Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:34

Rəsul Cəfərov prezidentə müraciət etdi


Hüquq müdafiəçisi Rəsul Cəfərov
Hüquq müdafiəçisi Rəsul Cəfərov

-

Hüquq müdafiəçisi Rəsul Cəfərov azadlığa buraxılması ilə bağlı prezident İlham Əliyev və Baş prokuror Zakir Qaralova müraciət edib.

AZAD OLUNMASININ PREZİDENTDƏN ASILI OLDUĞUNU DƏRK EDƏRƏK...

Müraciət oktyabrın 16-da hüquq müdafiəçisinin facebook profilində yerləşdirilib. Oktyabrın 14-də Prezident İlham Əliyevə edilmiş müraciətdə hüquq müdafiəçisi bildirib ki, “indiyə qədər hüquq müdafiə fəaliyyətini güclü və firavan Azərbaycan üçün həyata keçirib və bundan sonra da eyni məqsədə nail olmaq üçün daha əzmlə, daha doğru, daha düzgün, daha şəffaf və geniş dialoq şəraitində davam etdirəcək”. Müraciətdə qeyd edilib ki, hüquq müdafiəçisi hələ həbsindən əvvəl istintaqın obyektiv aparılması üçün zəruri addımları atıb, bununla belə həbsdən azad edilməsinin İlham Əliyevdən asılı olduğunu anlayaraq prezidentdən azadlığa buraxılmasına sərəncam verməsini xahiş edib.

"ƏVVƏLKİ FƏALİYYƏTİMDƏ YOL VERİLƏN NÖQSANLARI..."

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti də Rəsul Cəfərovun prezident İlham Əliyevə müraciətini yayıb.

Müraciətdə hüquq müdafiəçisi bildirir:

«Əvvəlki fəaliyyətimdə yol verilən çatışmazlıqları və nöqsanları aradan qaldırmağa hazır olduğuma Sizi əmin edirəm. Bilik və bacarığımı, habelə potensialımı həbsdə deyil, azadlığa çıxaraq istifadə etmək niyyətindəyəm. Yuxarıda qeyd edilənləri nəzərə almağınızı və mənim həbsdən azadlığa buraxılmağıma sərəncam verməyinizi Sizdən xahiş edirəm».

EV DUSTAQLIĞINA BURAXILMAQ

Eyni zamanda Rəsul Cəfərov oktyabrın 15-də Baş Prokuror Zakir Qaralova da müraciət ünvanlayıb, avqustun 2-də seçilmiş həbs qətimkan tədbirinin yekunlaşması ilə əlaqədar ən azından ev dustaqlığına buraxılması ilə bağlı istintaq orqanına göstəriş verməsini xahiş edib. Cəfərov müraciətdə istintaqdan yayınmadığını, zəruri ifadə və sənədləri təqdim etdiyini, daimi yaşayış yeri olduğunu və fəaliyyətinin məlum olduğunu qeyd edərək həbsdə saxlanılması üçün heç bir ciddi əsasın olmadığını qeyd edib.

Hüquq müdafiəçisi bildirib ki, o həbsindən də əvvəl istər İlham Əliyevə, istərsə də digər rəsmi şəxslərə çoxsaylı müraciətlər ünvanlayıb. Bu müraciətin hazırda həbsdən göndərilməsi və məhz İlham Əliyev tərəfindən azadlığa buraxılmasına çağırış ittihamların siyasi motivli olduğunu bir daha sübut edir. R. Cəfərov onu da qeyd edib ki, əgər onun azadlığa buraxılması üçün bu müraciət lazım idisə, o bu müraciəti etdi, artıq cavab vermək qarşı tərəfin öhdəliyindədir.

BU NƏ ƏFV ƏRİZƏSİDİR, NƏ DƏ...

Bu müraciət yayılandan sonra Rəsul Cəfərovun facebook səhifəsində daha bir status yerləşdirilib. Hüquq müdafiəçisi müraciətinin əfv ərizəsi olmadığını vurğulayır:

"Yerli və beynəlxalq ictimaiyyətin marağını nəzərə alaraq xüsusilə qeyd etmək istəyirəm ki, bu müraciət nə əfv ərizəsidir, nə də indiyə kimi həyata keçirdiyim layihələrə görə heç bir peşmançılıq mövqeyin əks elətdirmir. Müraciətdə qeyd etdiyim kimi bir daha bəyan edirəm ki, indiyə qədər fəaliyyətim firavan və güclü Azərbaycanı, onun insan uğrunda olub və bundan sonra da fəaliyyətimi sırf bu istiqamətdə davam etdirəcəyəm", - Cəfərov yazır.

QİSAS ALMAQ DAVAM EDƏCƏK?

Həmin statusda qeyd olunur ki, avqustun 2-də seçilmiş həbs qətimkan tədbiri sona yaxınlaşdığı üçün Rəsul Cəfərov belə müraciət edib və bu müraciətə müsbət cavab verilməyəcəyi halda Cəfərov bunu ondan qisas almağı davam etdirmə kimi qəbul edəcək və bir daha rəsmi şəxslərə müraciət etməyəcək.

Rəsul Cəfərov avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq və vergidən yayınmaqda ittiham olunur. O həbsinin fəaliyyətilə bağlı olduğunu deyir. Amnesty International təşkilatı Cəfərovu vicdan məhbusu elan edib.

Bir müddət öncə NİDA gənclər hərəkatının üzvləri də azadlığa buraxılmaları ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər. Bəzi hakimiyyətə yaxın hüquq müdafiəçiləri yaxınlarda əfv olacağını istisna etmirlər.

XS
SM
MD
LG