Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:50

«Dedi, pullar Heydər Əliyev Fonduna köçürülüb»


Xanlar Ağayev
Xanlar Ağayev

-

«Bu gün peşmanam ki, ailəvi Mehriban Əliyevaya səs vermişik. Çünki 30 dəfə qəbuluna getmişik, birində də qəbul etməyib. 5 ildir ki, səs verdiyim deputatla üzbəüz oturub dərdimi ona deyə bilmirəm».

«DEDİLƏR, PARTLAYICI MADDƏDİR»

Bunu Zirə sakini Xanlar Ağayev deyir. O, 6 il əvvəl 31 il işlədiyi keçmiş Abşeron rayon Dəniz Neft Donanma İdarəsindən (hazırda «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC) işdən çıxarılıb. İdarə rəhbərliyinin imzaladığı əmrdə səbəb kimi səhlənkarlığı göstərilib. Ancaq Xanlar Ağayev səbəbin başqa olduğunu deyir.

O, idarədə müxtəlif işlərdə çalışıb. Sonuncu işi gəmidə mexanik olub. Deyir, işdən çıxarılmasının faktiki səbəbi rəhbərliklə bağlı müxtəlif qurumlara şikayətlər yazması olub:

«Elə yazdığıma görə də məni şərlədilər. Əslində, əvvəldən də xəbərdarlıq etmişdilər. Ancaq mən əl saxlamırdım. 2011-ci il yanvar ayının 7-də qəflətən gəmiyə gözətçilər gəldi. Heç bir axtarış aparmadan birbaşa işlədiyim şöbəyə daxil oldular, akkumulyator yeşiyini qaldırıb oradan bağlama çıxartdılar. İçərisində bir şüşə spirtli içki vardı. İkinci şüşədə isə də ağ maye vardı, dedilər ki, «partlayıcı maddədir». İşçilərdən biri həmin şüşəni götürüb dənizə tulladı. Etirazımı bildirdim ki, hər iki tapılan əşya hal şahidlərinin iştirakı ilə protokollaşdırılmalı idi, dənizə atılmamalı idi. Sonra da həmin tapılan əşyaları guya mənim gəmiyə gətirdiyimi yazıb, ləkələyərək işdən çıxartdılar. Onda başa düşdüm ki, əslində, bağlamanı gəmiyə özləri qoymuşdular ki, məni şərləsinlər. Çünki 30 ilin işçisi idim, rəhbərlik məndə qüsur tapa bilmirdi ki, məni işdən qovsun».

«PULUMU ÖDƏMİRDİLƏR»

Bəs mexanik rəhbərlikdən niyə narazı qalmışdı və şikayət ərizələrində nədən yazırdı, özü danışır:

«2010-cu ilin sentyabrından baş idarəmizə rəhbərliyin qanunsuz hərəkətləri, işçilərlə kobud davranışı, mənə verilməli olan məzuniyyət pullarının mənimsənilməsi ilə bağlı şikayətlər göndərmişəm. İkiqat ödənişlər, məzuniyyət pullarım düzgün ödənilmirdi, əlavə saxlayıb işlədirdilər, pulunu ödəmirdilər. Baş idarəmizdən əlavə, MTN-nin Xəzər rayon şöbəsinə də məktub yazmışdım. Hərçənd ki, bu şikayətləri oxuyan da yox idi. Əvəzində isə rəhbərlik mənə qarşı belə addım atdı ki, başqalarına görk olsun, yəni gördünüz də şikayət edənin başına nə oyun gətirdik».

Xanlar Ağayev 6 ildir ki, işsiz qalıb. 6 ildir ki, vaxtilə işlədiyi və qovulduğu idarənin rəhbərliyini məhkəmələrə verir. İlk iddiası işə bərpa ilə bağlı olub. Xəzər rayon Məhkəməsi iddianı təmin edib. Ancaq sonra görün nə baş verib:

100 VƏ 40 MİNLİK İDDİALAR

«Tələb etdim ki, məhkəmənin qərarı icra olunsun. Ancaq dedilər ki, «idarəyə icraçılarla birlikdə getməlisən ki, səni ikinci dəfə şərləməsinlər». Mən də düşdüm icraçıların arxasınca… Aylarla süründüm, məhkəmə qərarını icra etmədilər. Düz 7 aydan sonra bildiriş gəldi ki, qarşı tərəf qərardan apellyasiya şikayəti verib. Halbuki, iddia müddəti çoxdan ötmüşdü. Məhkəmə şikayətlərini təmin etdi, Ali Məhkəmə də qərarı qüvvəsində saxladı. Halbuki, Ali Məhkəmənin qərarından əvvəl sədr Ramiz Rzayevin qəbuluna düşmüşdüm. Mənə demişdi ki, «o yeşiyi ora səninlə işləmək istəməyən bir kapitan qoyub, bu məsələdə rəhbərliyin günahı yoxdur. Sənin də işini müsbət həll edəcəyəm». Ancaq məni aldatdı».

