Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:33

«Sanki ölkədə bir Tarix nazirliyi var, Yaqub Mahmudov da tarix naziridir»


Cəmil Həsənli
Cəmil Həsənli

-

İz - Azərbaycan Cümhuriyyətinin fəaliyyətində kriminal axtarışı...
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

«Bu yazının əsas hədəfi Azərbaycan Cümhuriyyətinin liderləri və eyni zamanda Azərbaycanın tarixində və taleyində həmin məqamda çox böyük rol oynamış Osmanlı imperatorluğudur».

AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun İrəvanla bağlı iddialarına cavabında Cümhuriyyət dönəminin tanınmış araşdırıcısı Cəmil Həsənli AzadlıqRadiosunun «İz» proqramına belə söyləyib.

«TARİXİ ƏMR VƏ SƏRƏNCAMLARLA İDARƏ ETMƏK OLMAZ!»

Onun fikrincə, hər bir tarixi hadisəyə, tarixi şəxsiyyətə öz zamanının şərtləri daxilində yanaşmaq lazımdır: «Bu, mütləq tələbdir! Hadisələri, prosesləri zamanından ayırıb bugünkü situasiyadan dəyərləndirmək elmi münasibət deyil. Tarix İnstitutu direktorunun belə bir iddiası var ki, sanki ölkədə bir tarix nazirliyi var, o da tarix naziridir və tarixi əmr və sərəncamlarla idarə edə bilər. Söhbət Yaqub Mahmudovun «Azərbaycan» qəzetində gedən yazısından gedir. Hesab edirəm ki, o açıqlamalar tarixi həqiqətlərlə uzlaşmır. Təəssüflər olsun ki, bu yazının əsas hədəfi Azərbaycan Cümhuriyyətinin liderləri və eyni zamanda Azərbaycanın tarixində və taleyində həmin məqamda çox böyük rol oynamış Osmanlı imperatorluğudur».

İLK NÖVBƏDƏ...

Cəmil Həsənlinin fikrincə, Tarix İnstitutu belə iddialar irəli sürə bilməz: «20 ildə 20 kvadratmetr torpağı azad edə bilməyən bir hakimiyyətin ideoloji strukturu, yəni Tarix İnstitutu İrəvan haqqında iddialar irəli sürə bilməz! Bu xalqı boş iddialarla girinc eləməyin. İlk növbədə, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək lazımdır. Bu iddia o zaman maraqlı səslənər ki, Azərbaycan öz torpaqlarını azad etsin, müharibədən qələbə ilə çıxsın, dövlət suverenliyini bərpa etsin, Azərbaycan bayrağı onun bütün hüdudlarında ucaldılsın... Və ondan sonra belə mənasız iddiaları gündəmə gətirmək olar».

«ƏSAS HƏDƏF QURUCU BABALARDIR!»

Cəmil Həsənli bu situasiyanı «gülməli» adlandırır: «Gülməli alınır... Sən BMT, ATƏT, dünya dövlətləri tərəfindən tanınmış ərazilərini azad edə bilmirsən, amma İrəvan davası edirsən... Və bu davada əsas hədəf qurucu babaları götürmüsən! Bakının azad edilməsində əvəzsiz rolu olan Qafqaz İslam Ordusunu hədəf götürmüsən! O yazının bir neçə yerində belə ifadələr var – «Türklər zəbt etdiyi Azərbaycan ərazilərində erməni dövləti yaratdılar». Əvvəla, türklər o torpaqları zəbt etməmişdilər, azad etmişdilər. Türklər gələnədək orada müsəlmanlar hansı müsibətlərə düçar olmuşdular, – bunu bir Allah bilir, bir də tarixi mənbələr. Tarix İnstitutunun direktoru olan bir şəxs necə belə ifadə işlədə bilər? Bu günün özündə də Azərbaycana münasibətdə yeganə səmimi dövlət varsa, o da Türkiyədir... Həmin ifadəni sovet dövründə ruslar işlədirdilər – «işğalçılar», «zəbt etdilər», «ələ keçirdilər» və s. Müstəqil bir ölkə tarixçisinin, onun dövlət institutu direktorunun Türkiyənin ünvanına belə iddialar səsləndirməsini yolverilməz sayıram».

