Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:34

Rafiq Tağının xanımı: Bu hakimiyyətin dövründə qətlin açılmasına inanmıram


Mailə Tağıyeva
Mailə Tağıyeva

Yazıçı Rafiq Tağının bıçaqlanandan sonra xəstəxanada müəmmalı şəkildə ölməsindən 5 il keçir

«Yaxşı insan idi, çox yaxşı insan idi, gülərüz, zarafatcıl, azad fikirli adam idi...».

Mailə Tağıyeva Rafiq Tağının gülümsəyən fotolarına baxıb özü də gülümsünür: «O qədər yaxşı insan idi ki...».

Yazıçı-jurnalist Rafiq Tağının mənzilində həyat yoldaşı Mailə xanımla ondan danışırıq. Oğluyla qızı bayrama görə Masallıya, nənələrinin yanına gediblər.

«Huzra ana hələ də Rafiqin öldüyünü bilmir, neçə ildir gizlədirik» deyir Mailə xanım. 4 ildir 86 yaşlı ananın oğlunun ölümündən xəbəri yoxdur, elə bilir oğlu xaricdədir. Vəfatından sonra kitablarının çıxması bu yalanı daha çox möhkəmləndirir:

«Mənə deyir ki, «deyirlər Rafiq xaricdədir, hə, kitabı çıxıb». Bizdən utanır. Qayınanam mənimlə, uşaqlarla danışanda utanır. O, elə bilir Rafiq başqa ölkədədir. Rafiqin yoxluğunu xəyalına gətirə bilməz. Çünki Rafiq heç vaxt xəstə olmamışdı. Hər görəndə deyir ki, Rafiq zəng edir? Gözlərim dolur, qızım Qəmər tez gözlərini ağardır ki, özümü yığışdırım, nənəsi nəsə başa düşər...».

«ELƏ BİL TUFAN ONU QAMARLAYIB APARDI»

Mailə Tağıyeva
Mailə Tağıyeva

Mailə Tağıyeva deyir ki, ananı birtəhər inandırıblar. Ancaq üstündən 4 il keçsə də, nə özü, nə də uşaqları özlərini Rafiq Tağının yoxluğuna inandıra bilmirlər:

«Həmin günü dəhşət idi, dəhşət... Uşaqlar da deyir ki, «elə bil bir tufan gəlib atanı qamarlayıb apardı»...».

2011-ci ilin 19 noyabr gününü - Rafiq Tağının vurulduğu günü belə xatırlayır:

«Axşam idi, saat 11-ə qalırdı. O vəziyyətdə gəlib çıxdı. Həmin gün lift də işləməyib, həmişə işləyərdi. İçəri çox sakit girdi. Həmişə gələndə qapını açan qızımdan məni soruşurdu, deyirdi, «ana hanı, Asiman hanı?». Həmin gün içəri sakit girməyi məni şübhələndirdi. Həm də həmişə evə gələndə qızım Qəmərin boynunu qucaqlayıb öpürdü. Bu dəfə elə olmadı. Sən demə, vurulubmuş, ağrıyırmış...».

«ƏN ÇOX O YOLDAN QORXURDUM…»

Mailə Tağıyeva deyir ki, sanki onun vurulacağını bilirmiş, həyat yoldaşına «bir gün səni vuracaqlar» deyirmiş...:

Rafiq Tağı dostları ilə

​«Nəsə içəri girdi, soruşdum ki, «Rafiq, nəsə olub?». Dedi, «məni bıçaqla vurdular». Nəsə elə bil ürəyimə dammışdı. Çünki yazılarına görə evə kimlərsə zəng edirdi, hədə-qorxu gəlirdi. Deyirdim, Rafiq, səni vuracaqlar. Ən çox da o yoldan qorxurdum. Gecə oradan gəlirdi. Elə o yolda da vurdular ...».

Həyat yoldaşı deyir, Rafiq Tağıya əslində çoxlu bıçaq zərbələri vurulubmuş, səkkizi dəyib. Əynindəki paltosu onu zərbələrin çoxundan qoruyub:

«Evdən necə geyinib-keçinib getmişdisə, elə də qayıtdı. Necə paltosunu yaxasını açdı, onda dəli oldum, neçə yerdən bıçaqla vurulduğunu gördüm. Sonradan paltosuna baxanda gördüm ki, Rafiqə haradasa 15-16 zərbə vurmuşdular, onun səkkizi dəymişdi. Çoxu paltonun qalın yerlərinə dəyib keçməmişdi...».

