Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:45

Süni qiymət artımı, yoxsa hökumətin qiymətləri nəzarətdə saxlamaq cəhdi?


Arxiv fosotou
Arxiv fosotou

.

Manatın devalvasiyası Antiinhisar Xidmətinin yolunu satış obyektlərinə salıb. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir neçə gündür ki, mağazalarda reydlər keçirir. Artıq süni qiymət artımı ittihamı ilə üzləşənlər də var.

Kiçik məişət əşyaları satan şəbəkələrin birində menecer kimi çalışan Arif Məmmədov AzadlıqRadiosuna deyir ki, onlar bütün malları xaricdən alırlar:

“Manatın dollara nisbətən 30 % ucuzlaşması şirkətimizi pis vəziyyətə qoyub. Biz malı dollarla alırıq, məsələn, 100 dollara xaricdən mal gətirirsən, bu malı manatın köhnə kursu ilə satanda qazandığına 120 dollar ala bilirdin. İndi isə bu 100 dollarlıq malı indiki kursla, amma köhnə qiymətə satanda əldə etdiyin pula 70 dollar ala biləcəksən. Bu 70 dollara mal gətirəndə və yenidən təzə kurs, köhnə qiymətə satanda əldə etdiyin pula 50 dollar ala biləcəksən. Beləliklə, itirə-itirə gedəcəksən və hətta mayan da yoxa çıxacaq”.

“Özümüzü işləyən kimi göstəririk”

Arif Məmmədov deyir ki, onlar satışda 20% qazanca ümid edirlər:

“İndi hökumət qiyməti artırmağa qoymur. Bütün marketlərə də tapşırılıb ki, hansı şirkət satışdan imtina eləsə, antiinhisar xidmətinə xəbər versinlər. Buna görə də özümüzü işləyən kimi göstəririk. 5 qutu sifariş olanda birini göndəririk.”

Müsahibimiz prosesin nə qədər davam edəcəyini bilmir, amma əlavə edir ki, şirkətləri qeyri-rəsmi ödənişlərdən azad edilsə, onda dolların manata nisbətən bahalaşmasını kimsə hiss etməz, qiymətlər də stabil qalar.

Nazim Məmmədov
Nazim Məmmədov

“Ucuz PR kompaniyası”

“Bunu gözdən pərdə asmaq, ucuz PR kompaniyası kimi qiymətləndirirəm. Süni qiymət artımı adı altında arxasında məmur dayanmayan bir neçə dükan-mağazada, marketdə, xırda sexlərdə yoxlama aparırlar" -

Bunları isə AzadlıqRadiosuna müsahibəsində keçmiş millət vəkili Nazim Məmmədov deyir.

Onun sözlərinə görə, bazar iqtisadiyyatında "süni qiymət artımı" adlı bir anlayış yoxdur:

“Şəffaf vergi sistemi olan ölkələrdə sahibkar qiyməti nə qədər bahalaşdırırsa, bir o qədər çox vergi ödəyir və rəqabət özü qiyməti optimallaşdırır. "Yoxlama" aparıb sahibkarlara böyük cərimə yazaraq “qiyməti aşağı sal” demək asandır, ancaq bu inhisarçılığın əsl səbəbini yaradan, qiymət artımına birbaşa təsir edən böyük holdinq və idxalda monopoliya yaratmış şirkətlərə yaxın gedə bilməmək başqa bir məsələdir”.

“Bundansa rəqabətli mühit yaratsınlar”

Nazim Məmmədov əminliklə deyir ki, heç bir hökumət inzibati yolla bazarda qiymətləri qoruya bilməyib:

“Əgər Azərbaycanda İqtisadiyyat və Sənaye Nazirliyi belə düşünürsə, çox səhv edir və bir növ "xəstəliyi" daha da dərinə gizlətməyə xidmət etmiş olur. Onlara məsləhətim budur ki, sahibkarlara təzyiqə son qoysunlar, daha rəqabətli mühit yaratmaq üçün iqtisadi subyektlərə müdaxiləyə son qoysunlar".

Müsahibimiz deyir ki, manatın devalvasiyasından sonra qiymət stabilliyini inzibati yolla yox, başqa üsullarla saxlamaq olar:

“Daha rəqabətli mühit yaratmaq üçün bizim də dəfələrlə təklif etdiyimiz yolları seçsinlər, Gömrük Komitəsi kimi bəzi strukturların ləğv olunması, inhisarçı şirkətlərin müəyyən olunması, kartel sövdələşmələri, bazarda rəqibləri zorla çıxardan şirkətlərin üzərinə getsinlər və liberal bazar münasibətlərinin formalaşması üçün özəl sektora dəstək olsunlar”.