«YAZIDA PLAGİAT MƏQAMLAR VAR»

Cəmil Həsənli bu yazıda plagiat məqamlara diqqət çəkir: «Yazıda istinad edilən və oxucu auditoriyasına təqdim edilən arxiv mənbələrindən Yaqub Mahmudovun xəbəri yoxdur. O mənbələr vaxtilə gənc bir tarixçi – Vasif Qafarov tərəfindən işlədilib. Onun 2011-ci ildə «Türkiyə-Rusiya münasibətlərində Azərbaycan məsələsi – 1917-1922-ci illər» adlı kitabı çıxıb. Bu, çox yaxşı tədqiqat əsəridir. Və Yaqub müəllimin tez-tez istinad etdiyi «Osmanlı arxivi», «Türkiyə Hərbi Tarix Arxivi» və s. qaynaqlar həmin kitabdandır.

Türk ordusu Bakıda - 1918
Türk ordusu Bakıda - 1918

Tarixdə bir metodoloji yanaşma üsulu var: hər hansı bir məsələni səndən qabaq işləyiblərsə və o arxiv mənbələrini orada veriblərsə, sən artıq çap olunmuş kitabı göstərməlisən. İstifadə olunmuş, artıq dövriyyəyə gətirilmiş arxiv mənbələri ilə cəmiyyətə belə mesaj vermək olmaz ki, sanki bunları Yaqub Mahmudov tədqiq edib... Mən yazını oxuyan kimi, o kitabı açdım və gördüm ki, istinadlar həmin istinadlardır, bəzən cümlələr də eynidir. Özünə hörmət edən tarixçi bunu etməz!..».

«BİZ BUNU ERMƏNİLƏRƏ KÖMƏK ÜÇÜN ETMİRİK...»

Cəmil Həsənlinin fikrincə, biz yolun düzünü qoyub əyrisi ilə getməməliyik: «Əgər Azərbaycanın siyasi rəhbərliyi təbliğat üçün bunu deyirsə, bu,ayrı bir şeydir, elm adamı buna imkan verməməlidir. Artıq XX əsrin əvvəllərindən etibarən Cənubi Qafqazın 3 milləti, 3 xalqı ideyası ictimai fikrə daxil olmuşdu. Götürək, 1-ci Dövlət Dumasındakı seçkiləri. Müsəlmanların Dövlət Dumasında deputatları olduğu kimi, ermənilərin də vardı. İrəvan quberniyasından Dumaya 2 erməni seçilmişdi, 1 müsəlman... Biz bunları nəzərə almalıyıq. İstəyiriksə bizə inansınlar, problemlərimizi elmi cəhətdən qəbul etsinlər, yolun düzüylə getmək lazımdır. Yaxud da yazı müəllifi bu xəyanəti Azərbaycan Xalq Cümhuriyyətinin üstünə atır vəo sənəddən ki istifadə edir, o sənədin 2-ci hissəsində ayrı şey yazılıb. Azərbaycan nümayəndələrinin Ənvər Paşaya məktubuna istinad edir. Onlar o məktubda erməni dövlətinin yaradılmasını mümkün sayırlar. Amma qeyd edirlər ki, biz bunu ermənilərə kömək məqsədilə etmirik. Biz bunu dünyada yaranmış şərtlərə uyğun olaraq özümüz üçün, öz türk siyasətimiz üçün edirik...».

«BU FAKTDAN HARA QAÇACAQSAN?»

Cəmil Həsənli o vaxtlar Zaqafqaziya Seymində 3 fraksiyanın olduğunu xatırlatdı: «Biri müsəlman fraksiyasıydı, biri gücü, biri də erməni. Bundan sən hara qaçacaqsan? Bu, vardı, mövcud idi və sən bunu inkar edəndə, dünya səninlə hansı dildə danışmalıdır?».

«QƏRAR DÖVRÜN ŞƏRTLƏRİNDƏN İRƏLİ GƏLİRDİ»

Cəmil Həsənli İrəvan məsələsində həlledici məqamın varlığından danışdı: «İstinad edilən ərazidə 321 min əhali yaşayırdı. 321 minin 230 mini erməni, 80 mini müsəlman idi... İrəvanla bağlı Azərbaycan Milli Şurasının qərarı həmin dövrün şərtlərindən irəli gəlirdi və bundan qaçmaq mümkün deyildi... Biz Milli Şuranın bu qərarı verməsini arzulamırıq, alqışlamırıq, amma qəbul edibsə, razılaşırıq. Çünkidüşünürük ki, Yaqub Mahmudov nə Fətəli xan Xoyskidən, nə Rəsulzadədən, nə Əhməd bəy Ağaoğlundan, nə də o dövrdə Seym fraksiyasında təmsil olunanlardan ağıllı deyil. Və bu gün qurucu babalara – həyatlarını, ailə üzvlərini, varidatlarını bu Cümhuriyyətin qurulması yolunda, Azərbaycanın istiqlalı yolunda fəda etmiş insanların üzərinə böhtan atmaq elə də yaxşı deyil».