Keçmiş mexanik idarə rəhbərliyindən ona böhtan atıldığı üçün 100 min manat kompensasiya iddiası açıb. Xəzər rayon Məhkəməsi ərizədə cavabdeh kimi göstərilmiş idarə rəhbərliyindən 8 nəfərin ünvanlarının göstərilməməsini səbəb gətirərək ərizəni ona qaytarıb:

«Bu 8 nəfərdən 6-nın ünvanı haqqında məlumat ala bildim. Ancaq ikisinin ünvanını vermirlər. Ona görə də mən ərizəmi məhkəməyə təqdim edə bilmirəm».

«PULLAR FONDA KÖÇÜRÜLÜB»

Digər iddia təqribən 40 min manat civarında olub. Xanlar Ağayev idarəni məhkəməyə verib ki, əlavə iş saatlarına, istifadə etmədiyi məzuniyyət müddətlərinə görə ala bilmədiyi pullar idarədən tutulub ona verilsin. Ancaq Xanlar Ağayevin deməsinə görə, idarə məhkəməyə saxta sənədlər təqdim edib. Həmin sənədlərə görə, guya o, məzuniyyət və əlavə iş saatlarına görə ödənişlərini alıb.

Xanlar Ağayev: «Mənə 1 qəpik də ödəməyiblər. İdarənin rəisi Daməd İmanov mənə dedi ki, həmin pullar Heydər Əliyev Fonduna köçürülüb. Ümumiyyətlə, idarə rəhbərliyi Heydər Əliyev Fondunun adı arxasında çox işlərdən çıxır».

Xanlar Ağayevin oğlu da həmin idarədə anbarda işləyirmiş. Deməsinə görə, onu işdən çıxarandan sonra idarə rəhbərliyi oğlunu da incidirmiş. Ona görə də özü oğlunu işdən çıxarıb. Özü isə ağır işinə və 31 illik əmək stajına görə 3 ildir ki, ona təyin olunmuş 156 manat pensiyadan imtina edib.

MAĞAZAYA BORCU ÜST-ÜSTƏ YIĞILIB

Xanlar Ağayev 6 ildə işsizliyin 5 nəfərdən ibarət ailəyə vurduğu zərərlərdən danışır: «Bu gün səhər mağaza işçisi mənə çörək verəndə dedi ki, «Xanlar dayı, daha sabahdan çörək üçün gəlmə. Sənə nisyə ərzaq verə bilməyəcəyik. Çünki mağazaya borcun üst-üstə yığılıb, ödəyə bilmirsən»».

Ailənin bir dərdi də odur ki, bir müddət əvvəl vətəndaşlıqdan imtina etmək üçün Prezident Administrasiyasına təhvil verdikləri şəxsiyyət vəsiqələrini indi geri ala bilmirlər.

«MÜHƏRRİKİN YANINA ARAQ ŞÜŞƏSİ QOYUB»

«Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyətindən keçmiş mexanikin dediklərinə münasibət öyrənmək mümkün olmasa da, keçmiş Abşeron rayon Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin nümayəndəsi Yanvar Əyyubov hələ məhkəmə iclaslarında tərəf kimi iştirak edərkən onun iddialarını əsassız sayıb. Bildirib ki, Xanlar Ağayev idarəyə məxsus olan «Şimal-59» gəmisində mexanik işlədiyi müddət ərzində xidməti vəzifəsinə məsuliyyətsiz yanaşdığına görə dəfələrlə intizam məsuliyyətinə cəlb olunub:

«Xanlar Ağayev səfərə hazırlaşan gəminin texniki vəziyyətinə məsul olduğu halda işinə məsuliyyətsiz yanaşıb. O, gəmidə texniki vəsaitləri yoxlamağa borcludur. Ancaq 2001-ci il yanvarın 7-də gəmiyə nəzarətsiz daxil olan bir kapitan mühərrikin yanına tez alışan, yanğın və partlayışla nəticələnə biləcək araq şüşəsi qoyub. Xanlar Ağayev məsələyə səhlənkar yanaşdığı üçün işdən azad olunub».

Nümayəndə bildirib ki, Xanlar Ağayev sonradan işə bərpa ilə bağlı idarəyə müraciət edib. Ona başqa bir idarədə iş təklif olunsa da, razılaşmayıb.

XS
SM
MD
LG