Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:50

Qubad İbadoğlu: «Seçkinin nəticəsi Müsavatın gələcəyi ilə bağlı müəyyən narahatlıq yaradır»


Qubad İbadoğlu
Qubad İbadoğlu

-

Gözlə

No media source currently available

0:00 0:03:50 0:00
Direct-ə keçid

Müsavat Partiyasının başqan postuna keçmiş namizədi, seçkini 28 səs fərqi ilə uduzan Qubad İbadoğlu AzadlıqRadiosuna müsahibə verib.

- Qubad bəy, seçki təəssüratınız necədir? Müsavatın başqan seçməsi ilk dəfə olmasa da, ilk dəfədir ki, yeni başqan köhnə başqan deyil...

- Əslində, yeni seçilmiş başqan partiyanın əvvəlki kursunu olduğu kimi saxlamaq, status-kvonu qorumaq niyyətindədir. Bu, həm də bizim platformamızdakı fərqlər idi. Düşünürəm ki, seçkidə ədalət prinsipi pozulsa da, yenə də Müsavat Partiyasının köhnə kursunun saxlanmasını qoruya bildik. Öz platformamıza gəlincə, qeyd etmək istəyirəm ki, mübarizəni intellektual və ideoloji müstəvidə gücləndirmək istəyirdik. Bu, bizim digər namizədlərin platformaları arasındakı ciddi fərqlərdən biri idi. İkinci məqsədimiz Müsavat Partiyasının gəncləşdirilməsi ilə bağlı idi. Qurultay nümayəndələrinin arasında cəmi iki gənc təmsil olunurdu. Biz Müsavatın yeni dönəmində idarəetmədə gənclərə daha geniş yer ayırmaq istəyirdik. Məclis seçkisinin nəticələri göstərdi ki, Məclis üzvü olmaq istəyən gənclərdən yalnız Nigar Yaqublu dəstək ala bilib. Platformamızda yer tutan Müsavatın gəncləşdirilməsi siyasəti, təəssüf ki, reallaşmadı. Üçüncüsü, Müsavatın idarəçiliyi ilə bağlı yeniliklər etmək istəyirdik. Müsavat Məclisinin rolunu artırmaq, komissiyaların işini təşkil etmək, partiyanı daha hesabatlı etmək niyyətindəydik. Bu mənada seçkinin nəticəsi Müsavatın gələcəyi ilə bağlı müəyyən narahatlıq yaradır.

- Qubad bəy, siz «ədalətlilik prinsipinin pozulması» deyəndə, nəyi vurğulamaq istəyirsiniz: səslərin sayılmasındamı pozuntular baş verib, ya təbliğat-təşviqat prosesində problemlər yaşanıb?

- Səslərin sayılmasında heç bir pozuntuya yol verilməyib, şəffaf sayılıb, hesablanıb. Ədalətsiz prinsipinin pozulması deyəndə, bir namizədin xeyrinə səs verəcək qurultay nümayəndələrinin müəyyənləşdirilməsini vurğulayıram. Bundan başqa, seçkiyə bərabər şərtlərlə qatılmağı təbliğ etdik və mən Divan üzvlüyündən, Arif Hacılı Aparat rəhbərliyindən istefa versə də, onun istefası formal qaldı. Təbliğat-təşviqat prosesində müşahidələrimiz göstərdi ki, icra aparatı tam tərkibdə iştirak edir, həm təşkilatçısı, həm də təbliğatçısı kimi çıxış edir. Bundan başqa, Müsavatın qəbul etdiyi sənədə görə, təbliğat-təşviqat prosesində partiya başqanın adından sui-istifadə etmək qadağandır. Amma partiyanın icra aparatının əməkdaşları xüsusilə rayondan gələn üzvlərə bu mesajı çatdırdılar ki, İsa Qəmbərin namizədi filankəsdir. Seçicilərin iradəsinə təsir göstərildi. Əgər topladığımız səslər arasında ciddi fərqlər olsa idi, bunu heç qabartmazdım, amma gördüyünüz kimi bu hallar seçkinin nəticəsinə ciddi təsir edə bilib.

- Təkrar seçki tələbi səslənə bilərmi?

- Biz müzakirə edirik, seçki prosesindəki vəziyyəti təhlil edirik, məsləhətləşmələrimiz davam edir. Yekun qərarımızı bu həftənin sonuna qədər açıqlayacağıq.

XS
SM
MD
LG