Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:38

Azərsun: «Yavaş-yavaş qiymətləri qaldıracağıq»- [audio]


«Azərsun» Holding-in Müşahidə Şurasının sədri Əbdülbari Gözəl
«Azərsun» Holding-in Müşahidə Şurasının sədri Əbdülbari Gözəl

-

«Sərbəst iqtisadiyyatda çomaq gücünə, dollar gətirib malı ucuzlaşdırmaqla irəli getmək olmaz. Ən doğru yol odur ki, camaatın işləməsinə, çörək qazanmasına şərait yaradılsın. Çalışan çoxaldıqca pul da ölkəyə çox gələr».

Gözlə

No media source currently available

0:00 0:02:21 0:00
Direct-ə keçid

Bunu «Azərsun» Holding-in Müşahidə Şurasının sədri Əbdülbari Gözəl Bakıda keçirilən 3-cü Beynəlxalq Xəzər Enerji Forumunda jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, qurum manatın devalvasiyasından müəyyən qədər ziyan çəkir. Əbdülbari Gözəl onların istehsal etdiyi yerli məhsulların 15-17 faiz bahalaşacağını istisna etməyib:

«QİYMƏTLƏRİ YAVAŞ-YAVAŞ QALDIRACAĞIQ...»​

«Azərsun» məhsullarının 50 faizi yerli xammala, 50-si də idaxalata bağlıdır.

«Əgər, devalvasiya 35 faiz olubsa, bu bizə təxminən 20 faiz təsir göstərir. Bu da qiymətlərin bahalaşmasına təsirsiz qalmayacaq. Əlimizdə hələlik xammal var. Buna görə də qiymətləri qaldırmırıq hələlik. Onları əridəndən sonra yavaş-yavaş qiymətləri qaldıracağıq. Bu təbiidir. Buna görə də hələlik qiymətləri qaldırmırıq. Ancaq təsirsiz qalmayacaq. Bir məsələ də var ki, digər ölkələrdə də dolların qiyməti qalxıb. Bu o deməkdir ki, xammalın alışında elə də gücü fərq olmayacaq. Yəni əvvəl aldığımız xammalla indi aldığımız malın arasında dollarla hesablayanda elə də böyük fərq yaranmayacaq. Ona görə də böyük narahtlığa əsas görmürəm».

«BELƏ OLMAZ AXI, BU ÖLKƏ ZƏNGİNDİR»​

Əbdülbari Gözəl işçilərə görə tutulan vergilərin ağırlığından da danışıb:

«İşçilərin vergi gücü artıqdır, bunu azaltmaq lazımdır ki, şirkətlər işçilərni rəsmiləşsin. Mən bunu bügünkü çıxışımda da dedim. İndi hər kəs düşünür ki, iki işçim azalsın, maya dəyərim aşağı düşsün. Əgər bu vergilər yüngülləşdirilərsə, heç kim işçi saxlamaqdan qorxmaz. İndi işverən şəxs işçinin maaşı qədər də vergi ödəyir. Belə olmaz axı. Bu ölkə zəngindir. Bu ölkə camaata iş yaratsa, işverən özü cammatın pulunu verəcək. Hər kəs işləyib öz əmək haqqını alacaq. Dövlətin ona yardım etməsinə ehtiyac yoxdur. Mən öz çıxışımda çağırış etdim ki, gəlib Azərbaycanda istehsalatla məşğul olun. Biz iş yaratmalıyıq ki, camaatın işi olsun, onlar çörək qazana bilsin».

NƏZARƏT...

Manat Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə devalvasiya olunub. Bundan sonra hökumət bazarı nəzarətə götürməyi tapşırıb ki, məhsulların qiymətləri qalxmasın.

“BƏS RƏSMİLƏR DEYİRDİ...”

Buyurun, ölkənin 1 nömrəli ərzaq istehsalçısı və idxalçısı deyir ki, qiymətləri 15-17% artıracağıq...

İqtisadçı Rövşən Ağayev facebook səhifəsində “Azərsun” rəsmisinin açıqlamasına belə münasibət bildirib: “Bəs rəsmilər deyirdi ki, ərzağın qiyməti artmayacaq, bunun üçün əsas yoxdu.
Əslində milli valyutasını 35% ucuzlaşdıran, ərzaq ehtiyaclarının yarısından çoxunu valyuta ilə alan ölkədə "qiymətləri artmağa qoymayacağıq" deyib inad göstərmək kənardan çox gülməli görünürdü.
Buyurun, ölkənin 1 nömrəli ərzaq istehsalçısı və idxalçısı deyir ki, qiymətləri 15-17% artıracağıq”.

«BƏS MAAŞ NƏ VAXT QALXIR?»

Marketdə «Azərsun» istehsalı olan zeytun yağı alan qonşuma yaxınlaşıram. İstehsalçının «müjdə»sini – yaxın zamanda qiymətin 15-17 faiz artacağı xəbərini çatdırıram. Qonşum əvvəlcə bir neçə yağ şüşəsini əlinə alır, sonra pulunu hesablayır və təəssüflənir: «O qədər pulum yoxdur. Ağlımdan keçdi ehtiyat üçün 5-6 butulka alım. Amma başqa şeylər də alasıyam. Bir də aldım, nə qədər saxlayacam bunu? Bilmirsən, bayrama kimi qalxacaq ya sonra?»

Onunla birgə alış-verişə gələn qızı dillənir: «Ana, zeytun yağı olmaz, günəbaxan yağı alarıq».

Başqa qonşum inadla deyir ki, qiymət qalxa bilməz, televiziyada qiyməti qaldıranların cəzalandırdıqlarını, böyük cərimə kəsdiklərini göstəririlər.

Yaşlı bir alıcı sual edir: «Bu «Azərsun» yağ buraxır, sonra?» Biləndə ki, şirkət həm də duz, çay, kompot, şoraba, tualet kağızı və s istehsal edir, onda deyir: «Onda de ki, hər şeyin qiyməti qalxır. Nə qədər dedin? 15-20 faiz? Bəs maaş? Maaş da qalxır?»

Elə iqtisadçı Rövşən Ağayev də bundan yazır: «İndi hökumətin üzərinə düşən bir vəzifə var: ölkədə aztəminatlı təbəqənin gəlirlərinin qiymət artımına uyğun indeksasiyası ilə bağlı qərar qəbul etmək. Yol dövlət büdcəsinə yenidən baxmaqdan keçir».

Yaxın zamanlarda başqa istehsalçılar da eyni məntiqlə qiymət artımına gedəcəklər.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna belə deyir. Onun qənaətincə, əslində həmin şirkətlərin vəziyyətini anlamaq lazımdır. “Həmin şirkətlərin adı Azərbaycan məhsulu olsa da, böyük əksəriyyəti xaricdən aldığı məhsulu qablaşdırmaqla məşğuldur. Məsələn, Azərbaycanda o qədər çay istehsal olunmur ki, nə qədər “Azərsun” çay buraxır. Holdinq xaricdən aldığı çayı qablaşdırıraq bazara çıxarır vəssalam. O cümlədən şəkər, turşu məmulatları, süd məmulatları, çay, şirələr... Bu məhsulların xammalı və ya komponentləri xaricdən alındığı üçün maya dəyərində ciddi artım müşahidə edilir. Bu bəyanatı verməklə Goozal özünü sığortalayır. O gələcəkdə “qiymətləri özbaşına artırır” kimi iddialarla üzləşməmək üçün belə deyir”.

İqtisadçıya görə, yaxında oxşar bəyanatla “Palsüd”, “Gilan Holdinq” və başqaları da çıxış edə bilər. “Başqa cür mümkün deyil. Hələlik anbarlarda xammal var. Amma bu xammal bitdikcə qiymət artımı qaçılmaz olacaq. Qiymət artımını uzun müddət inzibati yollarla tənzimləmək mümkün olmayacaq. Novruz ərəfəsində ənənəvi qiymət artımı bayramdan sonra sürətlənəcək. Anbarda mal bitdikcə, yəni apreldə, mayda yeni qiymət artımları müşahidə ediləcək”.
Bu il fevral 21-də Mərkəzi Bank manatın devalvasiyası ilə bağlı qərar verib.

AZƏRSUN KİMƏ MƏXSUSDUR?

Arxiv fotosu
Arxiv fotosu

2013-cü ildə ICIJ (Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu) təşkilatının apardığı araşdırmaya görə, Azərsun Holdinqin rəhbərliyində olan Gözəl ailəsinin gizli ofşor şirkətlər vasitəsilə İlham Əliyevlə əlaqələrinə dair sənədləri yaymışdı.

Sənədlər göstərir ki, iş adamı Həsən Gözəl (Hassan Gozal) Vircin Adalarında 2008-ci ildə prezidentin qızlarının adına qurulan Rosamund Internationalşirkətinin direktoru imiş.

Şirkət təsis ediləndə İlham Əliyevin qızları Arzunun19, Leylanın isə 23 yaşları vardı.

Sənədlər göstərir ki, İlham Əliyev və onun xanımı da ofşor zonada biznes qurubmuş.

Azərbaycan prezidenti İlham Əliyevin mətbuat katibi Azər Qasımov dövlət başçısının ailə üzvlərinin adının biznesdə hallanmasında qeyri-adi heç nə görmür: "Onlar da hər bir Azərbaycan vətəndaşı kimi bizneslə məşğul ola bilərlər"

XS
SM
MD
LG