Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:47

Fəzail Ağamalı: Cəriməni ödəyə bilməyənlər bulvarda şokolad kağızı yığışdırmalı olacaqlar


Fəzail Ağamalı
Fəzail Ağamalı
-

Yanvarın 12-də əsgər ölümünə etiraz edənlərdən 22 nəfər 10 min 500 manat cərimə olunub. AzadlıqRadiosu bununla bağlı Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıya üz tutub.

- Fəzail müəllim, «Əsgər ölümünə son» şüarı ilə aksiyaya çıxanlardan 22 nəfər 300 manatdan 600 manatadək cərimələndi. Qanuna və məcəllələrə bununla bağlı edilən əlavə dəyişiklikləri təmsil olunduğunuz Milli Məclis Komitəsi hazırlayıb. Cərimələrə necə yanaşırsınız?

- Qanun qəbul olunubsa, həyata keçirilməlidir və heç bir istisnalar da olmalı deyil. Mənim mövqeyim bundan ibarətdir. Demokratik cəmiyyətdə, vətəndaş cəmiyyətində bu qaçılmazdır. Demokratik cəmiyyətlərin digər quruluşlardan fərqi ondadır ki, həmin cəmiyyət qanunlarla idarə olunur. Ona görə aksiya iştirakçıları onun razılaşdırılmasına çalışmalıydılar. Razılaşdırmayıblarsa, onları cərimə və digər inzibati cəzalar gözləyir. Bu səbəbdən belə cəzaların verilməsinə məntiqi yanaşıram.

«SƏHƏR BİR ƏSGƏR ÖLÜMÜ OLUB, BU GÜN DƏ BİR GENERAL ÖLÜMÜ OLA BİLƏR»

- Amma adamlar əsgər ölümünə etiraz edirdilər...

- Nə olsun ki. Səhər bir əsgər ölümü olub, bu gün də bir general ölümü ola bilər. Buna görə hər kəs Azərbaycan qanunlarını pozmalıdır?... Belə yanaşma düzgün deyil. Mən əsgər ölümü ilə bağlı öz təəssüfümü bildirdim. Bu, birinci və yeganə hadisə deyil. Çox təəssüflər olsun ki, bu cür hallar var. Müdafiə naziri çalışmalıdır ki, əsgər ölümünün sayını sıfıra endirsin. Bütün imkan və potensialdan istifadə olunmalıdır. Amma bunun ətrafında siyasi şou yaratmaq, bu və buna bənzər etirazların ortalığa gətirilməsi məndə, istər-istəməz, belə bir fikir oyatdı ki, ermənilər Azərbaycana qarşı sərt mövqe nümayiş etdirəndə və beynəlxalq təşkilatlar Azərbaycana qarşı qərəzli münasibət ortalığa qoyanda belə aksiyalar keçirilmir. Nə üçün? Bu da düşündürücü və maraqlı məsələdir. Bir əsgərin təəssüf doğuracaq ölümündən istifadə edərək, razılaşdırılmamış aksiya keçirmək və bunun ardınca müxalifətin ruhlanaraq aksiyanı keçirənlərin ünvanına ən yüksək epitetlər söyləməsi... hakimiyyəti meydanlar vasitəsi ilə ələ keçirmək tendensiyası... bizi 90-cı illərin əvvəllərinə aparır. Bu səbəbdən həmin məsələnin tam əleyhinəyəm.

- Fəzail müəllim, əsgər ölümünü xırda məsələ sayırsınız?

- Mən təəssüf edirəm, əsgər ölümü hər halda Azərbaycan dövlətçiliyi üçün böyük hadisə deyil. Əsgər ölümü cəbhədə də ola bilər, təbii fəlakət və xəstəlikdən də. Çox təəssüf ki, fiziki təzyiq və zorakılıqdan da ola bilir. Ancaq bunu böyük problem kimi ortalığa çıxarmaq düzgün deyil.

- Sizcə, bu aksiyadan sonra orduya nəzarət güclənəcəkmi?

- «Aksiya cəmiyyətdə rezonans doğurdu və buna görə orduya nəzarət güclənəcək» fikrini bölüşmürəm. Məncə, bu, ciddi fakt kimi müdafiə nazirliyinin diqqətində oldu və təsadüfü deyil ki, istintaq getməmiş bir neçə nəfər də cəzalandırıldı. Mən hələ bilmirəm o əsgər hansı şəraitdə öldürülüb, niyə öldürülüb. Bu suallara istintaq cavab verməlidir. Bu, bir siyasətçi kimi mənim və bir jurnalist kimi siz jurnalistlərin işi deyil.

«GETSİNLƏR METRONUN QABAĞINDA PAPAQLARINI QOYUB YIĞSINLAR...»

- Fəzail müəllim, ölən əsgərin foto və videosunu yəqin görmüsünüz?

- Görmüşəm...

- Əsgərin ürək çatışmazlığından ölməsinə inanırsınız?

- Mən ona inanmıram, eyni zamanda başqa şeyə də inanmıram. Mən istintaqın nəticələrinə inanıram.

- Necə düşünürsünüz, 22 nəfər 600 manat cəriməni ödəyə bilməsə nə olacaq?

- Ödəyə bilməsələr, onun başqa cəzası var. Gedib bulvarda uşaqların bilməyərəkdən yerə atdığı şokolad kağızlarını yığışdırmalı olacaqlar.

- Cərimələnənlər həmin məbləği «5» qəpikliklərlə ödəmək fikrindədirlər. Buna münasibətiniz necədir?

- İstəyir «3» qəpiklə yığsınlar, «5» qəpiklə yığsınlar, istəyir getsinlər metronun qabağında papaqlarını qoyub yığsınlar, özləri bilərlər. Qanunu pozmalı deyildilər, pozublarsa cəzalandırılmalıdırlar...
«Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna, Cinayət və İnzibati Xətalar Məcəllələrinə edilən son dəyişikliklərə görə, 2013-cü il yanvarın 1-dən icazəsiz aksiyalara görə cərimələr 30 dəfə artırılıb. İndi razılaşdırılmayan aksiyalara görə 300 manatdan 30 min manatadək cərimə nəzərdə tutulur.
Son dəyişikliyədək iştirakçılar üçün cərimənin maksimum həddi 300, hüquqi şəxslər üçünsə 500 manat olub.
XS
SM
MD
LG