşündünüzmü?

Düşünmədinizsə əlbəttə kasıb bir şəhər sizin üçün maraqsız olacaq. Qınamıram. Hərə bu dünyanı öz anlayışları ilə ölçür, hər kəs dünyanı öz baxışlarıyla qəbul edir.

Gürcüstan - təyyarədə uşaq bağçası
Gürcüstan - təyyarədə uşaq bağçası

Əgər bir şəhərdə böyük ticarət mərkəzləri alış-veriş mərkəzləri yoxdursa oranı azərbaycanlılara necə sevdirmək olar. Dubay olan yerdə Tiflis azərbaycanlıların nəyinə lazımdı.

Yekə-yekə istirahət mərkəzləri, yekə-

Gürcüstan - təyyarədə uşaq bağçası
Gürcüstan - təyyarədə uşaq bağçası

yekə zövqsüz restoranlar tikməklə əcnəbilərdə ölkənizə maraq oyada bilməyəcəksiniz.

Görəsən nə qədər adam bilir Hacı Muradın qəbri Azərbaycan ərazisindədi. Qax rayonunda. O qəbri bir balaca qaydaya salıb, yanına bir məlumat lövhəsi vurub,

yolun qırağına qəbrin yerini göstərən bir işarə qoysanız bəyəm dünya dağılar?

O qəbr gürcülərin əlində olsaydı Erkin Qədirli demişkən, yanına da beş-altı əhvalat da quraşdırıb gəlib gedəni aparcaqdılar ora. Azərbaycanlıların əhvalatı yoxdu. Əhvalat quraşdıra bilmirlər.

Əhvalatsız ölkə, əhvalatsız insan da başqalarında maraq oyatmır. Yadıma bir əhvalat düşdü.

Bir tarixçi dostumla Tiflisdə tarix muzeyində gəzirdik. Muzeyin işçisi danışırdı.

Tarixçi dostumun yerinə mən olsaydım tez tarixçi olduğumu bildirərdim, mübahisə edərdim, muzeyin işçisinin səhv dediyini üzünə vurardım.

Bu adam isə heyrət etdiyim bir səbrlə muzeyin işçisini dinləyirdi. Sonra həmin tarixçi (Almaniyada yaşayır. Azerbaycanlıdı) dedi

- Bilirsən, bunlar da nağıl danışır, amma məsələ ondadır ki, nağıl danışmağı bacarırlar. Biz heç onu da bacarmırıq.

Bu mənada hörmətli Erkin Qədirlinin (zəruri qeyd: Erkin müəllim belə ağıllı sözləri qədim vaxtlarında deyirdi. Yəni, Sarkisyanı siçan dərmanıyla öldürüb sonra bu cinayəti başqasının üstünə atmaq eşqinə düşməmişdən əvvəl ) nə demək istədiyini anlayıram.

Erkin müəllimin sözündə böyük həqiqət var. Hər şeyin əhvalatı olmalıdı. Ölkənin, insanın, restoranın, firmanın, mağazanın, hər şeyin. Əhvalatsız alınmır.

Azərbaycanın, azərbaycanlıların əhvalatı yoxdu. Əhvalat düzəldə bilmirik. Təkcə Vasif müəllim əhvalat düzəltməyə çalışır. O da təkdi . Tək olduğuna görə də alınmır. Həm də elə böyük mövzulardan yapışıb ki, bu mövzularda (Məsələn, Nuh peyğəmbər) əhvalat düzəltmək bir balaca çətindi.

Biz elə bilirik ki, gələn qonağın qabağına müxtəlif növ kabab düzməklə ölkəyə maraq oyadacayıq.

Düzdü, həqiqətən də azərbaycanlılar çox gözəl kabab hazırlayırlar. Bu işdə nə türklər, nə gürcülər, nə iranlılar, nə də ermənilər bizim heç tozumuza da çata bilməzlər, lakin tək kababla iş bitmir.

Qonağı aparırıq tez restorana kababdan sifariş verib tökürük qabaqlarına. Elə bilirik yaxşı işlə məşğuluq. Almaniyada yaşayan bir dostumuz var. Deyir: Azərbaycana getmək mənim üçün işgəncədi. Qohumlarımız bir bir aparırlar restorana, kababdan yedizdirirlər...

O cür məclislərdə də söhbətin nədən gedəcəyini təsəvvür etmək heç də çətin deyil.

Yadıma düşmüşkən bir məsələni də yazım. Acından ölən Gürcüstan (sözün həqiqi mənasında Gürcüstan əhalisinin böyük hissəsi kasıbçılıqdan böyük əziyyət çəkməkdədi), bu kasıb ölkə indi büdcədən pul ayırıb gürcü yazıçılarının əsərlərini başqa xalqların dillərinə çevirir.

Sabah hansısa bir gürcü yazıçısı dünyanın nüfuzlu bir mükafatını alanda bizim əbədi “minusovkamız” işə düşəcək, xorla deyəcəklər - hə də xristianlar bir birlərinə dəstək verirlər.

Lap tutaq ki, dəstək verirlər. Əcəb edirlər. Siz də bir birinizə dəstək verin. Azərbaycanlılar, ümumiyyətlə müsəlmanlar məsuliyyətdən yaxa qurtarmaq üçün belə bəhanələr uydurmaqda püxtələşiblər.

Heç kim əlini ağdan qaraya vurmaq istəmir, Heç kim fədakarlıq etmək istəmir, sonra da oturub saatlarla müzakirələr aparırlar və bu suala cavab tapmaq istəyirlər- “Biz niyə bu gündəyik?”

Bizim adamların ayaqyoluna “mədəniyyət evi” adı qoyması onların mədəniyyətə münasibətinin səmimi göstərcisidi. Onlar zarafat etmirlər, onlar ciddidirlər. Ayaqyoluna “mədəniyyət evi” adı qoymaq onların mədəniyyətə münasibətinin, daxili dünyalarının sözlə ifadəsidi.

Müxtəlif məkanlarda, müxtəlif məclislərdə bu sözü müxtəlif təbəqələrdən olan adamların dilindən eşitmişəm. Həkimin, tələbənin, müəllimin, iş adamının, məmurun, kəndlinin, fəhlənin dilindən- “gedim bir mədəniyyət evinə dəyim gəlim, gedim bir mədəniyyət evinə baş çəkim gəlim”...

Reytinq

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG