Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:35

Fəzail Ağamalı: «Onları lənətləyirəm»


Fəzail Ağamalı
Fəzail Ağamalı

-

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Azərbaycana beynəlxalq tənqidlər, Avropa Oyunları qadağaları və parlament seçkiləri ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırır.

- Fəzail müəllim, gözlənirdi ki, Avropa Oyunlarına qədər əfv sərəncamı imzalanacaq. Çünki beynəlxalq qurumlar ölkə rəhbərliyini həbslərə görə tənqid edir və onu siyasi məhbusları azad etməyə çağırırlar. Artıq ölkədə yüzədək siyasi məhbus olduğu bildirilir, onların da çoxu siyasi fəallar, jurnalistlər, hüquq müdafiəçiləridir. Siz millət vəkili kimi bu tənqidləri, çağırışları qəbul edirsiniz?

- Bu çağırışları hər zaman Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv münasibət ifadə edən və bunu ənənəyə çevirən təşkilatlar irəli sürüblər. Yaranmış situasiyadan istifadə edərək Azərbaycana qarşı şər-böhtan kampaniyasını davam etdirirlər. Bu gün də o qərəzli, iftira dolu, Azərbaycana təhdid xarakteri daşıyan yanaşma davam etməkdədir. Onun təsnifatını aparsanız görərsiniz ki, həmin təsnifatda bir neçə təşkilatın adı keçir, Azərbaycanda hər şeyi qara rəngdə görürlər. Onların Azərbaycanda yaratmış olduğu «beşinci kolon» var və onun vasitəsilə qeyri-obyektiv fikirləri, rəqəmləri, rəyləri göndərir, bunun da əsasında hesabat, bəyanat hazırlayıb efirə buraxırlar. Mən dəfələrlə söyləmişəm, Azərbaycanda siyasi baxışlarına görə həbs olunan yoxdur. İnsanlar ayrı-ayrı şəkildə törətmiş olduqları əmələ görə cinayət məsuliyyətinə cəlb olunurlar. O başqa məsələ ki, məhkəmələrdə prosedur nöqsanlara yol verilir və bundan istifadə halları olur. Bu, məsələnin başqa tərəfidir. Mahiyyət etibarilə Azərbaycanda siyasi məhbus yoxdur. Siyasi məhbus, demokratiya, söz azadlığı kimi anlayışların altında Azərbaycana təzyiqlər var. Bir daha deyirəm, bu gün Azərbaycanda siyasətlə məşğul olanlar, hətta Azərbaycanda dövlətçiliyə qarşı sərt, radikal çıxış edənlər azadlıqdadırlar. Kimsə əməlinə görə həbs olunubsa, tutalım jurnalistdirsə, qələminin, siyasi partiya üzvüdürsə, partiya çətiri altında gizlənməli deyil.

- Hesablamalara görə, bu gün ölkədə azı 8 jurnalist və bloqqer həbsdədir. Bu qədər söz adamının həbsdə olduğu dövrdə azad sözdən, senzurasız mühitdən danışmaq olarmı? Sizcə, bu, daxili senzuranı işə salmırmı?

-Daxili senzuradan söhbət gedə bilməz. Siz jurnalist olaraq radikal suallar vermisiniz həmişə. Lütfən söyləyin, sizə qarşı cinayət işi açılıbmı? Xeyr. Ancaq siz avtomobilinizi idarə edərkən, Allah etməmiş, bir piyadanı vurursunuzsa, buna görə cavab verməlisiniz. Eləcə də mənə millət vəkili olaraq istisna olmamalıdır. Nədən jurnalistləri fərqləndirirsiniz? Həbsdəki QHT fəallarını da önə çəkmək lazım deyil. Bu cür yanaşma qəbuledilməzdir.

- Belə başa düşmək olar ki, beynəlxalq qurumlardan gələn tənqidləri və çağırışları qəti qəbul etmirsiniz.

- Orda obyektiv, konstruktiv tənqid varsa, böyük məmnuniyyətlə qəbul edirəm. Ancaq o tənqid yox, böhtandırsa, iftiradırsa, qərəzdirsə, əlbəttə, qəbul etmirəm və onları lənətləyirəm. Onlar Azərbaycana qarşı düşmən mövqe tuturlar. Onlar Azərbaycanı inkişaf etmiş, qabaqcıl ölkə kimi görmək istəmirlər. İstədikləri odur ki, Azərbaycan da Suriya, Liviya, İraq kimi vətəndaş müharibəsinin içində və cəhənnəmində məhv olub getsin. Mən bunu qəbul etmirəm və lənətləyirəm.

- Bəzi tənqidçilər hesab edirlər ki, Avropa Oyunlarından sonra, parlament seçkiləri öncəsi ölkədə siyasi durum daha da gərginləşəcək, həbs dalğası güclənəcək. Bu cür ehtimallar nədən qaynaqlanır sizcə? Davam edən həbslər buna rəvac vermirmi?

