Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:31

«The Economist» Leyla Yunusdan yazır


Leyla Yunus
Leyla Yunus

-

«ONUN BU DİQQƏTƏ EHTİYACI VAR»

«Leyla Yunus Avropa Parlamentinin azad düşüncəyə görə verdiyi Sakharov mükafatını qazanmadı, mükafat konqolu ginekoloqa təqdim olundu. Ancaq Yunus 3 finalçıdan biriydi. Bu, onun haqqında yazmağıma əsas verir, birbaşa desəm, onun bu diqqətə ehtiyacı var».

«The Economist» jurnalının Azərbaycanda repressiyalar və həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus barədə məqaləsi bu sözlərlə başlayır. Məqalə oktyabrın 22-də dərc olunub.

Müəllif Leyla Yunusun ölkədə aparıcı vətəndaş cəmiyyəti fəallarından biri olduğunu, hökumətin tikinti layihələrinə görə Bakı sakinlərini evlərindən güclə çıxarmasını sənədləşdirdiyini vurğulayır. «Yunus Ermənistanın xeyrinə casusluqda ittiham olunur, ancaq onun əsl günahı, görünür, prezident İlham Əliyev hökumətini qəzəbləndirmək olub», - müəllif yazır.

Bu ilin əvvəlində Brüsselə səfəri zamanı cənab Əliyev iddia etdi ki, ölkəsində siyasi məhbus yoxdur. Yunus və digər fəal Rəsul Cəfərov internetdə siyasi məhbus siyahısını dərc etməklə ona cavab verdi. 109 nəfərlik siyahıda Əliyevin siyasi rəqiblərindən biri İlqar Məmmədovun da adı vardı.

UKRAYNA, «EBOLA» VƏ... AZƏRBAYCAN

Sonucda xanım Yunus və cənab Cəfərov siyasi məhbus siyahısına salınıb. Ötən yazda Yunus xalq diplomatiyası təşəbbüsünə başlayıb, azərbaycanlı və erməniləri 25 illik Dağlıq Qarabağ münaqişəsinə son vermək üçün danışıqlara dəvət edib. Məhz bu təşəbbüs hökumətin casusluq ittihamlarına rəvac verib. Ancaq beynəlxalq insan haqları təşkilatları bu ittihamı cəfəng sayır.

«The Economist» son aylar vətəndaş cəmiyyəti qruplarına hücumların artdığını da vurğulayır.

«Məncə, Azərbaycan hökuməti dünyanın diqqətini Ukrayna və «Ebola»ya yönəltməsindən yararlanaraq vətəndaş cəmiyyətinin son səslərini də boğmaq qərarını verdi», - Leyla Yunusun qızı, beş il öncə Niderlandda siyasi sığınacaq almış Dinara belə deyir. Atası, tarixçi Arif Yunus da casusluqda ittiham olunur. Ər-arvad təcridxanada tibbi şəraitsizlikdən əziyyət çəkir. Leyla Yunus vəkilinə həbsxana nəzarətçiləri və kamera yoldaşı tərəfindən döyüldüyünü deyib.

AVROPA ŞURASI SÖZÜNÜ DEMƏLİDİR

Dinara deyir ki, valideynlərinə gərəkən tibbi xidmətin göstərilməsindən əmin deyil, çünki onlarla əlaqə qura bilmir.

«The Economist» yazır:

«Müxalifət və vətəndaş cəmiyyətinin vintlərini nə qədər bərkitsə də, Azərbaycan Avropa Şurasında yaxşı mövqedədir və hazırda rotasiya ilə qurumun prezidentidir. 47 üzvü olan Şuranın Avropa Birliyindən fərqli olaraq təzyiq rıçaqı yoxdur, ancaq Yunusa görə sözünü deməlidir. Avropa Parlamentinin insan haqları komitəsi isə Sakharov mükafatının təqdimatından sonra qərar verib ki, Yunusla görüşmək, onu dəstəkləmək üçün Azərbaycana nümayəndə heyəti göndərəcək».

İLHAM ƏLİYEVİN DİQQƏTİNƏ NECƏ NAİL OLMALI

Məqalədə daha sonra oxuyuruq:

«Ola bilsin, cənab Əliyev həmin nümayəndə heyətinə elə də fikir verməsin. Azərbaycan son 25 ildə neft gəlirləri hesabına fantastik sərvət qazanıb. Ölkə neftinin 80%-ni çıxaran beynəlxalq neft şirkətləri, eləcə də BP Bakıya daha çox təzyiq göstərə bilər. Yunusun ailəsi BP-ni bu təzyiqi əsirgəməməyə çağırıb. Dinara Yunus anasının azadlığa buraxılması üçün hansı taktikanın faydalı olacağını bilmir, ancaq əmindir ki, xoşluqla dilətutma işə yaramayacaq».

«Hökumətlər sakit diplomatiyaya üstünlük verir. Ancaq görürük ki, bu, işləri daha da pisləşdirir. Kimsə, bir prezident və ya baş nazir uca səslə danışsa, ola bilsin nə isə dəyişə», - Dinara belə deyir.

«Cəhd eləməyə dəyər». «The Economist»in məqaləsi bu sözlərlə tamamlanır.

XS
SM
MD
LG