Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:45

Otellərin gəliri cüzi, xərci xeyli artıb


►Azərbaycanda gecələyən qonaqların hər 100 nəfərindən, azı, 16-sı Rusiya vətəndaşı olub

Ötən il otel və qonaq evləri 183 milyon 100 min manat gəlir götürüb. Dövlət Statistika Komitəsinin (DSK) açıqlamasına görə, gəlirlər 1,1 faiz artıb.

2015-ci ildə otellər qazancın 171 milyon 700 min manatını xərcləyib. Məsrəflər əvvəlki illə müqayisədə16,8 faiz çoxalıb.

Vergi ödəmələrinin statistikası göstərilməyib

Otellər gəlirin 63,3 faizini nömrə satışından, 23,8 faizini restoran xidmətindən əldə edib. Xərclərin 30,5 faizi əməkhaqqının, 6,7 faizi sosial sığorta haqlarının ödənilməsinə yönəldilib.

DSK vergi ödəmələrinin statistikasını vermir.

Mehmanxanalarda çalışanların sayı artmaq əvəzinə 645 nəfər azalıb. İl ərzində maaşlar ortalama 100 manata yaxın artırılıb.

İlboyu bir neçə yeni otel istifadəyə verilsə də, bütövlükdə sayca 1 otel artıb. İndi ölkədə 536 otel və başqa qonaq qəbul edən obyekt var. Bunların 31-i beşulduzlu, 70-i dördulduzlu, 29-u üçulduzludur.

___________________________________________________________

Bunlara da bax:
“İlham Əliyev sənə yaxşılıq edib, sən isə...”
"5 rayonu istəyirsənsə, bu təşkilatlara üzv ol"
Müsəlman ölkələrindən Azərbaycana dəstək

___________________________________________________________

Qəbələ müəmması?

Otellər birdəfəlik 38 min 500 qonaq qəbul edə bilər. Təxminən hər 3 oteldən biri (33,2 faiz) Bakının, 6 oteldən biri (16,5 faiz) - Xaçmaz rayonunun və hər 25 oteldən biri (4,2 faiz) - Qusar rayonunun payına düşür.

Maraqlıdır ki, Qəbələ rayonunda 4-ü beşulduzlu olmaqla, 17 turizm-istirahət mərkəzi olsa da, DSK ölkədəki qonaq qəbulu yerlərinin yalnız 1,3 faizini bu rayonun adına “yazır”. Göstərilən faiz həmin otellərdən bir-ikisinin nömrə sayına uyğun gəlir.

Ötən il otellərdə gecələmə sayı 1 milyon 644 min 100 nəfər olub. DSK azalma səbəbindən (43 min 400 adam-gecə) bu göstərici üzrə müqayisəni təqdim etmir. Əvəzində “ölkəmizin bir sıra beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi nəticəsində” əcnəbilərin otellərdə qaldığı günlərin (958 min 900 gecə) 19,5 faiz artdığını vurğulayır.

Hər 100 adamdan 59-u əcnəbi olub

Sözügedən dövrdə otel xidmətlərindən yararlananların sayı 24,7 faiz artıb. Otellərə üz tutan 838 min 100 nəfərin 59,1 faizi əcnəbilər olub.

Əcnəbilərin, əsasən, Rusiyadan (16,6 faiz), Türkiyədən (13,8 faiz), Böyük Britaniyadan (9,0 faiz), ABŞ-dan (5,0 faiz), İrandan (4,6 faiz), Ukraynadan (3,5 faiz), Almaniyadan (3,4 faiz), İtaliyadan (2,9 faiz) və Fransadan (2,1 faiz) gəliblər.

XS
SM
MD
LG