Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:50

Atom bombası, Şəriət senzurası və Coşqu qığılcımları...


Aygün Aslanlı
Aygün Aslanlı

-

Bu film inkişaf eləmiş modern dövlət kimi tanıdılan İranın astar üzünü göstərir...

Məhz, kinematoqrafiyanın sayəsində bütün dünya atom bombası ilə Qərbi hədələyən İrandan fərqli, humanist dəyərlərə üstünlük verən, geniş dünyagörüşlü insanların yaşadığı bir İranın da olduğunu bilir...

Aygün Aslanlı

COŞQU QIĞILCIMLARI

(İran kinosu ilə bağlı ikinci yazı. Əvvəli burda)

60-cı illərin sonlarında Bəhmən Fermanara, Daryuş Mehrcuyi, Fərrux Qaffari kimi xaricdə təhsil almış rejissorlar İran kinematoqrafiyasında “Üçüncü cəbhə” adlanan hərəkata təkan verirlər.

Tamaşaçılar arasında böyük uğur qazanan farsi (musiqili-rəqsli cahil filmlər) filmlərə, İran bazarının yarıdan çoxunu işğal eləmiş əcnəbi kino məhsullarına alternativ olaraq başlanan hərəkatın məqsədi estetik qaydalara uyğun, insani, realist, eyni zamanda bəşəriyyətin iqtisadi, siyasi və mənəvi problemlərini əks etdirən fərqli kino yaratmaq idi.

Ən əsası isə bu kinonu avamlar da anlamalıydı.

“Cəbhə” ilə təxminən eyni illərdə Harvard məzunu İraj Sabet tərəfindən qurulmuş İran televiziyasının tərkibində gənc rejissorları dəstəkləyən “Azad kino” təsis olunur, həmçinin Məhəmməd Rza şahın arvadı Fərəh Dibanın köməyi ilə “Uşaqların və Gənclərin İntellektual İnkişafı İnstitutu” qurulur və nəzdində kino bölməsi də təşkil edilir.

Bölməyə rəhbərlik yeni İran kinosunun yaradıcılarından biri olan Abbas Kiarostamiyə tapşırılır.

Bütün bu fəaliyyətlərin nəticəsində İran kinosu tezliklə dünyaya açılır.

Dariush Mehrjui iş başında
Dariush Mehrjui iş başında

1971-ci ildə Daryuş Mehrcuyinin “İnək” (“Gaav”) filmi Venesiya Kinofestivalında Kino tənqidçilərinin mükafatına layiq görülür, Avropa mətbuatı rejissoru “Venesiya festivalının ən böyük kəşfi”, “yeni Pazolini” adlandırır.

Bütün var-dövləti bircə inək olan və onu itirəndən sonra havalanan Məşədi Həsənin başına gələnlərdən danışan “İnək” filmi, Qərbə inkişaf eləmiş modern dövlət kimi tanıdılan İranın astar üzünü göstərirdi. Elə buna görə də senzura onun beynəlxalq festivallara göndərilməyinə çəkiləndən iki il sonra, titrlərə

"İnək" filminin posteri
"İnək" filminin posteri

“hadisələr 40 il əvvəl baş verib” cümləsini yazmaq şərtilə icazə vermişdi.

1975-ci ildə Fərrux Qaffarinin “Zəmbərək” filmi Kann festivalında və Paris Sinematekasında nümayiş olunur, İbrahim Gülüstaninin sənədli filmləri ard-arda iki il Venesiyada mükafatlandırılır.

1977-ci ildə Abbas Kiarostami “Hesabat” adlı ilk tammetrajlı filmini çəkir. “Hesabat” İran kinosunda səsi canlı yazılan ilk film sayılır.

Lakin 70-ci illərin sonlarına yaxın təzə-təzə dirçəlməyə başlayan İran kinosu növbəti böhran dövrünə qədəm qoyur. Ölkədə ictimai-siyasi vəziyyətin get-gedə gərginləşməyi, narazılıqların artmağı, amerikalı kino şirkətlərinin yerli istehsalatı sıxışdırmağı və kəskin senzura kinematoqrafiyanı məhvolma həddinə çatdırır. İranlı rejissorlar 1977-ci ildə tətbiq olunan senzura haqqında danışarkən “Molyeri ekranlaşdırmaq üçün icazə almağa getdik, Molyerin gəlməyini tələb elədilər” deyirdilər.

Və bu situasiya 1983-cü ilə qədər davam eləyir. İslam inqilabından sonra sadəcə hədəfləri dəyişən senzura daha da ağırlaşır.

“Qərbdən gələn digər şeylər kimi (teatr, rəqs, kişi və qadınların bir yerdə üzməyi) kino da gəncliyimizin mənəviyyatını pozur, onların fəzilətlərini və qəhrəmanlıqlarını boğur” deyən dindarlar “İranın, qərbin pozğun və ateist təsirindən təmizlənməsi naminə mədəni inqilab” adı altında bütün sahələrə hücuma keçir.

Ölkədəki ali məktəblər qeyri-müəyyən müddətə bağlanır, professorlar, tələbələr köhnə rejimlə əməkdaşlıqda təqsirləndirilərək qovulurlar, şah zamanında cəmiyyətin ictimai-sosial həyatında fəallıq göstərən qadınlar həbs olunur, işgəncələrə məruz qalırlar.

Ayətulla Xomeyni
Ayətulla Xomeyni

Xomeyninin elan elədiyi “mədəni inqilab” proqramına qarşı çıxanlar xüsusi inqilabi tribunallar, “yaradıcı cihad” və digər komitələr vasitəsilə cəzalandırılırlar.

Əcnəbi filmlərin nəinki nümayişi, hətta videokasetlərin saxlanılması və satışı qadağan olunur. Ayətulla Xomeyninin “Biz kinematoqrafiyaya qarşı deyilik, fəsad yayan işlərə qarşıyıq. Bir filmin təsiri yüz cild kitab və jurnaldan daha çoxdu” deməyinə baxmayaraq, yerli kino da “mədəni inqilab”dan öz nəsibini alır.

Cihan Aktaş “Şərqin şeiri: İran kinematoqrafiyası” kitabında həmin dövrü belə təsvir eləyir: “İnqilabdan sonrakı bir neçə ildə kino mühiti bədbin bir mənzərəyə sahib idi. Kino xadimlərinin, rejissorların bir qismi Qərbə köçmüş, bir qismi isə peşəsini dəyişmişdi. İnqilabdan dərhal sonra bütün kinoteatrların fəaliyyəti dayandırılmış, ancaq bir ay keçməmiş Mədəniyyət Nazirliyi onların təcili işə başlamalı olduqlarına qərar vermişdi”.

Nazirliyin bu qərarının ardınca həmin vaxta qədər çəkilmiş və ya idxal olunmuş filmləri saf-çürük eləyən şura yaradılır.

Ancaq qurum üzvləri öz aralarında hansılarının anti-imperialist, hansılarının inqilabi olduğuna bir türlü qərar verə bilmədiklərindən əvvəl türk, hind və yapon, sonra da amerikan filmlərinin idxalına qadağa qoyulur, yerli filmlər isə dəfələrlə kəsilib-doğranaraq “islami ölçülərə” uyğunlaşdırılandan sonra ekranlara buraxılır. 1981-ci ildən ssenari yazmaq üçün də icazə almaq tələb olunur, hətta kinoda işləyənlərə məcburi dini təhsil vermək təklif edilir.

Kamran Shirdel
Kamran Shirdel

A.Kiarostami, Kamran Şirdel, Məsud Kimyayi, D.Mehrcuyi, B.Fermanara, H.Daryuşun birgə bəyanatı olmasaydı, yəqin ki, böhran hələ uzun illər davam eləyərdi.

Artıq ustad adını qazanmış rejissorlar bəyanatda bildirirdilər ki, “dövlət mədəniyyət və incəsənət sahəsində heç bir siyasət tətbiq etmir, radio və televiziyanın atmosferi istibdad dönəmini xatırladır.

Kitabların məhv edilməsi, senzura, teatr qruplarına vəhşi hücumlar təzyiq əlamətləridi.

Sənətkarların barışmağını və təslim olmağını istəməsəniz, onlar cəmiyyətin həqiqətlərini öz xəyal gücləri ilə göstərərək xalqın və ölkənin inkişafına kömək edəcəklər”. (K.Çağlayan “İran kinosunun dosyesı”).

Rejissorların müraciəti, həmçinin şah dövrü sənətçilərinin həbsini tələb eləyən İrşad Nazirliyinə qarşı etirazlar nazirin dəyişdirilməsi, vəzifəyə Məhəmməd Xatəminin təyini ilə nəticələnir. Bundan sonra 1983-cü ildə Fərabi Kino İnstitutu yaradılır, Fəcr Kino Festivalı təsis olunur və İran kinematoqrafiyasının, hətta İraqla müharibənin davam elədiyi illərdə belə səngiməyən inkişafı başlayır.