- Kökündən yanlışdır deyilənlər. Azərbaycana qarşı düşmənçilik mövqeyinin ifadəsidir. Azərbaycan demokratik ölkədir. Biz fəaliyyətimizi dövlət olaraq hüquqi sistem üzərində qururuq. Günahı olmayan, cinayət törətməyən heç kim nə təzyiqlə üzləşəcək, nə də həbs ediləcək. Bütün bunlar Azərbaycana qarşı düşünülmüş planın tərkib hissəsidir. Deyilənlərin əsası yoxdur. Özünüz də görəcəksiz, Avropa Oyunlarından sonra Azərbaycan söykənmiş olduğu prinsiplərə və dövləti ənənələrə uyğun fəaliyyətini davam etdirəcək.

- Yeri gəlmişkən, iyunun 1-dən Avropa Oyunlarıyla bağlı Bakıda bir sıra qadağalar qüvvəyə mindi. Məsələn, rayon qeydiyyatında olan avtomobillər şəhərə buraxılmır və s. Hüquqşünaslara görə, bu, vətəndaşların elementar hüquqlarının pozuntusudur.

- Bu çox absurd və həddən artıq primitiv yanaşmadır. Bütün bunlar təhlükəsizlik üçündür. Azərbaycanda çox möhtəşəm, beynəlxalq səviyyəli tədbir keçirilir. Böyük, kütləvi idman yarışları olacaqdır. Necə düşünürsünüz, Oyunlar zamanı Lerikdən tutmuş ta Qusara, Ağstafadan Hacıqabula qədər bütün rayonların avtobusları, minik avtomobilləri, qum maşını, daş maşını yenə də Bakının küçələrində olmalıdır? Belə bir addım Azərbaycan dövlətinə görüntü olaraq hansı imici gətirər? İkincisi, ən başlıcası, yarışlar dövründə idmançıların, tamaşaçıların təhlükəsizliyinin təminatı son dərəcə əhəmiyyətlidir. Ona görə də, bu addımlar həm tamaşaçıların, həm də idmançıların təhlükəsizlik tədbirlərinin tərkibidir. Buna başqa cür yanaşanlar psixoloq həkimlərə, psixiatrlara müraciət etsinlər. Bu cür düşüncənin analoqu yoxdur.

- İnsanlar Sumqayıtdan, Abşerondan paytaxta şəxsi avtomobillərində işə gəlirlər, ancaq onları buraxmırlar. Bu nə qədər normaldır?

- Mən xarici ölkələrdə olanda görmüşəm ki, vətəndaşlar avtomobillərini metronun yaxınlığında saxlayır, metro və ya ictimai nəqliyyatla işə gedirlər. Amma indi hamı istəyir ki, az qala, ehsanın içinə də maşınla girsin. Sumqayıtdan və ya başqa yaxın yerlərdən gələnlərə tam normal şərait təmin olunub. İctimai nəqliyyat yüksək xidmət göstərir, metro işləyir. İyunun 12-dən 28-dək bu kompleksi kənara tullayaraq ictimai nəqliyyatla işə gəlib-getmək olar. Bu, həm təhlükəsizlik, həm də tıxacların qarşısını almaq üçündür, vicdanı olan bunu təqdir etməlidir.

- Bir məqam. Avropa Oyunları fonunda ilin mühüm hadisələrindən biri – parlament seçkiləri kölgədə qalıb. Səbəb sadəcə idman yarışıdır, ya seçkilərə maraq qalmayıb?

- Hələ seçkilərdən danışmaq tezdir. Parlament seçkilərinə hələ çox var. Təbliğat-təşviqat kampaniyası dövrü də qanunla qısaldılıb. Bu var. İkincisi də, bu gün bir dövlət, xalq olaraq başlıca diqqət idman oyunlarına yönəlib. Bunu etiraf etmək lazımdır.

- Ara-sıra mətbuatda belə fikir səslənir ki, parlamentin tərkibi dəyişməlidir. Yaşlılar, qanunların qəbulunda, ümumən parlamentin işində fəal olmayanlar Milli Məclisdən kənarda qalmalıdır. Bu yanaşmanı millət vəkili kimi qəbul edirsinizmi?

- Hər zaman, hər seçkidə parlamentin tərkibində dəyişiklik olur. Bu da təbiidir. Yeni qüvvələr parlamentə gəlməlidir, potensialı tükənən kənarda qalmalıdır. Ancaq parlamenti nə qocalar evinə, nə də gənclər klubuna çevirmək olar. Bu, yetərincə ciddi qurumdur. Qarşıdan gələn seçkidə kim seçilər, kim seçilməz, zaman göstərər.

- Necə bilirsiniz, siz növbəti parlamentdə olacaqsınız?

- Mən qərar versəm ki, seçkilərə gedirəm, bir tərəf kimi bu, mənim qərarım olacaq. Ancaq bunu reallaşdıran seçicilər olacaq. Tələsməyək. İnşallah iyulda qərar verəndə, danışarıq.

XS
SM
MD
LG