Rəssam Frans Rubo bu rəsmi 1827-ci ildə çəkmişdi və onu «1827-ci ilin 1 oktyabr tarixində İrəvan qalasının ruslara təslim edilməsi» adlandırmışdı.
Rəssam Frans Rubo bu rəsmi 1827-ci ildə çəkmişdi və onu «1827-ci ilin 1 oktyabr tarixində İrəvan qalasının ruslara təslim edilməsi» adlandırmışdı.

«TARİXİ ƏSASLANDIRMA LAZIM İDİ»

Aparıcının: «Bir zamanlar Milli Məclis tribunasından səslənən belə açıqlamaların indi təkrar, artıq elmi iddia səviyyəsində gündəmə gətirilməsi sizcə, nədən irəli gəlir» sualını tarixçi alim belə cavabladı: «Xatırladım ki, bir neçə il əvvəl o məsələ Milli Məclisdə qaldırılanda, mən Yaqub Mahmudovun cavabını verdim. O lentlər qalır. Bir neçə il əvvəl Şaumyanla da bağlı həmin tarixçi bir kampaniya qaldırmışdı. Tarixçi-alim rus dilində alayarımçıq bilən bir müğənniyə istinad edirdi... Və televiziya ekranından əhaliyə vəd verirdi ki, o, bütün gizlinlərə aydınlıq gətirəcək və Şaumyanın Hindistandakı məzarını aşkarlayacaq. Nə oldu, nə tapıldı? İndi niyə bu məsələyə qayıdılır? Çünki ölkə prezidenti çıxışlarında dəfələrlə deyib ki, Ermənistan dövləti Azərbaycan torpaqlarında yaranıb. Buna bir tarixi əsaslandırma lazım idi, onu da Yaqub Mahmudov həyata keçirir. Yenə deyirəm: siyasi məqsədlə dövlət başçısı bu tipli fikirlər səsləndirə bilər. Amma tarixçi heç bir halda həqiqətdən yayınmamalıdır! Yeni material kimi təqdim edilən o sənədlərin böyük əksəriyyətini biz hələ 90-cı illərin əvvəllərində dövriyyəyə gətirmişdik. Yaqub Mahmudov bu məsələyə indi ona görə qayıdır ki, rəhbərliyin gözündə onun siyasi kursunu müdafiə edən tarixçi imici qazansın».

İRƏVAN NECƏ GÜZƏŞTƏ GEDİLDİ...

«Azərbaycan Milli Hərəkatı xadimlərinin məhz Osmanlı hökumətinin diqtəsiylə davranması barədə iddia nə dərəcədə əsaslıdır» sualına Cəmil Həsənli belə cavab verdi: « Bu, doğru deyil! Çünki qurucu babaların öz yanaşması vardı. Dediyim kimi, bu 3 xalq Zaqafqaziya Seymində təmsil olunurdu. Dünya birliyi Cənubi Qafqazda gerçəkləşən geosiyasi durumu o zaman qəbul edə bilərdi ki, onların üçünün də dövləti olsun. Cümhuriyyət qurucuları uzaqgörən adam idilər, Yaqub Mahmudovun yazdığı kimi, təsadüfi adamlar deyildilər. Onlar milli hərəkatdan keçmişdilər, milli ideyanın müəllifi, milli Azərbaycan dövlətinin banisi idilər. Ənvər Paşaya məktubu diqtə ilə deyil, özləri yazmışdılar. Dövrün vəziyyətini nəzərə alıb bu qərara gəlmişdilər. Hökumətin qarşısında duran strateji vəzifə Bakının azad edilməsi idi. Çünki ölkənin mərkəz şəhəri Bakı idi, böyük təbii ehtiyatlar Bakıda yerləşirdi. Və Bakını azad etmək üçün Cənubi Qafqazda yaranmış reallıqlar baxımından hərəkət etməliydilər. Və bir də, İrəvanın güzəştə gedilməsi qarşılıqlı razılıq əsasında olub. Ermənilər Yelizavetpol, yəni Gəncə quberniyasının dağlıq hissəsinə olan iddialarından imtina etdilər, azərbaycanlılar İrəvanı paytaxt olmaq üçün ermənilərə güzəştə getdilər... Hətta ermənilər öhdəlik götürüblər ki, Bakıdakı bolşevik hökumətinin yürütdüyü antimüsəlman siyasətinə təsir göstərəcək və Bakının bolşeviklərdən təmizlənməsinə yardım edəcəklər...».