Azərbaycan idxal asılılığından tezliklə yaxa qurtara bilməyəcək

Nazim Məmmədov hesab edir ki, devalvasiya ilə bağlı qiymətlərin uyğunlaşdırılması qaçılmazdır, çünki “Azərbaycanda əsas istehlak malları idxaldan asılıdır və sahibkarlar həmin malları təbii ki, xarici valyuta” ilə alırlar:

“Bizim idxaldan asılılığımızı yaxın illərdə köklü şəkildə azalda bilməyimiz çox çətin görünür, bunun yolu yenə də iqtisadi liberallaşmadan, sahibkarlara dövlət dəstəyindən, inhisarçılığın ləğvindən, inzibatçılığın, bürokratiyanın azalmasından keçir”,

Qubad İbadoğlu
Qubad İbadoğlu

“İlk qurbanlar”

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri, Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu isə öz Facebook profilində yazır ki, süni qiymət artımının qarşısının alınması məqsədilə aparılan monitorinqlərin hüquqi əsaslarını aydınlaşdırmaq üçün "Anti-inhisar fəaliyyəti haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi" haqqında qanunu saf-cürük etsə də, “müvafiq norma tapa bilməyib”.

Qubad İbadoğlu yazır ki, əslində "Anti-inhisar fəaliyyəti haqqında", Qanunda hətta belə bir norma olsa da bu, bazarda hökmran mövqeyə malik olan iri şirkətlərə qarşı tətbiq olunmalıdır:

“Hazırda isə kiçik və orta ölçülü ticarət şəbəkələri bu təzyiqin "ilk qurbanları"na çevrilirlər. Belə davam edəcəyi halda növbəti "qurbanlar" istehlakçılar olacaq, onlar mal qıtlığından əziyyət çəkəcəklər. Odur ki, qiymətlərin liberallaşdırılması istiqamətində hökumətin öhdəliklərinə zidd olaraq dövlətlə bazar arasında bu mənasız qarşıdurmanın dayandırılmasını tövsiyə edirəm.

Təklif edirəm ki, Anti-inhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti idxal qiymətləri ilə topdansatış və pərakəndə satış qiymətlərinin fərqini aşkarlamaq üçün monitorinqlər aparsınlar və nəticələri mətbuatda dərc etsinlər. Onda görəcəyik ki, gömrükdən çıxan qiymətlə ticarət şəbəkələrinə daxil olan qiymətlər arasında dəfələrlə fərq var”.

“Sərt nəzarət bahalaşmanın qabağını ala bilməyəcək”

Arxiv fotosu: Yazamalda Yaşıl bazar
Arxiv fotosu: Yazamalda Yaşıl bazar

Qubad İbadoğlu hesab edir ki, hökumət sərt qiymət nəzarəti ilə idxal olunan ərzaq məhsullarının qiymətinin bahalaşmasının qabağını ala bilməyəcək:

"İndilikdə hökumət cəmiyyətin manatın sərt devalvasiyasının şokundan ayılmasını gözləyir və bilir ki, sosial narazılıqların geniş miqyas almaması üçün gündəlik tələbat mallarının ucuz saxlanması vacibdir.

Çox güman ki, ilin sonuna doğru müxtəlif vaxtlarda ayrı-ayrı ərzaq məhsullarında qiymət artımı baş verəcək və hökumət düşünür ki, artım qəfil baş vermədiyi üçün cəmiyyət bunu hiss etməyəcək”.

İqtisadçı-ekspert ötən il apardıqları müqayisəli təhlili xatırladır:

“Azərbaycana xarici ölkələrdən gətirilən 1 kq. kartof aşağıdakı qiymətə rəsmiləşdirilib:
Gürcüstan - 15 qəpik,
Belarus - 15 qəpik,
İran - 14 qəpik,
Türkiyə - 12 qəpik,
Qırğızıstan - 8 qəpik,
Litva - 8 qəpik,
Rusiya - 4 qəpik.

Bu, kartof bazarda 1 manatdan ucuz satılmır. Odur ki, qiymətin sabitləşdirilməsi üçün mağazalara deyil, idxal şirkətlərinə və gömrüyə təzyiq göstərmək lazımdır”.

Azərbaycan rəsmiləri sərt nəzarəti onunla əsaslandırırlar ki, onsuz da ölkə xüsusilə əsas ərzaq mallarını özü istehsal edir. Ona görə də manatın ucuzlaşdırılması, dolların bahalanması avtomatik olaraq bu malların da bahalanması demək deyil.

Hətta, prezident bildirib ki, bu şəraitdə malları bahalandırması cəzasız qalmayacaq.

Amma müstəqil iqtisadçılar deyirlər ki, ölkədə istehsalla bağlı prezidentə verilmiş məlumatlar yumşaq ifadə olunsa "həqiqəti əks etdirməyə bilər", çünki iqtisadiyyat az qala büsbütün neftdən asılı səviyyəyə gəlib.

Üstəlik, ölkənin özündə olan azsaylı istehsal sahələri xaricdən alınan təchizat mallarından asılıdır.

XS
SM
MD
LG