Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:27

Xalid Bağırov: «Prezidentə müraciətlər əfv ərizəsi deyil»


Hüquqçu Xalid Bağırov
Hüquqçu Xalid Bağırov

-

Gözlə

No media source currently available

0:00 0:05:19 0:00
Direct-ə keçid

AzadlıqRadiosu bir çox ictimai fəala vəkillik etmiş hüquqçu Xalid Bağırovla müsahibəsində məhz “əfv ərizələri” məsələsinə diqqət yönəldib.

Son vaxtlar mediada həbsdəki ictimai fəalların Azərbaycan prezidentinə ard-arda müraciət ünvanlaması barədə xəbərlər yayılır. Özəlliklə sosial şəbəkələrdə və tənqidi mediada bu xəbərlər birmənalı qarşılanmır: kimi azadlığa çıxmaq üçün yerində atılmış, hətta gecikmiş addım adlandırır, kimi də müraciət müəlliflərini qınayır.

AzadlıqRadiosu bir çox ictimai fəala vəkillik etmiş hüquqçu Xalid Bağırovla müsahibəsində məhz “əfv ərizələri” məsələsinə diqqət yönəldib.

- Qanunla prezident kimi əfv edə bilər, kimi yox? Lütfən, bu məsələni açıqlayın...

- Əvf hüququ yalnız prezidentə məxsusdur. Prezident o şəxsləri əfv edə bilər ki, əvvəla, onların haqqında qanunla qüvvəyə minmiş hökm olsun. Əfv üçün müraciət edən şəxs ittiham olunduğu cinayət üzrə, – diqqət yetirin yalnız və yalnız ittiham olunduğu cinayət üzrə, – səmimi peşmançılığını bildirməlidir.

- Bu halda prezidentə son müraciətlər əfv ərizəsi sayılır, ya yox?

- Hüquqi baxımdan çətin məsələdir. Tutalım, Elsevər Mürsəlli müraciətində siyasətlə məşğul olduğuna peşmanlıq duyduğunu və bir daha siyasətlə məşğul olmayacağını yazır. Amma o, satış məqsədi ilə qanunsuz narkotik maddə saxlamaqda ittiham edilirdi. Ərizəsində isə narkotiklə bağlı hər hansı peşmançılığı bildirilmir. Barələrində qanuni qüvvəyə minmiş hökm olmayan adamlar da var. Bu tip müraciətləri necə əfv ərizəsi saymaq olar? İkincisi, təkrar edirəm, hər hansı şəxs ittiham olunduğu cinayət üzrə peşmançılığını ifadə etməlidir.

- Son vaxtlar prezidentə müraciətlərin çoxalması haqqında nə düşünürsünüz? Əvvəllər də belə meyl olub?

- Belə bir deyim var: Nə ağac çiçək açıb, nə də bar var, amma ağacdan meyvə dəymək istəyənlər çoxalır. Bu müraciətlərin artma səbəbi məndə də maraq doğurur. Axı heç əfv də gözlənilmir, amma prezidentə müraciətlər yazılır. Mən bilmirəm, bəlkə kimsə bunun marağındadır.

- Ola bilərmi hökumət öz sifətini saxlamaqla siyasi məhbusları azadlığa buraxmaq istəyir. Bəlkə beynəlxalq qurumların siyasi məhbusları azadlığa buraxmaq tələbləri məhbuslara əfv ərizəsi yazdırmaqla yerinə yetirilir?

- Əfv hanı? Əfv yoxdur, axı? Elsevər Mürsəllinin hökmünü dəyişdilər, Hilal Məmmədova 5 il iş verdilər. Hələ ki, bir-iki nəfər istisna olmaqla, müraciətçilərin heç birini buraxmayıblar.

- Onda niyə prezidentə müraciətlər edilir?

- Bəlkə də bu bir təbliğat maşınıdır. Bəlkə də heç yazılan əfv ərizələrindən yuxarıdakıların xəbəri yoxdur. Ayrıca diqqət çəkən məqam – yazılan müraciətlərin Penitensiar Xidmətin saytında yayımlanmasıdır. Əvvəllər belə hallar olmazdı. Mən bunun bir anlamını görmürəm. Yəqin həbs edilib, bizə də əfv ərizəsi yazdırandan sonra bu suala cavab tapa bilərik.

- Əfv ərizəsi yazmadığından İlqar Məmmədovun təzyiqlərlə üzləşdiyi bildirilirdi. Leyla Yunus, İlqar Məmmədov, eləcə də hüquqlarını müdafiə etdiyiniz digər məhbusların vəziyyəti necədir?

- Hər bir məhbusa bəlli şəkildə prezidentə müraciət yazmaq təklif olunur. Konkret misallar çəkmək istəmirəm, amma bildirirəm ki, hər bir məhbusa müraciət yazmaqla bağlı təklif, hətta təkid və basqılar edilir.

- Müraicətçilərin özü belə ərizələrdən nə deyirlər?

- Bəziləri deyirlər ki, o qədər bezdirdilər, sonunda yazdım. Bəziləri dözə bilmədiklərindən yazdıqlarını bildirirlər. Yəni, hərənin bir səbəbi var.

- Söylədiklərinizdən belə nəticə çıxır ki, prezidentə müraciətlə üz tutanların hər hansı şəkildə azadlığa çıxacaqlarına əminlik yoxdur. Belə olan halda bu ərizələr niyə yazılır və ya niyə yazdırılır? Bu, kimin marağındadır?

- Bu sualın cavabı mənə də maraqlıdır. Cavabı bilmirəm. Yalnız bununla bağlı bir neçə ehtimalım var: Əvvəla, ola bilsin, bu ərizələri hansısa aşağı səviyyəli bir məmur yazdırır. Tutalım, özünü gözə soxmaq istəyir. İkincisi, ola bilər, yuxarıdakılar bu ərizələri toplayıb kiməsə təqdim etmək istəyirlər ki, baxın, onlar yalnışlarını boyunlarına aldılar. Bəlkə də, ola bilər, “onlar geri adddım atdı” sayaq bir fon yaratmaq istəyirlər. Müxtəlif səbəblər var. Amma bu səbəblərdən hansı daha güclüdür, – bilmirəm. Hər biri də ola bilər, heç biri də.

XS
SM
MD
LG