Azərbaycan parlamenti-1918
Azərbaycan parlamenti-1918

AZƏRBAYCAN CÜMHURİYYƏTİNDƏ KRİMİNAL AXTARIŞI...

Cəmil Həsənli məqaləsində yer alan bir nüansa da diqqət çəkdi: «Yaqub Mahmudov yazır ki, biz Batum Müqaviləsindən imtina etməliyik. Batum Müqaviləsindən çoxdan imtina edilib. Bu müqavilədən sonra Cənubi Qafqazda bugünədək davam edən Qars Müqaviləsi, Moskva Müqaviləsi var. Osmanlı imperatorluğunun 1-ci Dünya Müharibəsində məğlubiyyət xəbəri yayılan kimi, Batum Müqaviləsindən imtina edildi. Sübut etməyə çalışırlar ki, bu müqavilə azərbaycanlıların ziyanına idi. Batum Müqaviləsi Azərbaycanın bir dövlət olaraq formalaşması, suverenliyinin təmin olunması yolunda böyük bir hadisə idi. Müqavilənin 4-cü bəndinə əsasən, Azərbaycan hökuməti öz ərazi bütövlüyünü təmin etmək üçün Osmanlıdan hərbi yardım ala bilərdi. O yardımların hesabına Bakı azad olundu. Bu gün Bakının azad olunmasına 1000-dən artıq şəhid vermiş bir xalqın ünvanına «zəbt etdilər, ələ keçirdilər» ifadələrini işlətmək mənəvi cəhətdən qüsurludur».

«MÜSTƏQİLLİYİNİZİ ELAN EDİN!»

Cəmil Həsənli Cənubi Qafqazda müstəqil dövlətlər yaranmasında Türkiyənin böyük rolu olduğunu bildirdi: «Türkiyə istəməsəydi, müstəqil dövlətlər yaranmazdı. Və Türkiyə təzyiq edirdi ki, müstəqilliyinizi elan edin! Kiminlə tərəfdaşdır, – bunu müəyyənləşdirmək istəyirdi. Batum Müqaviləsində həm Osmanlı imperator dövləti ilə Azərbaycan arasında, həm də Osmanlı ilə Ermənistan arasında müqavilənin 3-cü bəndi vardı. Orada göstərilir ki, Azərbaycanla Ermənistan arasında sərhəd-ərazi mübahisələri bu dövlətlərin özləri arasında müəyyənləşəcək və protokolda təsbit edilərək Osmanlı dövlətinə təqdim olunacaq. Yəni aralarındakı mübahisələri özləri həll etməlidirlər».

«BANİ BABALARIMIZLA FƏXR EDƏK!»

Cəmil Həsənli Azərbaycan Cümhuriyyətində kriminal axtarışını mənasız saydı: «Təsəvvür edin ki, Bakını azad edərkən Qafqaz İslam Ordusu məntəqə-məntəqə əraziləri alır və Azərbaycan hökuməti vaqon-kabinetlərdə stansiyadan-stansiyaya hərəkət edirdi... Qurucu babalar belə bir həyat, belə dramatik ömür yaşadılar... İndi qalxıb onların ünvanlarına «Azərbaycan torpaqlarını verdilər» ifadəsini işlətmək yersizdir. Gəlin, onların aldığı Azərbaycan torpaqları haqqında danışaq və qurucu babalarımızla fəxr edək!»

– Batum Müqaviləsində daha nələr vardı?

– Cəmil Həsənlinədən «vətənşüvənlik» sözünü işlətdi?

– O, niyə «Azərbaycan tarixçiliyini bütövlükdəerməni məsələsinə yönəltmək olmaz» – dedi?

– Cümhuriyyət Ensiklopediyasında yer alan hansı gülməli və düşünməli faktı aşıqladı?

«İz»i buradan dinlə.

İz - Azərbaycan Cümhuriyyətinin fəaliyyətində kriminal axtarışı...
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

XS
SM
MD
LG