Fərabi İnstitutunun nəzdində qurulan peşəkarlardan ibarət komanda bir neçə mərhələdən ibarət proqram hazırlayır.

Bura milli kinonun infrastrukturunu yaratmaq, texniki və iqtisadi problemlərin həlli, sənət baxımından keyfiyyətli məhsul istehsalının təmini, bundan ötrü ildə, ən azı, qırx film çəkmək, kino təhsili üçün imkanlar hazırlamaq və s. daxil idi.

“Təbliğat sayəsində yüzlərlə gənc kinoya meyllənir. 1984-cü ildə İranda artıq 22 film çəkilir, növbəti il isə onların sayı əlliyə çatır” (C.Aktaş).

Fəcr Film Festivalının posteri
Fəcr Film Festivalının posteri

Əcnəbi filmlərin idxalı da Fərabi İnstitutunun nəzarəti altında həyata keçirilir. Hər il İran ekranlarına çıxan 40 film dünya kinosunun usta rejissorlarının ən yaxşı filmləri arasından seçilir.

Əyalətlərdə kinoya maraq yaratmaq məqsədilə lokal xarakterli süjetlər dəstəklənir. 1987-ci ildən etibarən böyük ekranlara çıxan filmlər keyfiyyətindən asılı olaraq kateqoriyalar bölünməyə başlayır- ən yaxşı rejissor, ən yaxşı sssenari müəllifi və filmə daha yaxşı şərait yardılır, biletləri baha satılır, televiziyada, şəhər və əyalət mərkəzlərində, nəqliyyat vasitələrinin üzərində reklam edilir.

Abbas Kiarostaminin “Gilas dadı” kimi festivallarda qalib gələn, amma sadə tamaşaçılar tərəfindən o qədər də anlaşılmayan filmlər isə xüsusi kinoteatrlarda nümayiş olunur. Dahası, Fərabi İnstitutu İran kinosunun festivallarda iştirak miqyasını genişləndirməyə çalışır, belə ki, bəzən festivallara özəl filmlər də çəkilir.

1985-ci ildə Əli Naderinin “Qaçışçı” filmi Nant Festivalının baş mükafatını qazanır, 87-də “ən yaxşı əcnəbi film” nominasiyasında “Oskar”a namizəd göstərilir (İran hökuməti filmin iştirakına icazə vermir), 1986-cı ildə Məsud Cəfərinin “Soyuq yollar” filmi Berlin festivalına qəbul olunur, 1989-cu ildə isə mükafatlı filmlərin sayı səkkizə çatır. İran kino xadimləri bu dövrü “Coşqu qığılcımları dönəmi” adlandırırlar.

"Oscar" mükafatlı İran rejissoru Ashgar Farhadi, 24 fevral 2012
"Oscar" mükafatlı İran rejissoru Ashgar Farhadi, 24 fevral 2012

Təbii ki, İran kino mühiti güllük-gülüstan deyil.

Senzuranın qayçısı əvvəlki kimi işləyir, amma hökumət başçılarının, məmurların dünyagörüşündən asılı olaraq gah iti kəsir, gah da bir az demokratikləşir.

Məsələn, dövlət hesabına film çəkmək istəyən rejissorlar hələ 1998-ci ilə qədər ssenari üçün belə icazə almalı idilər. Hələ də islam dininə və onun atributlarına (peyğəmbərlər, imamlar, kitablar və s) həqarət sayılan, yaxud ölkəni gözdən saldığı düşünülən sözlər, epizodlar ya kəsilir, ya da yenidən çəkilməyi tələb olunur.

Bununla belə İranda artıq öz ənənələrinə, özəl kino dilinə malik, bünövrəsi möhkəm bir kinematoqrafiya yaranıb və o, beynəlxalq festivalların məmnuniyyətlə qəbul edilən qonağıdı.

Məhz, kinematoqrafiyanın sayəsində bütün dünya atom bombası ilə Qərbi hədələyən İrandan fərqli, humanist dəyərlərə üstünlük verən, geniş dünyagörüşlü insanların yaşadığı bir İranın da olduğunu bilir.

XS
SM
MD
LG