Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:57

Leyla Yunus: «Qaraciyərimin dağılması...»


Leyla və Arif Yunuslar qızları Dinara ilə
Leyla və Arif Yunuslar qızları Dinara ilə

.

«Bu məhkəmədə iştirak etməyəcəyəm. Sadəcə Arifin yanında oturub əlindən tutacağam. İkimiz də bilirik ki, son görüşümüzdür».

contact.az saytı həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun məhbəsdən məktubunu yayıb. Məktubda deyilir:

«Mənə məhkəmədə çıxış imkan yaratmadılar, ancaq səsimin eşidilməsini istərdim. Axır ki, Arifi gördüm. Bir ildir görüşmürdük, səsini belə eşitmirdim! O, 60 yaşını kamerada keçirib, mən də 60 illiyimi həbsdə qarşılayacağam.

Bizi evliliyimizin 37-ci ildönümündə ayırmışdılar və indi bu dünyada... qızımızla, bütün ailəmizlə yenə bir yerdə olacağımıza inanmıram.

Hər ikimiz tarixçiyik və yaxşı anlayırıq ki, despotizm repressiyalara söykənir. Hələ Stepnyak-Kravchinsky yazırdı: «Bu, taundan da pisdir. Taun seçimsiz öldürür, despotizmsə öz qurbanlarını millətin qaymaqlarından seçir.

Tofiq Yaqublu, Anar, İlqar, İntiqam, Hilal, Seymur Həzi, Xədicə, Tale Bağırzadə, Mövsüm Səmədov, Yadigar Sadıqov, Rəsul Cəfərov, Rəşadət və digər NİDA-çı gənclər. 100-dən çox işıqlı, vicdanlı kəslər...

80-ci illərdə Ariflə «samizdat»lıq edir, qeyri-leqal şəkildə «Ekspress-Xronika» qəzetini buraxırdıq. O zaman - 1986-cı ildə Çistopol həbsxanasında həmkarımız Anatoly Marchenko-nun dünyasını dəyişməsi mənə zərbə oldu. Stalin düşərgələrindəki ölümlərdən yaxşı xəbərdardım, axı babamın 3 qardaşı məhz elə həlak olub. Ancaq 1986-cı ildə...

Onda anladım ki, SSRİ-dəki bu terror davam edir və ona hazır olmaq lazımdır. Ancaq ağlıma da gətirməzdim ki, müstəqil Azərbaycan da həmin yolla gedər.

30 illik təcrübəsi olan hüquq müdafiəçisi kimi, Azərbaycandakı işgəncələrdən də yaxşı agah idim. Di gəl, yenə - həbsimin ilk aylarındaca mənə hücum çəkilməsi, 2014-cü il sentyabrın 23-də gənc və sağlam mayor Yaqubovun döyməsi mənə ağır gəlirdi. Bunun nəticəsində sol gözüm normal görməqabiliyyətini itirib.

2014-cü il dekabrın 11-də məni ayağımdan sürüyərək karserə salıb, səbəb də göstərməyiblər... Arifdən eşitdim ki, həbsinin ilk günlərində ona da hücumlar olunub...

Arif 3-cü dərəcəli hipertoniya xəstəliyindən əziyyət çəkir. Bu, insult, iflic, qansızma, təzyiqin gözlənilməz eniş-yüksəlişləri deməkdir. İndi də peysərində şiş yaranıb. Bir ildir tək qalır və daimi ağrılardan əziyyət çəkir. Şəkərim və qaraciyərimin dağılması barədə hamı yaxşı bilir. Avropa Şurası bahalı dərman göndərib və hamımız anlayırıq ki, həbsxana şəraitində bu dərman mənə kömək də bilməz.

Əzablı-əziyyətli fiziki məhvimizi planlaşdırıblar. Niyə? İstəyirlər əzab və ölümümüz hamıya dərs olsun. Yaxşı tanınan ailənin məhvinin qarşısı alınmadısa, deməli, qalanları da məhv etmək çətin deyil. Vətəndaşların ürəyinə qorxu salınmalıdır. Qorxu və ümidsizlik. Bu məhkəməylə bağlı heç bir illüziyam yoxdur,. Heç istintaq adlanan prosedurla bağlı da yox idi.

İttihamı hansı maddələrə əsasən saxtalaşdırmaq, cinayət uydurmaq və cəzanın müddəti – bütün bunlara dair göstərişlər müstəntiq və hakimlərə yuxarıdan verilir. İttiham aktımızda müstəntiqlər saxtalaşdırmaya o qədər uyublar ki, Şəmsi Bədəlbəyli, 38 ünvanındakı evimizin hamıya bəlli, hətta İnzibati İqtisad, Apellyasiya və Ali Məhkəmə qərarlarında qeydə alınmış qanunsuz söküntüsünü digər mənzilə dinc şəkildə köç kimi göstəriblər. Bəllidir ki, 2011-ci il avqustun 11-də içindəki əmlakla (arxiv, kompüterlər) birlikdə mülkiyyətin məhz qeyri-qanuni dağıdılmasından söhbət gedir.

Bu – açıq-aşkar yalandır, istintaq yalanına gözgörəsi misaldır. Yalandan nə müstəntiqlər, nə də prokuror çəkinir.

Arifi bir hesabından digərinə pul köçürməkdə ittiham edirlər. Siyasi məhbusları mühakimə edən o qədər məhkəmə izləmişəm, o qədər hakimə layiq olduqları «zolaqlı mantiya» vermişəm ki, bu məhkəmə tamaşasına qatılmayacaq, sadəcə, Arifin yanında oturub, onun əlindən tutacağam. İkimiz də son görüşümüz olduğunu bilirik. Hər şey üzülüb-qırılandan sonra mən yanında olmayacağam. Ancaqikimiz də tarixçiyik deyə bilirik: «Yol gedən adam Lakedemona xəbər aparacaq ki, biz... Qanuna sadiq qaldıq». Polşalı müəllimlərim mənə belə öyrədiblər: «Sizlərin və bizlərin azadlığı uğrunda»».

Leyla Yunus bir neçə gün əvvəlki məhkəmə prosesində də mayor Yaqubov adlı şəxsin onu döydüyünü deyib. Amma hələlik onun bu iddialarına penitensiar xidmətin rəsmilərindən hər hansı reaksiya verilməyib.

​Leyla və Arif Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Növbəti məhkəmə prosesi iyulun 27-dədir.

Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Leyla Yunus ötən il iyulun 30-da, Arif Yunus isə avqustun 5-də həbs olunub.

«Amnesty International» təşkilatı onları vicdan məhbusu kimi tanıyıb.

XS
SM
MD
LG