Mailə Tağıyeva deyir, 4 gün xəstəxana qalanda Rafiq Tağının vəziyyəti yaxşı olub, evdən yüngül paltar istəyib. Deyirmiş ki, bu gün artıq onu yavaş-yavaş gəzdirməyə başlayacaqlar. Paltarını, yeməyini götürüb uşaqlarla xəstəxanaya gedəndə ölüm xəbərini alıb:

«19-u vuruldu. Dörd gün xəstəxanada qaldı. Beşinci günü həkim axırıncı iynəni vurandan sonra Rafiq rəhmətə getdi. Onu da deyim, vurulmamışdan 3-4 gün əvvəl idi. Təzə yazısı çıxmışdı. Qəmər deyirdi ki, «ata, birdən sənə nəsə edərlər». Deyirdi, «qızım, qorxma, ataya bir şey olmayacaq. Ölsə də, atanın çox şeyləri qalacaq, atanı yaşadacaqlar».

«DEMOKRATİK ÖLKƏDİRSƏ, NİYƏ QATİLLƏRİ TAPILMIR?»

Bu illər ərzində cinayət işinin açılması, qatillərin tapılması üçün ailə üzvləri dəfələrlə prezidentə müraciət ediblər. Mailə Tağıyeva deyir ki, neçə illərdir «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qatillərinin tapılmaması Rafiq Tağını bıçaqlayanların tapılması ümidini də yox edib:

Rafiq Tağının kitabları
Rafiq Tağının kitabları

«Dəfələrlə mən də, qayınlarım da prezidentə müraciət edib, cavab verilməyib. İşi aparanlar da yaxşı aparmadılar. Deyir, demokratik ölkədir. Demokratik ölkədirsə, niyə yoldaşımın qatilləri tapılmır? Nəsə işin üstünün açılmasına mən inanmıram. Bəlkə də bu hakimiyyət dəyişilsə, açılar. Ancaq indiki hakimiyyətin dövründə inanmıram. Açılsaydı, indiyə qədər açılardı...».

«HƏQİQƏTİ DEYƏNLƏRİ NİYƏ MƏHV EDİRLƏR?»

Mailə xanım bu gün jurnalistlərin həbsdə olmasından narahatlığını da gizlətmir:

«Həbsdə olanlar da Rafiq kimidir. Jurnalistləri niyə öldürürlər? Niyə həqiqəti deyənləri məhv edirlər?».

Həyat yoldaşı bir də onu deyir ki, Rafiq Tağının tez-tez yuxusunda görür:

«Həmişə yuxuma gəlir. Yuxuma gələn kimi evimizə ruzi, bərəkət gəlir. Uşaqlara da deyirəm, «atanı yuxuda görmüşəm, nəsə yaxşı bir şey olacaq». Olur da...».

Yazıçı, jurnalist, həkim Rafiq Tağını 2011-ci ilin noyabrında naməlum şəxslər yaşadığı binanın yaxınlığında bıçaqlayıb. Bir neçə gün sonra xəstəxanada qəfildən vəfat edib. O, bıçaqlanmasını İran siyasi hakimiyyətini tənqid etməsi ilə bağlamışdı.

Rafiq Tağı «Avropa və biz» publisistik yazısına görə 2006-cı ildə həbs edilmişdi. O zaman iranlı ayətullah Fazil Lənkərani onun ölümünə fitva vermişdi. Yazıçını bir müddət sonra prezident əfv etmişdi.

2011-ci il noyabrın 10-da Rafiq Tağının «İran və qloballaşmanın qaçılmazlığı» adlı məqaləsi çap olunmuşdu. Noyabrın 19-da isə bıçaqlanmışdı.

2015

Rafiq Tağı vəfatından bir saat əvvəl

Rafiq Tağı vəfatından bir saat əvvəl
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

XS
SM
MD
LG