Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:36

Faiz artımından nə gözləmək olar?


►Mütəxəssislər Mərkəzi Bankın uçot dərəcəsini artırmaq qərarının manata güvəni yüksəldəcəyini, amma iqtisadiyyatı böyüməyə qoymayacağını düşünürlər

Martın 4-də Mərkəzi Bank (MB) banklara verdiyi kreditlərin uçot dərəcəsini yenə artırıb. Bəs bu addım iqtisadiyyata necə təsir göstərəcək?

Dollara kəskin tələbat şəraitində bu addımı qaçılmaz sayan, ancaq real iqtisadiyyata mənfi təsir göstərəcəyini deyən mütəxəssislər daha bir artımın da ola biləcəyini düşünürlər.

Uçot dərəcəsini illik 5 faizdən 7 faizə qaldıran MB-nin hədəfi - “makroiqtisadi sabitliyi təmin etmək”dir.

İqtisadçı ekspert Samir Əliyevin fikrincə, MB iqtisadi fəallığı yüksəltmək və manat kreditlərinə əlçatanlığı təmin etmək üçün pul kütləsini artırmaq niyyətindədir və inflyasiyanı da bu yolla cilovlamaq istəyir:

“Bunun uzunmüddətli səmərəsi ola bilməz”

“Manatın 2 dəfə dəyərdən düşməsi və idxaldan asılı Azərbaycanda dolların bahalaşması yüksək inflyasiya vəd edir. MB əllərdəki manatı azaltmaq hesabına, hökumətsə inzibati metodlardan və müəyyən vergi güzəştlərindən yararlanmaqla qiymətləri tənzimləməyə çalışır. Ancaq bunun səmərəsi uzunmüddətli ola bilməz”.

Samir Əliyev
Samir Əliyev

Samir Əliyev deyir ki, son bir ildə pul kütləsinin 2 dəfəyədək azaldılması iqtisadiyyatı arzulanmaz nəticələrə gətirib çıxara bilər:

“İndi pul kütləsi 2010-cu il səviyyəsindədir. İqtisadiyyatın həcmi isə ötən illərdə xeyli böyüyüb. Buna görə də pul kütləsini indiki səviyyədə saxlamaq iqtisadi aktivliyi boğmaqla yanaşı, qeyri-neft sektorunun inkişafı baxımından hökumətə böyük əngəl törədir”.

Mütəxəssislərin ümumi qənaəti budur ki, MB uçot dərəcəsini artırmaqla son aylar artan inflyasiyanı cilovlamaq və manat aktivlərinin gəlirliyini çoxaltmaq niyyəti güdür. Bu baxımdan il bitənədək uçot dərəcəsinin hətta ikirəqəmli həddə çatdırılması da gözləniləndir.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Tək doğru yol idi...”

Maliyyə və fond bazarları təhlilçisi Cəfər İbrahimov AzadlıqRadiosuna deyib ki, əhali və investorlar arasında manata güvəni yüksəltmək istədiyindən, aylardır, MB-yə kredit faizlərini artırmağı təklif edirdi:

“Bu, bankların manatla əmanət və kreditlərinin kəskin yüksələcəyinə səbəb olacaq. Düzdür, bumeranq olaraq, real sektora investisiyaların azalmasına da gətirib çıxaracaq və nəticədə uzun bir müddətdə iqtisadiyyatın böyüməsinin qarşısını alacaq. Amma bu gün üzləşdiyimiz şəraitdə manata güvənin nisbətən qaytarılmasından ötrü manat əsaslı investisiya faizlərinin yüksəldilməsi tək doğru yol idi”.

Cəfər İbrahimovun fikrincə, sərmayələrin üzünü manata çevirməsi üçün bir müddət manatın məzənnəsi bu səviyyədə saxlanmalıdır. Bazarın dollara tələbatını da MB qarşılamalıdır. Yalnız bu tədbirlərdən sonra manat investisiyalarının yüksək faiz gəlirliliyi işə yaraya bilər. Maliyyə Nazirliyinin aşağıriskli dövlət istiqrazlarından söhbət gedir.

Analitiklərin düşüncəsinə görə, indiki durum qiymətli kağızlar bazarında likvidliyin və əməliyyat həcminin artmasına münbit şərait yaradır.

XS
SM
MD
LG