Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:34

Ünvanlı sosial yardım qaydaları dəyişə bilər


Manat
Manat

-

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, Ünvanlı Sosial Yardım (ÜSY) verilərkən istehlak kreditləri olanlara tətbiq edilən məhdudiyyətlər aradan götürüləcək.

Onun sözlərinə görə, kredit öhdəliyi ailənin orta aylıq gəlirinin yarısını aşanda da sosial yardımdan imtina edilməyəcək. Nazirlik «Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları»nın bu məqsədə uyğunlaşdırılmasını düşünür.

Azərbaycanda hər 3 nəfərdən birinin kredit borcu olduğundan, vətəndaşların başlıca narazılığı həmin qaydadan qaynaqlanırdı.

«MÜDDƏT MÜMKÜN QƏDƏR QISA OLMALIDIR»

İqtisadçı ekspert Qalib Toğrulun fikrincə, başqa qaydalar da dəyişməlidir. O, sosial yardım almaq hüququnun əvvəlcə yarımildən bir ilə, ardından bir ildən iki ilə uzadılmasını yanlış sayır: «Bu, sosial yardımın mahiyyətinə ziddir. Müddətin uzadılması aztəminatlı ailələrin yoxsulluq girdabından çıxmasını əngəlləyən, arxayınçılıq yaradan, yoxsulluğun xroniki hala keçməsinə şərait yaradan əsas amildir. Əslində, müddət mümkün qədər qısa olmalıdır ki, belə ailələrdəki dəyişikliyi qeydə almaq mümkün olsun. Təcrübədə yarımil, bir il kimi müddətlərdən istifadə olunur».

«YOXSUL AĞACDA YAŞAMALI DEYİL Kİ...»

Qalib Toğrul yardımdan bir il öncə mənzil alanların müraciətinə baxılmaması qaydasını da ədalətsiz sayır: «Bu, çox məntiqsiz bir məhdudiyyətdir. Yoxsul ağacda yaşamalı deyil ki, onun da evi ola bilər. Və yaxud ev alandan bir il sonra ailə yoxsullaşa bilər. Heç kim bundan sığortalanmayıb».

«MAŞININ OLMASI DA AİLƏNİN YOXSUL OLMAMASI ANLAMINA GƏLMƏZ»

Qalib Toğrul xatırladır ki, ailə ölkə üzrə yaşayış minimumun on misli məbləğində alqı-satqı edərkən də yardım verilmir: «İndiki halda söhbət 1360 manatlıq alqı-satqıdan gedir. Bu da gülməli tələbdir. Hazırda kimsə bu məbləğdə alış-veriş edibsə, ona sosial yardım düşmür. Ailənin maşını olanda da ona sosial yardım verilmir. Bu da məntiqsiz tələbdir. Maşının olması da ailənin yoxsul olmaması anlamına gəlməz və ya buna təminat verən hal deyil».

XS
SM
MD
LG