Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:44

"Sərbəst inşa" mövzusu: "Ramil Səfərovun qəhrəmanlığı"


Sinif otağı
Sinif otağı

-

"Çalışıram dövlət hay-küyü sinfə, ədəbiyyat dərsinə girməsin."

Bakının Binəqədi rayonunda yerləşən rusdilli orta məktəbin ədəbiyyat müəlliməsi ilə ədəbiyyat dərsləri haqqında söhbət etmişik. Öz istəyilə onu şərti adla təqdim edirik.

Sinif otağı
Sinif otağı

- Natalya xanım, ədəbiyyat fənninin riyaziyyat, kimya, biologiya kimi fənlərdən fərqi nədir?

- Ədəbiyyat fənninin məsuliyyəti o biri fənnlərdən böyükdür. Riyaziyyatı, kimyanı və başqa fənləri orta məktəbdə öyrənə bilməyən şagird cəmiyyətə xeyirli olmasa da, ziyanlı da olmur. Ədəbiyyat fənnində oxumaq vərdişi öyrənməyən, bədii əsərlərlə gülməyən, kədərlənməyən şagird isə ruhsuz insan olur, maşın olur, başqalarının ağrı-acısını hiss etmir.

Joseph Brodsky
Joseph Brodsky

Sovet vaxtı proqramdan nə qədər kənara çıxa bilən müəllim yaxşı ədəbiyyat müəllimi hesab oluna bilərdi. Mənim anam Sovet dövründə 34 il ədəbiyyat müəllimi işləyib, Rusiyada da, Azərbaycanda da.

O zaman o, partanın altından həqiqəti deyirdi, oradan gizlincə Brodskini oxuyurdu. Hər dərsdə kiçik fasilə verib, şagirdlərə Brodskidən bir şeir oxuyurdu. Bu günsə artıq Brodski Azərbaycanda 11-ci sinif məktəb dərsliklərindədir.

Mənə belə gəlir ki, ədəbiyyat fənni onu dərs deyən müəllimdən asılıdır. İmtahanı dövlət götürür, amma şagirdlərlə sinifdə tək qalan müəllim olur, şagirdin sabah nə qədər həssas, vicdanlı insan olmasında ədəbiyyat müəlliminin böyük rolu var.

- Çoxları hesab edir ki, Rus bölməsində təhsil Azərbaycan bölməsindən daha yaxşı vəziyyətdədir. Amma bir neçə il bundan əvvəl 2-ci sinif rus dili dərsliyindən sözün pis mənasında məşhurlaşan “Eldjan poluchil petyorku, skaji ay djan ay djan ay djan” şeirindən sonra buna da şübhə yarandı. Siz bu haqda nə deyə bilərsiz?

- Onun kimi bir "Madam Erunda" şeiri də var dərslikdə. Mənim fikrimcə, dərsliklərlə müəllim bir-birlərinə sözün yaxşı mənasında müxalif olmalıdırlar.

Dövlət tədris prosesini ən son hüceyrəsinə qədər idarə etmək istəyir, hüceyrə - sinifdir. Mən sinfə girib çalışıram ki, dövlət hay-küyü sinfə, ədəbiyyat dərsinə girməsin.

Hələ siz dərslikləri deyirsiniz, inşa mövzuları da yuxarıdan təsdiq olunub gəlir, siz bu mövzuların adlarına baxsanız, özünüz hər şeyi anlayarsınız. Onlar şagirdin yazacağı inşanın məzmununu, mövqeyini elə adındaca göstərirlər.

Misal üçün, "Sərbəst mövzu"da 3 inşa mövzusu verirlər. Onlardan biri belədir: “Ramil Səfərovun erməni hərbçini öldürməsində qəhrəmanlıq”. “Sərbəst fikirləriniz” yox, “qəhrəmanlıq”. Axı biz şagirddə sərbəst analiz qabiliyyəti formalaşdırmalıyıq.

Bu inşalar yazılandan sonra təhvil verilməlidir. Çox vaxt mən onlara mövzu sərbəstliyi verə bilmirəm, çünki artıq mövzunun adı şagirdə məcburi istiqamət verməkdədir.

Proqramda inşaların adları göstərilib, indi də bazarda bir kitab var, o kitabda həmin mövzular üzrə hazır yazılmış inşalar verilib, özü də kitabın arxasında yazılıb: Bütün hüquqları qorunur.

İndi istəyirlər inşa saatlarını azaltsınlar, dövlət imtahanında inşa yox, Mərkəzləşdirilmiş test olacaq...

Yaxud bir də görürsən proqramda yazılıb: "Səməd Vurğunun “Azərbaycan” şeirində mətnin analizi: metaforları tapmaq, təşbehləri tapmaq, epitetləri tapmaq." Amma vətənpərvərliyi belə öyrətmək olmaz, analiz də belə olmur. Analiz odur ki, şagird şeirin mahiyyətini anlasın, ədəbiyyat fənnnini anlasın, duysun.

Problemlər müasir dövr ədəbiyyatındadır. 19-cu əsr proqramı isə uzun tədris tarixi olduğuna görə vahid düzgün metodikası artıq formalaşıb.

- Bəs nə etməli, Çernışevski demişkən?

- Bizə elə bir dövlət standartı lazımdır ki, müəllimə rasional düşünmək imkanı versin.

XS
SM
MD
LG