Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:28

Krediti maaşından tutulan müəllim: "75 manata işləyirəm"


►“31 ildir ki, musiqi məktəbində müəllim işləyirəm. Cəmi 150 manat maaş alıram. Onun da tam yarısını tutub “Unibank”a keçirirlər”.

33 saylı musiqi məktəbinin müəllimi Heydər Novruzov AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, onsuz da 5 nəfərdən ibarət külfətinin tələbatlarını ödəməyən cüzi maaşının 50 faizi ondan xəbərsiz kəsilib. Səbəb də odur ki, bir neçə banka kredit ödənişlərini gecikdirdiyi üçün onlardan biri məhkəmə qərarı ilə müəllimin maaşına “ortaq” olub:

3 AYDIR, 75 MANAT ALIR

“Maaşım şagirdlərin sayına görə hesablanır. Şagirdlərin sayı çox olanda maaşım da 250 manat idi. Şagirdlərin sayı azaldıqca, maaşım da azaldı, bankların kreditlərini ödəyə bilmədim”.

Müəllim deyir, 3 aydır ki, 75 manat maaş alır. Mühasibatlığa yaxınlaşıb maaşının məbləğinin hansı səbəbdən azalması ilə maraqlananda ona bildiriblər ki, məhkəmə maaşından 50 faiz tutularaq “Unibank”a keçirilməsi ilə bağlı qərar çıxarıb:

“Nizami rayon Məhkəməsinin qərarını mühasibatlıqdan aldım. Özümü nə məhkəməyə çağırıblar, nə də qərar təqdim ediblər. Özbaşınalıq... Məhkəmələr gizli qərarlar çıxarıb adamların iş yerlərinə göndərirlər, bir də xəbər tutursan ki, maaşından məhrumsan”.

Buna da bax: Araz Ağalarov "krallar" siyahısında 7-cidir

“ELƏ BİL BATAQLIQDIR, ÇƏKDİKCƏ, ÇƏKİR”

Heydər Novruzov bir neçə bankı “başına toplamasından” da danışır:

“Maaşım, üstəlik də əlavə işlərim vardı. Musiqiçiyəm, toylara gedirdim, qazanırdım. Ailəmizdə qəfil pula ehtiyac yarandı. Banka müraciət etməli oldum. Bir bankdan kredit götürdüm, əvvəl ödənişləri vaxtlı-vaxtında edirdim. Sonra işlər yaxşı getmədi. Ödəniş vaxtı çatanda ödəyə bilmədim və ikinci banka üz tutdum. Sonra ikisini də ödəyə bilmədim, üçüncüyə, sonra dördüncüyə, beşinciyə... Bir sözlə, elə bil bataqlıqdır, çəkdikcə, çəkir adamı...”

Müəllim ailəsinin 5 üzvü var. İşləyənsə təkcə özüdür. 75 manat 5 nəfərlik ailənin heç çörəkpulusunu da ödəmədiyi üçün müəllim xirtdəyəcən borclanıb.

"Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, cari il üçün yaşayış minimumu ölkə üzrə 136, əmək qabiliyyətli əhali üçün 146, pensiyaçılar üçün 115, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.

Buna da bax: Tbilisi Bakının xətrinə dəyib

APELLYASİYA ŞİKAYƏTİ VERMƏK OLAR

İqtisadçı Əkrəm Həsənov hesab edir ki, məhkəmə və icraçılar banka borcu olan vətəndaşdan bankın xeyrinə yalnız yaşayış minimumundan yüksək gəliri tuta bilər. İqtisadçı bildirir ki, belə durumda vətəndaş banka, məhkəməyə və icraçıya etiraz edə bilər.

Lakin Heydər Novruzovun özünə məhkəmə qərarı təqdim edilmədiyi üçün o, etiraz etmək hüququndan da məhrum olunduğunu düşünür.

Hüquqşünas Namizəd Səfərov deyir, müəllim ümidlərini itirməkdə tələsib. Çünki hüquq hələ ona kömək edə bilər:

“Əgər qərarın surəti ona təqdim olunmayıbsa, o, ya məhkəmədən, ya da mühasibatlıqdan qərarın surətini götürüb həmin tarixdən 1 ay müddətinə apellyasiya şikayəti verə bilər”.

XS
SM
MD
LG