Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:40

«Tək gömrükdə monopoliyanın götürülməsi ilə iş bitmir»


Natiq Cəfərli
Natiq Cəfərli

-

İqtisadçı-ekspert Natiq Cəfərli AzadlıqRadiosunun suallarını cavablandırır.

- Natiq bəy, bir neçə gündür ki, sosial şəbəkələrdə gömrükdə monopoliyanın götürülməsi ilə bağlı xəbərlər paylaşılır. Azərbaycanda gömrük sistemində monopoliyanın olduğunu sübut edən amillər nədir?

- Təbii ki, əlimizdə bunu sübut edən məhkəmə qərarları, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin sənədləri yoxdur. Rəsmi olaraq inhisarçılıqla bağlı cəzalanan şirkət də yoxdur. Ancaq ölkədə monopoliyanın olması o qədər açıq-aşkardır ki, bu məsələdə mübahisə üçün əl yeri qoymur. Son vaxtlar neft gəlirləri azaldığı vaxtda inhisarçılıqdan çox danışılır, hətta dövlət başçısı da bununla bağlı danışıb. Ona görə də ümidlər artdı ki, bu sahədə dəyişiklik olacaq. Son günlərdə də belə bir məlumat yayılıb ki, gömrükdə idxala qoyulan monopoliya götürülüb. Əslində biz bilirik ki, monopoliya qanunsuzdur. Hamı bilir ki, Azərbaycanda idxal və ixracda inhisarçılıq var. Azərbaycan idxal məhsullarının qiymətinə görə region ölkələri üzrə liderdir. Məsələn, Azərbaycanda inhisarçılığın simvolu olan banan regiona eyni mənbədən gətirilir, Gürcüstanda və Türkiyədə bizdən iki dəfə ucuzdur. Ya Yeni Zelandiyadan gətirilən kərəyağı Gürcüstanda qat-qat ucuzdur, nəinki bizdə.

- Müstəqil iqtisadçıların və bəzi sahibkarların iddia etdiyi kimi, gömrükdə monopoliya aradan qaldırılsa, ölkədə ərzaq və qeyri-ərzaq məhsullarında bolluq yaranarmı?

- Müəyyən təsirləri olacaq, bolluq da yarana, qiymətlər ucuzlaşa bilər. Ancaq keçən ilin əvvəlindən indiyə kimi manatın kəskin devalvasiyasını nəzərə alsaq, qiymətlərin obyektiv səbəblərdən artdığını müşahidə edəcəyik. Çünki sahibkarlar xaricdən dollarla mal alıb gəlib yerli məzənnəyə uyğun satacaqlar. İnhisarçılığın aradan qaldırılması biznes fəallığını artıra bilər, bazara yeni oyunçular girə bilər, rəqabət yarana bilər. Ancaq bu heç də asan məsələ deyil. Təbii ki, ölkədən valyuta axını gücləndikcə, daha az valyuta qazandıqca, manatın məzənnəsi də getdikcə aşağı düşəcək. Yaranmış ucuzluq valyuta məzənnəsinin dəyişməsi ilə heçə enəcək.

- Natiq bəy, 90-cı illərdə neft bumu, böyük neft pulları yox idi, amma bir rəqabət vardı. Həmin rəqabətli bazar yenə də yarana bilərmi?

- O vaxt Azərbaycan keçmiş sovet ölkəsi kimi bəzi malları ixrac edirdi. Yadımdadır, o vaxt tanışlarım, qohumlarım İrana, Türkiyəyə sovetdənqalma fotoaparat, xalça-palaz, direl, elektrotexnika avadanlığı, mis, alüminium aparırdı, orda satıb yerinə mal gətirirdi. Bu da ölkədə ciddi bazar yaratmışdı. İndi problem ondadır ki, Azərbaycanın xaricə çıxarıb satmağa malı, rəqabətli məhsulu yoxdur. Böyük neft pulları dövrü Azərbaycan iqtisadiyyatını kor qoydu, bir mənbədən asılı vəziyyətə qoydu. İndi hətta ixracda və idxalda monopoliya aradan qaldırılsa belə, ölkənin xaricə aparıb satmağa məhsulu yoxdur. Hamı xaricə dollar aparıb, mal alıb gətirsə, hamı satsa, kim alacaq? 90-cı illərdə isə fərqli idi. O vaxt mal aparıb dollara satıb yerinə nəsə alıb gətirirdilər. İndi isə xaricə nəsə almaq üçün dollar aparmalıdır. Neft gəlirləri də azaldıqca, ölkəyə valyuta axını azalacaq. İdxaldan asılılıq yarandıqca, dolların məzənnəsi daha da qalxacaq.

- Statistik rəqəmlər ölkənin idxaldan asılı olduğunu göstərir. Sizcə, yenidən ölkəyə dollar qazandıra bilən potensial varmı və bu, hansı sahədir?

- Bunun üçün köklü islahatlar aparmaq lazımdır. Tək gömrükdə monopoliyanın aradan qaldırılması ilə iş bitmir. Təəssüf ki, Azərbaycan elə bir durumdadır ki, ölkəyə güclü investorlar gəlməsə, vəziyyətdən çıxmaq çox çətin olacaq. Və ya daxili investorların çəkinmədən ölkə iqtisadiyyatına sərmayə qoyması üçün ədalətli məhkəmə sistemi qurulmalıdır. İstər xarici, istər daxili investor da bilməlidir ki, uğurlu biznes qurandan sonra hansısa məmur və ya məmur övladı bunu onun əlindən almayacaq. İndiyə kimi yüzlərlə belə faktlar olub. Ancaq təbii ki, az bir zamanda uğur qazanılması ənənəvi sahələr, potensial var. Məsələn, kənd təsərrüfatı sektorunda üzümçülük, pambıqçılığı inkişaf etdirmək olar.

- Natiq bəy, bayaq dolların məzənnəsinin daha da qalxacağını söylədiniz. Yaxın aylarda məzənnəni neçəyə proqnozlaşdırırsınız?

- Azərbaycanda dolların məzənnəsini neftin qiyməti müəyyənləşdirir. Dünya bazarında neftin qiymətinin düşəcəyi proqnozlaşdırılır. ABŞ neft bazarına girdi və bu, psixoloji basqı yaradacaq. İranın yaxın vaxtlarda daha aqressiv şəkildə neft bazarına qayıdacağı gözlənilir. Neftin 30 dollara düşəcəyi gözlənilir. Bu halda 1 ABŞ dolları Azərbaycanda 2 manat, bəlkə də daha artıq olacaq. Çünki ölkənin ehtiyatları tükənir və bu prosesi saxlamaq mümkün deyil. Ölkəyə dollar gətirən çox mənbələr lazımdır. Təəssüf ki, biz Rusiyadan da, Qazaxıstandan da daha pis durumdayıq. Qazaxıstanda min, Rusiyada 10 mindən yuxarı şirkət ölkəyə dollar qazandırmaq qabiliyyətindədir. Azərbaycanda isə təəssüf ki, ölkəyə dollar gətirən iki şirkət var: SOCAR və BP. Dolların azalması onun qiymətini artıracaq və biz yaxın aylarda daha yüksək məzənnə görəcəyik.

XS
SM
MD
LG